Səlma xanım Sultan — Vikipediya

Səlma xanım Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 13 aprel 1914(1914-04-13)
Doğum yeri Ortaköy sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 13 yanvar 1942(1942-01-13) (27 yaşında)
Vəfat yeri Paris, Fransa
Dəfn yeri Bobigny məzarlığı, Sen-Sen-Deni
Atası Rauf Hayri bəy
Anası Xədicə Sultan
Həyat yoldaşı Seyid Sacid Hüseyn Əli
Uşağı Kənizə Murad
Ailəsi Osmanlı xanədanı

Səlma xanım Sultan (13 aprel 1914, İstanbul13 yanvar 1942, Paris) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Səlma xanım Sultan 13 aprel 1914-cü ildə anasının Ortaköydəki sarayında dünyaya gəldi. Anası Sultan Muradın qızı Xədicə Sultan, atası isə onun ikinci əri Rauf Hayri bəydir. Hələ 4 yaşında ikən valideynləri boşanmış, 10 yaşında ikən isə 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi anası və qardaşıyla birlikdə sürgün edilmişdir. Beyrutda məskunlaşan ailə, Rauf Hayri bəyin göndərdiyi məvaciblə yaşamağa davam etsə də, qısa zaman ərzində atasının həbs olunmasıyla, bu gəlir mənbəyini də itirdilər.

1931-ci ildə Osmanlı sülaləsindən 2 sultanın — Dürrüşəhvar SultanNilüfər xanım Sultanın dünyanın ən zəngin müsəlmanı olan Heydərabad nizamının oğullarıyla evlənməsinin ardından, Xədicə Sultan da qızı Səlma xanıma ər namizədi axtarmağa başladı. Ancaq bütün var-dövlətini itirən və sürgün edilən bir sultanın qızı üçün namizəd tapmaq olduqca çətin oldu. Nəhayət, Kotvara rajası Seyid Sacid Hüseyn Əli namizəd olaraq uyğun görüldü və Səlma xanım, uzun illər ailəsinə xidmət edən xədim Zeynəl ağayla birlikdə 1937-ci ildə Hindistana gəlin köçdü. Toy mərasimindən bir neçə ay sonra anası Xədicə Sultan iflic keçirərək vəfat etdi.

İstanbuldakı saray yaşantısı və Beyrutdakı kosmopolit həyat tərzinin ardından, Səlma xanım düşdüyü yeni mühitə uyğunlaşa bilmədi. 1939-cu ilin yayında hamiləliyin son ayları olan Səlma xanım Zeynəl ağayla birlikdə doğuş bəhanəsiylə Parisə köçdü və bir daha geri qayıtmadı. İkinci Dünya Müharibəsinin başlamasıyla izini itirən Səlma xanım həmin ilin noyabrında yeganə övladı Kənizəni dünyaya gətirdi. Ancaq ərinə məktub yazaraq övladının ölü olaraq dünyaya gəldiyini və bir daha Hindistana qayıtmayacağını bildirən Səlma xanım Parisdə olduqca çətin günlər yaşadı. Yoxsulluq içindəki xanım sultan olduqca xəstələndi və kiçik bir infeksiya səbəbilə, antibiotik tapılmadığı üçün 13 yanvar 1941-ci ildə vəfat etdi. Cənazəsi Bobigny məzarlığına dəfn olundu.