Min bir gecə (balet) — Vikipediya
Min Bir Gecə | |
---|---|
| |
Tipi | klassik |
Bəstəkar | Fikrət Əmirov |
Librettist | Maqsud İbrahimbəyov Rüstəm İbrahimbəyov |
Xoreoqraf | Nailə Nəzirova |
Janr | balet |
Yaradılıb | Min bir gecə nağılları əsasında |
Premyera | |
Orijinal ifaçılar | Tamilla Şirəliyeva Rafael Qriqoryan[1] İ. Nizaməddinova |
Rəssam | Toğrul Nərimanbəyov |
Vikianbarda əlaqəli mediafayllar |
Min bir gecə — 1979-cu ildə yazılmış iki hissəli balet. Baletin musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.[2] Baletin premyerası 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutumuşdur.[2]
Ərəb nağılları əsasında yazılmış baletdə musiqi, xoreoqrafiya, libretto və bədii tərtibat üzvi vəhdətdədir.[3] Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə xalq səhnələri və məişət lövhələrinin növbələşməsi "Min bir gecə" baletinin əsas xüsusiyyətləridir.[3] Baletdə əsas diqqətçəkən məqamlardan biri də, tembr dramaturgiyasında qadın səsinin istifadə edilməsidir. Baletin əvvəlində orkestrın incə, cazibədar axıcı intonasoyaları fonunda səslənən qadın xoru kədərli olsa da, işıqlı arzulara və sədaqətə inamı əks etdirir.[3]
"Min bir gecə" dərin fəlsəfi tamaşadır.[4] Bu, qadına, onun məhəbbətinə və müdrikliyinə himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Mənbə və mövzular
[redaktə | mənbəni redaktə et]F. Əmirov baletinin əsas qayəsini qədim tarixə malik olan "Min bir gecə" nağılları, qəddar Şəhriyar və müdrik Şəhrizadə, Şərq qadınının zəkası, igidliyi və xeyirxahlığı, bütün bu cəhətlərin gücü ilə qalibiyyətə nail olması təşkil edir.[5] Baltedə bir çox münasqişələr, təzadlıq məqamlar baş verir. Tamaşanın emosional palitrası çox zəngindir: burada qəddarlıq və zəriflik, nifrət və məhəbbət, ölüm və şənlik qarşılaşır.
Libretto müəllifləri olan Maqsud və Rüstəm İbrahimbəyovlar nağılın əsas qayəsini götürərək, əsasən fəlsəfi məğzi açmağa nail olmuşlar.[5] Buna görə də burada qırmızı xəttlə keçən mövzu xeyirlə şərin mübarizəsi və mərhəmətin təntənəsidir. Orijinal nağıllar toplusu ilə müqayisədə baletdə nağıllar və personajların sayı ixtisar edilmişdir. Əsas etibarilə nağıldan başlanğıc ekspozisiya, zavyazka, final, həm də müstəqil surətdə mövzud olan üç nağıldan istifadə olunmuşdur. İstifadə edilmiş nağıllar "Sindibad və sehrli zümrüd quşu", "Ələddin və gözəl Budur", "Əlibaba və qırx quldur" haqqında nağıllardır.[5]
Fikrət Əmirovun "Min bir gecə" əsəri Azərbaycan baleti tarixində yeni mərhələ açmışdır.[6] Belə ki, bu əsərdə çoxpərdəli tamaşa və kiçik formalı baletlərin ənənələri birləşir. Bəstəkar, balet janrında yazarkən artıq kamil bir simfonist idi.[6] Onun yaradıcılığında, ümumiyyətlə, simfonik təfəkkür tərzi şərq mədəniyyəti ənənələrindən bəhrələnərək formalaşmışdı. Çox koloritli və parlaq bir əsər olan "Min bir gecə" baletində dərin fəlsəfi konsepsiya, müəllif düşüncəsinin dəqiqliyi və məntiqi ən diqqətçəkən bir məqamdır. Şərq xalqlarının nadir abidəsi üzrə yaranan bu əsərin konsepsiyasından baletin dramaturgiyası doğulur. Yəni burada iki aləm mövcuddur: real və nağıl dünyası.[7] F. Əmirov bu baletdə klassik formalardan istifadə edərək, onları tam melodik və ritm-intonasiya komplekslərində əlaqələndirir.[7]
Balet musiqisinin müəllifi olan Fikrət Əmirov müsahibəsində bildirir ki,
Orta əsər ərəb ədəbiyyatının bu görkəmli abidəsinin fəlsəfi müdrikliyi, humanist fikirləri, xəlqiliyi məni balet yaratmağa ruhlandırmışdır. Tamaşa qadına, onun müdrikliyinə, mənəvi gözəlliyinə mədhiyyə kimi düşünülmüşdür. Əlbəttə, “Min bir gecə” nağıllarındakı bütün rəvayətləri bir əsərə sığışdırmaq mümkün deyildir. Bu problemin həllində librettonun müəllifləri Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarının böyük xidməti vardır. Onlar çox maraqlı dramaturji material təklif etmişlər. Tamaşada musiqinin və plastikanın dili ilə bu nağıllar xəzinəsinin ən qiymətli inciləri, qadınların zəkasını, xeyrxahlığını, məhəbbətdə sədaqətini əks etdirən incilər cilvələnmişdir.[8] |
Yazılması
[redaktə | mənbəni redaktə et]Min bir gecə baleti Fikrət Əmirovun yaradıcılığında xüsusi mərhələ təşkil edir.[3] Adətən əsərlərinin bədii məzmununu xalqa yaxın olan mövzulardan götürən Fikrət Əmirov Min bir gecə baletini yazarkən də ənənəsin sadiq qalaraq xalqın çox sevdiyi nağıllara müraciət etmişdir. S. Təhmiraqızı qeyd edir ki, "bəstəkar bu epik janrın dili ilə sanki öz düşüncələrini, məhəbbət və sədaqət ideyalarını tərənnüm edir."[3] F. Əmirov "Min bir gecə" ərəb nağıllarının süjetinə müraciət etməsinin səbəbləri haqqında müsahibələrinin birində belə açıqlama verirdi:
Min bir gecə mövzusu məni uzun illər idi ki, rahat qoymurdu. Şərqin böyük həyat eşqi, yüksək məhəbbət duyğuları ilə yoğrulmuş, müdrik fikirlərlə zəngin olan bu ölməz sənət abidəsi çox sənətkara ilham vermiş və şübhəsiz ki, bundan sonra da ilham verəcəkdir.[9] |
Dünya folklorunun ən qiymətli incilərindən biri olan "Min bir gecə" ərəb nağılları süjetinin xoreoqrafik təcəssümü F. Əmirovdan bir bəstəkar kimi yüksək ustalıq və yaradıcılıq cəsarəti tələb edirdi. Çünki, Əmirovdan əvvəl dünya musiqi tarixində özünəməxsus yeri olan məşhur rus bəstəkarı N. A. Rimski-Korsakov və fransız bəstəkarı M. Ravel də "Min bir gecə" mövzularına müraciət edərək məşhur əsərlər yaratmışdılar.[9]
Ümumilikdə Şərq mövzusu həmişə F. Əmirovu maraqlandırmışdır. H. Cavidin "Şeyx Sənan" dramına musiqi, Elmira Nəzirova ilə müştərək yazdığı "Fortepiano ilə orkestr üçün ərəb mövzularında konsert", Yaxın Şərqin böyük şairləri Sədi və Hafizin yaradıcılığından ilhamlanaraq yazdığı "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamından sonra "Min bir gecə" baleti bəstəkarın ərəb dünyası, ərəb mədəniyyətinə münasibətinin daha bir təcəssümü olmuşdur.[9]
Balet üzərində işə başlamazdan əvvəl bəstəkar İran, İraq, Türkiyə, Misir, Suriya, Mərakeş və Hindistana səyahət etmiş, ümumşərq mədəniyyəti ilə sıx təmasda olmuşdur.[10] Bu ölkələrə səfərləri zamanı, Əmirov şifahi ənənəli peşəkar musiqidə bir sıra müştərək cəhətləri hiss etmişdir. Əmirovun xüsusən ərəb musiqisi ilə daimi təması Azərbaycan xal musiqisi və şərq xalqlarının musiqisi arasında oxşarlıqları dərk edə bilməsinə təkan vermişdir.[5]
F. Əmirov tərəfindən "Min bir gecə" nağıllarının seçilməsi bir sıra amillərlə şərtlənir ki, onlar arasında da ilk növbədə bəstəkarın özünün şərq nağıllarına məhəbbəti və ərəb ölkələrinin musiqisindən toplanan materiallar əsas şərtlərdəndir. Bəstəkar bu mövzuya müraciət etməsinin səbəbini belə açıqlayır:
Mən öz qarşımda digər yaradıcılıq məsələlərini qoymuşdum. Bir çox şərq xalqlarının mədəniyyəti ilə yaxından təmasda olan azərbaycanlı bəstəkarın süurunda rəsm edilən “şərq-ərəb” musiqisi yazırdım. Buna görə də baletdə ilkin mənbə kimi bu və ya digər konkret ərəb melodiyaları axtarmağın mənası yoxdur.[11] |
Yaradıcılığında gərgin təzadları, ekspressiv və emosional qarşılaşdırmaları çox sevən F. Əmirov, "Min bir gecə"də də həmin məziyyətləri istifadə edir. R. Zöhrabovun fikrincə, "Baletin musiqisində əsas etibarilə üç təbii keyfiyyət diqqəti daha çox cəlb edir: obrazlı plastika, parlaq melodik dil; xarakter və hərəkətlərin təbiətindən, xalq rəqs musiqisi elementlərindən doğan ritmika; musiqisinin rəng və çalarlarını səciyyələndirən koloritlik. Bütün bunları bəstəkar "nömrəli" sistemdən uzaqlaşaraq simfonik inkişafı böyük, müfəssəl səhnələrdə təzahür etdirir."[12]
Musiqisi
[redaktə | mənbəni redaktə et]Fikrət Əmirovun baletləri |
---|
Şur (1968) |
Min bir gecə baleti giriş və iki pərdədən ibarətdir. Bu iki pərdə öz mahiyyəti etibarilə kəskin təzad təşkil edir.[13] Artıq orkestrın ilk xanələri sanki dinləyicini sehrli nağıllar aləminə aparır. Arfa və royalın yüksək registrdə zərb alətləri ilə birləşməsi gözəl bir ahəng yaradır.[5]
Bu fonda baletin aparıcı mövzularından biri – məhəbbət mövzusu yaranır. Bu mövzu əsərdə etik başlanğıcın tərənnümü kimi böyük obraz – emosional məna kəsb edir. Məhəbbət mövzusu bütün kompozisiyanı əhatə edir. Onun yaranışı müxtəlif obraz mərhələlərini keçən, hər dəfə emosional gərginliyin ən yüksək pilləsində meydana çıxan vahid intonasiyanın registr variasiyası üzərində qurulur. Başlanğıc musiqi fikrinin intonasiya inkişafında belə mərhələlik muğam dramaturgiyasından irəli gəlir. Girişdə bu mövzu lirik tonlarla boyanır, səhnə arxasında qadın xoru ona qoşulan zaman həyəcanlı əhvali-ruhiyyə kəsb edir. Birinci pərdənin sonunda Şəhrizad Şəhriyarla görüşərkən bu mövzu çox geniş səslənir. Balet boyu məhəbbət mövzusu onun qarşısını kəsən bütün maneələri dəf edir. Finalda bu mövzu tam surətdə orkestrdə hakim mövqe tutur, lad, emosional baxımdan yeniləşir və qabiliyyyətli, təntənəli Do-majorda səslənir. Musiqişünas V. Şərifova-Əlixanova məhəbbət mövzusunu belə səciyyələndirir: "Bu mövzu, eyni zamanda baletin epiqrafı olub, sanki obraz məzmununu müəyyən edən emosional kamerondur."[14]
Girişdə diqqət çəkən məqamlardan biri qadın xorunun ifa etdiyi vokalizin əlavə edilməsidir. Bu səs bir tərəfdən möcüzəli nağıl aləminin sədası, digər tərəfdən uzaq keçmişin əks-sədasıdır.[15] Xüsusən səsin baletə əlavə edilməsi bir neçə amillə bağlıdır. Bir tərəfdən bu üsul bəstəkar üçün tipikdir.[14] Belə ki, F. Əmirov "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamında və "Nəsimi dastanı" baletində də insan səsindən istifadə etmişdir.[15] "Nəsimi dastanı"nda bu, həm qiraətçinin səsi, həm qadın xoru, həm də lirik-dramatik tenordur. Bu əsərində bəstəkar səsi dramaturji baxımdan ən mühüm anlarda istifadə edir.
Dramatik kulminasiyalar, gərgin səhnələr zamanı bəstəkarın sopranonu və xorun səslənməsini baletə əlavə etməsi müəyyən vəziyyət və şərait zamanl inandırıcı, təbii qavranılır. Hər dəfə onun səslənməsi məhz xoreoqrafiyanın inkişafına gərgin emosional vəziyyət aşılayır.[16]
"Min bir gecə" baletində qadın səsinin istifadə edilməsi müəyyən məna daşıyır. Qadın Şərq poeziyasında yüksək gözəllik və ülviliyin timsalıdır. Burada Şəhrizad belə bir anlamda təcəssüm olunur. Vokalizin mövzusu balet boyu daha iki dəfə səslənir. Birinci dəfə "Ölümə məhkum olunan qadınların qüssə və kədəri"ni xor ifadə edir. Sonra isə "Şəhriyar və Şəhrizadın dueti" səhnəsində solo qadın səsi səslənir.[14]
Birinci pərdə əsasən təzadlar üzərində qurulur. Şəhriyar və Nuridənin səhnəyə gəlişinin əvvəlində zərb alətlərinin tembri səslənir. Bu lirik səhnə kantilen melodiya üzərində qurulur. Sonrakı səhnə olan "Orgiya" böyük simfonik inkişafa malik olan bir lövhədir. Burada mövzular qısa motivlərdən, kəskin sinkopalı ritmlərdən qurulur. Mövzular üst-üstə qoyularaq , ostinat ritmik formula, cəld passajlara çevrilir. Qəfildən Şəhriyar peyda olur, onun monoloqu aldanmış insanın əzablarını açır. Qəhrəmanın ruhi vəziyyətini cahargah ladının intonasiyaları ifadə edir. Şəhriyarın qəddar qərarının rəmzi olan "Cəlladların rəqsi"ndən sonra qadınların kədərli unison xoru səslənir. Onların oxuması "Mərsiyə" üzərində qurulur.[17]
Şəhrizadın qəfil gəlişi məhəbbət mövzusunun fonunda baş verir. Valtornaların kəskin dissonans akkordu Şəhrizadın inadkar sədası kimi səslənir. Bu səhnə ilə birinci pərdə tamamlanır.[17]
Birinci pərdə ənənəci balet formalarından finala doğru məqsədəuyğun şəkildə yönəlir, musiqi və süjet inkişafı ilə bağlanır.[18] Baletin ikinci pərdəsi isə Şəhrizadın üç nağılından olan süita kimi qurulur. Süita formasında qurulmasına baxmayaraq burada da simfonikləşmə əsasdır. Üç nağıl isə "balet daxilində balet" kimi qavranılır.[17]
Birinci pərdənin personajları olan Şəhriyar, Şəhrizadə, cəlladlar, gecəni rəmsil edən parıltılı göy geyimdə olan qadınlar ikinci pərdədə də iştirak edirlər. Bu personajlar baletdə bütövlük və tamlıq yaradaraq, diversiment xüsusiyyətini aradan götürürlər.[18]
İkinci pərdədəki hər üç nağıla giriş cənub gecəsinin təsviridir. Hər nağılı sonluğu isə cəlladların ritmi və Şəhrizadı öldürməyə hazırlaşan Şəhriyarın qəzəbi ilə tamamlanır.[19] Nağılların musiqisi çox obrazlı, proqramlıdır. Burada təbiət lövhələri, fantastik varlıqlar, dəniz sahili, quldurların rəqi, məhəbbət səhnələri və sair verilir.[19] Nağılların musiqisi təsviri xarakter daşıyır, burada ənənəvi quruluşdan çox improvizəli ifadə üslubu əsasdır. Ümumiyyətlə, ikinci pərdədə əsas etibarilə qısa motivlərin çoxçeşidli dəyişilmələri tətbiq olunur.[17] Bəstəkar bir ritm-intonasiya toxumundan bir çox variantlar yaradır.[17]
Baletin ikinci pərdəsindəki üç nağıl özündə böyük məna yükü daşıyır. Buradakı nağıllar Şəhriyarın mənəviyyatındakı dəyişilmələrin təkamülünü bilavasitə hazırlayır.[20] Məhz bu nağıllardakı xeyirin şərə qalib gəlməsi ideyası Şəhriyarı daxilən təkmilləşdirir və qəddar hökmdarın qəlbində məhəbbət və ədalət duyğusu bərqərar olur. Buna görə də baletin sonunda Şəhriyarla Şəhrizadın lirik dueti çox emosional səslənir.[21] Şəhrizad öz müdrikliyi, zəkası və iradəsinin gücü ilə Şəhriyara qalib gəlir. Bədii məzmun musiqi dilində də öz dolğun ifadəsini tapır.[20]
İnstrumentasiya
[redaktə | mənbəni redaktə et]Baletin süjeti ilə bağlı olaraq bəstəkar, Yaxın Şərq bölgəsinin musiqisinin koloritini baletdə böyük ustalıqla yaradır. Burada zərb alətləri qrupuna geniş yer verilir. Belə ki, baletdə ənənəvi zərb alətləri ilə yanaşı, spesifik və nadir alətlərdən də istifadə edilir. Hətta elə səhnələr vardır ki, bəstəkar yalnız zərb alətlərini tətbiq edir.
Partiturada rast gəlinən ənənəvi olmayan 8/8, 10/8, 12/8 metrik sistemləri Yaxın Şərq xalqlarının musiqi təfəkkürü üçün səciyyəvi olub, orkestr palitrasına xüsusi rəngarənglik verir.[4] Bəstəkar, Şərq xalqlarının musiqi folklorunun gözəlliyinə aludə olmaqla bərabər, son dərəcə zəngin ritmlər arayıb taparaq bunları musiqidə canlandırmışdır. F. Əmirov bu ritmləri həm orkestrdə, həm də ayrı-ayrı zərb alətlərində — nağarada, vibrafonda, litavrlarda, cənglərdə solo kimi istifadə etmişdir.[12]
Səhnə dizaynı və xoreoqrafiya
[redaktə | mənbəni redaktə et]"Min bir gecə" baleti nağıl-romantik baletdir. Tamaşanın rəssamı Toğrul Nərimanbəyov baletə gözəl tərtibat vermiş, parlaq rəng effektləri, dolğun boyalardan istifadə etmişdir.[22] Təmkinli və eyni zamanda tutqun boyaların verilməsi, cəzaya məhkum edilən qadınların geyimləri, hətta Şəhriyarın geyiminin tamaşanın əvvəlində tutqun, sona doğru isə işıqlı rəngdə verilməsi müəyyən rəmzi məna daşıyır.[4]
Təhmiraqızı qeyd edir ki, "tamaşanın çox qeyri-adi tərtibatı rənglərin simfoniyası adlandırıla bilər."[4] Rəssamın istifadə etdiyi təkrarolunmaz çalarlar tamaşaçını sehr və nağıl aləminə aparır. Rəssam palitrasında gözqamaşdırıcı parlaqlıq və yumşaq zəriflik effektləri ilə qane olmur. O, süjetin ardınca gedərək, rənglər qammasını yaradır. Tərtibatın parlaq, major tonlarında verilən palitrası nağılın ruhu ilə həmahəngdir.[20]
Tamaşanın xoreoqrafiyasında klassik, milli və kütləvi rəqslərlə yanaşı, həm də oyun epizodları, akrobatika elementləri də verilir.[4] Baletdə musiqi dili baxımından diqqət çəkən iki məqam vardır: birincisi, əsər boyu ritm hakimdir. Ritm, demək olar ki, tamaşanın musiqisinin səthi üzərində dyanır.[4] Ritmik formulu ilk dəfə Oxatanların rəqsində meydana çıxır, sonra Cəlladların rəqsi, Şəhriyarın monoloqu və kütləvi rəqslərdə də eşidilir. Saray mühiti üçün ənənəvi olan bütün musiqi parçalarında daim bu ritm saxlanılır.[4]
Şəhriyarın monoloqunda "dartılan" sekund intonasiyaları üstünlük təşkil edir. Bu intonasiyalar artıq girişdə Şəhrizadın mövzusunun müşayiətində sezilir, Şəhriyarın monoloqunda qeyd olunur və həmişə obrazı müşayiət edir. Hadisələrin gedişatında sekunda intonasiyaları, hətta Şəhriyarın arvadı – Nuridənin partiyasına da nüfuz edir.[4]
F. Əmirov nağıl personajlarının ritm simasında – jestlərində, mimikalarında, yerişlərində, söhbət zamanı əllərinin plastikasında və sair vəziyyətlərdə, "ritmin musiqisini" və yaxud, "ritmik melodiyanı" axtarıb tapa bilmişdir. Bütün bunlar isə musiqili-xoreoqrafik tamaşanın əsas amili sayılır. Müəllif Şəhrizadın nağıllarını bir növ musiqi və rəqs dilinə "tərcümə" etmişdir.[12]
Rollar
[redaktə | mənbəni redaktə et]- Şəhrizadə
- Şəhriyar
- Nuridə, Şəhriyarın həyat yoldaşı
- Qız
- Ruh quşu
- Dənizçi Sindibad
- Ələddin
- Gözəl Budur
- Qəddar cadugər
- Cin
- Qırx quldurun qoçu başçısı
- Əlibaba
- Mərcanə
- Cəlladlar, oxatanlar, xalq, quldurlar
Şəhrizadə
[redaktə | mənbəni redaktə et]Şəhrizadə ağıl və müdrikliyi özündə birləşdirməklə, həm də sədaqətli və gözəldir. Buna baxmayaraq o, xəyanətlə üzləşmiş və qəlbi qəzəblə dolmuş rəhmsiz şahla qarşılaşır. Özündən əvvəl şahın minlərlə günahsız gənc qızın ölümünə səbəb olduğunu öyrənən Şəhrizadə həyatı ilə risk edərək bu ədalətsiz qırğına son qoymağa qərar verir.
