Naxçıvanda idman — Vikipediya

Naxçıvanda idman-Naxçıvan Muxtar Respublikasında idman.

Güc, çeviklik və bacarıq tələb edən güləş, at çapmaq, qılınc və gürz oynatmaq, nizə və ox atmaq, üzmək, qaçmaq və s. ənənəvi idman növləri sahəsində keçirilən yarışlar hər zaman bölgədə populyar olmuş, əhali tərəfindən rəğbətlə qarşılanmışdır.

1924-cü ildə yaradılmış Naxçıvan Bədən Tərbiyəsi Şurası 1930-cu ilədək futbol, yüngül atletika, cıdır, akrobatika, ağır atletika, güləş, voleybol yarışlarının və başqa idman oyunlarının təşkilatçısı olmuşdur. 1937-ci ildə ağır atletika üzrə Azərbaycan birinciliyi Naxçıvanda keçirilmişdir. Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafında "Dinamo", "Spartak", "Burevestnik", "Məhsul" idman cəmiyyətlərinin, "Ehtiyat Əmək Qüvvələri" cəmiyyətinin (1998-ci ildən Təhsil idman mərkəzi adlanır) böyük rolu olmuşdur. 1940-cı ildə muxtar respublikada 5320 idmançı, 61 idman qurğusu mövcud olmuşdur.

1946-cı ildə Naxçıvanda idmanın 9 növünü təmsil edən 250 nəfərlik gənclər idman məktəbi, 1949-cu ildə isə Naxçıvan şəhər təhsil sistemində 10 idman növünü əhatə edən uşaq-gənclər idman məktəbi yaradılmışdır. 1950-ci ildə bədən tərbiyəsi və idmanla məşğul olanlarm sayı 15481 nəfər, bədən tərbiyəsi kadrlarının sayı 71 nəfər, idman qurğuların sayı 230-a (1 stadion, 12 idman zalı, 197 idman meydançası, 19 atıcılıq tiri, 10 uyğunlaşdırılmış zal və s.) çatmışdır.

1959-cu ildə Azərbaycan Respublikası "Məhsul" cəmiyyətinin Yunan-Roma güləşi (klassik güləş) yarışlarında Naxçıvanın komandası birinci yerə çıxmışdır. 1961-ci ildə Naxçıvan MR qadınlarının birinci spartakiadasında 1849, final yarışlarında isə 319 idmançı mübarizə aparmışdır. 1962-ci ildə Naxçıvan voleybol komandasıAzərbaycan birinciliyində ikinci yeri, futbol komandası isə üçüncü yeri qazanmışdır.

1970-80-ci ilərdə Naxçıvan MSSR-də idman kollektivlərinin və idmançıların sayı xeyli artmışdır. 1970-ci ildə idmançıların sayı 27390 nəfərə (4230-u qadın olmaqla), idman qurğularının sayı isə 322-yə (2 stadion, 21 idman zalı, 251 idman meydançası və s.) çatmışdır. Həmin ildə 12 uşaq-gənclər idman məktəbi və 1 güləş məktəbi fəaliyyət göstərirdi. 1980-ci ildə isə idmançıların sayı 32590-a yüksəlmişdir. İdmanın müxtəlif növləri üzrə məktəblilər arasında spartakiadalar, "Sevinc" futbol kuboku uğrunda yarışlar, "Şahin", "Cəsurlar" hərbi idman oyunları, "Şən startlar", "Möcüzəli dama", "Ağ top", "Pioner" çoxnövlülüyü üzrə yarışlar keçirilməsi ənənəvi şəkil almışdır. Naxçıvanın "Sevinc" futbol komandası 1973-cü ildə Zaqatala şəhərində 13-14 yaşlı uşaqlar arasmda keçirilmiş Azərbaycan yarışlarında birinci yerə, həmin ildə Daşkənddə keçirilmiş Ümumittifaq "Dəri top" birinciliyində isə ikinci yerə çıxmışdır.

Müstəqillik dövrü

[redaktə | vikimətni redaktə et]

1990-cı illərdən sonrakı dövr muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir. 2004-cü ildə muxtar respublikada bədən tərbiyəsi və idmanla məşğul olanların sayı 30439 nəfər olmuş, idman qurğularının sayı isə 1327-yə çatdırılmışdır. 2002-ci ildə 9 idman növü üzrə federasiaya yaradılmışdır. Naxçıvan şəhərində "Dinamo" cəmiyyətinin idman kompleksi və stadionu (2001), 12000 yerlik Naxçıvam MR stadionu və inzibati binası əsaslı surətdə təmir olunmuşdur (2002). Həmçinin, muxtar respublikada İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksi (2002), Naxçıvan süni örtüklü əl oyunları meydançası (2003) və Üzgüçülük Mərkəzi fəaliyyət göstərir.

Şərur rayon İdman-Sağlamlıq Kompleksi (2002), Süni örtüklü əl oyunları meydançası (2002), 5000 yerlik stadion (2003), Culfa şəhərində Uşaq-Gənclər idman məktəbi (2002), 500 yerlik yaşıl örtüklü stadion (2005), Uşaq-Gənclər Şahmat məktəbi (2005), Şahbuz qəsəbəsində Uşaq-Gənclər Şahmat məktəbi (2005), Sədərək rayonunda 500 yerlik yaşıl örtüklü stadion (2005) istifadəyə verilmişdir.

Naxçıvanın şahmat, sərbəst güləş, karate komandaları Azərbaycan yarışlarında, həmçinin beynəlxalq yarışlarda mükafata layiq yerlər qazanmışdır. Naxçıvan şahmat məktəbinin yetirməsi G.İsmayılov 1993-cü ildə Azərbaycan birinciliyində uğurlu nəticə qazanaraq, Avropa çempionatında iştirak edəcək Azərbaycan komandasının heyətinə daxil edilmişdir. Həmin məktəbin yetirməsi V.Babayev isə Polşada keçirilən beynəlxalq turnirdə bütün rəqiblərinə qalib gəlmişdir.

2002-ci ilin və 2003-cü ilin may aylarında şahmat üzrə beynəlxalq turnir keçirilmiş, Naxçıvan şəhər uşaq-gənclər şahmat məktəbi 1-ci yerə layiq görülmüşdür. 2003-cü il 21 iyun – iyul tarixində Naxçıvan şəhərində gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilmişdir. Dünyanın 30 ölkəsindən 77 şahmatçının iştirak etdiyi çempionatda Azərbaycanı təmsil edən 20 şahmatçıdan 2-si Naxçıvan şahmatçısı olmuşdur.

Naxçıvan güləş məktəbinin yetirməsi, sərbəst güləşçi Ə.Novruzov 2002-ci il 21-27 sentyabrda Estoniyada hərbiçilər arasında keçirilmiş çempionatda qızıl medala layiq görülmüşdür. Naxçıvan voleybolunun yetirməsi N.Qasımova 2003-cü ildən Azərbaycanın qadınlardan ibarət voleybol yığma komandasının tərkibində iştirak edir. 1998-ci ildə boks üzrə Azərbaycan çempionları İ.Kərimov və T.Seyidov Avropa çempionatında yarışmış, İ.Kərimov həm də XXVI olimpiya oyunlarında iştirak etmişdir. A.Məmmədov 1998-ci ildə kikboksinq üzrə Moskvada keçirilmiş dünya çempionatında gümüş medala layiq görülmüşdür. V.Zeynalov pauerliftinq üzrə dəfələrlə Avropa və dünya birinciliyinin qızıl medalını qazanmış, 1999-cu ildə beynəlxalq dərəcəli idman ustası adına layiq görülmüşdür. R.Bağırov 2001-ci ildə həmin növdə Avropa çempionu olmuş, Avropa rekordunu təzələmişdir. Naxçıvan boks federasiyasının yetirməsi C.Sayılov 2003-cü ildə gənclər arasında Avropa çempionu adına layiq görülmüşdür.

2003-cü ildə voleybol üzrə Azərbaycan çempionatının kişilərdən ibarət zona yarışı Naxçıvan şəhərində keçirilmişdir. 2005-ci ilin aprelində Naxçıvan şəhərində futzal üzrə Azərbaycan kubokunun final mərhələsi keçirilmiş və həmin görüşdə Naxçıvanın "Araz" komandası kubokun sahibi olmuşdur. 2006-cı il əsasən fərdi idman növlərindəki nailiyyətlərlə yadda qalmışdır. Xüsuslilə, dzü-do, sambo və taekvondo üzrə keçirilən ümumrespublika yarışlarında naxçıvanlı idmançılar uğurlu nəticələr əldə etmişlər. 2007-ci ildə isə muxtar respublika idmançıları Azərbaycan, Avropa və dünya birinciliklərində 37 qızıl, 21 gümüş və 60 bürünc medal qazanmışlar. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən sahədir. Muxtar respublikanın idmançıları mötəbər yarışlarda müntəzəm olaraq iştirak edir və Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar.