Haci Mirzə Ağası Bayat — Vikipediya

Hacı Mirzə Ağası
Hacı Mirzə Mirzə Müslüm oğlu Ağası
Doğum tarixi
Doğum yeri Maku
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Tehran
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacı Mirzə Mirzə Müslüm oğlu Ağası İrəvani (28 yanvar 1783, Maku — 5 may 1848, Tehran) — 1835–1848-ci illərdə İranın baş naziri.

Hacı Mirzə Ağası Mirzə Müslüm oğlu Bayat 28 yanvar 1783-cü ildə Maku şəhərində Hacı Mirzə Müslüm İrəvaninin ailəsində anadan olmuşdu. Onun atası öz ailəsi ilə birlikdə İrəvandan Maku şəhərinə köçmuş, burada güzəranını əkinçilik və təsərrüfatla keçirmişdir. Hacı Mirzə Ağası ibtidai təhsilini atasından almışdı. Molla Abbas İrəvani kimi də tanınan Hacı Mirzə Ağasının təxəllüsü "Fəxri" olmuşdur. Abbas böyüyərək həddi-buluğa çatandan sonra Xoy şəhərinə getmiş və orada təhsil almağa başlamışdır. Oradan Azərbaycanın digər şəhərlərinə səfər etmişdir. Sonra Həmədana gedib, orada Axund Molla Əbdülsəməd Həmədaninin şagirdi olmuşdur. Axund Əbdülsəməd Həmədani məşhur "Bəhrül maarif" kitabının müəllifi olub, dövrünün böyük sufi şeyxlərindən sayılırdı. Abbas bir qədər sonra axundun müridlərindən olur. Axund həcc ziyarətlərindən birində vəfat edir və Molla Abbas onu əvəz etmək uçun vəsait düzəldib Məkkəyə yola duşur, həccin qanunlarını yerinə yetirərək Hacı Molla Abbas olur. O, Həmədana qayıdır, burada elmləri və sufiliyin sirrlərini oyrənir. Hacı Molla Abbas burada öz müəllimi, ustadı və mürşidi Molla Əbdülsəməd Həmədani kimi məşhur olur. Axund Molla Əbdülsəməd Həmədani vətənindən mühacirət edərək 40 il Kərbəlada yaşamışdır. Hacı Molla Abbas da onun yanında qulluq etmək qərarına gələrək onunla gedib Kərbəlada yaşayır, ta o vaxta qədər ki, ustadı və mürşidi Axund Əbdulsəməd orada vəhabilərin fitnəsi ilə, onlar tərəfindən qətlə yetirilir. Bu hadisə 1801-ci ildə baş verir. Son nəticədə Abbas İraqdan İrana qayıdaraq mürşidinin ailəsini Həmədana çatdırır, özü isə Azərbaycana gəlir və Təbrizdə yaşamağa başlayır. O, ustadı Axund Molla Əbdulsəmədin təriqətini inkişaf etdirir və yayır. Bu zaman Hacı Molla Ağası və Hacı Mirzə Ağası kimi məşhur olur. Bir müddətdən sonra zahid Axund Abbas İrəvani Təbrizdə vəliəhd Abbas Mirzə Naibüssəltənənin uşaqlarının, o cümlədən Məhəmməd Mirzənin (Məhəmməd şah) müəllimi təyin olunur. Təlim və tədris prosesində tədricən Məhəmməd Mirzəyə aramla nüfuz edərək onu özünə xas olan xüsusiyyətlərə istiqamətləndirir, onunla yaxın, məhrəmanə ünsiyyət yaradır. Rəvayətə görə bir gün mürşid öz müridlərinə gələcəyi barədə məlumat verərək deyibmiş ki, onun gələcəyi İran dövləti ilə əlaqədar olacaq.

Fətəli şah 1834-cü ildə İsfahanda vəfat etdikdən sonra onun 60 oğlu olmasına baxmayaraq Abbas mirzənin boyuk oğlu Məhəmməd Mirzə, Rusiya ilə İran dövləti arasında 1828-ci ildə bağlanmıs Türkmənçay müqaviləsinin 7-ci bəndinə əsasən, taxt-taca sahib olur. Məhəmməd sah 1834-cü ildə səltənət taxtına əyləşdikdən sonra fazil və alim kimi İranda çox məşhur olan Mirzə Əbülqasim Qaimməqam Sanini baş nazir təyin edir. Lakin onun sədarəti yalnız 8 ay çəkir. Bu müddət ərzində Fətəli şahın saysız-hesabsız övladlarının hər biri özünü səltənətin varisi hesab edirdi. Nəticədə Məhəmməd şahı Qaimməqamı aradan götürməyə vadar edirlər. Qaimməqam öldürüldükdən sonra onun yerinə bir çoxları əyləşməyə çalışsa da, Məhəmməd şah həmin vəzifəyə öz müəllimi və mürşidi Mirzə Ağası İrəvanini təyin edir. Onun isə siyasətdən və dövləti idarə etməkdən xəbəri yox idi. Buna baxmayaraq Hacı Mirzə Ağası 14 il İran dövlətinin sədri-əzəmi olmuşdur. O, Məhəmməd şahın nüfuzlu, onun işlərini dürüst icra edən vəziri idi və "birinci şəxs" ləqəbi ilə məşhur olmuşdu (bu ləqəb Avropada işlənən "baş nazir" sözünün tərcuməsindən əmələ gəlmişdi, ingiliscə "premyer ministr" birinci, əvvəlinci şəxs deməkdir). Lakin ətrafındakılar onun işindən razı deyildilər. Onlar bir necə dəfə Məhəmməd şaha xatırlatmışdılar ki, o, bütün işləri Mirzə Ağası İrəvaniyə verməklə dövlətin böhrana doğru getməsinə səbəb olmuşdur. Məhəmməd şah isə bu sözlərə qulaq asmırdı. Onun barəsində yazılan məktubları Mirzə Ağasıya verdikdə o, bunların onun duşmənləri tərəfindən yazıldığını bildirirdi. Mirzə Ağası İrəvani Məhəmməd şahın məsləhəti ilə Fətəli şahın 13-cü qızı olan İzzətnisə xanımla evlənmişdir. Bu qadın həm də Rzaqulu xan Hidayətin bibisi qızı idi, öz əmisi oğluna, Fətəli şahın qardaşı oğluna ərə verilmişdi. Lakin əri ölmüşdü və həcc ziyarətinə səfər edərkən həmin zəvvarlar içərisində Hacı Mirzə Ağası İrəvani də dərviş libasında olmuşdur. Bu şahzadə xanımın dul olduğunu bilərək ona meyl etmiş, lakin qadın nökərlərinə göstəriş vermişdi ki, Molla Abbas dərvişə çubuq vursunlar və onu zəvvarların arasından qovsunlar. Elə də etmişdilər. Hacı Mirzə Ağası Məhəmməd şah vəfat etdikdən sonra (1848) Şah Əbdüləzimdə bəstdə əyləşmiş və mədrəsənin bir hucrəsində qalmağı qərara almışdı. Nasirəddin şah Qacar Təbrizdən Tehrana gələrək taxta əyləşdikdən sonra Mirzə Ağası onun icazəsi ilə Ətəbata getmis və 1849-cu ildə 68 yasında orada vəfat etmişdir. Onun övladı olmamışdır.