Şahla razılaşan Şəhrizadə yalnız danışacağı nağılın bitməsindən sonra qibəti ilə üzləşməyə razılaşır. Beləcə şahı 1001 gecə davam edən nağıllar aləminə aparan Şəhrizadə nağıl qəhrəmanları vasitəsilə şahın qəddar qəlbində inam və sevgi oyandırmağa nail olur. Beləcə həm özünü həm də bütün qadınları xilas edir.
Şəhriyar
[redaktə | mənbəni redaktə et]Gənc və əzəmətli şah Şəhriyar öz sevimli arvadı ilə vidalaşıb ova gedir. Gözlənilmədən saraya qayıdan şah arvadını qulun ağuşunda görür. Aldanmış ər, alçaldılmış hökmdar bu rüsvayçılıqdan donub qalmış şahidlərin gözləri qarşısında arvadına divan tutur və bütün gənc qadınları edam etmək kimi dəhşətli bir fərman verir.
Nahaq yerə ölümə məhkum olunmuş qadınların yalvarışları hiddətli şahın qəzəbini söndürmür. Bir müddət sonra şahın qəzəb dünyasına gözəllik və müdrikliyi özündə birləşdirən Şəhrizadə daxil olur. Bu zaman sanki möcüzə baş verir. Şəhriyarın qəddar ürəyində məhəbbət hissləri oyanmağa başlayır. Ancaq o, sevsə belə, qərarını dəyişmir – Şəhrizadı ölüm gözləyir. Ağlın qəzəblə, məhəbbətin nifrətlə mübarizəsi başlayır. Şəhriyar birdən-birə təslim olmaq istəmir. Əvvəlki məhəbbət və xeyirxahlığa inamı yenidən əldə etmək üçün o, Şəhrizadın əsrarəngiz nağıllar dünyasına daxil olub min bir gecə keçirir.
Librettosu
[redaktə | mənbəni redaktə et]Bu əhvalat çox qədim, dünyada şahlıq dövr sürdüyü vaxt, məhəbbətə sədaqətsizlik ölümlə cəzalandırılan bir mühitdə, keçmiş insanların adət və ənənələri indikilərdən tamamilə fərqləndiyi bir zamanda baş vermişdir.[12]
Birinci pərdə
[redaktə | mənbəni redaktə et]Qədim əfsanəyə görə[23], bir gün qüdrətli şah Şəhriyar həyat yoldaşı ilə vidalaşaraq ova gedir. Gözlənilmədən saraya qayıdan şah həyat yoldaşını qullarından birinin ağuşunda görür. Həyat yoldaşını ölümlə cəzalandıran şah dəhşətli bir qərara gələrək, hər gün saraydakı gənc xanımlardan birini edam etməyi tapşırır.
Həmin dövrdə şahın qəddarlıq və qəzəb dünyasına gözəllik və müdrikliyi özündə birləşdirən Şəhrizadə daxil olur. Şəhriyarın qəddar ürəyində sevgi baş qaldırır. Lakin bu incə hiss də şahın qəddər qəlbini yumşaltmır və o, Şəhrizadənin də cəzalandırılmış minlərlə qadın kimi, edam edilməli olduğunu deyir. Şəhrizadə şaha min bir gecə ərzində nağıllar danışmağa qərar verir.
İkinci pərdə
[redaktə | mənbəni redaktə et]Dənizçi Sindibad və Ruhh quşu
[redaktə | mənbəni redaktə et]Güclü fırtına məşhur dənizçi Sindibadı kimsəəsiz adaya atır. Özünə gələn Sindibad qarşısına çıxan hər kəsin həyatını işıqlandıran Sevinc quşu ilə qarşılaşır. Lakin, Sevinc quşu kədərlidir, çünki onu qəddar düşməni Ruhh quşu təqib edir. Lakin, Sindibad qəhrəmancasına Ruhh quşu ilə döyüşə girərək qalib gəlir və Sevinc quşunu onun əsarətindən azad edir. Bundan sonra Sevinc quşunun parlaq işığı Sindibadın və bütün təmiz qəlbli insanların qəlbini işıqlandırmağa başlayır.
Gözəl Budur və Ələddin
[redaktə | mənbəni redaktə et]Şərq bazarı. Qəfildən zührlərin güclü səsi eşidilir. Keşikçilərin mühafizəsi altında yerli hökmdarın Baldaxin altında oturmuş qızı keçir. Xalq nümayəndələrinə ona baxmaq qadağan edilib və qadağanı pozanlar ölümlə cəzalandırılır. Ələddin də özünü saxlaya bilməyərək qadağanı pozur və ilk baxışdan şahzadə Budura aşiq olur. Gənc Budur da Ələddini bəyənir. Birdən Ələddinin sehrli lampasını ələ keçirməyi arzulayan hiyləgər Məğribli peyda olur. Məğribli sevgililəri ayırır. Lakin, Məğribli ilə qarşıdurmada Ələddin üstünlük əldə edir, lampadan çıxan sadiq cin isə gözəl Buduru qaytarmağa köməklik göstərir.
