Mingəçevir Dövlət Universiteti — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mingəçevir Dövlət Universiteti | |
---|---|
Əsası qoyulub | 24 iyul 2015 |
Rektor | Üzeyir Zeynalov[1] |
Tələbə sayı | 10000 |
Şəhər | Mingəçevir |
Ölkə | |
Ünvan | Mingəçevir şəhəri |
Sayt | mdu.edu.az |
Mingəçevir Dövlət Universiteti — Azərbaycan Respublikasının Mingəçevir şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsi.[2]
Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə yaradılıb. Əsası 1991-ci ildə qoyulmuş Universitet müxtəlif vaxtlarda Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərib.
2021/2022-ci tədris ilində Universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 24 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilib. 3 fakültənin, 10 kafedranın mövcud olduğu universitetdə ümumilikdə 3000-dən artıq tələbə və magistrant təhsil alıb. 8 tələbə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.
300-dən çox əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı var. Bundan əlavə, hazırda Universitetdə Türkiyənin Qazi Universitetindən 2 professor fəaliyyət göstərir.
MDU-da həyata keçirilən kompleks tədbirlər ilk növbədə əsas strateji hədəflərə – yeni dövrün universitetinə çevrilmək, regional inkişafa töhfə vermək və paytaxt səviyyəli ali təhsil müəssisəsi olmaq məqsədlərinə çatmaq yolunda irəliləyişə nail olmağa hesablanır. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də Universitetin mövcud durumu və potensial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınır.
Müasir tədris texnologiyalarının, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi MDU-nun milli ali təhsilimizin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsini, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsini hədəfləyir. Bütün bunlara nail olmaq üçün mövcud şərtlər kontekstində tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim və inzibati-texniki heyət üzvlərinin sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması prioritet istiqamətlər olaraq seçilib. Həmin istiqamətlər üzrə fəaliyyətin təşkilində qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivlər nəzərə alınır və fərqləndirilir.
Əsaslandırılmış qərarlar və inamlı addımlar MDU-nun yerləşdiyi regionda ümumi ekosistemin mühüm aktorlarından birinə çevrilməsinə imkan verir. Məhz bu amil həm Universitetin populyarlığının və cəlbediciliyinin artmasına, həm də əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəlməsinə dəstək verir.
Tələbələrin müasir dövrün çağırışlarına uyğun ali təhsil alması və onların əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar kimi formalaşması prioritet əhəmiyyət daşıyır. Tələbələrin gələcəkdə uğurlu karyera qurması ilə bərabər xalqımıza və dövlətimizə layiq vətəndaş kimi yetişməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsinə, onların MDU-nun və Mingəçevir şəhərinin ictimai həyatında aktiv iştirak etməsinə, könüllülük və startap fəaliyyətinə cəlb olunmasına, tələbə-gənclərin idmanla məşğul olmasına xüsusi önəm verilir. MDU-da çoxsaylı tələbə təşkilatları fəaliyyət göstərir.
Elmi tədqiqatların məzmununun təkmilləşdirilməsinə, bu sahədə müasir metodlardan istifadənin artırılmasına və elmi fəaliyyətin nəticəyönümlülük yanaşması üzərində qurulmasına xüsusi diqqət yetirilir. Dünyanın aparıcı elmi-məlumat bazası olan "Web of Science®" platformasında MDU-nun profili yaradılıb.
İdarəçilikdə şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə MDU-nun İctimai Nəzarət Şurası fəaliyyət göstərir.
Qabaqcıl universitetlərin təcrübəsindən və potensialından faydalanmaq məqsədilə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Lənkəran Dövlət Universiteti (LDU) ilə qarşılıqlı faydalı əməkdaşlıq yaradılıb.
Türkiyənin Gazi Üniversitesi, Yıldız Teknik Üniversitesi, Hacı Bayram Veli Üniversitesi, KTO Karatay Üniversitesi və İstanbul Gedik Üniversitesi, Almaniyanın Siegen Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD), Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universiteti (Abay Universiteti), Ahmet Yesevi Universiteti (AYU) və Qazax Milli Aqrar Tədqiqat Universiteti (KazNARU) əməkdaşlıq yaradılıb. Qeyd olunan xarici universitetlərlə tələbə və müəllim mübadiləsi, Erasmus+ və HORİZON2020 proqramlarında birgə iştirak, birgə elmi tədqiqatların aparılması, ortaq elmi konfranslar və yay məktəbləri keçirilməsi istiqamətlərində əməkdaşlıq edilir, gələcəkdə müvafiq universitetlərlə ikili diplom proqramlarının yaradılması haqqında ilkin razılıq əldə olunub.
