Şərurun səsi (qəzet) — Vikipediya
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Şərurun səsi | |
---|---|
Format | A3 |
Baş redaktor | Elman Telmanoğlu |
Dil | Azərbaycan dili |
Ünvan | Şərur |
Tiraj | 600 |
Şərurun səsi — Şərur rayonunda nəşr olunan qəzet.
Tarixi
[redaktə | mənbəni redaktə et]"Şərurun səsi" adlanan Şərur rayon qəzeti 1931-ci ilin oktyabrında ilk sayı ilə oxucularla görüşmüşdür. Qəzetin ilk adı "Pambığa doğru" olmuşdur. Qəzetin nəşrə başladığı ilk vaxtlar Naxçıvan şəhər sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi idi. Bir neçə nömrə çapdan çıxandan sonra Qasım Tağıyevi rayon partiya komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkirlər. Boş qalan redaktor vəzifəsinə isə Qarabağlar kəndinin sakini olan Nemət Əhmədov təyin edilir.
Qəzetin birinci nömrəsində "Qəzetin qarşısında duran vəzifələr", "Su kanalı çəkilişi işini sürətləndirməli", "Rayon İcraiyyə Komitəsi sessiyasının qərarı" və başqa sərlövhəli yazılar verilmişdi. Bu yazılar qəzetin məqsəd və vəzifələrini, hansı məsələlərdən daha ətraflı yazacağını çox aydın göstərirdi.
Rayon həyatının elə bir sahəsi yox idi ki, "Pambığa doğru" qəzeti ora yol açmamış olsun. Qəzet sosializm quruculuğundakı müvəffəqiyyətləri işıqlandırmaqla yanaşı israfçılığa, bürokratizmə, bir sözlə bütün mənfi hallara qarşı kəskin mübarizə aparırdı.
Nemət Əhmədovun redaktorluğu dövründə qəzetdə xüsusi canlanma başladı. Qəzetin adı ilə bağlı imiş kimi "pambıq uğrunda mübarizə" qəzetin fəaliyyət mərkəzində dururdu. 1932-ci ildə pambıq tarlalarında mitinq səsləmələri də bunu göstərirdi. Bir çox məqamlar isə daha çox satiranın dili ilə oxuculara çatdırılırdı.
1941-ci il iyunun 22-də alman-faşist işğalçılarının SSRİ–yə hücumundan sonra "Pambığa doğru" qəzetinin də hər bir nömrəsi rayon zəhmətkeşlərini ölüm-dirim mübarizəsinə səslədi.
Müharibədən sonra 1952-ci ilə qədər müxtəlif vaxtlarda qəzetə Həsən Hüseynov, Məhərrəm Xudiyev və Ələşrəf Tahirov kimi qabaqcıl partiya işçiləri redaktorluq etmişlər. O dövrdə mətbuatın qarşısında daha böyük vəzifələr dururdu. Beşillik planın müvəffəqiyyətlə yerinə yetirilməsi uğrundakı mübarizəni durmadan genişləndirmək, zəhmətkeşləri sovet vətənpərvərliyi ruhunda tərbiyə etmək "Pambığa doğru"nun fəaliyyətini və məzmununu təşkil edirdi.
Rayonda pambıqçılıqla yanaşı kənd təsərrüfatının heyvandarlıq, tütün, taxıl, üzüm, qarğıdalı və başqa sahələri də güclü inkişaf etdiyinə görə Azərbaycan KP MK-nin qərarı ilə 1954-cü il yanvar ayının 14-də üçüncü nömrədən başlayaraq "Pambığa doğru" qəzeti "Noraşen kolxozçusu" adı ilə çıxmağa başladı.
Qəzetin fəaliyyət dairəsi getdikcə genişlənir, oxucuların sayı isə artırdı. Əvvəllər həftədə bir dəfə 1000 nüsxə tirajla çıxan qəzet 1952-ci ildə 1100, 1958-ci ilin yanvar ayından isə 2000 nüsxə tirajla həftədə üç dəfə çıxmağa başladı. Qəzetdə "Partiya həyatı", "Sovet quruculuğu", "Komsomol həyatı", "Bizə yazırlar", "Satira guşəsi", "Beynəlxalq icmal", "Redaksiyanın poçtundan", "Rayonumuzda" və sair daimi rubrikalarla yanaşı, "Yüksək məhsul uğrunda", "10 500 ton pambıq uğrunda" rubrikalarına da tez-tez rast gəlmək olar. "Noraşen kolxozçusu" qəzetinin müxtəlif illərdə buraxdığı nömrələrin miqdarı da müxtəlif olmuşdur. 1948-ci ildən 1958-ci ilə qədərki 10 il ərzində qəzet 1000 nüsxə tirajla çapdan çıxmışdır. 1948-ci ildə qəzetin 47 nömrəsi, 1949-cu ildə 52, 1950-ci ildə 58, 1951-ci ildə 50, 1952-ci ildə 82, 1953-cü ildə 94, 1954-cü ildə 108, 1955-ci ildə 98, 1956-cı ildə 100, 1957-ci ildə 99, 1958-ci ildə 101, 1959-cu ildə isə 74 nömrəsi çapdan çıxmışdır.
1952-ci il aprelin 28-i isə "Pambığa doğru" qəzeti üçün daha əlamətdar olmuşdur. Məhz bu tarixdə qəzetin 1000-ci nömrəsi çapdan çıxmışdır. Ancaq təəssüflər olsun ki, bu tarixi günü nə "Pambığa doğru" qəzeti, nə də Naxçıvan Vilayət qəzeti olan "Şərq qapısı" kiçik bir xəbərlə də olsa qeyd etmədilər.
Qəzet 1958-ci ilin yanvarın 1-dən 2000 nüsxə tirajla, 3 gündən bir çıxmağa başladı. Bu vaxt redaksiyanın təşkilat işini canlandırmağı, qəzetin vaxtlı-vaxtında oxunaqlı və maraqlı nəşrinə rəhbərliyi təcrübəli redaktor Hüseyn Əbdülhüseynov edirdi.
Sovet İKP MK 1959-cu il iyulun 31-də "Qəzet və jurnalların zərərlə işləməsinə son qoymaq haqqında" qərar qəbul etdi. Qərarda göstərilir ki, "Azərbaycan, Gürcüstan, Tacikistan və Özbəkistan Kommunist Partiyaları MK-lərinə tapşırılsın ki, muxtar respublikalarda və muxtar vilayətlərdə bundan sonra rayon qəzetlərinin buraxılmasının məqsədəuyğun olub-olmaması məsələsini müzakirə etsinlər və nəzərdə tutsunlar ki, orada nəşr olunan respublika və vilayət qəzetləri rayonların həyatının işıqlandırılmasını tamamilə təmin edə bilər".
Bu qərarla əlaqədar olaraq 1959-cu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının rayonlarında çıxan bütün qəzetlərin, o cümlədən "Noraşen kolxozçusu" qəzetinin nəşri dayandırıldı (həmin dövrdə Muxtar Respublikanın rayonlarında "Noraşen kolxozçusu"ndan başqa üç qəzet nəşr olunurdu. Ordubad rayonunda "Ordubad işçisi", Culfa rayonunda "Sovet Culfası" və Şahbuz rayonunda "Sosializm maldarlığı").
"Partiyamızın ən güclü silahı olan, ölkəmizin bütün zəhmətkeşlərinin həyati mənafeyini ifadə edən sovet mətbuatı tamamilə yeni tipli mətbuatdır. Məhz buna görə Sovet İKP MK Rəyasət heyətinin qərarına əsasən rayon qəzetləri yenidən bərpa olunmuşdur. Həmin qərara əsasən 1966-cı ilin yanvar ayından Naxçıvan Muxtar Respublikasında "Yeni Ordubad" (Ordubad rayonu), "Zəfər" (Culfa rayonu), "Qabaqcıl" (Şahbuz rayonu) və "İşıqlı yol" (Şərur rayonu, o zamankı İliç rayonu) qəzetləri çıxmağa başlamışdır"[1].
1966-cı il yanvarın 27-də Azərbaycan KP İliç Rayon Komitəsi və Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin orqanı olan "İşıqlı yol" qəzeti nəşrə başladı. "İşıqlı yol"un ilk nömrəsinin "İşıqlı məşəl kimi…" adlı baş məqaləsi rayon zəhmətkeşlərinə müraciətlə: "Əziz oxucular!" sözləri ilə başlanır. Həmin baş məqalə bu sözlərlə tamamlanır: "Qoy bu gündən nəşrə başlayan "İşıqlı yol" partiya və hökumətimizin qarşıya qoyduğu əzəmətli vəzifələri yerinə yetirməkdə bizə kömək edən məşəl kimi alışsın, həmişə yolumuza işıq salsın!" [2].
1966-cı il SSRİ Ali Sovetinə və Millətlər Sovetinə seçkilər dövrü idi. Qəzet bu siyasi kampaniyanı geniş işıqlandırmaq üçün bir sıra tədbirlər görmüşdür. Qəzetin əməkdaşları yerlərdə seçicilərlə görüşür, "Xalq namizədləri", "Bizim namizədlər" rubrikası adı altında vaxtaşırı seçki kampaniyasını işıqlandırırdı.
"İşıqlı yol" qəzeti redaksiyasının müxbir postları üzvlərinin sayı getdikcə artırdı. Maraqlı məqam burasında idi ki, müxbir postları üzvlərinin əksəriyyəti bilavasitə istehsalatda çalışan əmək adamları idi.
1974-cü il yanvarın 22-də "İşıqlı yol" qəzetinin 1000-ci nömrəsi çapdan çıxdı. Bu münasibətlə İliç rayon Partiya Komitəsinin ikinci katibi Rəhim Cavadovun iştirakı ilə təntənəli yığıncaq da keçirilmişdi. Azərbaycan KP İliç Rayon Komitəsinin və rayon Zəhmətkeş Deputatları Sovetinin orqanı olan "İşıqlı yol" qəzetinin 20 yanvar 1974-cü il tarixli 9-cu nömrəsi qəzetinin 1000-ci nömrəsinin çapdan çıxmasına həsr olunmuşdu.
Nəşrinin ilk dövründə həftədə 3 dəfə 3000 nüsxə tirajla çıxan "İşıqlı yol" qəzetinin 1966-cı ildə 95 nömrə, 1967–1968-ci illərdə 128 nömrə, 1969-cu ildə 4000 nüsxə tirajla 121 nömrə, 1970-ci ildə 4200 nüsxə tirajla 120 nömrə, 1971-ci ildə 3700 nüsxə tirajla 133 nömrə, 1972-ci ildə 138 nömrə, 1973-cü ildə isə 3600 nüsxə tirajla 136 nömrəsi çıxmışdır.
"Şərurun səsi" qəzeti üçün ən çətin dövrlər 1988–1993-cü illərdə olmuşdur. Həmin vaxtlar respublikada nəşr olunan bütün mətbu orqanların vəziyyəti, demək olar ki, eyni dərəcədə acınacaqlı idi. Mətbuata dövlət səviyyəsində fikir verilmirdi.
"Şərurun səsi" qəzeti üçün ən əlamətdar tarixlərdən biri 2006-cı ildə oldu. Həmin il qəzetin 75 illik yubileyi geniş şəkildə qeyd olundu. Qəzetin 2006-cı il 2 noyabr sayı yubileyə həsr olunmuşdur. Qəzetin ilk səhifəsində Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun "Şərurun səsi" qəzetinin kollektivinə təbrik məktubu dərc olunub. Məktubda deyilir: "Azərbaycanın mətbuat tarixində özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "Şərurun səsi" qəzeti fəaliyyət göstərdiyi bütün dövrlərdə xalqımızın milli dəyərlərini təbliğ etmiş, Şərur rayonunda gedən quruculuq işlərinin salnaməsinə çevrilmişdir" [3].
Qəzetin yubiley nömrəsində akademik İsa Həbibbəylinin, Naxçıvan Mətbuat Şurasının sədri Fərəc Fərəcovun təbrik məktubları da yer alıb. Yubileyin keçirildiyi 28 oktyabr tarixinin proqramı da qəzetin məhz bu sayında öz əksini tapmışdı. 2011-ci ildə qəzetin 80 yaşı tamam oldu.
Müxtəlif vaxtlarda qəzetə Yengicə kənd sakinləri Xəlil Məhərrəmov və Novruz Nəcəfov, Nəriman Nəcəfov, Mahmudkənddən olan Hüseynqulu Ağayev və Həsən Hüseynov, çomaxturlu Ələşrəf Tahirov, Yuxarı Daşarx kənd sakini Hüseyn Əbdülhüseynov, Cəlilabad royundan olan və hazırda "Xalq qəzeti"nin əməkdaşı Mikayıl Əliyev redaktorluq etmişdir.
Həftədə bir dəfə A3 formatda, rəngli şəkildə, 600 nüsxə tirajla nəşr olunan "Şərurun səsi" qəzetinə hazırda Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elman Telmanoğlu (Məmmədov) redaktorluq edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 217. ISBN 5-8066-1468-9.