Əlibaba və 40 quldur
[redaktə | mənbəni redaktə et]Əlibaba təsadüfən sehrli mağara haqqında sirri öyrənir. Mağaraya daxil olan Əlibaba, quldurlar tərəfindən qarət edilmiş qızıllardan bir kisə oğurlayır. Bunu öyrənən quldurlar qisas almaq üçün onu təqib etməyə başlayırlar. Əlibaba evində gizlənir. Ərini sevən sadiqə Mərcanə ona kömək etməyə çalışır. Quldurların qoçu başçısı Əlibabanı öldürmək üçün hörmətli qonaq adı ilə onun evinə gəlir. Hiyləgər plan quran Mərcanə qonağı gülərüz və mehribanlıqla qarşılayır. Mərcanə qonağın qabağında rəqs edərək gözəlliyi ilə onu məftun edir. İmkan düşən kimi isə xəncərlə qətlə yetirir. Növbəti dəfə xeyir şərə, ağıl iə cəhalətə qalib gəlir.
Epiloq
[redaktə | mənbəni redaktə et]Hətta Şəhrizadənin sevgi və sədaqətdən bəhs edən gözəl nağıllarını dinlədikdən sonra da Şəhriyarın qəzəbli qəlbi dinclik tapmır. Onun ürəyində sevgi və qısqanclıq mübarizə aparır. Şah yenidən ova çıxmağa qərar verir. Şahı Şəhrizadənin sədaqət göstərməyə qadir olması maraqlandırır, o, xeyirin şərə yalnız gözəl nağıllarda qalib gəlmədiyinə inanmaq istəyir. Ovdan qayıdan Şəhriyar, Şəhrizadəni onun gözəl nağıl qəhrəmanlarının əhatəsində görür. Sevgi, inam və xeyirxahlıq həmin gündən Şəhriyarın qəlbinə hakim olur.
Struktur
[redaktə | mənbəni redaktə et]Aşağıda təqdim edilən struktur Əmirovun tərtib etdiyi baletin orijinal strukturudur. Hər nömrə üçün başlıqlar baletin strukturunun orijinal nəşrindən[24] götürülmüşdür. Nömrələrin bəzisi sadə musiqi indikatları ilə adlandırılmış və fransızca olan orijinal başlıqlar tərcümə edilməmişdir.
Giriş
[redaktə | mənbəni redaktə et]Lento — Amore
Birinci pərdə
[redaktə | mənbəni redaktə et]- No. 1 Şəhriyar və Nuridənin dueti: Andante
- No. 2 Oxatanların rəqsi: Sveltezza
- No. 3 Şəhriyarın variasiyası: Esaltato
- No. 4 Nuridənin monoloqu: Moderato ansioso
- No. 5 Orgiya: Presto-vivace
- No. 6 Şəhriyar və Nuridənin ölümü: Andante moderato
- No. 7 Şəhriyarın monoloqu: Andante tragico
- No. 8 Cəlladların rəqsi: Andante duramente
- No. 9 Şəhriyarın qəzəbi: Allegro irato
- No. 10 Cəlladların qadıları təqib etməsi: Inferhale-Lamento
- No. 11 Qadınların fəğanı və yalvarışı: Adagio — pianto suplicare
- No. 12 Şəhriyarın qəzəbi: Allegro feroce
- No. 13 Şəhrizadə: Allegretto grazioso
- No. 14 Şəhriyar və Şəhrizadənin dueti: Lento-Amore
İkinci pərdə
[redaktə | mənbəni redaktə et]- No. 15 Gecə: Lento-Goncitato
- No. 16 Birinci nağıl: Qız, Dənizci Sindibad və Ruhh quşu: Adagio limpido
- No. 17 Cəlladların rəqsi: Andante duramente
- No. 18 Gecə: Lento-Concitato
- No. 19 İkinci nağıl: Ələddin və sehrli lampa: Allegretto brillante
- I. Bağdad bazarı
- No. 20 Cəlladların rəqsi: Andante duramente
- No. 21 Gecə: Lento-Concitato
- No. 23 Üçüncü nağıl: Əlibaba və qırx quldur: Allegro vivace
- I. Təqib
- II. Mərcanənin rəqsi: Andante splendidezza
- No. 24 Şəhriyar və cəlladlar: Allegro elevato
- I. Şəhriyar nağıllar aləmində
- No. 25 Şəhriyar və Şəhrizadənin dueti: Adagio amoroso
- No. 26 Oxatanlar: Sveltezza
- No. 27 Şəhrizadənin monoloqu: Moderato con anima
- No. 28 Şəhrizadənin bayramı: Allegretto festante
- No. 29 Final: Allegretto elevato
Səhnələşdirilməsi
[redaktə | mənbəni redaktə et]Premyerası
[redaktə | mənbəni redaktə et]İlk tamaşada Azərbayacn Opera və Balet Teatrının artistləri Tamilla Şirəliyeva – Şəhrizad, Rafael Qriqoryan – Şəhriyar, İ. Nizaməddinova – Nuridə, R. Arifulim və R. Zeynalov – Nuridənin sevimli qulu, S. Bordanov – Ruh quşu, A. Kurkov – Ələddin, F. Yusifova – Budur, S. Rəhmətulin – 40 quldurun başçısı, V. Andreyev – Əlibaba, L. Povliy – Mərcanə, O. Vorqonov – Cadugər obrazında çıxış etmişlər. Qəmər Almaszadə deyir ki, "Hər bir ilk tamaşa, həm də yeni orijinal əsərin tamaşası təkcə müəlliflər, teatr üçün deyil, tamaşaçılar üçün də görkəmli hadisədir…Tamaşanın bütün iştirakçılarının nailiyyətləri ilə yanaşı, mən baletmeyster Nailə Nəzirovanın yüksək sənətkarlığınıqeyd etmək istəyirəm. Peşəkarlıq nöqteyi-nəzərindən bu baletmeyster tamaşadan-tamaşaya püxtələşir və öz yeni müvəffəqiyyətləri ilə bizi sevindirir. "Min bir gecə" baleti isə onun yaradıcılıq qələbəsidir. Balet, Azərbaycan xoreoqrafiya sənətinin inkişafında yeni yüksək pillədir. Klassik xoreoqrafiyanı xalq rəqslərinin, o cümlədən ərəb xalq rəqslərinin elementləri ilə üzvi surətdə əlaqələndirən N. Nəzirova yaddaqalan gözəl bir tamaşa yaratmışdır."[25] İlk səhnələşdirmə zamanı səhnənin bədii tərtibatından bəhs edən Elbəy Rzaquliyev deyir: "Toğrul Nərimanbəyovun iştirakı ilə hazırlanan hər bir tamaşanı böyük həyəcanla gözləyir, yüksək sənət nümunəsi ilə ünsiyyətin səndə mütləq sevinc hissi doğuracağına inanırsan. Görkəmli sənətkarın "Min bir gecə" tamaşası üçün hazırladığı dekorasiyalar isə gözlədiyimdən qat-qat yaxşı çıxmışdır. Bu dekorasiyalar sovet ssenoqrafiyasında yenilikdir, Azərbaycan teatr-dekorasiya sənətinin növbəti müvəffəqiyyətidir. Həmişə olduğu kimi, Nərimanbəyov yenə də böyük təsir gücünə malik gözəl, yaraşıqlı kolorit yaratmışdır. Onun dekorasiyaları boyalarının zənginliyi, maraqlı yaradıcılıq tərzi ilə adamı valeh edir. Gənc rəssam Tahir Tahirovun eskizləri əsasında tamaşa üçün geyimlər də böyük zövqlə və ustalıqla hazırlanmışdır."[26]
R. Zöhrabov qeyd edir ki, "…Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası bu tamaşada özünün ən gözəl keyfiyyətlərini əla göstərdi. Baletin xoreoqrafiyasında Şəhriyarın mərd və temperamentli obrazı, Şəhrizad və Şəhriyarın sevgi dueti, Bağdad bazarı, Əlibaba və qırx quldur səhnəsi diqqətəlayiqdir. Tamaşanın süjet xəttinin xoreoqrafiya baxımından həlli baletmeysterin böyük tapıntısıdır…N. Nəzirovanın gözəl tapıntılarından biri də budur ki, o, klassik balet hərəkətləri ilə milli rəqs terminlərini üzvi surətdə birləşdirə bilmişdir."[12]
Digər səhnələşdirmələr
[redaktə | mənbəni redaktə et]"Min bir gecə" baleti yalnız Azərbaycanda deyil, müxtəlif ölkələrdə tamaşaya qoyulmuş və həmişə də rəğbətlə qarşılanmışdır. Belə ki, 1981-ci ildə əsər üç gün ardıcıl olaraq Moskva tamaşaçılarına təqdim edilmişdir.[6] Əsərin müvəffəqiyyəti Moskva mətbuatında geniş yer almışdır.[27]
1981-ci ildə Tbilisi Akademik Opera və Balet Teatrında baletin Gürcüstan premyerası baş tutmuşdur. Z. Ancaparidze qeyd edir ki, "Z. Paliaşvili adına Tbilisi Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulması respublika Kommunist Partiyasının yaradılmasının 60 illiyinə həsr edilmiş şənliklərdə diqqətəlayiq hadisə olmuşdur…Kollektivimizi belə həyəcanlandıran başqa bir tamaşa xatırlamıram. Azərbaycandan gəlmiş quruluşçu heyətin teatrda işlədiyi bütün günlər olduqca gərgin keçmişdir. Teatrımızın kollektivi balet üzərində çox məsuliyyətlə işləmişdir. Emalatxanalardan gecə-gündüz işıq gəlirdi, burada kostyumlar tikilir, dekorlar və geyim hazırlanırdı. Baletin zəngin xoreoqrafik rəqs dili gürcü tamaşaçısını valeh etmişdir. Klassik irs və milli folklor musiqidə, bədii tərtibatda olduğu kimi, xoreoqrafiyada da cəsarətlə sintez edilmişdir. Baş rolları ifa etmiş gürcü sənətkarları isə tamaşa müəlliflərinin niyyətini rəqs vasitəsilə verə bilmişlər."[28]
Baletin Gürcüstanda səhnələşdirilməsini şərh edən bəstəkar F. Əmirov bildirir ki, "Mən xoşbəxtəm ki, balet tələbkar Tbilisi tamaşaçıları arasında böyük müvəffəqiyyət qazanmışdır. Belə bir xəhəti də xüsusi qeyd etmək istəyirəm ki, gürcü həmkarlarımız…işin gedişində qarşıya çıxan ən ciddi problemləri onlar bacaıqla həll edirdilər."[28]
1982-ci ildə balet Novosibirsk Opera və Balet Teatrının səhnəsində göstərilir. Baleti Rusiya Federasiyası və Azərbaycanın incəsənət ustaları birlikdə ərsəyə gətirmişlər. Xoreoqraf Nailə Nəzirova, rəssam Toğrul Nərimanbəyov və Ukraynanın Əməkdar incəsənət xadimi, drijor Boris Qruzin birlikdə fəlsəfi dərinliyə malik, humanizmlə aşılanmış bir tamaşa yaratmışlar. Kostyumlar rəssam Tahir Tahirovun eskizləri əsasında hazırlanmışdır.[29] Drijor Boris Qruzin bildirir ki, "Baletin müvəffəqiyyəti Fikrət Əmirovun gözəl musiqisi ilə əlaqəlidir"[29], Rusiyanın Xalq Artisti olan balerina Lyubov Kerşinova isə deyir ki, "Mənə Novosibirsk teatrında Şəhrizad rolunun ilk ifaçısı olmaq xəşbəxtliyi nəsib olmuşdur. Bu, texniki cəhətdən çətin olsa da, çox emosional obrazdır. Klassik baletin spesifikasını şərq rəqs folklorunun ünsürləri ilə birləşdirmək asan deyildi. Lakin, yüksək peşəkar hazırlığa malik olan istedadlı baletmeyster N. Nəzirova ilə işləyərək, mən öz qəhrəmanımın obrazına dərindən nüfuz etdim, rəqs texnikasına yiyələndim"[29], RSFSR Əməkdar Artisti Anatoli Berdişev isə deyir ki, "Min bir gecə baletində hər şey: musiqi də, dekorasiyalar da, geyimlər də, əlbəttə, xoreoqrafiya da gözəldir. Mən tamaşada mərkəzi rolu – Şəhriyar rolunu ifa edirəm. Bu obraz çox mürəkkəbdir, qeyri-adidir."[29]
1982-ci ildə "Min bir gecə" baleti Mərakeşdə və Bolqarıstanda tamaşaya qoyulur.[30] 1983-cü ildə balet Ukraynanın Donetsk Opera və Balet Teatrında səhnələşdirilir.[31] L. Minkin yazır ki, "Baletmeyster, Tatarıstanın Əməkdar incəsənət xadimi V. Şumeykin musiqisinin uyğun xoreoqrafik təfsirinə müvəffəq olmuşdur. Əsərdə üç cəhətin – Şərq rəqslərinin plastikliyinin, klassik elementlərin və müasir rəqs leksikasının üzvi vəhdəti baletin xoreoqrafiya baxımından maraqlı alınmasını təmin etmişdir. Bu, məsələn, cəlladların kəskin rəqslərində, çarpazlanan əllərin qılıncvari kəsişində parlaq ifadə olunmuşdur. Şəhrizadənin yekun partiyası klassik duetin qısamüddətli sabit, tipik şərq pozasıyla uğurlu şəkildə uyuşması ilə diqqəti cəlb edir. E. Rıkovanın yaratdığı Şəhrizadə surəti gənclik məlahəti, qadın gözəlliyi ilə tamaşaçıların rəğbətini qazanır. Bu, gənc balerinanın, şəksiz müvəffəqiyyətidir. Şəhriyarın mürəkkəb psixoloji obrazını Ukraynanın Əməkdar artisti A. Boyntsov hərarətlə və inandırıcı canlandıra bilmişdir. Bu partiya müxtəlif emosional-psixoloji halların təcəssümünü tələb edir. Sakit, bəxtəvər vəziyyətdən (Nuridə ilə lirik duet – solist Y. Oqurtsova) sarsıdıcı, ümidsiz, qəzəbli, amansız vəziyyətə keçilməsi, sonra da Şəhrizadı sınamaq üçün göstərilən ilk cəsarətsiz cəhdlər və nəhayət, onun qarşısında sitayiş – bütün bunlar artist tərəfindən psixoloji cəhətdən ustalıqla verilmişdir."[31][32]
15 oktyabr 1983-cü ildə "Min bir gecə" baleti Azərbaycan Akademik Opera və Balet Teatrının ifasında Moskvanın Kreml sarayının səhnəsində göstərilmişdir.[33]
1985-ci ildə balet ilk dəfə Türkiyədə səhnəyə qoyulmuşdur. İstanbul Dövlət Opera və Balet Teatrının sifarişi ilə üç ay ərzində baleti Türkiyədə tamaşaya hazırlamış yaradıcı heyətə baletmeyster Nailə Nəzirova, rəssam Toğrul Nərimanbəyov, drijor Nazim Rzayev, geyim üzrə rəssam Tahir Tahirov da daxil olmuşdur. Əsas rolların partiyasını Oskan Arslan (Şəhriyar) və Deniz Olqay (Şəhrizadə) canlandırmışlar.[34]
25 oktyabr 2010-cu ildə Kreml Sarayının səhnəsində Kreml Balet Teatrının ifasında balet izləyicilərə təqdim edilmişdir. Əsərin quruluşçu rəssamı Tahir Salahov, kostyumlar üzrə rəssamı Olqa Polyanskaya olmuşlar. Balet-tamaşada ifaçıları Sergey Raxmaninov adına Simfonik Orkestr müşayiət etmişdir. Tamaşanın əsas rollarında — Şəhrizad obrazında Aleksandra Timofeyeva, Şəhriyar obrazında Mixail Yevqenov, Nuridə obrazında isə Aliyə Xasenova və digərləri çıxış etmişlər.[35]
14 fevral 2014-cü ildə Belarus Dövlət Musiqili Teatrında baletin Belarusiya premyerası baş tutmuşdur. Quruluşçu baletmeyster, Azərbaycanın Xalq Artisti Mədinə Əliyevanın yeni əsrarəngiz xoreoqrafiyası, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərlik etdiyi simfonik orkestrin parlaq ifası, quruluşçu-rəssam İnarə Aslanovanın yaratdığı, Şərq dünyasının ruhunu təcəssüm etdirən rəngarəng dekorasiya və geyimlər belarus tamaşaçıları tərəfindən böyük heyranlıqla qarşılanmışdır. Tamaşanın quruluşunda, həmçinin teatrın baş baletmeysteri, Belarus Respublikasının Xalq Artisti Vladimir İvanov, eləcə də quruluşçu-baletmeysterin assistentləri, Belarusun Əməkdar artistləri Janna Lebedeva və Olqa Serko, rəssam Lyubov Sidelnikova, musiqi redaktoru, Azərbaycanın Əməkdar Artisti Samir Səmədov iştirak etmişlər. Tamaşada aparıcı partiyaları Belarus Dövlət Musiqili Teatrının solistləri, Sergey Qlux (Şəhriyar), İrina Voytekunas (Şəhrizad), Polina Qarunoviç (Zibeydə), İqor Qonçarik (dənizçi Sindbad), Dmitriy Lazovik (Ələddin), Mika Suzuki (şahzadə Budur), Vitaliy Borovnev (Cin), Mayk Partuş (Quldurların başçısı), Aleksandra Krasnoqlazova (Mərcanə) və Nikolay Umerenkov (Əlibaba) ifa etmişlər.[36]
Rolların ilk ifaçıları
Rol | Bakı 1979 | Donetsk 1983 | İstanbul 1985 | Kreml Balet 2010 | Minsk 2014 |
---|---|---|---|---|---|
Şəhriyar | R. Qriqoryan | A. Boyntsov | O. Arslan | M. Yevqenov | S. Qlux |
Şəhrizadə | T. Şirəliyeva | E. Rıkova | D. Olqay | A. Timofeyeva | İ. Voytekunas |
Qəbulu
[redaktə | mənbəni redaktə et]1980-ci ildə "Min bir gecə" baletinin müvəffəqiyyətinə görə bəstəkar F. Əmirov, baletmeyster N. Nəzirova, rəssam T. Nərimanbəyov, dirijor Nazim Rzayev və baş rolların ifaçıları SSRİ Dövlət mükafatına layiq görülmüşlər.[6]
"Min bir gecə" baletinin səhnə taleyi çox uğurlu olub. Bu uğurda bəstəkarla yanaşı baletmeyster Nailə Nəzirovanın, rəssam Toğrul Nərimanbəyovun da rolu vardır. Baletin Moskvada Kreml sarayındakı tamaşasından sonra SSRİ-nin xalq artisti R. Struşkova verdiyi müsahibədə qeyd edir: " Baletin xoreoqrafiyası yeni ideya daşıyır və istər kompozisiya, istərsə də özünəməxsus plastika sahəsində maraqlı imkanlar yaradır."[37]
S. Təhmiraqızı isə bildirir ki, "Bu əsərdə musiqi, xoreoqrafiya, bədii tərtibat və geyim eskizləri bir-birini tamamlayır. Bir sözlə, iki pərdə və introduksiyadan ibarət olan "Min bir gecə" baleti incəsənət növlərinin sıx vəhdəti ilə xeyirlə şərin mübarizəsini və xeyirin qələbəsini ifadə edir."[27]
Musiqişünas Konstantin Sakva deyir ki, "Min bir gecə baletinin musiqisini mən F. Əmirovun böyük uğuru hesab edirəm. Bəstəkar müasir üsullardan çəkinərək milli melodiyanın gözəlliyini və emosional səmimiliyini nümayiş etdirir. Musiqinin təsirli ifadəsi nağılların koloriti ilə həmahəngdir."[38]
Bəstəkar Rauf Hacıyev (o zaman Azərbaycan Bəstəkarlar İttifaqının katibi) qeyd edir ki, "Öz bədii dəyərinə görə bu əsər bu əsər milli milli çərçivədən kənara çıxan, bütün xalqlara yaxın və anlaşıqlı olan bir tamaşadır. Bu, ilk növbədə musiqinin müəllifi olan Fikrət Əmirovun xidmətidir. Bu əsəri ilə o, özünü tamaşaçılara balet janrının xüsusiyyətlərini həssaslıqla dərindən duyan bir bəstəkar kimi tanıtmışdır. M. Ravelin, N. Rimski-Korsakovun, A. Onnegerin ənənələrini davam etdirən F. Əmirov elə gözəl bir əsər yaratmışdır ki, bu, Şərqin poetik nağıllar aləminə yenidən səyahətə çıxmaqda, onların dərin bəşəri məna daşıdığını başa düşməkdə bizə kömək edir. F. Əmirovun musiqisi major boyaları ilə, alətlərə məharətlə uyğunlaşdırılması ilə adamı valeh edir. Ərəb musiqisinin parlaq ritmləri və melodiyaları ilə zənginləşdirilmiş bu musiqidə maraqlı tapıntılar çoxdur. Balet, sənətkarın yaradıcılığında yeni mərhələnin başladığını göstərir."[39]
R. Zöhrabov qeyd edir ki, "Librettonun müəllifləri janrı gözəl duymuş, maraqlı, ideya cəhətdən bitkin bir əsər yaratmağa nail olmuşlar. Baletin birinci hissəsi əgər müxtəlif əhvali-ruhiyyələrə, emosiya aləminə həsr olunmuşsa, ikinci hissə bütünlüklə nağıl səhnələrini təcəssüm etdirir. Bu hadisədə gözlərimiz önündə müxtəlif süjetli nağıl epizodları rəngarəng səhnələrdə dinamik şəkildə bir-birini əvəz edir. SSRİ Xalq artisti, bəstəkar Fikrət Əmirov və baletmeyster Nailə Nəzirova yığcam və ifadəli musiqi nömrələri əsasında obrazlar qalereyası, maraqlı səhnələr yaratmağa nail olmuşlar."[12]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Виноградов, 1983. səh. 106
- ↑ 1 2 И. Л. Лебединский. Тысяча и один раз о "1001 ночи" / Под ред. В. П. Леонова и Назима М. ад-Дейрави. — Россия и арабский мир. — Санкт-Петербург: Ноах, 2007. — Т. 10. — С. 27.