2019/2020-ci tədris ilində Erasmus+ proqramı çərçivəsində 5 MDU tələbəsi İspaniyanın Vallodolid Unversitetində bir semestr təhsil alıb. Bu dövrdə 2 MDU tələbəsi BDU-da, 1 MDU tələbəsi isə UNEC-də təhsil alıb.
MDU "Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" və "Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar" adlı Erasmus+ layihələrində fəal iştirak edir.
Son 3 tədris ilində MDU əməkdaşları Türkiyə, Böyük Britaniya, İsveç, Finlandiya, Çex Respublikası, Litva, Koreya, Birləşmiş Ərəb Əmirliyi, Ukrayna, Rusiya Federasiyası, Qazaxıstan və digər ölkələrdə təşkil olunan beynəlxalq konfrans və forumlarda iştirak ediblər.
Universitet Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Dövlət İmtahan Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi ilə əməkdaşlıq edir. Bu qurumlar ilə əməkdaşlıq əsasən tələbələrin startap fəaliyyətlərinin və karyera inkişafının dəstəklənməsinə, onların innovasiya potensialının, praktiki bilik və bacarıqlarının artırılmasına, müvafiq fənlər üzrə tədris planlarının təkmilləşdirilməsinə, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılmasına və müxtəlif mövzularda maarifləndirmə işlərinin həyata keçirilməsinə hədəflənib.
MDU çoxsaylı özəl müəssisələr, media qurumları, QHT-lər, gənclər təşkilatları və digər qurumlarla da sıx əməkdaşlıq edir.
“Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində UNEC ilə tərəfdaşdır.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]AMİ Mingəçevir filialı
[redaktə | mənbəni redaktə et]Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında yaradılmışdır.
Filialın əsas fəaliyyət sahələrindən biri müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsidir. Filialda dislokasiya üzrə 7 rayonun (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Bərdə, Tərtər) pedaqoji kadrları ikitərəfli müqaviləyə əsasən ixtisasartırma və təkmilləşdirmə təhsilinə cəlb olunurlar.
Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir.[2] Filialın maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilməsi nəzərdə tutulmuşdur.[4]
Mingəçevir Politexnik İnstitutu
[redaktə | mənbəni redaktə et]İnstitut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) filialı kimi başlamışdır.
1991-ci il 23 aprel tarixində M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırkı Azərbaycan Dövlət Neft Akademiyası) filialı kimi fəaliyyətə başlamış, 1992-ci il 01 iyul tarixində Mingəçevir Energetika İnstitutuna çevrilmiş və 1993-cü il 04 avqust tarixində Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılmışdır.[2]
Beynəlxalq əlaqələri
[redaktə | mənbəni redaktə et]Universitet İNFİNİTY proqramı üzrə artıq bir neçə ildir ki, Portuqaliya, Çexiya, Sloveniya və Estoniya ilə əməkdaşlıq davam edir.
Universitet 2002-ci ildən Respublikada təhsilin inkişaf proqramına uyğun olaraq TEMPUS proqramı çərçivəsində "Azərbaycanda ali məktəblərdə müasir mühəndis təhsili" adlı layihəyə qoşulmuşdur. Müqavilə Köln Tətbiqi Elmlər Akademiyası ilə bağlanmışdır. Məqsəd əməkdaş ölkələrin ali məktəblərinin müəllim və dosentlərinin Avropanın müvafiq ali məktəblərində (Köln Tətbiqi Elmlər Akademiyası və Zuyd Tətbiqi Elmlər Universiteti) ixtisasartırma kurslarını keçməkdir.
2005/2006-cı tədris ilindən başlayaraq institutda TEMPUS layihəsi çərçivəsində Avropa standartlarına uyğun mühəndis kadrların hazırlanmasını təmin etmək üçün proqramın tələblərinə əsasən universitetin 6 əməkdaşı Almaniyada təcrübə keçmişdir.[5]
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
"Erasmus +" proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi "Erasmus+" proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan "Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri" ("New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems") GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Üzeyir Zeynalov dövlət universitetinin rektoru oldu". 2024-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-16.
- ↑ 1 2 3 "Mingəçevir Dövlət Universitetinin yaradılması barədə" Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı. 24.07.2015, president.az (az.)
- ↑ ""REFRESH" layihəsi çərçivəsində yerli tərəfdaş universitetlər təlimlər keçirilib". news.unec.edu.az (az.). 2024-05-21. İstifadə tarixi: 2024-12-13.
- ↑ "Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Arxivləşdirilib 2015-07-27 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Fərmanı. 24.07.2015, president.az (az.)
- ↑ "Mingəçevir Dövlət Universiteti, struktur". 2018-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-11.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |