Bakı Dövlət Universitetinin Geologiya fakültəsi — Vikipediya
Geologiya fakültəsi | |
---|---|
Bakı Dövlət Universiteti | |
| |
Yaradılma tarixi | 1991 |
Dekan | Mamoy Mansurov |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | geology.bsu.edu.az |
Bakı Dövlət Universitetinin Geologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri.
Haqqında
[redaktə | mənbəni redaktə et]Geologiya-coğrafiya fakültəsinin 1991-ci ildə iki müstəqil struktura Geologiya və Coğrafiya fakültələrinə ayrılmasından sonra müstəqil Geologiya fakültəsi fəaliyyətə başlamışdır. Ümumiyyətlə, universitetdə geoloq mütəxəssislərin hazırlanmasına 1943-cü ildən başlanılmış, 70 ildən artıq bir müddət ərzində minlərlə yüksəkixtisaslı mühəndis-geoloq, geofizik, hidrogeoloq, dağmədən mühəndisi və geokimyaçı həyat məktəbinə vəsiqə almışdır. Geologiya-coğrafiya fakültəsinə 1943-1952-ci illərdə prof. Əziz Əsgərov, dos. Abdulla Şahbazov, prof. Hadı Əliyev rəhbərlik etmişlər. 1952-1963-cü illərdə fakültə dekanı vəzifəsində prof. Səttar Süleymanov, sonrakı illərdə prof. Ramiz Sultanov (1963-1965), dos. Mürsəl Həsənov (1965-1967), prof. Rizvan Piriyev (1967-1972), akademik Vasif Babazadə (1973-1981), AMEA-nın müxbir üzvü Qədir Sultanov (1981-1986), prof. Tofiq Şahsuvarov (1986-1992), dos. Adil Xasayev (1992-2016), dos.Məhluqə Məmmədova (2016-2022) çalışmışlar. 2022-ci ildən fakültəyə dosent Mamoy Mansurov rəhbərlik edir.
Fakültədə bakalavr təhsil pilləsində Geologiya, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi və Geofizika mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Magistratura təhsil pilləsində 10 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı aparılır: Filiz və qeyrifiliz faydalı qazıntı yataqlarının geologiyası, Petrologiya, Paleontologiya və stratiqrafiya, Mineralogiya, Geokimya, Dəniz və okean dibinin geologiyası, Hidrogeologiya, Hidrogeoekologiya, Mühəndis geologiyası, Seysmologiya və seysmometriya.
Fakültənin professor-müəllim və tədris köməkçi heyəti, strukturu. Geologiya fakültəsində 5 geologiya-mineralogiya elmləri doktoru, professor (AMEA-nın bir həqiqi üzvü), 17 geologiya-mineralogiya elmləri namizədi, dosent, 1 geologiya-mineralogiya elmləri namizədi, baş müəllim, 4 nəfər baş müəllim, 1 müəllim və 7 nəfər baş laborant çalışırlar. Respublikada geologiya elminin inkişafında fakültə əməkdaşlarının böyük xidmətləri olmuşdur. Onlar bir sıra elmi problemlərin həllində yüksək nəticələr əldə etmişlər.
Təkcə onu göstərmək kifayətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra fakültə bir çox konfrans və simpoziumların təşəbbüsçüsü olmuş, 1992, 1996, 1998 və 2000-ci illərdə Faydalı qazıntılar kafedrası və Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL-i müştərək olaraq «Yer təkinin öyrənilməsi və faydalı qazıntı yataqlarının proqnozlaşdırılması»na həsr edilmiş 4 respublika elmi konfransı keçirmiş, burada 300-dən artıq məruzə dinlənilmiş, konfransların materialları dərc edilmişdir.
Eynilə elmdə iz qoyub getmiş görkəmli şəxsiyyətlərin (Ş.F.Mehdiyev, M.M.Əliyev, S.M.Süleymanov, Ə.H.Əsgərov və b.) yubileyləri ilə bağlı elmi konfranslar keçirilmiş və konfransın materialları nəşr olunmuşdur. Fakültədə 1993-cü ildən başlayaraq hər il gənc tədqiqatçıların və doktorantların ənənəvi elmi konfransları keçirilir, edilən məruzələrin materialları və tezisləri çap edilir.
Fakültədə beş kafedra, kafedraların nəzdində dörd elmi tədqiqat laboratoriyası, Azərbaycanın faydalı qazıntılar muzeyi, akad. Musa Əliyev adına kabinet, akad. Şəfayət Mehdiyev adına auditoriya, AMEA-nın Geologiya və Geofizika İnstitutunda və Respublika Seysmoloji Xidmət Mərkəzində yaradılan Tədris-Elmi Mərkəzləri fəaliyyət göstərir.
Kafedralar
[redaktə | mənbəni redaktə et]- Faydalı Qazıntılar Kafedrası
- Kristalloqrafiya, Mineralogiya və Geokimya Kafedrası
- Hidrogeologiya və Mühəndis Geologiyası Kafedrası
- Ümumi və Tarixi Geologiya Kafedrası
- Seysmologiya və Yer Təkinin Fizikası Kafedrası