- ↑ 1 2 3 4 5 Təhmiraqızı, 2012. səh. 125
- ↑ 1 2 3 4 5 6 7 8 9 Təhmiraqızı, 2012. səh. 131
- ↑ 1 2 3 4 5 Təhmiraqızı, 2012. səh. 127
- ↑ 1 2 3 4 Təhmiraqızı, 2012. səh. 132
- ↑ 1 2 Насирова, 2005. səh. 21
- ↑ "Fikrət Əmirovla müsahibə". Azərinform. 19 iyun 1979. (#accessdate_missing_url)
- ↑ 1 2 3 Təhmiraqızı, 2012. səh. 126
- ↑ Виноградов, 1983. səh. 92
- ↑ Виноградов, 1983. səh. 107-108
- ↑ 1 2 3 4 5 6 Zöhrabov, Ramiz. "Min bir gecə". Bakı qəzeti. 12 iyul 1979. (#accessdate_missing_url)
- ↑ Насирова, 2005. səh. 32
- ↑ 1 2 3 Təhmiraqızı, 2012. səh. 128
- ↑ 1 2 Насирова, 2005. səh. 33
- ↑ Насирова, 2005. səh. 34
- ↑ 1 2 3 4 5 Təhmiraqızı, 2012. səh. 129
- ↑ 1 2 Насирова, 2005. səh. 41
- ↑ 1 2 Насирова, 2005. səh. 43
- ↑ 1 2 3 Təhmiraqızı, 2012. səh. 130
- ↑ Насирова, 2005. səh. 48
- ↑ Мирзоева, Н. "Особенности художественного решения балета Ф. Амирова «Тысяча и одна ночь» у художников Тогрул Нариманбекова и Таир Таирова". Вестник Казанского государственного университета культуры и искусств. 2010: 745–749. (#accessdate_missing_url)
- ↑ Baletin Librettosu Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının saytından götürülmüşdür. "«Тысяча и одна ночь», Ф.Амиров". gabt.uz. 19 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2018.
- ↑ Амиров, Ф. Тысяча и одна ночь [Ноты] : балет в 2-х действиях (по мотивам арабских народных сказок). Москва: Советский композитор. 1983. səh. 95.
- ↑ "Qəmər Almaszadə ilə müsahibə". Azərinform. 19 iyun 1979. (#accessdate_missing_url)
- ↑ "Elbəy Rzaquliyev ilə müsahibə". Azərinform. 19 iyun 1979. (#accessdate_missing_url)
- ↑ 1 2 Təhmiraqızı, 2012. səh. 133
- ↑ 1 2 Ancaparidze, Zurab. "Min bir gecə gürcü səhnəsində". Kommunist qəzeti. 26 may 1981.
- ↑ 1 2 3 4 "Min bir gecə baleti Novosibirskdə". Kommunist qəzeti. 21 may 1982. (#accessdate_missing_url)
- ↑ Təhmiraqızı, 2012. səh. 134
- ↑ 1 2 Minkin, L. "Şəhrizadın əlvan xəttləri". Sovetskaya kultura. 22 noyabr 1983. (#accessdate_missing_url)
- ↑ ""Min bir gecə" Ukrayna səhnəsində". "Ədəbiyyat və incəsənət" qəzeti. 2 dekabr 1983. (#accessdate_missing_url)
- ↑ "Azərbaycan musiqisinin iftixarı". Ədəbiyyat və incəsənət qəzeti. 2 dekabr 1983. (#accessdate_missing_url)
- ↑ Namazəliyev, Qafar. ""Min bir gecə" Türkiyə səhnəsində". Ədəbiyyat və incəsənət qəzeti. 9 iyun 1985. (#accessdate_missing_url)
- ↑ Qasımova, Ülkər. "Moskvada Fikrət Əmirovun "Min bir gecə" balet-tamaşasının premyerası keçiriləcək". apa.az. APA. 19 Oktyabr 2010. 4 March 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 may 2018.
- ↑ "Fikrət Əmirovun "Min bir gecə" baleti Minskdə" (#bad_url). publika.az. 19 Fevral 2014. İstifadə tarixi: 5 may 2018.[ölü keçid]
- ↑ S. Qasımova, Z. Abdullayeva, 2012. səh. 167
- ↑ S. Qasımova, Z. Abdullayeva, 2012. səh. 62
- ↑ Hacıyev, Rauf. "Sənətin qüdrəti". “Kommunist” qəzeti. 3 iyul 1979.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Виноградов, В. Мир музыки Фикрета. Баку: Язычы. 1983. səh. 127.
- Мирзоева, Н. "Особенности художественного решения балета Ф. Амирова «Тысяча и одна ночь» у художников Тогрул Нариманбекова и Таир Таирова". Вестник Казанского государственного университета культуры и искусств. 2010: 745–749.
- Solmaz Qasımova, Zemfira Abdullayeva. Fikrət Əmirov. Bakı: "Nağıl evi". 2004. 210 səh.
- Təhmiraqızı, S., Fikrət Əmirov, Bakı: Aspoliqraf, 2012
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "1001 ночь. Кремлевский балет". YouTube. Kremlin Ballet.
- "1001 ночь. Харківський національний академічний театр опери та балету імені Миколи Лисенка". YouTube. Телеканал ОТБ. İstifadə tarixi: 6 may 2018.
Balet portalı Azərbaycan portalı |