Sevil (opera) — Vikipediya
Sevil | |
---|---|
| |
Bəstəkar | Fikrət Əmirov[1] |
Librettoçu | Tələt Əyyubov[2][3] |
Dirijor | Əfrasiyab Bədəlbəyli[1] |
Dili | Azərbaycan dili[2] |
Süjet | Cəfər Cabbarlının "Sevil" pyesi əsasında[1] |
Janr | Lirik-psixoloji dram[2] |
Pərdə | |
Yaradılma tarixi | 1952[3] |
İlk səhnələşdirmə | 1953 |
Personajlar | Sevil, Balaş, Gülüş, Atakişi, Babakişi, Dilbər, Əbdüləli bəy, Məmmədəli bəy, Tafta, Gündüz. |
Premyera | 1953[3] Azərbaycan Dövlət Opera və Balet Teatrı, Bakı[1] |
İfaçılar |
Sevil — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram[2] operası.[3] Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır.[3] Operanın premyerası 25 dekabr 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur.[1] Opera 1957-ci ilin nəşrində 4 pərdəli[4], 1962-ci ilin nəşrində 3 pərdəli[5], 1967-ci ilin nəşrində 3 pərdəli[6], 1976-cı ilin nəşrində 2 pərdəli[7], 1982-ci ilin nəşrində 3 pərdəli[8], 1987-ci ilin nəşrində 3 pərdəli[9] olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır.[4][5][6][7][8][9]
Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir. Fikrət Əmirovun yaradıcılığının əsas ifadə vasitəsi olan melodiya, operanın musiqisində emosional başlanğıc rolunu oynayır.[10] Operanın musiqi dolğunluğu, zəngin harmonik dili, orkestr rəngarəngliyi, simfonikləşmə tendensiyaları ilə diqqəti cəlb edir. Bəstəkar operada müxtəlif musiqi formalarını – ariya, ariozo, reçetativlər, ansambl və xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə etmişdir. Operanın musiqisində mühüm rol oynayan leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir.[11]
Fikrət Əmirovun "Sevil" operası müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, respublikada opera sənətinin inkişafında mühüm mərhələ oldu və bəstəkarın yenilikçi fikirlərini bir daha nümayiş etdirdi.[11]
Tarixi
[redaktə | mənbəni redaktə et]Mənbə və mövzular
[redaktə | mənbəni redaktə et]Fikrət Əmirov "Sevil" operasını yazarkən azərbaycanlı dramaturq Cəfər Cabbarlının "Sevil" pyesindən təsirlənmişdir. Cəfər Cabbarlının "Sevil" dramı 1928-ci ildə tamaşaya qoyulmuş və bədii məzmununun aktuallığına görə şöhrət qazanmışdır.[12] Cəfər Cabbarlının yaradıcılığını müasir nöqteyi-nəzərdən dəyərləndirən Elçin Əfəndiyev qeyd edir ki, "Hətta 1920-ci illərin sonu, 30-cu illərin əvvəllərində, "yeni dövr", "sovet quruculuğu" aduləçiyi ilə qələmə alınmış "Sevil", "Almaz", "Yaşar" kimi pyeslərində, zəmanənin başqa bu tipli əsərlərindən müəllifin bəşəri yüksəkliyə qalxa bilməsi ilə fərqlənir və buna görə də onların həyatı ideoloji baxımdan bəhrəsi olduqları epoxanın süqutu ilə sona yetmədi."[13]
1952-ci ildə belə bir mövzuya müraciət etmək bəstəkar Fikrət Əmirovun öz marağının, tarixə münasibətinin və Cabbarlı yaradıcılığına məhəbbətinin ifadəsi idi. Fikrət Əmirov Cəfər Cabbarlının yaradıcılığına çox yüksək qiymət verir və onun irsinə maraq bəsləyirdi.[14]
Fikrət Əmirov yazır ki, "Cabbarlı pyeslərinə baxarkən oradakı novator cəsarətinə heyrət etməyə bilmirsən. Hər bir əsərində təkcə forma yeniliyinə yox, bütöv bir sənətkar yeniliyinə heyran olursan. Hiss edirsən ki, "Sevil" operasını yazan sənətkar heç də "Aydın" əsərini yazan deyil, daha müdrik, daha uzağı görən, daha yeni sənətkardır. Cəfər Cabbarlı xalqının və əsrinin oğlu olduğu üçündür ki, bütün xalqlara və əsrlərə doğmadır. Mən Cabbarlının əsərlərinə vurğunam. Ancaq onun ən çox xoşuma gələn "Sevil" operasına olan məhəbbət onu mənim tərcümeyi-halıma yazmışdır. Mən "Sevil" operasını əzbərləyə-əzbərləyə ona musiqi yazmışam və hər gün də Cəfər Cabbarlının qarşısında hesabat vermişəm. Yəni hər musiqi parçasından sonra "Görəsən bu Cəfərin xoşuna gələrdimi?" deyərək öz-özümə fikirləşmişəm."[15]
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Aslan Aslanov yazır ki, "İki qüdrətli sənətkarın – Cəfər Cabbarlının və Fikrət Əmirovun dramaturji-musiqi təfəkkürünün məhsulu olan "Sevil" operasında məhz bu inqilabın irəli sürdüyü çox mühüm sosial-ictimai problemlər öz ifadəsini tapmışdır. Başqa janrlara nisbətən operada həmin problemləri açmaq çətindir. Lakin bəstəkarımızın böyük yaradıcılıq hünəridir ki, əsərdə həm inqilab ərəfəsini, inqilab prosesini və inqilabdan sonra Azərbaycanda gedən sosial ictimai və ideoloji təbəddülatların daxili mənasını göstərə bilmiş, həm də inqilabi dəyişikliklər zəmnində insanların taleyini, xüsusən azadlığa, işığa can atan Azərbaycan qadınlığının ürək çırpıntılarını, yenilik arzularını tərənnüm etmişdir. Fikrət Əmirov bu əsərində milli musiqi dilimizin imkanlarından bacarıqla istifadə etməklə, köhnə dünyanın özlündən uçurmağa çağıran inqilabi mahnıları da məharətlə əlaqələndirmişdir. Biz bu əsərdə Fikrət musiqisinin orijinallığını bir daha görürük."[16]
Süleyman Ələsgər qeyd edir ki, "görkəmli dramaturqumuz Cəfər Cabbarlının "Sevil" pyesi musiqi dramaturgiyası üçün möhkəm əsas və bəstəkar üçün geniş yaradıcılıq imkanı vermişdir. Fikrət Əmirovun da "Sevil" pyesinə müraciət etməsini məhz bununla izah etmək olar. Bəstəkar Fikrət Əmirov və libretto müəllifi şair Tələt Əyyubov "Sevil" pyesinin əsas süjetindən istifadə edərək, onu opera janrının xüsusiyyətlərinə uyğunlaşdırmışdır."[17]
Yazılması
[redaktə | mənbəni redaktə et]Fikrət Əmirovun yaradıcılığında opera janrı özünəməxsus yer tutur. Bəstəkar yaradıcılığının ilkin dövrlərində, 1948-ci ildə opera janrına müraciət etmişdir.[18] Konservatoriyanı bitirərkən o, diplom işi olaraq librettosu İsmayıl Hidayətzadəyə məxsus olan[19] birpərdəli[20] "Ulduz" operasını yazmışdır. Bu opera yalnız əlyazma şəklində saxlanılaraq, nəşr etdirilməmişdir. Fikrət Əmirov bu əsəri yazmaqla müəyyən təcrübələr əldə etmişdir. Bəstəkar opera janrının müəyyən üslub cəhətlərinə, ifadə vasitələrinə yiyələnə bilmişdir.[21]
Çox mürəkkəb eyni zamanda sənətkardan böyük məsuliyyət tələb edən bir janr olan operanı yazmaqla bəstəkarın öz məqsədi var idi. "Sevil" operasının yaranmasından təxminən on il sonra Fikrət Əmirov bu haqda belə bir açıqlama verir:
Hər hansı bəstəkarın yaradıcılığında musiqinin müəyyən bir janrı o birilərinə nisbətən əsas yer tutur, aparıcı rol oynayır. Bu mənada məni daha çox opera işi məşğul edir. Opera mürəkkəb, sintetik bir janrdır. Əsl mənada opera yaradan müəllif böyük istedad sahibi olmalıdır. Hər hansı janr xalqın mənəvi tələblərinə uyğun olaraq yaranır və yaşayır. Əsassız mülahizələrlə janrlardan birinin yaxşı, digərinin pis olduğu iddia edib durmaq musiqimizə zərərdən başqa heçnə verməz. Əslində, opera vaxtı keçmiş janr yox, bəlkə, mən deyərdim ən çətin və ən müasir janrdır.[22]
|
Fikrət Əmirov operanın üzərində işə 1949-cu ildə başlamışdır.[2] Cəfər Cabbarlının süjetinə opera yaratmaq tələbi bəstəkarın daxili istəyindən, bu yazıçının yaradıcılığına olan rəğbət hissindən irəli gəlməklə yanaşı, həm də yazıçı Mirzə İbrahimovun bu süjeti təklif etməsi ilə əlaqədar idi. Operanın librettosunu yazan şair Tələt Əyyubov pyesin əsas dramaturji məğzini, əsərin obrazlı dilini, iştirakçıların dəqiq səciyyəsini saxlamağa cəhd göstərmişdir. Librettoya çox yığcam şəkildə işlənmiş Azərbaycan qadının acınaqlı vəziyyəti, hüquqsuzluğunu təsvir edən proloq səhnəsi əlavə edilmişdir. Opera janrının tələbləri ilə bağlı pyesin bəzi pərdələri birləşdirilmiş, əsər yığcam şəkil almışdır. Operanın hər redaktəsində müəyyən dəyişikliklər aparılaraq bəzi səhnələr əlavə edilmiş, bəziləri çıxarılmış, iştirakçıların bir sıra çıxışlarının yeri dəyişdirilmişdir.[23]
Əsasən Cəfər Cabbarlı pyesinin ideyasını və süjet xəttini saxlayan Fikrət Əmirov və librettoçu Tələt Əyyubov ictimai xüsusiyyətləri dərinləşdirmək məqsədilə operada bəzi dəyişiklər aparmışdılar. İkinci pərdəyə pyesdə olmayan inqilabi nümayiş səhnələri, operanın əvvəlində proloq daxil edilmiş, üçüncü pərdənin səhnələri də başqa cür birləşdirilmişdir. Əsərdə başqa opera janrlarının da (xüsusilə tarixi janrın) xüsusiyyətləri müşahidə edilir.[24]
Operada hadisələrin inkişafı, kompozisiyası, dramaturji quruluşu və s. baxımdan bir çox quruluş bəstəkarın klassiklərindən, xüsusilə Pyotr İliç Çaykovski dramaturgiyasının ənənələrindən bəhrələndiyi görünür. Lakin bununla birlikdə klassik operaların kompozisiya üsulları "Sevil" operasında musiqi dilinin milli xalq cizgiləri ilə, bütün müasir intonasiya leksikası ilə sintezləşdirilir. Bu Fikrət Əmirovun klassik ənənələrə yaradıcı münasibətinin və əsərinin məzmunu, mahiyyəti ilə maraqlandığının göstəricisi idi.[25]
Musiqilər
[redaktə | mənbəni redaktə et]Operada dramaturji konfliktin əsasını mütərəqqi obrazlar qrupu (Sevil və onun dostları) və ölüb gedən dünya (Balaşın və onun mühiti) ilə təmsil olunan iki zidd ictimai qüvvənin bir-birinə qarşı qoyulması təşkil edilir. İştirakçıların ictimai və psixoloji mahiyyətlərinin bir-birinə zidd olması operada obrazlı-tematik və kompozisiya-struktura ziddiyətini şərtləndirir. İştirakçılarından xarakteristikasından ibarət olan iki musiqi mövzuları kompleksi də təzadlıdır. Hadisənin inkişafı prosesində Sevili və onun dostlarını səciyyələndirən mövzular zənginləşir, Sevilə qarşı qoyulan obrazlarla bağlı olan digər mövzular qrupu isə birinci qrup tərəfindən aradan qaldırılır.[26]
Opera 1957-ci ilin nəşrində 4 pərdəli[4], 1962-ci ilin nəşrində 3 pərdəli[5], 1967-ci ilin nəşrində 3 pərdəli[6], 1976-cı ilin nəşrində 2 pərdəli[7], 1982-ci ilin nəşrində 3 pərdəli[8], 1987-ci ilin nəşrində 3 pərdəli[9] olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır.[4][5][6][7][8][9]
Operanın dramaturgiyasında gərginliyin, dinamikliyin ardıcıl inkişafı, artması prinsipi böyuk rol oynayır. "Sevil" operasının dramaturgiyasında müəllif tərəfindən geniş istifadə olunan və operanın musiqisində mühüm rol oynayan leytmotivlər, leyttemalar, qısa motiv-xarakteristikalar, motiv-xatırlamalar onun ideyasının açılmasına kömək edir.[26]
Operada Sevilin xarakteristikaları ilə bağlı olan leytmotivlər xüsusilə əhəmiyyətlidir. Operanın qəhrəmanının musiqi təcəssümündə ilk dəfə proloqda ifadə edilmiş Sevilin əsas leytmotivi mühüm rol oynayır. Leytmotiv iki hissədən ibarətdir: başlanğıc və əsas. Əsas hissə böyük daxili qüvvə və birinci melodiyadan yaranan təzadlı-tamamlayıcı melodiya ilə dolğunlaşır.[27]
Operada Sevili oyanmağa çağıran leytmotivə böyük əhəmiyyət verilir. İlk dəfə Gülüşün Sevilə müraciətlə oxuduğu ariozada səslənən bu leytmoyiv operanın dramaturjo inkişafında ideyasının açılmasında mühüm əhəmiyyət kəsb edir. Operada Sevil və Balaşın "şəxsi faciə" leytmotivi – həzin, dramatik-dolğun, ahəngdar mövzusu mühüm rol oynayır. Əvvəlcə hər iki qəhrəmanın hislərini səciyyələndirən həmin leytmotivi tədricən Sevil mövzusundan uzaqlaşır və yalnız Balaşın hissəsində qalır. Operanın digər iştirakçıları da leytmotivlərlə səciyyələndirilir. Operanın qəhrəmanları leytmotiv xarakteristikalarla yanaşı, ariyalarla, ariozolarla, həmçinin ansambl nömrələri ilə təqdim olunurlar.[27]
Fikrət Əmiroun operasında müxtəlif xarakterli və tipli çoxlu ansambl nömrəsi mövcuddur. Onların içərisində xüsusilə Sevil və Balaşın dueti əhəmiyyət kəsb edir. Bu duet onların xarakteristikasını tamamlayır və dramaturji cəhətdən əsas səhnələrdə mühüm rol oynayır.[27]
İkinci pərdədən alınmış septet bütün operanın mərkəzi ansamblı, ən yüksək nöqtəsidir. Bu nöqtə bütün iştirakçıları bir araya gətirir.[27]
Əsər giriş hissədən, üç pərdədən və iki şəkildən ibarətdir. Birinci pərdədə Sevilin qəmli ariozosu və laylay mahnısı səslənir. Bunlarda onun öz taleyindən şikayəti eşidilir. Ariozo xalq mahnıları ruhunda yazılmışdır.[27] Müqəddimənin kədərli melodiyasında təkildə səslənən orqan punktu üzücü məhkumluq hissini gücləndirərək, bir növ bütün ariozo üçün ümumi olan çarəsizlik əhvali-ruhiyyəsi yaradır. Mahnı melodiyasının kiçik diapozonu və onun obrazlı-emosional quruluşu arizonu həzn-lirik xalq mahnılarına – ağılara yaxınlaşdırır. Ariozonun xalq mahnısı xarakterində olması qəribə tərzdə qovuşan kədərli frazalarla, xalq nəfəsli alətlərinin melizmatik bəzəklərini xatırladan ağac nəfəs alətlərinin (xüsusilə fleytanın) çaldığı melodiya ilə də nəzərə çarpır.[26][27]
Sakit, sadədil obrazı təcəssüm etdirən və aydın ifadə olunan laylay mahnısı ruhən ariozoya yaxındır. Burada vokalla duet şəklində səslənən klarnetin tembri daha sonra tez-tez Sevil mövzusunu müşayiət edərək onun leyttembrinə çevrilir.[27] Birinci pərdədə Atakişi mahnı-rəqs xarakterli kupletlər oxuyaraq nəvəsini əyləndirir.[28]
Birinci pərdədə Balaşın mahnısı onun sevincini, yüngülxasiyyət birindən məst olduğunu ifadə edir. Bu valsvarı kupletlərdir. Bu kupletlərdə qayğısızlıq, qəmsizlik səslənir. Daha sonra mahnının mövzusu operada leytmotiv mənası kəsb edir.[29]
Qonaqlar – Dilbər və onun dostları, kübar şəxslər olan Əbdüləli və Məmmədəli bəylər gəlirlər. Balaşın qonaqlarını səciyyələndirən musiqinin səslənməsi nəzərə çarpacaq təzad yaradır. Dilbər obrazını təsvir edən musiqi sahəsi operanın bütün iştirakçılarının xarakteristikasından kəskin şəkildə fərqlənir. Dilbər mövzusunda XIX əsrin sentimental romansı ruhunda stilləşdirilmə, tanqo ritmi, major-minor nəzərə çarpır. Operada Dilbər obrazı əsasən mahnı və romans janrı ilə bağlıdır. Dilbər Sarasatenin "Qara çətir" romansının intonasiyaları əsasında yazılmış mahnını oxuyur. Səadət Təhmirazıqızı yazır ki, "Dilbərin mahnısındakı təmtəraqla səslənən tanqo rəqsi Dilbərə bir yüngüllük verir və onun kübar simasının boş, gərəksiz olduğunu nəzərə çarpdırır. Mahnının mövzusu onun leytmotivinə çevrilir."[29]
İkinci pərdədə Balaşın ariyası geniş opera ariyasıdır. O, Balaşın acı hislərini, öz səadətini itirən bir insanın faciəsini təsvir edir.[30]
İkinci pərdədə inqilabı mahnılar eşidilir. Bu pərdədə Sevilin "Ayrı düşdüm Günduzümdən" ariyası zorla oğlundan ayrılmış Sevilin kədərini, əzab-əziyyətini göstərir. Ariyanın əsasında dayanan Sevilin leytmotivi burada qəmli, yanıqlı səslənir, ariyanın həzin-dramatik, emosional-ifadəli musiqisi proloqla səsləşir. Ariyada intizar, kədər əhvali-ruhiyyəsi unison təhkiyə mahiyyətində olan, bir qədər deklomasiya xarakteri daşıyan improvizasiya bas-klarnet tembri vasitəsilə verilmişdir.[30]
İkinci pərdədə monoloq üç hissədən ibarətdir. Üçüncü hissə marş musiqisidir, bu isə Varşavyankanın fonunda Sevilin ayrı-ayrı replikalarından ibarətdir.[31] İkinci pərdə xalq içərisindən çıxmış sadə obrazların səciyyəsi ilə bağlıdır. Burada Sevilin ariozosu, Balaşla Sevilin səhnəsi, Atakişinin kupletləri, Sevilin laylası və Gülüşün ariozosu səslənir. Bu pərdənin sonunda yenə vals (natamam şəkildə) verilir.[32]
Üçüncü pərdə isə hər iki mühitdən çıxan obrazların təsviri ilə bağlıdır. Sevilin mərkəzi ariyası, monoloqu, Balaşın hər iki ariyası burada səslənir. Dilbər bu dəfə evdə sentimental romans ifa edir. Üçüncü pərdədə epizodik olaraq yenə vals xatırlanır. Burada ansambl səhnələrinə də (sekstet, Balaş və Sevilin dueti) geniş yer verilir. Opera Balaşın "Məhv oldun, Balaş!" nidası ilə bitir və obrazın faciəviliyi operanın sonunda daha qabarıqdır. "Sevil" operası müasir tematikaya uyğun lirik-psixoloji operadır. Bu iştirakçıların şərhində, mahnı-ariozo üslubunda lirik səpkili musiqidə özünü büruzə verir.[32]
Operanın ilk tamaşasının nümayiş edilməsindən az sonra dövri mətbuatda dərc olunan məqalələrin birində deyilirdi:
Böyük istedad sahibi olan bəstəkar Fikrət Əmirov xalq musiqisini çox gözəl bilir. Xalq sənətinə böyük məhəbbət, peşəkar ustalıq, rus və Azərbaycan klassik operası ənənələrinin diqqətlə öyrənilməsi bəstəkara mühüm yaradıcılıq qələbəsi qazanmağa kömək etdi.[33] |
Opera çox qeyri-adi üvertüra-proloqla açılır. Bu üvertüra-proloq çox maraqlı quruluşa malikdir: simfonik orkestrin girişi, azançının çıxışı, qadın xoru, azançının çıxışı fonunda qadın xoru, orkestr postlyudiyası (Sevilin və oğlu Gündüzün leytmotivləri). Beləliklə üvertüra proloq üç bölmədən ibarətdir. Birinci və üçüncü bölmələr instrumentaldır. Üvertüra-proloqun mərkəzi bölməsi isə vokaldır.[34]
Orqan punktu üzərində səslənən birinci mövzu məşəqqət və zorakılıqla bağlıdır. Ağır mövzu şüştər ladındadır. Faciəvi melodiyaya malik olan bu mövzunu şur ladında xalqın tutqun, eyni zamanda mübariz obrazı əvəz edir. Bu mövzu inkişaf edərək dramatik nöqtəyə çatır və onu Azançının mövzusu əvəz edir.[34]
Fikrət Əmirovun operaları |
---|
Azanın intonasiyaları Sevilin ariyasının instrumental çalğıda, finalda Sevil keçmiş günlərini xatırlayarkən səslənir. Beləliklə, Azançının mövzusu köhnə Bakını təsvir edən leytmotiv əhəmiyyət kəsb edir. Bu mövzu (şur ladı) tez bir zamanda örtülü ağızda oxunan soprano və altlardan ibarət ikisəsli qadın xoru oxuması ilə birləşir. Sonra onu öz qadın hüquqsuzluğandan bəhs edən qadınların "Parla, günəş" xoru əvəz edir.[35]
Xor bitdikdə yenə Azançının mövzusu səslənir. Mövzu orkestrdə müxtəlif taxta nəfəsli alətlərdə ifa edilir. Pərdə endikdə xalqın şur ladında olan mövzusu səslənir. Bu mövzudan əvvəl orkestrdə hümayun ladında qısa motivlər eşidilir. Orkestr postlyudiyası (Moderato maestoso) Sevilin mövzusu üzərində (şüştər ladı) qurulmuşdur. Sevilin mərkəzi çıxışı ("Ayrı düşdüm") bu mövzuya əsaslanır. Postlyudiyanı Gündüzün mövzusu tamamlayır.[a] Operada xarakterlərin açılışı və inkişafı maraqlıdır.[35]
Sevilin ilk çıxışı "Günüm qara, gecə qara" ariozosu Sevilin acı hislərini, mənəvi tənhalığını açır. Ariyanın orta hissəsində qəhrəmanın qəlbində etiraz yaranır. Sevilin laylası – bu xalq musiqisi nümunələrinə yaxın bir melodiyada qurulur. Sadə müşayiət fonunda həzin, lirik bir melodiya səslənir. Laylaya orkestr girişi Gündüzün leytmotivinə əsaslanır. Laylanın vokal partiyasında maraqlı an Sevilin zümzüməsi fonunda orkestrdə klarnet solosunun səslənməsidir. Laylanın, ümumiyyətlə kədərli ruhda olmasına baxmayaraq, sonda Sevilin bu çıxışı işıqlı şəkildə tamamlanır. Sevilin ariyasına orkestr girişi "Hümayun" muğamının intonasiyaları üzərində qurulur. Girişin başlanğıc xanəsini musiqişünas V. Şərifova-Əlixanova kədər leytmotivi kimi səciyyələndirir.[36] Giriş bas-klarnetdə səslənərək, övladı üçün darıxan tənha ananın iztirablarını əks etdirir.[b] Skripkaların tremlosu və altda səslənən muğam kadensiyaları bu iztirabları daha da gücləndirir. Ariyanın əsas mövzusu "Şüştər" muğamının intonasiyalarına əsaslanır. Sevilin övladına olan hisləri bu muğamın emosional dairəsi ilə açılır. Melodiya muğam intonasiyaları ("Ayrı düşdüm") ilə başlanır, sonra onun həzn, plastik, kantilena ("Aylar keçdi, illər dolandı") əvəz edir. Ariyada orkestr interlüdiyasında Sevil və Balaşın şəxsi faciə leytmotivləri səslənir.[37]
Ariyanın ikinci hissəsi ekspressivliyi ilə seçilir. Bu hissə kulminasiyadır, Sevilin səsi onun həyəcanını, gərginliyi ekspressiv şəkildə seçilir. Vokal melodiya çox zildə, yuxarı registrdə simli alətlərin gərgin tremoloları fonunda səslənir. Sevilin monoloqu obrazın inkişafında kulminasiyadır. Bu operada ən gərgin dramatik və emosional səhnədir. Monoloq Sevilin daxilində baş verən dəyişiklikləri əks etdirir. Monoloqun patetik melodiyası çahargah ladına əsaslanır. Başlanğıc reçitativ çox zildə səslənir. Monoloqun başlanğıcı Gündüzün leytmotivi fonunda səslənir.[37]
Balaşın mahnısı (birinci pərdədə) onun xarakterinin bir sıra cizgilərini açır. Bu ariyanın mövqeyi operanın müxtəlif redaktələrində bir birindən fərqlənir. Bəzi redaktələrdə[c] bu ariya operanın tutqun səhnələrindən sonra verilərək, çox effektli təzad təşkil edir.[37] Operanın son redaktəsində Balaşın bu mahnısı vals və Dilbərin sentimental romansından sonra səslənir, meşşan-mühitin ab-havası ilə səslənir. Balaşın mahnısı onun Dilbərə olan vurğunluğunu vals ritminin fonunda əks etdirir. Yüngül, uçucu vals ritmi fonunda keçən lirik-mahnıvari melodiyanın ("Aşiqinəm, mən sənin") kulminasiyası çox parlaq səslənir.[37]
Balaşın bu mahnısı onun operada ilk çıxışı olub, yüngül xasiyyətli obrazı açır. Balaşın mərkəzi çıxışı – "Gör nə günlərə qaldın" ariyası çox genişli miqyaslı olub, onun şəxsi dramının ifadəsidir. Artıq Balaş düşkünləşib, özünün günahkar olmasını hiss edir, ariyada onun hiss və həyəcənları böyük faciəvi qüvvə ilə açılır.[37]
Ariyaya orkestr girişi Sevil və Balaşın şəxsi faciə leytmotivi əsasındadır. Ariyanın bütün birinci hissəsi bu leytmotivə əsaslanır. Birinci hissənin mövzusu bayatı-şiraz ladındadır. İkinci hissə "özüm öz könlümü" sözləri ilə başlanaraq, Balaşın peşmançılıq hislərini ifadə edir, orkestrin həyəcanlı müşayiəti fonunda səslənir.[38]
Balaşın "Ağla, gözüm ağla" ariyası ruhdan düşmüş, sarsılmış qəhrəmanın ağır düşüncələrini əks etdirir. Ariya üç bölmədən ibarətdir. Birinci bölmə bayatı-şiraz ladındadır. Burada Balaşın əvvəlki ariyasından fraqment səslənir. İkinci bölmə şüştər ladındadır. Ariyanın üçüncü bölməsində dramatizm çox güclüdür. Operada Sevil və Balaşın dialoq səhnələri mühüm yer tutur. İlk dialoq şəxsi faciə leytmotivinin əvvəl orkestrdə; sonra isə Sevilin partiyasında səslənməsi üzərində ("Balaş, nədir günahım") qurulur. [38]
Sevil və Balaşın son dueti[d] yenə şəxsi faciə leytmotivi üzərində qurulur. Son redaktədə səhnə elə bu duet səhnəsi ilə tamamlanır ("Məhv oldun Balaş"). Bu səhnədə Balaşın iztirabları, tənhalığı və peşmançılıq hisləri tam şəkildə açılır. Son duet səhnəsinin Pyotr İliç Çaykovskinin "Yevgeni Onegin" operasından Tatyana və Oneginin tamamlayıcı dueti ilə bənzərliyi musiqişünaslar tərəfindən dəfələrlə qeyd edilmişdir. Fikrət Əmirov özü bu haqda belə yazır: "Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisi ilə biləvasitə bağlı olan operaları ilə yanaşı, Pyotr İliç Çaykovskinin opera yaradıcılığındakı insan xarakterlərini öyrənərək, öz operamda bu iki başlanğıcı qovuşdurmağa nail oldum."[38]
Gülüş obrazı çox mütərəqqi fikirli, azad qadın kimi təqdim olunur.[e] O, Sevili sərbəstliyə, köləlikdən azad olmağa səsləyir. Gülüşün ariozosuna giriş onun leytmotiv əhəmiyyətini kəsb edir. Bu enerjili, mübariz xarakterli mövzu çahargah ladındadır. Giriş mövzusunun xarakteri Gülüşün kəskin, qətiyyətli reçitativ frazaları ilə səsləşir.[38]
Ariozonun vokal partiyası orkestrin eyni səs üzərində yaradılan müşayiəti fonunda səslənir. Belə ifadə tərzi iradəli obrazı yaradır. Ariozonun mövzusu bayatı-şiraz ladındadır. Ariozonun sonunda bütün orkestrin güclü səslənməsi Gülüşün Sevilə müraciət çağırışını bir daha təsdiq edir.[38]
Maraqlı bir obraz olan, meşşan mühitini təmsil edən Dilbər sentimental romans və mahnı ilə səciyyələnir. Operanın bir sıra əvvəlki redaktələrində əvvəlcə Dilbərin mahnısı, sonra isə sentimental romansı səslənir. Son redaktədə sentimal romans iki dəfə – valsın bir fraqmentinin səslənməsindən (birinci pərdə, birinci şəkil) sonra və üçüncü pərdədə (Balaşın evində) yenidən verilir. Salon lirikası ruhunda olan bu romansda köhnədilmiş intervallara həssas gedişlər, naz-qəmzəli forşlaqlar, orkestr müşayiətində gitara səsi təqlid edilir.[39]
Dilbərin "Mən elə Dilbərəm" mahnısı tanqonu xatırladır. Bu mahnı son redaktədə sentimental romans, Balaşın mahnısı, Əbdüləli bəy və Məmmədəli bəyin komik duetindən sonra səslənir. Çıxışların belə yerləşdirilməsi Balaşın və Dilbərin əhatəsinin, onların mühitinin göstərilməsi ilə bağlıdır. Dilbərin mahnısında P. Sarasatenin "Qara çətir" romansının transformasiya edilmiş intonasiya və ritmləri istifadə olunmuşdur. Operada xalq içindən çıxmış sadə obrazların səciyyəsi də maraqlı tərzdə verilir.[39]
Atakişinin kupletləri mahnıya yaxın bir tərzdə şərh olunur. Onun poetik mətni folklordan – nazlamalardan götürülmüşdür. Bayatı şəklində qurulmuş poetik mətn segah ladında oynaq, rəqsvari, eyni zamanda sadə melodiya ilə uzlaşır.[39]
Taftanın obrazı kuplet formasında mahnıda açılır. Bu mahnının melodik cizgilərində Azançının mövzusunun bəzi intonasiyaları görünür.[39]
Operada dramaturji münaqişə iki zidd personaj qrupunun səciyyəsinin açılışına əsaslanır. Birinci qrupu xalq və onun nümayəndələri, ikinci qrupa meşşan mühiti təşkil edir.[f] Meşşan mühitinin nümayəndələri olan Əbdüləli bəy və Məmmədəli bəy komik-satirik planda açılır. Bu cütlüyün açılışında bəzən qrotesk cizgiləri meydana çıxır. Əbdüləli bəylə Məmmədəli bəyin duetində meyxana janrının xüsusiyyətləri görünür. Operada parlaq instrumental nömrələrdən biri olan vals mühüm mövqeyə malikdir. Vals yüngül təbiətli Dilbərin obrazı ilə assosiasiya yaradır. Müxtəlif redaktələrdə bu vals müxtəlif pərdələrdə yerləşdirilir.[39]
İkinci pərdədə vals yenidən fraqment şəkildə səslənir. Üçüncü pərdədə Balaşın ariyasından sonra vals təkrar olunur. Vals hadisələrə lirik çalarlar gətirir, dəfələrlə təkrar olunaraq Dilbər və onun mühitini səciyyələndirir. Vals üçhissəli formadadır, bir neçə mövzuda qurulur. Uçucu xarakterli D-dur mövzusunu d-moll tonallığında Sevilin leytmotivi və "Uzundərə" xalq rəqsinin orta mövzusu əvəzləyir. Dilbərin replikaları səslənir. Xalq rəqsinin mövzusunun valsa daxil edilməsi təzadı daha da gücləndirir.[40]
"Sevil" operasının səhnələşdirmələrindən birində musiqi rəhbəri olmuş, Əməkdar incəsənət xadimi Kazım Əliverdibəyov orkestri, xoru və ayrı-ayrı solistləri, vokal ansamblları idarə etmişdir. Dirijor operanın təfsilatını başa düşmüşdür. O, operanın yüksək bədiiliklə tamaşaçılara çatdıra bilmişdir. Kazım Əliverdibəyov özü bu barədə bu cür bildirmişdir:
"Sevil" operasının yeni redaksiyada səhnə quruluşu növbə etibarı ilə üçüncüdür. Təsadüf elə gətirib ki, mən bu operanın əvvəlki, yəni ikinci quruluşuna da dirijorluq etmişəm. İkinci quruluşla yeni quruluş arasında əsas fərq odur ki, Fikrət Əmirov partituranı yenidən işləmiş, ona yeni alətlər əlavə etmişdir. Bundan əlavə, operanın harmonik dilini də müəllif yeniləşdirmişdir. Bəstəkar yaradıcı qrupla birlikdə operanı bir qədər yığcamlaşdırmışdır. Onu da əlavə edim ki, Fikrət Əmirov həm özünə, həm də tamaşanın yaradıcı heyətinə qarşı çox tələbkar bir sənətkardır. Tamaşanın hazırlanmasında bəstəkarın şəxsi rolu çox böyükdür. O, iş prosesində həm solistlərə, həm quruluşçu rejissorlara, həm də dirijorlara, xormeysterlərə, rəssama dəyərli məsləhətlər verirdi. Yeni quruluş zamanı bizim yaradıcı heyətin üzvləri arasında həmrəylik, qarşılıqlı hörmət hökm sürürdü...[17] |
Sənətşünaslıq namizədi Ramiz Zöhrabov qeyd edir ki, "Zəngin və tükənməz xalq musiqi intonasiyalarından, şifahi ənənəyə əsaslanan professional musiqi inciləri olan muğamlarımızdan ustalıqla istifadə edən bəstəkar, əsasən, lirik səpkidə yazdığı operaya ictimai, inqilabi ruh, müasirlik aşılamış, nəticədə dolğun, epik səciyyəli sənət əsəri yaradılmışdır. Biz Sevilin proloqda və birinci pərdədə iztirablı, qəmgin səciyyəli ariyalarından, laylasından sonrakı səhnələrdə işıqlı, nikbin intonasiyaları özündə əks etdirən vokal nömrələrin şahidi oluruq. Sevil obrazının bütün bu keyfiyyətləri Respublikanın Əməkdar artisti Fidan Qasımovanın vokal nömrələrində və oyununda bariz şəkildə nümayiş etdirilir. Tamaşaçılar onun oyununda təbiiliyə, gözəl vokal məharətinə valeh olurlar."[41]
Aslan Aslanov yazır ki, "Gənc müğənni Fidan Qasımova "Gündüzün laylası", "Ayrı düşdüm gülümdən" ariyalarını və digər parçaları xüsusi nüfuzediciliklə oxuyur. Müğənninin ifasında vokal baxımından xüsusilə lirik parçalar son dərəcə emosional və təbiidir. Lakin bu əsrarlı gözəllik və məlahətlə müqayisədə, xüsusən yuxarı registrdə səsin böyük genişliyini tələb edən dramatik anlarda müğənni əsas məqsədə nisbətən az nail olur. Məsələn, Sevilin çadrasını ataraq Balaşın üzünə bütün günahlarını söylədiyi məqamda, ona qarşı nifrət və hiddətini qəzəblə musiqi dili ilə oxuduğu zaman bunu hiss edirik."[16]
Səhnə dizaynı və xoreoqrafiya
[redaktə | mənbəni redaktə et]Xor operanın sənətkarlıqla işlənmiş nömrələrini ifa etmişdir. Teatrın baş xormeysteri Nicat Məlikov[17] bu işdə xüsusi fəallıq göstərmişdir. O, "Sevil" operasının yeni quruluşunu bu cür səciyyələndirmişdir:
Operanın musiqi materialı zəngin olanda əsas fikri açmaq üçün geniş yaradıcılıq imkanları yaranır. Məsələn "Sevil" operasının proloqunu alaq. Əvvəla, bu monumental simfonik lövhəni sakitcə, həyəcansız dinləmək mümkün deyil. Proloq bir növ böyük bir proqramlı simfoniyanı xatırladır... "Sevil" operasının quruluşu üzərində işləyərkən öz fərdiliyi ilə seçilən üç rəssamla yaradıcılıq ünsiyyətində olmuşam. Tamaşada proloqun hər bir rəssam tərəfindən özünəməxsus cizgilərlə yaradıldığını görmüşəm, yeni quruluşa bədii tərtibat verən rəssam Toğrul Nərimanbəyov əvvəlki quruluşlardan fərqli olaraq, proloqu başqa səpkidə, mənalı düşünmüşdür. Rəssam tamaşaya verdiyi super-pərdədə çadralı qadını daş parçasına bənzədir. Super-pərdənin arxasında bu səhnənin davamı kimi quruluşçu rejissorlar xor artistlərinə elə ustalıqla mizan vermişdilər ki, sanki bütün səhnə hərəkətsiz qara daşları xatırladır. Bu qara çadralı qadınların taleyini bütün Şərq qadınlarına aid etmək olar. Bu keyfiyyət də məhz mövzunun daha qabarıq açılmasına şərait yaradır. Bir xormeyster kimi deyə bilərəm ki, "Sevil" operasında xorlar xüsusi zövq və ustalıqla qələmə alınmışdır. Bunun nəticəsidir ki, başqa xor nömrələri ilə yanaşı, ikinci pərdədəki məşhur "Hər dəfə dərdə dözdün ay Sevil, sən" sözləri ilə başlanan xoru bu sənətin klassik nümunəsi saymaq olar. Fikrət Əmirov onu dünya opera xorları səviyyəsinə qaldıra bildirmişdir.[41] |
Xalq artisti Toğrul Nərimanbəyov əsərin növbəti redaktələrində yeni tərtibatını vermişdir. Keçmiş Bakını, İçərişəhəri təsirli boyaların köməyi ilə xəyalda canlandıran rəssamın verdiyi tərtibat hər bir səhnənin öz musiqi dili ilə daxili uyğunluq təşkil edir, əsərin ideya-bədii məziyyətlərini anlamaqda kömək edirdi.[16]
Teatrın baş rəssamı Əyyub Fətəliyev opera üzərində tərtibat üçün xeyli iş aparmışdır. Rəssam tamaşanı ideya və məzmununa uyğun tərtibat vermişdir. Əməkdar incəsənət xadimi Bədurə Əfqanlı opera üçün geyim eskizləri və şəkilləri yaratmışdır.[17]
Operada işıq, paltar və rekvizitdən məharətlə istifadə edilmişdir. Teatrın baş xormeysteri Nicat Məlikov və xormeyster Rəziyyə Yusifova xor parçaları üzərində böyük həvəslə işləmiş və onun yaxşı səslənməsinə nail olmuşdular. Xüsusən ikinci pərdənin final xoru, proloq və epiloqdakı xorlar çox yaxşı təsir bağışlamışdır. Dirijor asistenti – Əməkdar artist, orkestrın konsertmeysteri Nazim Rzayev orkestrdə simli alətlər üzərində müxtəlif işlər aparmışdır.[17]
Xalq artisti, Stalin mükafatı laureatı, teatrın baş dirijoru, sənətkar Niyazi bəstəkarın partiturasını ustalıqla açıb orkestr ilə ayrı-ayrı solistlər, xor və rəqs parçaları arasında vəhdət yaratmış, orkestrin ifasını professional səviyyədə qaldıraraq, əsərin ideyasını yüksək bədii tərzdə dinləyicilərə çatdırmağa müvəffəq olmuşdur.[17]
Obrazlar
[redaktə | mənbəni redaktə et]- Sevil – baş qəhrəman, soprano
- Balaş – Sevilin həyat yoldaşı, tenor (yüksək kişi səsi)
- Gülüş – Balaşın bacısı, messo soprano (messo ən aşağı qadın səsi soprano isə ən yuxarı qadın səsidir. Messo-soprano isə ikisi arasında bir səs tempidir)
- Atakişi – Balaşın atası, bariton(aşağı kişi səsi)
- Babakişi – Sevilin atası, tenor
- Dilbər – Balaşın iş yoldaşı, koloratura-soprano (kolorato-soprano orkestrlə olan soprano növüdür.)
- Əbdüləli bəy – avara bəy, bariton (bas) (orta kişi səsi)
- Məmmədəli bəy – avara bəy, tenor
- Tafta – Balaşın evində qulluqçu, messo soprano
- Gündüz – Balaş və Sevilin oğlu, oxumaqsız
Sevil
[redaktə | mənbəni redaktə et]Fikrət Əmirovun həyat və yaradıcılıq tədqiqatçısı Səadət Təhmirazqızı bildirir ki, "Operanın mərkəzində cəhalətə qarşı üsyan edən, həyatda öz yerini axtarıb tapmağa çalışan Azərbaycan qadınının taleyi durur. Sevilin taleyi Azərbaycan qadınlarının taleyi kimi verilir."[3]
Bəstəkar Süleyman Ələsgərov Sevil obrazını bu cür qiymətləndirir: "İnqilabda əvvəlki köhnə Bakı. Qara çadralı qadınlar öz acı həyatlarından şikayətlənirlər. Onların içərisində bir qadın tamaşaçıların diqqətini daha çox cəlb edir. Bu qadın – operada taleyi ilə tanış olacağımız Sevildir. Dramatik və çox ahəngdar səslənən xor Sevilin və bir çox sevillərin – Azərbaycan qadınlarının ağır və hüquqsuz həyatlarını təsvir edir. Xorun fonunda uzaqdakı minarədən gələn azan səsləri bu hissiyatı qüvvətləndirir. Respublikanın Xalq artisti, Stalin mükafatı laureatı Fikrət Əmirovun "Sevil" operası da belə başlayır."[17]
"Sevil" obrazını səciyyələndirən yazıçı Elçin Əfəndiyev qeyd edir ki, "Sevil azərbaycanlı qadındır, məişəti, əxlaqı, dünyagörüşü etibarilə milli xarakterikdir, onun çadranı atması və həmin çadranın təcəssüm etdiyi ətalət və itaət dünyasına qarşı üsyanı bu bədii surətin milli özünüifadəsidir və məhz bu milli özünüifadə, xarakterin milliliyi onun arzu və istəyini ümumiləşdirir, konkret bir fərdin yox, konkret bir milli mənsubiyyətli insanın yox, bəşəri mahiyyətli qadının azadlıq mübarizəsindən xəbər verir."[3][42] Sevil obrazı Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Vera Abişeva tərəfindən ifa edilmişdir.[3]
Balaş
[redaktə | mənbəni redaktə et]Balaş obrazı 1920-ci ildə, bolşevik çevrilişindən sonrakı dövrdə iş başına gətirilən bir şəxsdir. Artıq müasir mədəni həyat yaşayan Balaş Sevildən utanır, onun həyat yoldaşı kimi tanınmasını istəmir. İş yoldaşı olan Dilbər xanımla Balaşın yaxın münasibəti operada öz əksini tapmışdır. Balaş bir müddətdən sonra evini tərk edir.[43]
Balaş obrazını səciyyələndirən Aslan Aslanov qeyd edir ki, "münasibətlər burulğanının mərkəzində dolaşan Balaşın obrazı mahiyyətcə səciyyəvidir. O, içərisindən çıxdığı sinfin, atasının, ailəsinin, xalqının mənafeyini unutmuş, yad ictimai mühitin doğurduğu süni dalğaların belində "yuxarılara" qalxmışdır. Bu dalğaların köpüklü yalmanından möhkəm-möhkəm yapışmaq istəyən Balaşı yeni Aprel baharının küləyi, nəhayət, həyatın sərt qayalarına çırpıb bihuş halda kənara atır."[16]
Firudin Allahverdi qeyd edir ki, "Balaş mədəni hesab etdiyi insanlar kimi olmağa çalışırdı. Amma mədəniyyət barədə düşüncələri dəqiqləşmədiyindən, mədəni hesab etdiyi davranışları sadəcə imitasiya edirdi. Balaş mədəni görünməkdən qorxurdu. Bu qorxu onu məcbur edirdi ki, ailə üzvlərini və evinin digər otaqlarını qonaqlardan gizlətsin. O, olduğu kimi görünməkdən qorxurdu, özü də çox qorxurdu. Bəlkə də o, vəziyyəti və ətrafındakı insanları real qiymətləndirsəydi, onlara görə utanmaq əvəzinə özünün və onların mədəni inkişafına çalışar, bununla da sonda məğlub olaraq tək qalmaz, başına döyməzdi."[44] Balaş obrazı Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Rəşid Behbudov tərəfindən ifa edilmişdir.[3]
Libretto
[redaktə | mənbəni redaktə et]Birinci pərdə
[redaktə | mənbəni redaktə et]Bank qulluqçusu Balaşın evi. Kəndi ailəsindən çıxan Balaş "yüksək təbəqə"yə çatmağa can atır. Onun başı hazırda boş, yüngülxasiyyət, kübar dairələrinə mənsub qadın olan Dilbərə qarışmışdır. Ailəsi onu sıxır. Balaş savadsız həyat yoldaşı Sevilə alçaq nəzərlərlə baxır, savadsız atasından utanır. O, kobud, diqqətsiz, ürəksiz olmuşdur. Sevil əzab çəkir.[2]
Sevilin öz taleyindən şikayəti eşidilir. Sevil öz bədbəxtliyinin səbəbini əvvəlcə acı taleyində görür və ondan şikayətlənir. Balaşın atası Atakişinin balaca Gündüzlə (Sevilin oğlu) evə gəlməsi də Sevili qəmli düşüncələrdən ayıra bilmir. Atakişi mahnı-rəqs xarakterli kupletlər oxuya-oxuya nəvəsini əyləndirir.[27]
Balaş şad halda evə gəlir. O, qonaqları gözləyir. Çünki Dilbər də gələn qonaqların arasında olacaqdır. Balaşın görüntüsü onun sevincini, yüngülxasiyyət kübar gözəl xanımdan məst olduğunu ifa edir. Qonaqlar – Dilbər və onun dostları, kübar avara bəylər olan Əbdüləli bəy və Məmmədəli bəy evə gəlirlər. Balaş qonaqları səciyyələndirir. Dilbərin görüntüsü yüngüllük verir və onun kübar simasının boş, gərəksiz olduğunu nəzərə çarpdırır.[30]
Uzaq kənddən gəlmiş Babakişinin – Sevilin atasının içəri girməsi şadlıq məclisini pozur. Balaş Babakişini evdən qovur. Hiddətlənmiş Atakişi – Balaşın atası onunla birlikdə oğlunun evini tərk edir. Yüngülxasiyyət Dilbərə bənd olan Balaşın qovduğu Sevil ümidsiz bir halda gedir. Balaşın bacısı Gülüş də onun evini tərk edir.[2]
İkinci pərdə
[redaktə | mənbəni redaktə et]Küçə. Sonra isə Balaşın evi. Dilbər artıq bura köçmüşdür. Balaşın həyatı cəhənnəmə dönmüşdür. Balaş baş verən hadisə üçün acı-acı kədərlənir, təəssüf edir. O, artıq bankda neft işçisi olaraq qulluq etmir. Dilbər və onun dostları Balaşa nifrətlərini bildirirlər.[2]
Balaşın ariyası səslənir. Balaşın acı hisləri, öz səadətini həmişəlik itirən bir insanın faciəsi bu ariya ilə təsvir edilir.[27]
Zavod və fabriklər həyəcanla fit verirlər. İnqilabi mahnılar eşidilər. Bunu tətil edən fəhlələr oxuyurlar. Nümayişçilər görünür. Gülüş, Atakişi, Babakişi onlara qoşulurlar. Nümayiş uzaqlaşır. Boş səhnədə Sevil görünür. O, oğlundan ötrü ürəyinin kədərini boşaldır. Sevilin görüntüsü onun kədərini, əzab-əziyyətini açır.[30]
Balaş təkdir. Sevili bihuş halda gətirirlər. O, özünə gələrək, sevinclə oğlunu bağrına basır. Dostları ilə içəri girən Dilbər Sevilin qovulmasını tələb edir. Balaş onun tələbini yerinə yetirir. Bu yerdə Sevilin qəlbində çoxdan yaranmış vüqar və etiraz hissi oyanır. O, mənfur çadranı başından açıb tullayır və and içir ki, köləliyə həmişəlik son qoyacaqdır. Sevilin görüntüsü köhnə dünyanın əleyhinə qalxan və onunla mübarizənin zəruriliyini dərk edən qəhrəman qadının obrazını açır. Onun görünüşünün əsası oyanmış iradə və etirazdır. Sevil Gülüşlə birlikdə küçəyə qaçır və nümayişçilərin coşğun kütləsinə qoşulur.[2]
Üçüncü pərdə
[redaktə | mənbəni redaktə et]Hadisələrin üzərindən on il keçmişdir. Gülüşün evində Sevilin oğlu Gündüzün anadan olan gününü bayram edirlər. Atakişi ilə Babakişi qonaqların arasındadırlar. Onlar hər ikisi artıq işləyirlər.[2]
Balaş, Dilbər və onun dostları – Əbdüləli bəy və Məmmədəli bəy gəlirlər. Balaş fikirlidir. Gündüz atasını tanımır. Balaşın görüntüsü ikinci pərdədəki kimi, dərd, kədər obrazını təcəssüm etdirir. Sevil gəlir. O, başqalamışdır, şəndir. Onda özünə inam hiss olunur.[27]
Sevil Moskvada oxumuş, Qadınların müstəqilliyi haqqında kitab yazmışdır. İndi o, həyatda fəal iştirak etməyə hazırlaşır. Balaş bağışlanmasını xahiş edir. Lakin Sevil qəzəblə onu itələyir. O, doğma ölkəsində əldə etdiyi səadət haqqında, yeni həyat haqqında oxuyur.[45]
Səhnələşdirilməsi
[redaktə | mənbəni redaktə et]İlk premyerası
[redaktə | mənbəni redaktə et]"Sevil" operasının ilk premyerası 25 dekabr 1953-cü ildə baş tutmuşdur.[1][46] İlk tamaşaya qədər iki dəfə ictimai baxış keçirilmişdir. 9 oktyabr 1953-cü ildə – operaya birinci ictimai baxışda bir sıra tənqidi fikirlər söylənilmiş, bəstəkar əsər üzərində əlavə işləmişdir. Həmin ilin 21 dekabr tarixində operaya ikinci ictimai baxış keçirilmişdir. Nəhayət, operanın ilk tamaşası böyük uğur qazanmışdır. Tamaşanı quruluşunu SSRİ Xalq artisti Mehdi Məmmədov vermişdir. Dirijor Əməkdar incəsənət xadimi Əfrasiyab Bədəlbəyli idi.[1] Tamaşanın bədii tərtibatını Əməkdar incəsənət xadimləri Ənvər Almaszadə və İzzət Seyidova yerinə yetirmişdi.[1][47] Rolların ifaçıları: Sevil – Vera Abişeva, Balaş – Rəşid Behbudov, Atakişi – Ağababa Bünyadzadə, Gülüş – Rəhilə Cabbarova və başqaları idi.[3]
Opera ilk dəfə tamaşaya qoyulmazdan bir il əvvəl Fikrət Əmirov yazmışdı ki, "Bilirsiniz mi, "Sevil" operası hər gün mənim gözümün qabağında durur. Onun kədəri, göz yaşı, bala həsrəti, Moskvadan zəfərlə dönməsi məni düşündürür. Mən operada Cəfər Cabbarlının dediklərini musiqi vasitəsilə vermək istəyirəm."[41]
Ramiz Zöhrabov qeyd edir ki, "ilk dəfə 1953-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşaya qoyulan "Sevil" operası sovet opera sənətində parlaq səhifə təşkil edir. Xatırladaq ki, "Sevil" operası Azərbaycan sovet dramaturgiyasının sahibi Cəfər Cabbarlının eyniadlı dramının süjeti əsasında yazılmışdır. Librettonun müəllifi şair Tələt Əyyubovdur. Dirijorluq işini Əfrasiyab Bədəlbəyli öz üzərinə götürmüşdü. Tamaşanın bədii tərtibatını Əməkdar incəsənət xadimləri Ənvər Almaszadə və İzzət Seyidova vermişdi. Baş rollarda Vera Abişeva, Rəşid Behbudov, Rəhilə Cabbarova, Ağababa Bünyadzadə və başqaları çıxış edirdi."[41]
Aslan Aslanov bildirir ki, "Operanın yeni quruluşu istər-istəməz onun SSRİ Xalq artisti Mehdi Məmmədovun rejissorluğu altında müvəffəqiyyətlə tamaşaya qoyulan ilk variantını yadımıza salır. İndi də opera sevərlərin hafizəsindən silinməyən bu tamaşanın xüsusi bir şövqü və cazibədarlığı vardı. SSRİ Xalq artistləri Rəşid Behbudovun (Balaş) və Ağababa Bünyadzadənin yaratdıqları obrazlar öz təkrarolunmazlığı ilə indi də xatirimizdə qalmaqdadır. Bununla belə, librettodan doğub, opera sənətinin dinamizmini təmin etməyən müəyyən artıqlıqlar, boşluqlar da hiss olunurdu. Məsələn, Sevilin Moskvaya getməsi, oxuyub gəlməsi, yenidən Balaşla qarşılaşması əhvalatlarının təsviri əsərin opera variantı üçün bir növ artıq görünürdü. Yeni variantda isə bütün bu əhvalatlar əsərin ümumi ruhunda əks olunmuşdur. Tamaşaçı həmin prosesləri özü xəyalında yaradır."[16]
Aslanov əlavə edir: "Yeni variantda, eyni zamanda dövrün ümumi ruhu, inqilabi hərəkatının pafosu, xalqın azadlıq axını bəstəkarın musiqi şərhi və rejissura vasitələrinin köməyi ilə bədii cəhətdən xüsusi qabarıqla verilmişdir. Xalq musiqisinə həmişə yaxın olan Fikrət Əmirov bu gözəl ənənəsini daha da dərinləşdirmiş, obrazlarını büllurlaşdırmış, ustadlıq baxımından daha da kamilləşdirmişdir."[16]
Süleyman Ələsgərov bəhs edir ki, "Sevil operasının quruluşunu verən Respublikanın Xalq artisti Mehdi Məmmədov obrazların daxili aləmini bütün dərinliyi ilə qabarıq bir surətdə istifadə etmək üçün ayrı-ayrı musiqi parçalarından[g] səmərəli istifadə edərək bəstəkarın partiturasını düzgün anlamış və əsərin ideyasını, onun ictimai mahiyyətini yaxşı əks etdirmişdir. Rejissor ümumiyyətlə tamaşada və xüsusən kütləvi səhnələrdə sadə, qabarıq və bütünlüklə realist səhnələr yaratmağa müvəffəq olmuşdur. Hiss olunur ki, rejissor aktyor kollektivi ilə ciddi yaradıcılıq işi aparmışdır."[17]
Ələsgərov əlavə edir ki, "Sevil əsərində ilk dəfə olaraq opera artisti kimi çıxış edən Rəşid Behbudovun yaratdığı Balaş obrazını xüsusi qeyd etməliyik. Rəşid Behbudovun ifası çox emosional və təsirlidir. Bu obrazda Rəşid Behbudov təcrübəli bir opera artisti kimi özünü göstərir. Gülüş rolunda çıxış edən Respublikanın əməkdar artisti Rəhilə Cabbarovanın vokal və artislik bacarığı onun Gülüş obrazını müvəffəqiyyətlə yaratmasına imkan yaratmışdır. Atakişi rolunu böyük məharətlə ifa edən Respublikanın Xalq artisti Ağababa Bünyadzadənin ifası operanın müvəffəqiyyətlə səslənməsi üçün vəhdət yaradır."[17]
Digər səhnələşdirilmələr və operanın ekranlaşdırılması
[redaktə | mənbəni redaktə et]"Sevil" operasının redaktəsində bəstəkarın məqsədi musiqi dramaturgiyası baxımından düzəlişlər etmək idi. Dəyişikliklər əsas etibarilə operanın son pərdəsində divertisment tamaşa səhnələrinə aid olub, həm də bir sıra ansambl səhnələrinin genişləndirilməsi məqsədi daşıyırdı.[48] Belə ki, üçüncü pərdə də sekset, dördüncü pərdədə Sevil və Balaşın dueti yenidən yazılmış, bir çox səhnələr yeni qaydada orkestrləşdirilmişdi.[h]
Operanın ilk redaktəsində ikinci pərdəyə inqilabi nümayiş səhnəsi gətirilmiş, dördüncü pərdəyə divertisment səhnələr əlavə edilmişdir. İkinci redaktədə ixtisarlar aparılmış, üçüncü redaktədə tamaşada divertisment səhnələri ləğv edilmişdir. Bu redaktə Sevilin xorla ifa etdiyi mahnı – epiloq apofeoz səhnəsi ilə bitir.[49]
"Sevil" operası ikinci redaktədə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində 8 may 1955-ci ildə səhnəyə qoyulmuşdu.[1] Bu tamaşada da rolları əsas etibarilə premyeradakı artistlər ifa edirdilər. Operanın ikinci redaktəsinə əsaslanan tamaşada bəzi rolların ifaçılarında dəyişikliklər aparıldı. Belə ki, Sevil rolunda Firəngiz Əhmədova, Balaş rolunda Kazım Məmmədov çıxış edirdi.[48]
Operanın üçüncü redaktəsi 1959-cu ilin mart ayının 21-də həyata keçirilmişdir.[3] Tamaşaya Əfrasiyab Bədəlbəyli dirijorluq etmişdir.[3] Sevil rolunu Firəngiz Əhmədova və Firuzə Muradova, Balaş rolunu Rəşid Behbudov ifa etmişdir.[50] Tamaşanın rəssamlıq işini və bədii tərtibatını Əyyub Fətəliyev həyata keçirmişdir. Gülüş obrazı – Rəhilə Cabbarova, Atakişi obrazı – Ağababa Bünyadzadə, Dilbər obrazı – Nina Martirosova, M. Titarenko tərəfindən ifa edilmişdir.[48]
Süleyman Ələsgərov yazır ki, "Baş rolları ifa edən Respublikanın Əməkdar artisti Firəngiz Əhmədovanın (Sevil), Xalq artisti Rəşid Behbudovun (Balaş) yaratdıqları obrazlar olduqca real, dolğun və inandırıcıdır. Firəngizin yüksək profesional səviyyədə ifası öz incəliyi və təbiiliyi ilə dinləyicilərin zövqünü oxşayır, obrazların daxili aləmini tamaşaçıya çatdırır. Azərbaycan xalq mahnılarının və bəstəkarların vokal əsərlərinin istedadlı ifaçısı kimi ölkəmizdə və onun xaricində məşhur olan Rəşid Behbudovun yaratdığı obrazdan bəhs etməmək olmaz. Teatra yeni cəlb edilmiş İbrahim Cəfərovun Balaş obrazı da gözəl təsir bağışlayır. İbrahim Cəfərov bu obrazı dərindən dərk etmiş, ona xas olan xarakteri ustalıqla verməyə müvəffəq olmuşdur. Gülüş rolunda çıxış edən Respublikanın əməkdar artisti Rəhilə Cabbarovanın vokal və artislik bacarığı onun Gülüş obrazını müvəffəqiyyətlə yaratmasına imkan yaratmışdır. Atakişi rolunu böyük məharətlə ifa edən Respublikanın Xalq artisti Ağababa Bünyadzadə ilə yanaşı olaraq, həmin rolda çıxış edən gənc C. Qafarovun da oyunu müvəffəqiyyətlidir."[17]
Süleyman Ələsgərov əlavə edir ki, "İşıq, paltar və rekrivizitdən ustalıqla istifadə edilmişdir. Teatrın baş rəssamı Əyyub Fətəliyev opera üzərində tərtibatı xüsusi qeyd olunmalıdır. İstedadlı rəssam tamaşanı ideya və məzmununa uyğun tərtibat vermişdir. Əməkdar incəsənət xadimi Bədurə Əfqanlı opera üçün verdiyi geyim eskizləri təqdirəlayiqdir. Nicat Məlikov və xormeyster Rəziyyə Yusifova xor parçaları üzərində böyük həvəslə işləmiş və onun yaxşı səslənməsinə nail olmuşdular. Xüsusən ikinci pərdənin final xoru, proloq və epiloqdakı xorlar çox yaxşı təsir bağışlamışdır. Dirijor asistenti – Əməkdar artist, orkestrın konsertmeysteri Nazim Rzayev orkestrdə simli alətlər üzərində müxtəlif işlər aparmışdır. Yeri gəlmişkən qeyd etməliyik ki, "Sevil" operasının yaranması ilə əlaqədar olaraq Opera Teatrına çoxlu istedadlı gənclər cəlb edilmişdir. F. Əhmədova, F. Muradova, P. Cabbarova, İ. Cəfərov, F. Mustafayev, F. Mehdiyev, V. Bədirov, C. Qafarov, Q. Əliyev, Ş. Qasımova, X. Qurbanova və başqalarını buna misal göstərmək olar. F. Mehdiyev (Babakişi), F. Mustafayev, Q. Əliyev (Əbdüləli bəy), Respublikanın Əməkdar artisti K. Məmmədov (Məmmədəli bəy), N. Martirosova (Dilbər), Karasyova (Gülüş), Ş. Qasımova və X. Qurbanova (Tafta) da yaratdıqları obrazların bitkinliyinə diqqət yetirmişdilər. Bu aktyorların ifasında həmin obrazlar ümumi və qabarıq bir ansambl təşkil edir, bir-birini tamamlayır və operanın müvəffəqiyyətlə səslənməsi üçün vəhdət yaradır."[17]
"Sevil" operası 1959-cu ilin mayında Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənət ongünlüyündə ifa edilmişdir.[51] Operanın Moskvada ifası üçün Fikrət Əmirov üçüncü redaktəni hazırlamışdır. "Sevil" operasının dirijorluğu Niyazinin rəhbərliyi ilə həyata keçirilmişdir. Süleyman Ələsgərov yazır ki, "Xalq artisti, Stalin mükafatı laureatı, teatrın baş dirijoru, sənətkar Niyazi bəstəkarın partiturasını ustalıqla açıb orkestr ilə ayrı-ayrı solistlər, xor və rəqs parçaları arasında vəhdət yaratmış, orkestrin ifasını professional səviyyədə qaldıraraq, əsərin ideyasını yüksək bədii tərzdə dinləyicilərə çatdırmağa müvəffəq olmuşdur."[17] Üçüncü redaktədə dördüncü pərdədə tamaşa xarakterli səhnələr ixtisar edilmiş, bir çox səhnələr yenidən orkestrləşdirilmişdir. Beləliklə, operanın dramaturgiyası və musiqisinə bir sıra yeniliklər gətirilmişdir.[3][48]
1964-cü ildə Moskvada Pyotr İliç Çaykovski adına Konservatoriyada operanın rus dilində konsert tamaşası keçirilmişdir.[52] Bu ifada Ümumittifaq radiosu və televiziyanın simfonik orkestri iştirak etmişdir.[52] 1970-ci ildə "Sevil" film-operası ekranlaşdırılarkən, bəstəkar kino variantı üçün yeni redaktəni işləyib hazırlamışdır.[53] Bu redaktə əvvəlki redaktələrdən tam fərqli idi. Librettonu Tələt Əyyubov və film operanın quruluşçu rejissoru Vladimir Qorikker hazırlamışdır.[54] Kino sənətinin imkanları ilə bağlı burada bir sıra səhnələr ixtisar edilmiş, üçüncü pərdə də baş verən hadisələr və musiqi sıradan çıxarılmışdır. Yalnız finala orkestr girişi saxlanılmışdır.[48]
Sevil və Balaşın dialoq səhnəsi ixtisar olunmuşdur. Nümayiş səhnəsinin əvvəlində simfonik fraqment verilir. "Sevil" operasının beşinci redaktəsində əsər iki pərdə, 15 şəkildən ibarətdir. Film-operanın ssenarisinin yazılmasında Tələt Əyyubovdan başqa filmin quruluşçu rejissoru Vladimir Qorikker də iştirak etmişdir. Burada reçitativlər ixtisar edilmiş, mənfi personajların iştirak etdiyi bir sıra səhnələr çıxarılmışdı. Mənfi iştirakçıları təmsil edən zabit Ağabəyin obrazı əlavə edilmiş, Gülüşün vokal partiyası genişləndirilmişdir. Yeni redaktədə əvvəlki redaktələrdən fərqli olaraq, Sevilin oğlu onun qızı ilə əvəz edilmişdir. Operanın bu redaktəsində daha mühüm bir yenilik Azərbaycan şairlərinin şeirlərindən səslənən epiqrafların əlavə olunmasıdır. Bunları xor ifa etmişdir.[55]
Səadət Təhmirazqızı yazır ki, "Sevil operasının beşinci redaktəsinin yaradılmasının dəyəri və məqsədyönlülüyü əsas etibarilə müasir opera estetikasının ruhu və tələblərinə cavab verməsidir."[56][57]
1970-ci ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən rejissor Vladimir Qorikker "Sevil" filmi ekranlaşdırıldı. Film-operanın motivləri Fikrət Əmirovun operasının motivləri əsasında yazılmışdı. Filmin ssenarisini Vladimir Qorikker, Tələt Əyyubov və Andrey Donatov yazmışdı. Filmin quruluşçu operatoru Rasim İsmayılov, quruluşçu rəssamı isə Elbəy Rzaquliyev idi. Filmin bəstəkarı Fikrət Əmirov idi. Səs operatoru Qriqori Korenblyum idi. Filmin geyim tərtibatı Bədurə Əfqanlı tərəfindən verilmişdir. Film-operanın dirijoru Yuri Aranoviç, rəhbəri isə A. Dudiyev idi.[58]
Filmin baş rollarını Valentina Aslanova – Sevil, Həsən Məmmədov – Balaş, Zemfira İsmayılova – Gülüş, Səfurə İbrahimova – Dilbər, Hamlet Qurbanov – Əbdüləli bəy, Məmmədsadıq Nuriyev – Məmmədəli bəy, Həsənağa Turabov – Rüstəmov, Rza Əfqanlı – Atakişi, Ağarza Quliyev – Babakişi, Leyla Bədirbəyli – Tafta ifa edirdilər.[58]
1977-ci ildə opera Niyazinin rəhbərliyi ilə Səmərqənddə tamaşaya qoyulmuşdur.[59] 1980-ci ildə opera fərqli quruluşda Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyuldu.[1][60] Tamaşanın dirijoru – Kazım Əliverdibəyov, rejissorları – Cənnət Səlimova və Nailə Nəzirova, rəssamı – Toğrul Nərimanbəyov, xormeysterlər – Nicat Məlikov və Cavanşir Cəfərov idi. Baş rollarda Fidan Qasımova (Sevil), Lütfiyar İmanov (Balaş), Rumiyyə Kərimova (Gülüş), Xuraman Qasımova (Dilbər), Firudin Mehdiyev (Babakişi) çıxış edirdilər.[1] Aslan Aslanov yazır ki, "İlkin redaksiyadan fərqli olaraq, operanın indiki variantında orkestrin səsləndirilməsi, ahəng rəngarəngliyi cəhətdən də bir çox yeni və maraqlı tapıntılar olduğunu, əsərin yeni kəşflərlə zənginləşdirildiyini qeyd edən parçaları ixtisara salınmış, yaxud sıxlaşdırılmış, əsər üç pərdədən dörd pərdəyə endirilmişdir. Yeni tamaşanın əlamətdar cəhətlərindən biri budur ki, orada opera sənətimizin nisbətən yaşlı nəslinə mənsub ustalarımızla (SSRİ Xalq artisti Lütfiyar İmanov, Azərbaycan SSR Xalq artisti R. Atakişiyev) yanaşı, əsasən, gənc nəslin nümayəndələri iştirak edirdilər. Sevil obrazını yaradan gənc, istedadlı müğənni Fidan Qasımovanın rolunu aktrisanın, şübhəsiz, nailiyyəti hesab etmək olar. Bir çox klassik ariyaların gözəl, məharətli ifaçısı olan Fidanın yaradıcılığında bu obraz onun mühüm addımlarındandır, artistizm və ifaçılıq plastika baxımından onun getdikcə püxtələşəcəyinə, zənginləşəcəyinə ümidimizi bir daha artırır. SSRİ Xalq artisti Lütfiyar İmanov son dərəcə müxtəlif xarakterli şəxsiyyətlər, gözlənilməz vəziyyətlərlə rastlaşan Balaşın mürəkkəb psixoloji aləmini ifadə edən musiqi və vokal obrazlarının daxili mahiyyətinə dərindən nüfuz etmiş, istər vokal partiyasının ifası, istərsə də aktyor ustalığı baxımından yaddaqalan təsirli obraz yaratmışdır. Onun ifasında ariyalar olduqca gözəl səslənir. Aktyorun yaratdığı bu obraza vokal-səhnə təcəssümü baxımından irad tutmaq çətindir. O, səhnədə özünü sərbəst hiss edir, temperamentlidir, oyunu cazibədar, səsi qüdrətli və qəlb oxşayandır. Bununla belə, yüksək professional baxımdan bəstəkarın partituradakı idealına daha müvafiq gəlmək, obrazın mürəkkəb aləminə uyğun olmaq naminə aktyorun bəzi məqamlarda səsin müstəqilliyindən uzaqlaşmağa cəhd göstərməsi, kontilentliyə üstünlük verməsi obrazı daha təkmil edərdi."[16]
Aslanov əlavə edir: "Xalq artisti Toğrul Nərimanbəyov əsərin növbəti redaktələrində yeni tərtibatını vermişdir. Keçmiş Bakını, İçərişəhəri təsirli boyaların köməyi ilə xəyalda canlandıran rəssamın verdiyi tərtibat hər bir səhnənin öz musiqi dili ilə daxili uyğunluq təşkil edir, əsərin ideya-bədii məziyyətlərini anlamaqda kömək edirdi. "Sevil" operasının musiqi rəhbəri, Əməkdar incəsənət xadimi Kazım Əliverdibəyov orkestri, xoru və ayrı-ayrı solistləri, vokal ansamblları idarə etmişdir. Tamaşanın quruluşçu rejissorları – Respublikanın Əməkdar incəsənət xadimləri Nailə Nəzirova və Cənnət Səlimova əsərin yeni variantında libretto və musiqi partiyasının ideya məzmununu açmaq cəhətdən xeyli zəhmət çəkmiş, yeni, müasir təsvir və ifa vasitələrindən bacarıqla istifadə edərək təsirli rejissura ansamblı yaratmışdılar. Kütləvi səhnələrin qabarıq verilməsi, əsas fikrin qırmızı xətlə bütün hadisələrdən keçməsi mövzunun ictimai fəlsəfi mənasının açılmasına səbəb olmuşdur. Əsərdə xorun yardımçı rolundan yaxşı istifadə edilmişdir."[16]
Ramiz Zöhrabov qeyd edir ki, "Gülüş rolunda çıxış edən Respublikanın Əməkdar artisti Rumiyyə Kərimova bu obrazın öhdəsindən müvəffəqiyyətlə gəlir. Yeganə iradımız odur ki, o, diksiya üzərində bir qədər işləsin, öz partiyasını səlisləşdirsin. Tamaşada ilk dəfə Dilbər (Edilya) rolunda oynayan vokalçıların Ümumittifaq müsabiqəsinin laureatı Xuraman Qasımovanın[i] xüsusi qeyd etmək lazımdır. Aktrisa obrazın çirkin mənəviyyatını qabarıq göstərməyə müvəffəq olur. Balaşın atası Atakişi rolunu Ə. Haqverdiyev, Sevilin atası Babakişini – Respublikanın Əməkdar artisti Firudin Mehdiyev, Tafta rolunu isə Səfurə Əzimi inandırıcı boyalarla yaradırlar. Respublikanın Əməkdar artisti Kazım Məmmədov və artist Q. Əliyev əvvəlki quruluşlarda olduğu kimi, indi də Məmmədəli bəy və Əbdüləli bəy obrazlarında çıxış edirlər. Bu aktyorlar obrazların daxili aləminə bacarıqla nüfuz edə bilirlər. Yeni tamaşada Fidan və Xuraman Qasımovalar, Səfurə Əzimi, V. Paşayeva, D. Babayeva, V. Kərimova, A. Kogen, Ə. Haqverdiyev, A. Kərimov və başqa gənclərin qüvvəsindən səmərəli istifadə edilmişdir. Operanın tamaşaya hazırlanma prosesində məhsuldar yaradıcılıq işi aparan müəlliflə bərabər, quruluşçu rejissorlar – Respublikanın Əməkdar incəsənət xadimləri Nailə Nəzirova və Cənnət Səlimovanın, bədii tərtibatını verən Respublikanın Xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyovun, dirijor – Əməkdar incəsənət xadimi Kazım Əliverdibəyovun, xormeysterlər – Respublikanın Əməkdar artisti Nicat Məlikov və Cavanşir Cəfərovun əməyi təqdir edilməlidir."[41]
1998-ci ilin noyabr ayında "Sevil" operası tam yeni bir redaktədə tamaşaya qoyuldu.[61] Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında nümayiş etdirilən bu tamaşanın bədii rəhbəri SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli idi. Tamaşada Respublikanın Xalq artistləri Xuraman Qasımova (Sevil), Azər Zeynalov (Balaş), Əməkdar artist Fidan Hacıyeva (Gülüş), V. Paşayeva (Dilbər), Ş. Quliyev (Atakişi), Əli İbrahimov (Babakişi), Səfurə Əzimi (Tafta), B. Əliyev (Məmmədəli bəy), Əkrəm Poladov (Əbdüləli bəy), M. İbrahimov (Azançı) və İ. Zeynalov (Gündüz) çıxış edirdilər.[j] Tamaşanın musiqi rəhbəri və dirijoru Cavanşir Cəfərov, quruluşçu rejissoru isə Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi.[56]
"Sevil" operasının bu tamaşasını seyr edən Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyev bildirmişdir: "Bu çox dəyərli bir sənət əsəridir. Azərbaycan musiqisi və opera sənətinə böyük töhfədir. Ona görə də əsərin yenidən canlandırılması, səhnəyə gəlməsi Azərbaycanın mədəni həyatında, incəsənətdə, ümumiyyətlə respublikamızın ictimai həyatında mühüm hadisədir."[61]
16 mart 2011-ci ildə "Mir muğam" festivalı çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində "Sevil" operası tamaşaya qoyulmuşdur. Tamaşada Azər Zeynalov Balaş obrazını, Qərinə Kərimova Sevil obrazını, Çinarə Şirin Dilbər obrazını ifa etmişdir. Tamaşaya Hafiz Quliyev tərəfindən rəhbərlik edilmişdir.[62]
22–30 noyabr 2012-ci il tarixlərində Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Fikrət Əmirov – 90" musiqi festivalı keçirilmişdir. Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Fikrət Əmirovun "Sevil" operası nümayiş etdirilmişdir. Tamaşanın bədii rəhbəri Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli, musiqi rəhbəri və dirijoru Əyyub Quliyev, quruluçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov idi. Tamaşada əsas rolları Xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova, Gülnaz İsmayılova, Səbinə Vahabzadə və başqaları ifa etmişdilər. Cəfər Cabbarlının eyniadlı dramı əsasında tamaşaya qoyulmuş opera iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.[63]
2015-ci ilin oktyabr ayının 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Sevil" operası yenidən nümayiş etdirilmişdir. Tamaşaya Əməkdar incəsənət xadimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev quruluş vermişdir. Əsas rolları Xalq artisti Azər Zeynalov (Balaş), Zemfira İsmayılova (Sevil) və Gülnaz İsmayılova (Dilbər) ifa etmişdir. Operanın dirijorluq işi Əyyub Quliyev tərəfindən həyata keçirilmişdir.[64]
2016-cı ilin 10 yanvar tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında operanın tamaşası baş tutmuşdur. Tamaşada əsas partiyaları – əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev ifa etmişdir. Tamaşada həmçinin əməkdar artistlər Səbinə Əsədova (Gülüş), Gülnaz İsmayılova (Dilbər), Cahangir Qurbanov (Atakişi) və s. çıxış etmişdir. Tamaşanın dirijoru "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idi.[65][66]
2019-cu ildə "Sevil" operasının tele-operası çəkilmişdir. Layihənin ideya müəllifi Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının direktoru Ramil Qasımov idi. Tamaşada baş rolları əməkdar artistlər Afaq Abbasova (Sevil), Ramil Qasımov (Babaş), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Babakişi), Əli İbrahimov (Atakişi), xalq artisti Əkrəm Poladov (Məmmədəli bəy), Fəhmin Əhmədov və başqaları ifa etmişdilər.[67]
Qəbulu
[redaktə | mənbəni redaktə et]Fikrət Əmirovun "Sevil" operası müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, respublikada opera sənətinin inkişafında mühüm mərhələ oldu və bəstəkarın yenilikçi fikirlərini bir daha nümayiş etdirdi.[11][68] "Muzikalnaya jizn" jurnalı 1959-cu ildə yazırdı: "Fikrət Əmirovun "Sevil" operası nəinki Azərbaycan, həmçinin bütün çoxmillətli sovet musiqisinin nailiyyətidir."[69]
Fikrət Əmirovun "Sevil" operası Üzeyir Hacıbəylinin "Koroğlu" operasından sonra yaranmış ən uğurlu və ilk tamaşalardan bu günə kimi ən yaxşı əsərlərdən biri olaraq qəbul edilir.[12] Operanın dirijoru bəstəkar Əfrasiyab Bədəlbəyli 1953-cü ildə yazırdı ki, "Opera teatrının kollektivi böyük həyəcan və yaradıcılıq hissi ilə "Sevil" operası üzərində işə başladı. Bu Cəfər Cabbarlının pyesi üçün inandırıcı musiqi həllini tapmış bəstəkarın böyük yaradıcılığı uğurudur. O, yüksək peşəkarlıq səviyyəli operalar yaratmışdır. Operanln dəyərli cəhəti ondadır ki, bəstəkar qəhrəmanların şəxsi taleyini deyil, məhz yüksək vətəndaşlıq pafosu ilə sosial dramını ön plana çəkmişdir."[70]
Bəstəkar Süleyman Ələsgərov bildirir ki, "Sevil operasının musiqisi istedadlı bəstəkar Fikrət Əmirovun Azərbaycan xalq yaradıcılığından və klassik opera ənənələrindən bacarıqla istifadə etdiyini göstərir. Respublikamızda və sovet ölkələrindən çox-çox uzaqlarda öz əsərləri ilə məşhur olan Fikrət Əmirovun musiqisini həyəcan keçirmədən dinləmək mümkün deyil, bu musiqi zövqləri oxşamağa, qəlblərə dərin yol tapmağa qalibdir."[17]
Səadət Təhmirazqızı qeyd edir ki, "Sevil operasını uzunömürlü sənət əsəri kimi səhnədə yaşadan əsas səbəblərdən biri də əsərin yüksək dərəcə də milliliyidir. Opera əsl milli xarakter qalereyasıdır. Fikrət Əmirovun yaradıcılığındakı bu millilik biləvasitə Üzeyir Hacıbəylinin opera dramaturgiyasından bəhrələnir. İlk baxışdan bəlkə də, "Sevil" operası ilə "Koroğlu" operasının, lirik ailə dramı ilə monumental xalq qəhrəmanı epopeyasının əlaqələndirilməsi bir qədər çətindir. Lakin xalq musiqisi ilə sıx bağlılıq, iştirakçıların intonasiya baxımından dəqiq səciyyələndirilməsi – hər iki operanın müəyyənedici xüsusiyyətləridir."[47]
Bəstəkar Qara Qarayev yazırdı: "Koroğlu operası Üzeyir Hacıbəylinin böyük və mürəkkəb yaradıcılıq yolunda kulminasiya nöqtəsi idi…Bu operanın respublikamızın opera sənətinin sonrakı inkişafına təsiri şəriksizdir. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin bu dahi partiturasını öyrənərək hələ sağlığında musiqi sənətimizin klassiki olan böyük Azərbaycan bəstəkarının gözəl ənənələrini öz yaradıcılıqlarında davam etdirməlidirlər."[71]
"Sevil" operasının biləvasitə "Koroğlu" operasının varisi olduğunu çox sərrast şəkildə musiqişünas V. Şərifova–Əlixanova belə vurğulayır: "Müştərəklik – bu operanın məzmununa nüfuz edən azadlıqsevər ruhun təcəssümündədir. Hər iki operada qəhrəmanların şəxsi taleyi xalqın taleyi ilə qovuşur… Və nəhayət, "Koroğlu" operası ilə sələflik cizgiləri musiqi planında özünü büruzə verir."[72]
Operanı ən çox dəyərləndirən Dmitri Şostakoviç bu operanın Sovet İttifaqı respublikalarının bir çox opera teatrları səhnəsində tamaşaya qoyulmağa layiq olduğunu qeyd edirdi.[73] Əsərin sovet lirik operasl janrının yaranması prosesində şərəfli mövqe tutması mətbuat səhifələrində vurğulanırdı.[74]
Operanı ən çox dəyərləndirən Dmitri Şostakoviç olmuşdur. O, operanın melodik üslubuna, musiqi dilinin folklor bağlılığına böyük qiymət vermişdir. Eyni zamanda Dmitri Şostakoviç müəllifin ən qiymətli keyfiyyəti kimi səhnə spesifikasını duymaq qabiliyyətini, operanın ən dramatik məqamlarında musiqinin böyük gücə malik olması xüsusiyyətini qeyd etmişdir.[47]
Müğənni Şövkət Məmmədova "Sevil" operasında xalq melodiyasına istinad edən bəstəkarın opera formalarından, eləcə də rus və dünya opera klassikasının musiqi-dramaturji üsullarından cəsarətlə istifadə etdiyini göstərmişdir.[47]
Yeni operanın ərsəyə gəlməsi xalq şairi Səməd Vurğunu çox sevindirmişdir. Səməd Vurğun bu operada Fikrət Əmirovun muğam sənətinə dayaqlanan ecazkar melodiyalarına yüksək qiymət vermişdir.[47][75]
Otar Taktakişvili qeyd etmişdir ki, "Sevil operasının müəllifi öz qeyri-adi istedadını göstərə bilmişdir. Onun yaradıcılığı üzvi surətdə bütün zənginliyi və rəngarəngliyi ilə hiss etdiyi xalq yaradıcılığına bağlıdır. Məhz buna görə Fikrət Əmirov melodik, səmimi, yaddaqalan musiqisi olan opera yarada bilmişdir." Mulk Rac Anaid bildirmişdir ki, "Şöhrətli Böyük Teatrda "Sevil" operasını dinlədim. Bu rəmzi, xəlqi əsərdə hər şey xoşuma gəldi."[76]
Ümumilli lider Heydər Əliyev operanı çox bəyənmişdir. Əliyev fikirlərini bu cür qeyd etmişdir: "Mən sənətşünas, musiqişünas deyiləm və bu vəzifəni də öz üzərimə götürmək istəmirəm. Ancaq hesab edirəm ki, Fikrət Əmirov "Sevil" operası ilə yaradıcılığının ən yüksək zirvəsinə qalxmışdır. Çünki bu əsər həm müasir həyatımızın mövzusu, həm də milli musiqimiz üzərində qurulmuşdur."[76]
Azərbaycanlı memar Fuad Əbdürrəhmanov 1960-cı ildə Bakı şəhərində "Azad qadın" heykəlini hazırlamışdır. Əbdürrəhmanov heykəli hazırlayarkən Cəfər Cabbarlının "Sevil" pyesinin və Fikrət Əmirovun "Sevil" operasının əsas qəhrəmanı olan Sevil obrazından ilhamlandığını bildirmişdir.[77]
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ "Şahnaz" muğamının intonasiyaları üzərində tamamlanır.
- ↑ Bas-klarnet aləti operada leyttember əhəmiyyəti kəsb edir.
- ↑ Üçüncü redaktə buna daxildir.
- ↑ Balaşın partiyasında "Sevil bir zamanlar" sözləri ilə qurulur.
- ↑ Operanın əvvəlki redaktələrində Gülüşün iki çıxışı var: ariya (birinci pərdə) və ballada (dördüncü pərdə).
- ↑ Operadakı valsın orta hissəsində "Uzundərə" xalq rəqsinin intonasiyalarının verilməsi bu iki zidd dairə arasındakı münaqişəni daha da gücləndirir.
- ↑ Ariozo, ariya, xor, balet, bədii tərtibat və bütün səhnə komponentləri daxildir.
- ↑ "Sevil" operasının klaviri hər redaktədən sonra yenidən nəşr olunmuşdur. İlk klavir (Bakı, 1957) opera proloq, 4 pərdə və epiloqdan ibarətdir. İkinci dəfə opera 1962-ci ildə Moskvada ("Sov. kompozitor") nəşr olunmuşdur. Bu nəşrdə opera 3 pərdə 4 şəkildən ibarətdir. Üçüncü nəşrdə (1967) bu quruluş saxlanırdı. 1976-cı ilin nəşrində opera iki pərdə, 15 şəkildən ibarətdir. 1982-ci il nəşri yenə proloq və 3 pərdədən ibarətdir. 1987-ci ildə isə bu quruluş saxlanılmışdır.
- ↑ Qasımova eyni zamanda Sevil rolunda da çıxış edir.
- ↑ Fikrət Əmirov operada Dilbərin partiyasını koloratur soprano kimi qeyd etsə də, bu tamaşada Dilbərin partiyası messo-sopranoya həvala edilmişdir və a-moll tonallığında yarım ton aşağı köçürülmüşdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Bürcəliyev, 2019. səh. 6
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Карагичева, 1956. səh. 78
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Бернандт, 1962. səh. 264
- ↑ 1 2 3 4 5 Azərbaycan Milli Kitabxanası. Sevil operasının 1957-ci ildə nəşr olunmuş klaviri. Баку: Азербайджанско государственное музыкальное издательство. 1957.
- ↑ 1 2 3 4 5 Azərbaycan Milli Kitabxanası. Sevil operasının 1962-ci ildə nəşr olunmuş klaviri. Москва: Советский композитор. 1962.
- ↑ 1 2 3 4 5 Azərbaycan Milli Kitabxanası. Sevil operasının 1967-ci ildə nəşr olunmuş klaviri. Баку. 1967.
- ↑ 1 2 3 4 5 Azərbaycan Milli Kitabxanası. Sevil operasının 1976-cı ildə nəşr olunmuş klaviri. Баку: "Ишыг" издательство. 1976.
- ↑ 1 2 3 4 5 Azərbaycan Milli Kitabxanası. Sevil operasının 1982-ci ildə nəşr olunmuş klaviri. Баку. 1982.
- ↑ 1 2 3 4 5 Azərbaycan Milli Kitabxanası. Sevil operasının 1987-ci ildə nəşr olunmuş klaviri. Баку. 1987.
- ↑ Təhmirazqızı, 2012. səh. 73
- ↑ 1 2 3 Azərbaycan Milli Kitabxanası, 2012. səh. 11
- ↑ 1 2 Təhmirazqızı, 2012. səh. 76
- ↑ Əfəndiyev, 2002. səh. 8
- ↑ Təhmirazqızı, 2012. səh. 77
- ↑ Fikrət Əmirov. Musiqi aləmində. 1983. səh.43.
- ↑ 1 2 3 4 5 6 7 8 Aslan Aslanov. "Sevil". "Kommunist qəzeti". 17 sentyabr 1980-cı il.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Süleyman Ələsgərov. "M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında "Sevil" operası". "Ədəbiyyat və incəsənət qəzeti". 9 may 1959-cu il.
- ↑ Azərbaycan Milli Kitabxanası, 2012. səh. 19
- ↑ Виноградов В. С. Мир музыки Фикрета. — Б.: Язычы, 1983. — С. 23. — 129 с.
- ↑ Амиров Ф. М. Д. // Музыкальная энциклопедия / Под ред. Ю. В. Келдыша. — М.: Советская энциклопедия.
- ↑ Fikrət, Əmirov. Musiqi səhifələri. Bakı. 1978. səh. 14.
- ↑ Fikrət, Əmirov. Musiqi səhifələri. Bakı. 1978. səh. 24–15.
- ↑ Təhmirazqızı, 2012. səh. 86
- ↑ Təhmirazqızı, 2012. səh. 78
- ↑ Təhmirazqızı, 2012. səh. 78–79
- ↑ 1 2 3 Təhmirazqızı, 2012. səh. 79
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Rüfət İsmayılov. ""Sevil" operası" ( (az.)). azpress.az. May 22, 2012. 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2019.
- ↑ Təhmirazqızı, 2012. səh. 80
- ↑ 1 2 Təhmirazqızı, 2012. səh. 81
- ↑ 1 2 3 4 Təhmirazqızı, 2012. səh. 82
- ↑ Təhmirazqızı, 2012. səh. 83
- ↑ 1 2 Təhmirazqızı, 2012. səh. 90
- ↑ Алескеров С. Стельник "3 Севиль" новая Азербайджанскя опера на сцене театра им. М.Ф.Ахундов. Газ. "Вышка". 24.01.1954 г.
- ↑ 1 2 Təhmirazqızı, 2012. səh. 91
- ↑ 1 2 Təhmirazqızı, 2012. səh. 92
- ↑ В.Шарифова-Алиханова. Фикрет Амиров. Баку: "Элм". 2005. səh. səh.113.
- ↑ 1 2 3 4 5 Təhmirazqızı, 2012. səh. 93
- ↑ 1 2 3 4 5 Təhmirazqızı, 2012. səh. 94
- ↑ 1 2 3 4 5 Təhmirazqızı, 2012. səh. 95
- ↑ Təhmirazqızı, 2012. səh. 96
- ↑ 1 2 3 4 5 Ramiz Zöhrabov. "Sevil operası yeni quruluşda". "Ədəbiyyat və incəsənət qəzeti". 3 oktyabr 1980-cı il.
- ↑ Əfəndiyev, 2002. səh. 14
- ↑ "Cəfər Cabbarlı – "Sevil"" ( (az.)). beypolad.wordpress.com. 2016. İstifadə tarixi: İyul 6, 2019.[ölü keçid]
- ↑ Firudin Allahverdi. "Balaş niyə utanırdı?". kultura.az ( (az.)). "Gündəlik Teleqraf". 2012-06-21. 2019-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06.
- ↑ Təhmirazqızı, 2012. səh. 83-84
- ↑ Azərbaycan Milli Kitabxanası, 2012. səh. 20
- ↑ 1 2 3 4 5 Təhmirazqızı, 2012. səh. 84
- ↑ 1 2 3 4 5 Təhmirazqızı, 2012. səh. 87
- ↑ Təhmirazqızı, 2012. səh. 86-87
- ↑ Данилoв, Д. Опера "Севиль" Ф.Амирова. Баку. 1959. c.13.
- ↑ Dadaşova, Bəyim. "Mədəniyyətimizin 1959-cu il baharı". Kaspi. 25 aprel 2019. 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
- ↑ 1 2 Azərbaycan Milli Kitabxanası, 2012. səh. 22
- ↑ Azərbaycan gəncləri. "Sevil çəkilir ["Sevil" film-operasının çəkilişi haqqında]". 23 oktyabr 1969.
- ↑ N. Babayev. "Sevil yenə sevilir". "Kommunist" qəzeti. 30 sentyabr 1970-ci il.
- ↑ Təhmirazqızı, 2012. səh. 87-88
- ↑ 1 2 Təhmirazqızı, 2012. səh. 88
- ↑ Шарифова-Алиханова, В. Фикрет Амиров. Баку. 2005. səh.126.
- ↑ 1 2 Под ред. Г. Д. Гордусенко. Советские художественные фильмы: 1970-1971. М.: Издательство Всероссийской газеты «Нива России». 1996. c.92.
- ↑ Azərbaycan Milli Kitabxanası, 2012. səh. 24
- ↑ Azərbaycan Milli Kitabxanası, 2012. səh. 25
- ↑ 1 2 "Sevil operası yaşayır və yaşayacaqdır". "Xalq" qəzeti. 17 noyabr 1998-ci il.
- ↑ Диана Алиева. "Опера «Севиль» покорила гостей фестиваля «Мир мугама» - ФОТО" ( (rus.)). 1news.az. 17 марта, 2011. 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2019.
- ↑ Azərtac Azərbaycan Dövlət İnformasiya Agentliyi. ""Sevil" operasının tamaşası maraqla qarşılanmışdır" ( (az.)). azertag.az. 26 noyabr 2012. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2019.
- ↑ "Fikrət Əmirovun "Sevil" operası yenidən səhnədə" ( (az.)). Mədəniyyət. 9 oktyabr 2015. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2019.
- ↑ Ülviyyə Həsənqızı. ""Sevil" operası təqdim ediləcək" ( (az.)). report.az. 7 yanvar 2016. 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2019.
- ↑ "Opera və Balet Teatrında "Sevil" operasının tamaşası keçiriləcək" ( (az.)). m.salamnews.org. 8 yanvar 2016. 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2019.
- ↑ "Azərbaycanda ilk dəfə tele-opera çəkildi: "Sevil" operası – Video" ( (az.)). bakunews.az. 15 aprel 2019. 2019-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2019.
- ↑ Təhmirazqızı, 2012. səh. 74
- ↑ Azərbaycan Milli Kitabxanası, 2012. səh. 12
- ↑ Azərbaycan Milli Kitabxanası, 2012. səh. 11-12
- ↑ Караев, К. Узеир Гаджибеков. Основоположник азербайджанского оперного искусства. Баку: АН Аз.ССР № 12. 1948. стр.44, 46.
- ↑ Шарифова-Алиханова, В. Фикрет Амиров. Баку. 2005. səh.102–103.
- ↑ Шостакович, Д. "Закрепить творческие успехи". Газ. Бак. Рабочий. 30/III/1956.
- ↑ "Путь советской музыки-путь народности и реализма". Газ. Правда. 8/VI-1958 г.
- ↑ Мирзаева, С. Фикрет Амиров. Баку. 1983. səh.29–37.
- ↑ 1 2 Təhmirazqızı, 2012. səh. 72
- ↑ Известия, Газета Азербайджанские. "Газета Азербайджанские Известия - Символ женской свободы - Культура - Новости". azerizv.az ( (rus.)). 4 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Bürcəliyev, Anar. Opera səhnəmizin Koroğlusundan Vaqifinədək. İmran Axundovun yeni monoqrafiyası haqqında. Bakı: Ədalət. 2019.
- Təhmirazqızı, S. Fikrət Əmirov. Bakı: Aspoliqraf. 2012.
- Azərbaycan Milli Kitabxanası. Azərbaycanın görkəmli şəxsiyyətləri. Fikrət Əmirov-90. Bakı: Elm. 2012.
- Əfəndiyev, Elçin. Şəxsiyyət və zaman. Bakı. 2002.
- Бернандт, Г. Словарь опер, впервые поставленных или изданных в дореволюционной России и в СССР, 1736-1959. М.: Советский композитор. 1962. 554 səh.
- Карагичева, Л. В. Азербайджанская ССР. М.: Государственное музыкальное издательство. 1956. 100 səh.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- А.Гозенпуд. "Опера Фикрета Амирова «Севиль»" ( (rus.)). classic-music.ru. 29-07-2011. İstifadə tarixi: 7 iyul 2019.
- Mirmehdi Ağaoğlu. "Azərbaycanda ilk dəfə tele-opera çəkilib". Mədəniyyət ( (az.)). ona.az. 15 aprel 2019. İstifadə tarixi: 7 iyul 2019.
- Лейла Абдуллаева. "«СЕВИЛЬ» - драма Джафара Джабарлы и опера Фикрета Амирова". p.3 ( (rus.)). harmony.musigi-dunya.az. İstifadə tarixi: 7 iyul 2019.
Opera portalı Musiqi portalı Azərbaycan portalı |