İçərişəhərdəki tarix-memarlıq abidələrinin siyahısı — Vikipediya

İçərişəhərdəki tarix-memarlıq abidələrinin siyahısı -

Qeyd: Aşağıdakı siyahıda dünya, ölkə və yerli əhəmiyyətli abidələr verilmişdir

Adı Aid olduğu dövr Məlumat Şəkil Qeydiyyat
Qız qalası
XII əsr Qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın yaxınlığında yerləşən tarixi abidədir. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır[1]. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan tağlı qapı yeridir[2]. 2.2
Molla Əhməd məscidi
XIV əsr İçəri Şəhərin məhəllə məscidləri tipinə aiddir. Nəsrəddin Quştası ibn Həsən Hacıbaba tərəfindən sifariş olunmuş, Abşeronun məşhur tikililərinin, eyni zamanda Nardaran qəsrinin (1301-ci il) və Bibi-Heybət kəndində minarəli məscidin (XIII əsrin sonu) müəllifi olan ustad-memar Mahmud ibn Sad tərəfindən XIV əsrin əvvəlində inşa edilmişdir. Məscidə Əhməd adlı şəxs axundluq etdiyi üçün xalq arasında Molla Əhməd məscidi adlandırılmışdır.

Məscid planda dördbucaq şəklində olub həcmcə kiçik bir zaldan ibarətdir. Cənub divarında sadə mehrab, yanlardan taclı, alçaq formalı daş qübbə düzgün işlənmişdir. Zahirən gözə çarpmayan assimetrik fasad, dəqiq profillənmiş giriş və sonradan əlavə olunmuş iki kiçik pəncərələrlə tamamlanır.

Fasadın yuxarı hissəsində uzun zolaq şəklində verilmiş, binanın inşası haqqında ikisətirli ərəb yazısı eyni zamanda həm sifarişçi, həm də hərbi, dini və xatirə abidələrinin tikintisində fəal iştirak edən memar haqqında dolğun və məzmunlu məlumat verir. Onun yaradıcılığında, memarlıq irsinin bir hissəsi olan, Şirvanşahlar dövrünü əks etdirən stilistika üslublarının tərəqqisi hiss olunur.[3]

85
Hacı Bani məscidi
XVI əsr Şirvanşahlar saray kompleksi yaxınlığında yerləşir. Fasad üzərindəki qısa epiqrafik kitabəyə əsasən memar Hacı Bani tərəfindən XVI əsrdə inşa edilmişdir. Planda mərkəzi künbəzlidir. Girişlə üzbəüz, irimiqyaslı hörgü ilə, stalaktit yaruslu mehrab yerləşir.

Başqa bir epiqrafik yazıdan aydın olur ki, məscid Hicri-qəməri təqvimlə 1320-ci ildə[q 1] bərpa edilmişdir. Bu zaman yenidənqurma işləri aparılmış, vestibül və qadınlar üçün nəzərdə tutulmuş xüsusi hissə (şəbistan) əlavə edilmişdir. Cüt yarımdairəvi pəncərələr sayəsində isə ibadət zalı ikiqat işıqlandırılmışdır.

Məscidin yenidənqurma işləri zamanı interyeri və eksteryeri ənənəvi memarlıq üslublarını və motivlərini qoruyub saxlamışdır. İfadəli silueti, kub təməl üzərindəki quruluşu, Abşeron tipli daş şarkonusvari künbəzin traktovkası və küçənin eniş istiqamətində gözəl vurğulanmış künc hissəsi yerli memarlığın xarakterik xüsusiyyətlərini əks etdirir.[4]

77
Ağa Mikayıl hamamı
XVIII əsr Hamam XVIII əsrdə Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir. Onun yerləşdiyi ərazi xalq etimalogiyası dilində hamamçılar məhəlləsi adlanır. Hamamın girişi Kiçik Qala küçəsindədir. Otaqların daxili quruluşu öz genişliyi ilə digər hamamlardan fərqlənir. Soyunma və yuyunma otaqları kvadrat formalıdır. Otaqlar dörd mərkəzi dayaq sayəsində böyük kompozisiya təşkil edir. Hamamın memarlıq kompozisiyası proporsional təyin olunan yaruslara bölünmüş çatma formalı tağlar, qübbələr və günbəzlərlə ifadə olunmuşdur. Yerli memarlıq formasına uyğun işlənilmiş sərt fasad və daş üzərində üstünlük təşkil edən günbəzlərin həcmi hamamın əsasını təşkil edir. Bina üzərində özünəməxsus formalı tüstü bacası qurulmuşdur. Abidə cənub-şərq şəhər mülki sisteminə fəal ictimai bina kimi daxil olunmuşdur.[5] 76
Kiçik karvansaray
XV-XVI əsrlər Kiçik və ya "Xan karvansarayı" adlanan karvansaray XV əsrin sonu XVI əsrin əvvəlində tikilmişdir. Planda kvadrat formalıdır. İçəridə küncləri kəsik, iri dördbucaq şəkilli həyəti var. Bütün perimetr boyu eyvanla əhatə olunmuşdur. Eyvanın arxasında isə şəxsi istifadə üçün nəzərdə tutulmuş yaşayış otaqları yerləşir. Şimal-cənub oxu üzrə, ticarət küçələrini birləşdirən bir otaqlı, iki tərəfli açıq girişi var. Həyətin bəzək memarlığı, ənənəvi formalar — səthi düz dördbucaq çərçivələrə alınmış çatma tac eyvanlar üzərində qurulmuşdur. Sadə profilli karniz, binanın perimetri üzrə tikilinin zal fasadlarını birləşdirir. Karvansarayın şimal və cənub girişləri portal formasındadır. Karvansarayın əsas giriş portalı orta əsrlərdə dəniz tərəfdən olmuşdur. Cənub tərəfdən karvansarayın fasadı ikimərtəbəli olub möhtəşəm istehkam görüntüsünə malikdir. Orta əsrlərdə karvansaray ticarət küçəsi tərəfdən, həyətlə birbaşa əlaqəsi olmayan dükanlardan ibarət idi. Ehtimal olunur ki, bu tikili karvansaray kimi fəaliyyət göstərməmişdən öncə Came məscidinin mədrəsəsi və onun həyətində fəaliyyət göstərən hücrələrdən ibarət olmuşdur. Karvansaray şəhərin ticarət magistralında yerləşib şəhərsalma sistemində əsas yer tutur.[6] 80
Hacı Bani hamamı
XV əsrin sonları Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur.

Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir.

Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir.

Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur.[7]

92
İkimərtəbəli karvansaray
XV əsr Karvansaray XV əsrdə tikilmişdir. Mənbələrə görə Şirvan şahı I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verilmişdir.

Karvansarayın eyni ox üzrə yerləşən ikitərəfli açıq girişləri vardır. Karvansaraya giriş dəniz ticarəti ilə əlaqədar sahil küçəsindən və ticarət magistralı yerləşən hissədən mümkündür. Karvansaray daxili planına əsasən kvadrat formalıdır. Daxili məkanı səkkizüzlüdür, arxasında ayrıca otaqlar yerləşən eyvanlarla əhatə olunmuş həyətdən ibarətdir. Otaqların və eyvanların qübbə örtükləri çatma formalıdır. Küncdəki otaqlar isə kiçik künbəzlərlə tamamlanır.

Karvansaraya girişlər, bina hündürlüyündə qabaran portallar və birinci mərtəbə səviyyəsində dərin taxçalarla tamamlanır. Cənub-şərq tərəfdən karvansaray bütöv künc qalalarla mühafizə olunmuşdur. Bu da eyni zamanda onun şəhər divarları sistemində müdafiə xarakterini göstərir.[8]

81
Xanlar məscidi
XIX əsrin sonları XIX əsrin sonunda Xanlarov qardaşları tərəfindən sifariş edilmişdir. Öz evləri yaxınlığında memar Məşədi Mirzə Qafar İzmaylovun layihəsi əsasında inşa olunmuşdur. Bu kiçik məscid uzadılmış dördbucaq şəklində, yaşayış məhəllələrinin cərgəsində yerləşmişdir. Giriş üç hissəyə bölünmüşdür. Bunlardan mərkəzdəki bölmə künbəzlə tamamlanır, yanlardakılar isə qübbələr ilə örtülmüşdür.

Zalın uzununa oxu istiqamətində maraqlı plastik memarlıq kompozisiyası təqdim edən, cinahlarda qoruyucu pəncərəli, zəngin naxışlı mehrab yerləşir. İnteryer tamamilə nəbati xarakterli naxış motivləri ilə zəngindir. Bu da daxili məkanın bütün sisteminə əzəmətlilik və təmtəraqlıq gətirir. Məscid İçərişəhər ərazisində ən son tikilmiş dini abidələrindən biridir.[9]

Hal-hazırda yaşayış evi kimi istifadə olunur.

90 Arxivləşdirilib 2014-11-08 at the Wayback Machine
Çin məscidi
1375 Fasad üzərində, giriş qapısının üstündəki epiqrafik kitabə onun Hicri-qəməri təqvimlə 777-ci ildə[q 2] Fəzlullah İmam ibn Osman Şirvaninin vəsiyyəti ilə inşa olunmasından bəhs edir. Məhz buna görə bəzən məscidi onun adı ilə adlandırırlar.

Fasad üzərindəki digər epiqrafik yazıdan belə məlum olur ki, abidə Hicri-qəməri təqvimlə 1186-cı ildə[q 3] Məsud Əli tərəfindən bərpa olunmuşdur.

Məsciddə 2012-ci ildə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən əsaslı şəkildə təmir-bərpa işləri aparılmışdır. Təmirdən sonra abidə İçərişəhər DTMQİ-nin nəzdində numizmatika muzeyi kimi fəaliyyət göstərir.

2371
Qasım bəy hamamı
1420–1460-cı illər Hamam Şirvanşah I Xəlilullah dövründə Salyan darvazası (Salyan qapısı) yaxınlığında tikilmişdir. Xalq etimologiyasında hamamın "Şirin hamam" adı alması, burada çay ilə bərabər şirniyyatın da verilməsi ilə əlaqədardır.

Hamamın planlaşdırma strukturu yerli memarlığın ənənəvi üsullarına əsaslanıb. Vestibül hissəsindən, soyunma və yuyunma otaqlarından, xəzinə və odluq kamerasından ibarətdir. Soyunma və çimmə otaqları xaçgünbəzlidir və künclərdə kameralıdır. Hamamın mərkəz hissələri üzərində əsas günbəzlər yerləşən səkkizüzlü formadadır. Tağlar, qübbələrgünbəzlərlə bölünmüş hamamın daxili məkanı memarlıqkonstruktiv formaların böyük vəhdətlik dərəcəsi ilə fərqlənir. Zalın həcmli plastikası, memarlıq kütlələrinin üfüqi və şaquli bölgüləri nəticəsində əldə edilmişdir. Su təminatı, isitmə və qızdırma sistemi divarların içərisində və döşəmənin altında yerləşən küng borular vasitəsi ilə həyata keçirilirdi.

Hamamda bərpa işləri 1970-ci ilin sonlarında aparılmışdır və o, Yaşıl əczaxanasına çevrilmişdir. Qasım bəy hamamı orta əsrlər dövrü mülki memarlığın abidələrindən biridir və dövlət tərəfindən qorunur. [10]

83
Mədrəsə məscid
XV əsr Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir.

Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir.[11]

88
Buxara karvansarayı
XV əsr XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansarayın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir.

1964-cü ildə aparılmış bərpa işləri karvansaray binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansarayın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur.[12]

78
Multanı karvansarayı
XIV əsr Multanı karvansarası Azərbaycanda olan yüzlərlə karvansaradan biridir. Öz xarakterinə görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu qonağı eyni zamanda yerləşdirməyə kömək edirdi. Buna görə də təhlükəsizlik naminə, bir-birlərini yaxşı başa düşmələri üçün eyni regiondan gələnlər birlikdə yerləşməyə çalışır, bəzən də getdikləri yerlərdə öz hesablarına karvansaralar inşa etdirirdilər. İçərişəhərdə yerləşən Buxara və Multanı karvansaraları da belə meydana gəlmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm raitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur.

Tədqiqatçıların XIV əsrə aid etdikləri Multanı karvansarası XX əsrə dağılmış vəziyyətdə gəlib çatsa da, abidə 1973–1974-cü illərdə bərpa edilmişdir. Abidədən yalnız ticarət küçəsinə və Buxara karvansarasına tərəf çıxan baş qərb fasad, cənub-qərb tindəki otaqlar və giriş portalı salamat qalmışdır. Karvansaranın şərq yarısı isə XX əsrin əvvəlində yaxındakı üçmərtəbəli yaşayış evinin tikintisi ilə əlaqədar olaraq dağıdılmışdır.[13]

79
Aşur məscidi
1169 Üstündəki kitabəyə görə onu Hicri-qəməri təqvimlə 567-ci ildə[q 4]/ 1169[14] ustad Nəcəf Aşur ibn İbrahim tikmişdir.

Məscid sasanilər dövrü abidəsi üzərində tikilmişdir. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalmışdır. Məscid həcmcə parallelepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür. Daşdan tac kimi hörülmüş nəbati və həndəsi naxışlarla bəzədilmiş mehrab isə XII əsrə aid stalaktit ilə zəngin bəzədilmişdir. XX əsrin əvvəlində ibadət zalının cənub-qərb küncündə bir Bakı sakini tərəfindən ikinci mehrab tikilmişdir. Bayır tərəfdən məscidin qədim hissəsində, təmiz yonulmuş iri daş bloklardan yuxarı, daha sonrakı hissəsinə isə xırda daşlardan üz çəkilmişdir. Cənub fasadının oxu ilə sadə profilli karnizin üzərindən kufi xətti ilə "Allah" sözü frizlənmiş lövhə var.[14]

91
Şeyx İbrahim məscidi
1415/1416 Salyan darvazasına çıxmaq üçün, öz istiqamətini dəyişən ticarət magistralı üzərində yerləşmişdir. Fasad üzərindəki epiqrafik yazı, sifarişçi Hacı Əmirşah Yaqub oğlunun adını öyrənməyə imkan verir. Digər yazı isə məscidin Ağa Qafar Hacı Murad oğlu tərəfindən bərpa olunması haqqında məlumat verir. Əsas yazı məscidin Hicri-qəməri təqvimlə 818-ci ildə[q 5] Sultan oğlu Sultan Şeyx İbrahimin dövründə inşa olunmasını qeyd edir. Ona görə də bu məscidə xalq Şeyx İbrahim adını verib. Məscid dördbucaq şəklindədir və çatma formalı daş qübbə ilə örtülmüşdür. Mehrab ənənəvi yan divarda deyil, uzunluğuna olan divarda yerləşmişdir. XIX əsrdə məscidin fasad divarının səthi üç dördbucaq çərçivələrə bölündü və bununla da fasad Avropa memarlıq üslubu aldı. Hər bir çərçivənin içərisində yarıqla tamamlanan pəncərə yerləşdirildi, giriş isə portal formasında işlənildi. Milli memarlıq abidəsinin qədim məzmunu qorunaraq, burada yerli və Avropa motivləri, vahid memarlıq platformasında birləşir.[15] 87
Həzrəti Əli məscidi
XVII əsr Orta əsr karvan ticarət yolu üzərində yerləşən bu məscid XVII əsrin əvvəllərində inşa edilmişdir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var.[16]

Dövrün görkəmli şəxsiyyətlərindən biri olmuş Seyid Yahya Murtuza bu məscidi öz şəxsi vəsaiti hesabına tikdirmişdir. O, dini ruhani xadim kimi, məsciddə axund olaraq fəaliyyət göstərmişdir. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir.[16]

86
Xıdır məscidi
XIV əsr Məscid 1301-ci ildə küçə-pilləkən üzərində tikilmişdir. Bu isə öz növbəsində məscidin memarlıq planlaşdırma üslubuna təsir göstərmişdir.

1988-ci ildə daş qübbənin aşağı mərtəbəsində arxeoloji qazıntılar və portalda bərpa işləri aparılmışdır. Məscid atəşpərəstlik məbədi üzərində inşa olunmuşdur.

Daxili məkanın proporsional bölgüsü, kompozisiya üsulları və daş elementləri qabarıq oyma üsulu ilə aydın ifadə olunmuş, bədii-təsvirli mehrabın sayəsində, zal çox gözəl tərtibata malik olmuşdur. Cənub fasadının düzgün profilli, çatma pəncərələri göstərən bütöv daş divarın fonunda, xüsusi vurğulanmış portala, həmçinin geniş ərəb yazısı zolağına əsaslanan məscidin iri həcmli kompozisiyası fonunda yerli memarlığın ən möhtəşəm formalarında canlanır. Məscidin bütün perimetrii boyu yerləşən, zəif profilli daş tac, şərq kompozisiya üsullarını aydın göstərir.[17]

84
Gileyli məscidi
1309-cu il Köhnə hissə xaçgünbəzli kompozisiya sistemini təşkil edir. Burada xaçın qolları dərin qübbələrdir, künclərdə isə kiçik otaqlar yerləşir. Dəqiq proporsiyalı, memarlıq elementləri və detalları ilə profillənmiş və naxışlanmış mehrab, həcmli kütlələrinin sərtliyi və tektonilliyi ilə fərqlənən ibadət zalının daxili interyerini zənginləşdirir. Məscidə əlavə tikilmiş yeni hissə planlaşdırılma sxeminin vəhdətini pozmur, əksinə ibadət zalının rahatlıq imkanlarını genişləndirərək, qübbəli, taclı və çatma formalı künbəzi daxili məkanın formalaşmış memarlıq mühitini təkrarlayaraq, onun kompozisiya strukturuna ayrılmaz surətdə daxil olur. Burada avropasayağı memarlıq üsullarını ifadə edən yeni formalar tətbiq olunub. Daha qabarıq şəkildə bu öz əksini fasadın quruluşunda tapıb.[18] 82
Dördbucaqlı qala
XII əsr Bakı şəhərində müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini daha asanlaşdırmaq üçün möhtəşəm bürclər də qala divarının ayrılmaz hissəsi kimi inşa olunmuşdur. Orta əsr müəlliflərinin yazdığına görə Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində yerləşən bir dördkünc qala tipli bürcü var idi. Orta əsrlərdə, istər dinclik dövründə, istərsə də müharibə şəraitində bu qaladan silah anbarı (cəbhəxana) kimi istifadə olunmuşdur. Qala-bürcün tikilməsi əsasən iki məqsəd daşıyırdı. Qala divarlarının görüntüsünün möhtəşəmliyini artıraraq Bakının şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək üçün ərazini nəzarətdə saxlamaq və qapalı, geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək. Bu dördkünc qalanı donjon[q 6] da adlandırırlar.[19] 75
Cümə məscidi
1899 Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb:

"709-cu ilin rəcəb ayında[q 7] Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir".[20]

1899-cu ildə Bakı milyonçusu, xeyriyyəçi, Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədi ilə Came məscidinin qalıqlarının yerində tamamilə yeni məscid olan Cümə məscidini tikdirmişdir.[21]

89
Bazar meydanı
Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır. Onun hündürlüyü 1,31 m, qalınlığı isə 48 sm-dir. Tapılan maddi-mədəniyyət abidələri və qəbirlər, buranın müqəddəs ziyarətgah olması barədə arxeoloqların fikirlərinin reallığını bir daha təsdiq edir.[22] 93
Təkiyə
XIII əsr XIII əsrdə inşa olunmuş təkiyə (dərvişlərin ibadət etdiyi yer) əsasən məhəllə məscidi kimi fəaliyyət göstərmişdir. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı, binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır.[23] 74
Ovdan
Ovdan portal şəklində tərtib olunub, oradan anbara çox saylı pilləkən gedir. Ovdanla hamam arasında əlaqənin olduğu yan vestibüldən görünür. Ovdan 1954-cü ildə Şirvanşahlar saray kompleksində təmir-bərpa işləri aparılarkən təsadüfən aşkar edilmişdir. Ovdana su, kəhrizlər vasitəsilə şəhərin dağlıq hissəsindən verilirmiş. Ovdan 500 min litr su tuturdu.[24] 484
Bakı xan sarayı
XVII-XVIII əsrlər Bu saray kompleksi, İçərişəhərin Şamaxı darvazasına yaxın, sağ tərəfdəki binaların yerində olmuş və dövrümüzə qədər qalmamışdır. Axrıncı Bakı xanı Hüseynqulu xanın sarayından, Əbdürrəlim bəy və Mehdiqulu bəyin evlərindən ibarət olan bu kompleks yeddi qapalı həyətin ətrafında düzülmüş yüzdən çox otaqdan ibarət idi. Kompleksin əsasını təşkil edən Xan sarayının böyük həyətində meyvə bağı və bağın ortasında hovuz olmuşdur. Saray və bəylərin evi əsasən ikimərtəbəli olub, memarlıq xüsusiyyətinə görə bir çox Azərbaycan evlərinin xüsusiyyətlərini əks etdirmişdir. Eyvanlar, şəbəkəli pəncərələr, balaxana kimi memarlıq elementləri bu qəbildəndir. Eyni zamanada yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti Şirvanşahlar sarayının planını xatırladır. Kompleksin inşaat tarixi haqqında əlimizdə qalan plan və fasadlarda məlumat yoxdur. Xan sarayının XVII əsrin sonu, XVIII əsrin əvvəllərində tikildiyi güman edilir. 69
70
71
73
Su kəməri və kanalizasiya
1924-cü ildə arxeoloq Sısoyevin başçılığı altında aparılmış arxeoloji qazıntılar nəticəsində bu kəmərin Qız qalasından bir neçə metr şimal tərəfdə keçdiyi müəyyənləşmişdir.

1964-cü ildə Sıratağlı qədim abidənin həyətində Ö.İsmizadə və F.İbrahimovun başçılığı altında aparılan arxeoloji qazıntı və kəşfiyyat zamanı, eləcə də torpaq təmizlənməsi zamanı tüng (saxsı) borulardan səliqə ilə çəkilmiş yeraltı memarlıq tikilisi aşkar olunmuşdur.

486
Baba Kuhi Bakuvi məscidi
VIII-IX əsrlər 1990–1993-cü illər Qız qalasının ətrafındakı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə arxeoloq F.İbrahimov tərəfindən qazıntı işləri aparılmış və qalanın şimalında IX əsrə aid edilən məscid aşkar olunmuşdur.

Bu ərazidə 1998-ci ildə aparılan qısamüddətli arxeoloji qazıntılar 2 otağın da varlığını aşkar etmişdir. Bunlardan böyük otağın döşəməsində qazıntı davam edilən zaman qərb divarının cənub-qərb küncünə yaxın hissədə üstü tağ formalı taxca içərisində yerləşdirilmiş mehrab aşkar olundu.[25]

548
Bəylər məscidi
1895 Məscid İçəri şəhərdə Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşir. 1895-ci ildə tikilib. Məscidin inşasında Məhəmməd Haşim Əl-Bakuinin oğulları Hacı-baba və Hacı Cavad, eləcə də məşhur milyonçu Ağa-Murtuza Muxtarov, xəttat İbrahim Şirvani, Mir Əli ən-Nağı, Mir Tağı, usta-memar Seyid Hüseyn də iştirak etmişdilər. Daha qədim məscidin yerində inşa olunmuş, özündə Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsiplərini birləşdirir.[26] 2373
Ağa Zeynal hamamı
XIX əsrin II yarısı XIX əsrin II yarısında hamamın sifarişçisi və sahibi Ağa Zeynal tərəfindən tikilmişdir. Hacı Ağa Zeynal Bakı milyonçusu Ramazanovun babasıdır. Hamam yaşayış tikililərinin sisteminə daxil olub ondan seçilmir. Binanın daxili məkanı ənənəvi üslublara sadiq qalaraq soyunma və yuyunma otaqlarından, xəzinə (qaynar və soyuq su anbarı) və odluq kamerasından ibarət olan əsas bölmələrə ayrılmışdı. Ağa Zeynal hamamı XIX əsrin II yarısına aid mülki memarlıq abidəsidir. 2476
Cin məscidi
XIV əsr Məscid Şirvanşahlar saray kompleksinə daxil olub Şərq darvazasının aşağı hissəsində yerləşir. Fasad üzərində epiqrafik yazı yoxdur. XIV əsrdə inşa olunduğu və adını Qurani Kərimdəki Cin surəsindən aldığı ehtimal edilir. Məhəllə məscidi rolunu oynamışdır. Planda uzadılmış dördbucaq şəkildə olan bu bina, çatma formalı daş qübbə ilə örtülmüş birkameralı ibadət zalını təşkil edir. Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdi. Əsas fasadı assimetrik olan məscidin sərt, iri həcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanır. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi, fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilmişdir. Məscidin portalı klassik formaya malikdir.[27] 67
Hacı Heybət məscidi
1791 Hicri tarixi ilə 1206-cı ildə (1791-ci il) memar Hacı Heybət Əmirəli oğlu tərəfindən tikilmişdir.

Kiçik olub yaşayış məhəllələrinin cərgəsinə daxildir. Planda dördbucaq şəklindədi. Kvadrat formalı vestibüldən, xidməti otaqdan və taxçalı ibadət zalından ibarətdir. Məscidin memarlıq-konstruktiv quruluşu yerli üslubların sarsılmazlığını qoruyaraq və onlara sadiq qalaraq daş qübbələrdən və çatma formalı tağlardan ibarətdir. Sadə ifadə olunmuş taclı giriş və "Quran" məzmunlu, eləcə də memar haqqında məlumat verən epiqrafik yazı məscidin yüksək dəyərini göstərir. İbadət zalının interyerində, künclərin birində memarın və onun həyat yoldaşının məzarı yerləşir.[28]

2167
Mirzə Əhməd məscidi
1345 1345-ci ildə Hacı Mirzə Əhməd tərəfindən tikilmişdir.

Məscid kiçik olub yaşayış məhəllələrinin cərgəsinə daxildir. Planda dördbucaq şəklindədir. Kvadrat formalı vestibüldən, xidməti otaqdan və taxçalı ibadət zalından ibarətdir. Məscidin memarlıq-konstruktiv quruluşu yerli daş qübbələrdən və çatma formalı tağlardan ibarətdir. Məscidin giriş qapısı yerləşən divarının mərkəzində "Quran" məzmunlu, eləcə də memar haqqında məlumat verən epiqrafik yazı məscidin yüksək dəyərini göstərir. Məscidin tavanı və yan yardımçı otağı uçulmuşdur. Məscidin qədim məbəd üzərində inşa olunduğu ehtimal olunur. Hal-hazırda abidə fəaliyyət göstərmir və ziyarətə bağlıdır.[29]

2182
Hacı Qayıb məscidi
1898 2353
Müqəddəs Varfolomey kilsəsinin qalıqları
1892 Müqəddəs Varfolomey kilsəsi 1892-ci ildə yerli xristian əhalinin bəxşişləri hesabına Həvari Varfolomeyin şəhid edildiyinə inanılan yerdə inşa edilmişdir. Kiçik kapella formalı ortodoks kilsəsinin interyerini Varfolomey və digər müqəddəslərin ikonaları bəzəyirdi.[30] Kilsə memar İ. V. Edelin layihəsi əsasında rus kilsələrinin memarlıq üslubunda inşa edilmişdi. Kilsə Bakının ilk və ən qədim kilsəsinin özülləri üzərində inşa edilmişdi. İnanca görə, Qız qalası yaxınlığında yerləşən bu ərazidə b.e. 71-ci ilində Həvari Varfolomey yerli bütpərəstlər tərəfindən çarmıxa çəkilərək öldürülmüşdür.[31][32][33] Kilsə 1936-cı ilə kimi fəaliyyətini davam etdirmiş, daha sonra isə dinlə mübarizə kompaniyası çərçivəsində sökülmüşdür. Müasir dövrdə Müqəddəs Varfolomeyin anım günü olan 24 iyun səhəri Bakı yeparxiyası kilsənin qalıqları olan yerdə moleben həyata keçirir.[34] 2003-cü ildə Konstantinopol patriarxı Vorfolomey Müqəddəs Varfolomeyin qalıqlarının bir hissəsini Azərbaycan xristianlarına hədiyyə olaraq Bakıya gətirmişdir və həmin qalıqlar indi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında saxanılır.[35] Müqəddəs Varfolomey kilsəsinin qalıqları 2015-ci ildə arxeoloji abidə kimi qeydə alınmışdır.[36]
Müqəddəs Nikolay kilsəsinin qalıqları
1850–1858 Qala divarları daxilində, Şamaxı qapısının yanında, hərbi qaupvaxtın qarşısında yerləşən bu kilsənin inşasına 1850-ci ilin 18 mart tarixində başlanılmışdır. Gürcü-Bizans stilində tikilmiş kilsənin memarı Belov idi. Kilsəni iki Trabzonlu yunan Semyon Qiter və Xarlampiy Polistov inşa edir. Hündürlüyü 45 metr olan kilsənin inşası 1858-ci ildə bitir. Kilsəyə gürcü ekzarxı arxiyepiskop İsidorun təşəbbüsü və təkidi ilə e.ə. Likiya dövlətinin Mira şəhərində yaşamış arxeyepiskop müqəddəs Nikolaus Mirlikiyskinin (260–243) adı verilmişdi. Ona Avropada "Santa Klaus", Rusiyada isə "Şaxta baba" deyirlər. Türkiyənin Antalya şəhəri yaxınlığındakı qədim Mira adlı qəsəbədə hal-hazırda da arxeyepiskop müqəddəs Nikolausun ev muzeyi və kilsəsi var. 1930-cu illərdə kilsə qismən sökülmüş onun yalnız aşağı hissəsi qalmışdır.[37]
Zəncirli bina
XX əsrin əvvəlləri XX əsrin əvvəllərində inşa edilmiş, 1920-ci ildə tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır.

Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçərişəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Hazırda binada AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiya və Etnoqrafiya Muzeyi fəaliyyət göstərir.

Müqəddəs Varvara kilsəsi
[38]
1797 və ya 1799

Qeyd: Aşağıdakı siyahıda yalnız yerli əhəmiyyətli abidələr verilmişdir

  • "Yerli Əhəmiyyətli Abidələr" (az.)). icherisheher.gov.az. 2015-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
  1. H.Q. 1320 = M. 10 aprel 1902–29 mart 1903
  2. H.Q. 777 = M. 2 iyun 1375–20 may 1376
  3. H.Q. 1186 = M. 4 aprel 1772–23 fevral 1773
  4. H.Q. 567 = M. 4 sentyabr 1171–22 avqust 1172
  5. H.Q. 818 = M. 13 mart 1415–29 fevral 1416
  6. fr. donjon = azərb. müdafiə qalası
  7. H.Q. Rəcəb 709 = M. 12 dekabr 1309–9 yanvar 1310
  1. "World Heritage List". 2017-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-25.
  2. "АЗЕРБАЙДЖАН IV–VIII векoв" Л. С. Бретаницкий, Б.В. Веймарн Издательство "ИСКУССТВО ", Москва, 1976
  3. "Molla Əhməd məscidi" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  4. "HACI BANİ MƏSCİDİ" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  5. "AĞA MİKAYIL HAMAMI" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  6. "KİÇİK KARVANSARAY" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  7. "HACI BANİ HAMAMI" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  8. "İKİMƏRTƏBƏLİ KARVANSARAY" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  9. "XANLAR MƏSCİDİ" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  10. "QASIM BƏY HAMAMI" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  11. "MƏDRƏSƏ MƏSCİD" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  12. "BUXARA KARVANSARAYI" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  13. "MULTANI KARVANSARAYI" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  14. 1 2 "AŞUR MƏSCİDİ" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  15. "ŞEYX İBRAHİM MƏSCİDİ" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  16. 1 2 "MƏSCİD" (az.)). icherisheher.gov.az. 2015-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
  17. "XIDIR MƏSCİDİ" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  18. "GİLEYLİ MƏSCİDİ" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  19. "DÖRDBUCAQLI QALA" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  20. "CÜMƏ MƏSCİDİ VƏ MİNARƏ" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  21. "2008-ci ildəki təmirdən sonra məscid üzərinə qoyulmuş müasir daş kitabə". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  22. "BAZAR MEYDANI (Sıratağlı dini-memarlıq kompleksi)" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  23. "TƏKİYƏ" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  24. "ŞİRVANŞAHLAR SARAYI KOMPLEKSİ" (az.)). icherisheher.gov.az. 2009-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  25. "MƏSCİD VƏ MƏSCİD HƏYƏTİ-İBADƏT YERİ" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  26. "Bəylər məscidi. icherisheher.gov.az". 2018-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  27. "CİN MƏSCİDİ" (az.)). icherisheher.gov.az. 2018-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  28. "HACI HEYBƏT MƏSCİDİ" (az.)). icherisheher.gov.az. 2015-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-21.
  29. "Mirzə Əhməd məscidi" (az.)). scwra.gov.az. 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  30. Часовня святого апостола Варфоломея (Баку) Arxivləşdirilib 2015-01-03 at the Wayback Machine, ourbaku.com, İstifadə tarixi:26 iyun 2015
  31. История одного праздника Arxivləşdirilib 2008-12-05 at the Wayback Machine, Rus Pravoslav Kilsəsi Bakı yeparxiyasının rəsmi saytı, İstifadə tarixi: 26 iyun 2015
  32. Житие и страдания святого апостола Варфоломея Arxivləşdirilib 2009-04-05 at the Wayback Machine, Церковный научный центр "Православная Энциклопедия", 13 мая 2008, İstifadə tarixi: 26 iyun 2015
  33. Проповедь Святого Апостола Варфоломея Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine, Alban-Udin Cəmiyyətinin rəsmi saytı, İstifadə tarixi: 26 iyun 2015
  34. В БАКУ ПОЧТИЛИ ПАМЯТЬ АПОСТОЛА ВАРФОЛОМЕЯ Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, vesti.az, 27 Июня 2009, İstifadə tarixi: 26 iyun 2015
  35. Тамара Гумбатова — ПРАВОСЛАВНЫЕ СЧИТАЮТ СВЯТОГО АПОСТОЛА ВАРФОЛОМЕЯ ПОКРОВИТЕЛЕМ БАКУ Arxivləşdirilib 2015-01-03 at the Wayback Machine, mediaforum.az, 2007–07-02, İstifadə tarixi: 26 iyun 2015
  36. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu"nda qeydə alınan arxeoloji abidələrin sayı 17-ə çatıb[ölü keçid], APA, 04 May 2015, İStifadə tarixi:26 iyun 2015
  37. "Müqəddəs Nikolay kilsəsi. icherisheher.gov.az". 2018-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-27.
  38. "Армянская церковь Сурб Аствацацин (Баку)". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]