Bakı Dövlət Universitetinin Kimya fakültəsi — Vikipediya

Kimya fakültəsi
Bakı Dövlət Universiteti
Yaradılma tarixi 1934
Dekan Fuad Kərimli
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Digər məlumatlar
Sayt bsu.edu.az

Bakı Dövlət Universitetinin Kimya fakültəsiBakı Dövlət Universitetinin fakültələrindən biri.

Kimya fakültəsi 1919-cu ildən Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fəaliyyət göstərən "Ümumi və qeyri-üzvi" kimya kafedrasının bazası əsasında yaradılmışdır. Kimya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Azərbaycan qədim neft ölkəsi olduğundan müasir kimyanın inkişafı hələ XIX əsrin ortaları və XX əsrin əvvəllərində başlamışdır. Nobel qardaşlarının, V.İ.Roqozinin və digər maqnatların neftdən daha səmərəli istifadə etməsi üçün o dövrün böyük kimyaçı alimlərindən olan D.İ.Mendeleyev, V.V.Markovnikov, V.O.Kovalevski, F.F.Beylşteyn, A.A.Kurbatov, V.N.Oqloblin və digər görkəmli kimyaçıları Bakıya dəvət etmələri ümumilikdə Azərbaycanda kimya elminin inkişafına, yerli ali təhsilli mütəxəssislərin, ali məktəblərdə kimya kafedralarının yaranmasına böyük təkan vermişdir. Sonralar 1960-cı illərin əvvəllərində o vaxtkı SSRİ-nin dövlət başçısı N.S.Xruşovun "ölkənin kimyalaşdırılması" çağırışı da bu elmin inkişafına növbəti təkan vermişdir. 1960-cı illərin sonuna qədər davam edən bu kampaniyanın nəticəsində Azərbaycanda (həm də Gürcüstanda, Ermənistanda yaşayan soydaşlarımız) orta məktəbi yüksək göstəricilərlə, medalla bitirən gənclərin əksəriyyəti ali təhsil almaq üçün Kimya fakültəsini seçdilər və nəticədə XX əsrin ortalarından başlayaraq Azərbaycanda çox güclü kimyaçı alimlər ordusu hazırlandı.

Kimya fakültəsini müxtəlif illərdə bitirmiş, elmin yüksək zirvələrini fəth etmiş kimyaçı alimlərimiz çoxdur. Onlar kimyaçı kadrların yetişməsinə, respublikamızda kimya elminin inkişafına öz töhfələrini vermişlər. Məzunları olduqları universitetin kimya fakültəsinə həmişə şərəf gətirmiş bu ziyalılar dünyanın bir çox elmi mərkəzlərində Azərbaycanı layiqincə təmsil etmişlər. Bu gün həmin məzunlar arasında millət vəkilləri, ali məktəb rektorları, dövlət xadimləri vardır. BDU-nun 95 illik tarixi ərzində müxtəlif vaxtlarda iki kimyaçı alim, 1954–1958-ci illərdə akad. Y.H.Məmmədəliyev (1905–1961) və 11 yanvar 1999-cu ildən bu günə qədər isə akad. A.M.Məhərrəmov BDU-nun rektoru kimi şərəfli vəzifəyə təyin edilmişlər.

Yarandığı dövrdən fakültəyə dos. Məmmədəmin Hacı Əhməd oğlu Əfəndi (1934–1937); dos. Murtuza Qasım oğlu Əhmədli (1937–1938); dos. Mədət Əli oğlu İskəndərov (1938–1939); dos. Səttar Əbilov (1939–1946); prof. İslam Qafar oğlu Əlizadə (1946–1950); prof. Cümşüd İsmayıl oğlu Zülfüqarlı (1950–1952); prof. Səkinə Əşrəf qızı Ələkbərova (1952–1957; 1981–1983); dos. Qiyas Kərim oğlu Abdullayev (1957–1960); prof. Cəbrayıl Ələkbər oğlu Hüseynov (1960–1967); dos. Bəşir Mikayıl oğlu Mirzəyev (1967–1975); dos. Fikrət Rzaqulu oğlu Babayev (1975–1978); dos. Dəmir Heydər oğlu Qəmbərov (1978–1981); dos. Ənvər Ağamirzə oğlu Bəşirov (1983–1988); prof. Valeh Mehralı oğlu İsmayılov (1988–1993); prof. Abel Məmmədəli oğlu Məhərrəmov (1993–1999); prof. Eldar İsa oğlu Əhmədov (1999–2006); prof. Abdulsəyid Əbdülhəmid oğlu Əzizov (2006-2021) rəhbərlik etmişlər. 2022-cı ildən fakültəyə dos. Fuad Şəmsəddin oğlu Kərimli rəhbərlik edir.

Fakültənin dekanlığı universitetin əsas tədris binasında,III mərtəbədə yerləşir. Fakültədə 7 kafedra, 4 elmi-tədqiqat laboratoriyası, 35 tədris laboratoriyası fəaliyyət göstərir.

Ümumi və qeyri-üzvi kimya kafedrası fakültənin ilk kafedrası olaraq 1919-cu ildə tibb fakültəsi nəzdində yaradılmışdır. 1935-ci ildə daha üç kafedra – Üzvi kimya, Analitik kimya və Fiziki və kolloid kimya kafedraları təşkil olunmuşdur. 1943-cü ildə Y.H.Məmmədəliyevin təşəbbüsü ilə Neft kimyası (hazırda Neft kimyası və kimya texnologiyası) kafedrası yaradılmışdır. Yüksəkmolekullu birləşmələr kimyası kafedrası 1964-cü, Kimyanın tədrisi metodikası kafedrası 1987-ci ildən fəaliyyət göstərir.

  1. Üzvi kimya
  2. Kimyanın tədrisi metodikası
  3. Fiziki və kolloid kimya
  4. Neft kimyası və kimya texnologiyası
  5. Ümumi və qeyri-üzvi kimya
  6. Yüksəkmolekullu birləşmələr kimyası
  7. Analitik kimya

Fakültədə təhsil forması əyanidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 2014–2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi tərəfindən yüksək ixtisaslı kadr hazırlığı məqsədi ilə "Kimya", "Kimya müəllimliyi" ixtisasları üzrə "Sabah qrupları" yaradılmışdır. Bu ildən fakültənin "kimya" ixtisasına ingilis bölməsinə tələbə qəbulu həyata keçirilir.

Fakültədə "Kimya", "Kimya mühəndisliyi", "Kimya müəllimliyi" ixtisasları üzrə bakalavr, 15 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır.

Kimya ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr kimya, neft kimyası sənayesi müəssisələrində, kimya profilli elmi tədqiqat institutlarında işləyə bilər.

Kimya müəllimliyi ixtisasını bitirən tələbələr kimya müəllimi ixtisasına yiyələnir. Onlar respublikamızın orta məktəblərində, liseylərində kimya müəllimi kimi kimya fənnini yüksək səviyyədə tədris edə bilərlər.

Kimya mühəndisi ixtisasında neft və qaz, boya, kimya, plastik maddələr, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.

  1. Kimya
  2. Kimya müəllimliyi
  3. Kimya mühəndisliyi

Magistratura ixtisasları

[redaktə | mənbəni redaktə et]
  1. Qeyri-üzvi kimya
  2. Bərk cisimlər kimyası
  3. Üzvi kimya
  4. Təbii və fizioloji fəal maddələr kimyası
  5. Fiziki kimya
  6. Elektrokimya
  7. Kolloid kimya
  8. Kimyəvi kinetika və kataliz
  9. Analitik kimya
  10. Kimyəvi ekspertiza
  11. Yüksəkmolekullu birləşmələr kimyası
  12. Kompozisiya materialları kimyası
  13. Nanomateriallar kimyası
  14. Kimyanın tədrisi metodikası və metodologiyası
  15. Neft kimyası
  16. Neft emalı texnologiyası

Beynəlxalq və elmi əlaqələri

[redaktə | mənbəni redaktə et]

Kimya fakültəsi yarandığı vaxtdan dünyanın qabaqcıl elm mərkəzləri ilə elmi əlaqələr qurmuş və bu əlaqələr M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, N.D.Zelinski adına Üzvi Kimya İnstitutu, Kazan Dövlət Universiteti, Rusiya Fizioloji Aktiv Birləşmələr İnstitutu, A.T.Arbuzov adına Üzvi və Fiziki Kimya İnstitutu (Kazan), Şərqi Sibir EA-nın Favorski adına Üzvi Kimya İnstitutu (İrkutsk), ABŞ-nin Minnesota Universiteti Fransanın Claude Bernard Lyon 1 və Lorrein Universitetləri, Fransanın İnstitute Lumiere Matiere elmi araşdırmalar mərkəzi, Türkiyənin Yıldız Teknik, Ostim Teknik və Sivas Cümhüriyyət Universitetləri, Amerikanın Northeast Ohio Medical University, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatlar İnstitutu və İtaliyanın Pavia Universiteti və s. ilə uğurla davam etdirilir.

Fakültənin alimlərinin ABŞ, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Fransa, İsveç, Portuqaliya, İran və s. ölkələrin aparıcı elm mərkəzlərində çalışan alimlərlə sıx elmi əlaqələri vardır.

Almaniyanın «Bruker» firması ilə elmi-texniki əməkdaşlıq nəticəsində 2002-ci ildən fakültədə Nüvə Maqnit Rezonansı laboratoriyası yaradılmışdır. Fakültə Almaniyanın «Bruker» firmasının istehsalı olan BRUKER-300 NMR spektrometr, Smart Apexs II-rentgenstruktur difraktometr, Esgüise 6000-kütlə-spektometr və Agilent 1200-maye xromatoqraf kimi müasir cihazlarla təchiz edilmişdir. Sonrakı illərdə bu əməkdaşlığın davamı olaraq fakültədə Rentgen (X-Ray), Xro­ma­to-kütlə laboratoriyaları təşkil edilmişdir.

2007-ci ildə Fransanın Montpellier Universiteti ilə BDU arasında imzalanmış əməkdaşlıq müqaviləsi Fransanın Elm və Təhsil Nazirliyində təsdiq edilmişdir. Müqavilə əsasında fakültənin alim və aspirantlarının qarşılıqlı səfərləri təşkil edilir. Kimya fakültəsi və Praqanın Karlov Universitetinin Təbiət elmləri fakültəsi arasında qarşılıqlı əməkdaşlıq sahəsində imzalanmış anlaşma memorandumuna əsaslanaraq 2019 -2020-citədris ilində may ayındakimya fakültəsinin bakalavr və magistrantlarından ibarət 10 nəfərlik tələbə qrupu Praqanın Karlov Universitetində təcrübə mübadiləsi keçmişdir.

Fakültənin beynəlxalq əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirlməsi üçün strateji plan hazırlanmışdır.

·        Türkiyə, Rusiya Federasiyası, ABŞ, Fransa, Almaniya, Yaponiya, Ukrayna, Moldova və s. ölkələrin müvafiq elm mərkəzləri, universitetləri ilə təhsilin məzmunu, innovativ metodların öyrənilməsi baxımından əməkdaşlığın qurulması;

·        Doktorantlara ikili rəhbərliyin say və keyfiyyət etibarilə artırılması;

·        Fakültədə nəşr olunan jurnalların Redaksiya Şuralarında xarici ölkə mütəxəssislərinin təmsil olunması;

·        Beynəlxalq Elmi Konfranslarda əməkdaşların iştirakını təmin etmək.

BDUSatbayev adına Qazax milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci il tarixli müqaviləyə əsasən BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramı bazasında Neft Kimyası ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı tədris olunur. Bu proqram çəçivəsində neft kimyası və kimya mühəndisliyi elmləri üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur.