Şirvanşahlar sarayı — Vikipediya
Şirvanşahlar sarayı | |
---|---|
40°21′58″ şm. e. 49°50′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Qala döngəsi 76 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIII-XVI əsrlər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi[1] |
Vəziyyəti | muzey |
Rəsmi sayt | shirvanshahs.az |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
Kateqoriya | Kompleks |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.
Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib.[3] Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib.[4] Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib.
Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar.[5] Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.[5] Müxtəlif dövrlərdə həyata keçirilən tikintilər həm ölçülərin vəhdəti, həm də əsas memarlıq formaları olan kubik şəkilli binalar, günbəzlər və portalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilmişdir.
1964-cü ildə saray kompleksi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyi elan edildi. 2000-ci ildə unikal memarlıq və mədəniyyət kompleksi Bakı şəhərinin qala divarları ilə əhatə edilmiş tarixi hissəsi — İçərişəhər və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edildi. 2001-ci ildə Şirvanşahlar sarayı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alındı. Müasir dövrdə Şirvanşahlar sarayı Azərbaycan memarlığının incisi hesab edilir.[6]
Sarayın yeri
[redaktə | vikimətni redaktə et]Sarayın binası Bakıdakı təpənin ən yuxarı hissəsində, Bakının "Qala" adlandırılan ən qədim hissəsində yerləşir. Hal-hazırda o, qədim şəhər divarları ilə əhatə edilib. Saray kompleksinin yerləşdiyi ərazi kiçikdir, təqribən bir hektar sahə tutur. [7] Sarayın yanında yerləşən tikililər sarayla birbaşa əlaqədardır. Sarayla birlikdə bu tikililər bütöv bir kompleksi təşkil edir. Kompleksə daxil olan tikililər minarəsi ilə Şah məscidi, onun yanında Şirvanşahlar türbəsi, Divanxana (şimal tərəfdən saraya bitişikdir) və Seyid Yəhya Bakuvinin türbəsidir ("Dərviş türbəsi" kimi də tanınan bu türbə sarayın cənubunda yerləşir). Əvvəllər türbənin yaxınlığında qədim məscid var idi. İndi isə onun yalnız qalıqları qalıb. Saray kompleksi tikililəri yaxınlığında həmçinin saray hamamı və ovdan yerləşir. Onlar Şirvanşahlar türbəsinin qərbində yerləşir.
Kompleks təpənin yuxarı hissəsində olduğuna görə qədim şəhərdə üstün coğrafi mövqeyi var və uzaqdan nəzərə çarpır. Bakının orta əsrlərə aid binaları arasında o, memarlığın ağırlığına, tikilmə üsullarına və əzəmətinə görə fərqlənir.[8] Keçmişdə saray bürcləri olan divarla əhatə edilmişdi və beləliklə, Bakı qalasının daxili istehkamı kimi istifadə edilirdi. Baxmayaraq ki, hal-hazırda bu divarın heç biri izi qalmayıb, ancaq XX əsrin 20-ci illərində sarayın şimal-şərq hissəsində bürcün təməllərini və divarın əlaqədar hissəsini görmək olurdu.[8]
Sarayın tarixi
[redaktə | vikimətni redaktə et]Şirvanşahlar dövründə
[redaktə | vikimətni redaktə et]1192-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra Şirvanşah I Axsitan (1160–1197) öz iqamətgahını Şamaxıdan Bakıya köçürdü.[9] XV əsrdə Bakı şəhərinin iqtisadi və siyasi yüksəlişi ilə Şirvanşah I Xəlilullah (1417–1465) da eyni addımı atmışdır.[10] Sara Aşurbəylinin fikrincə Şirvanşahlar sarayının tikintisi I Xəlilullahın atası Şirvanşah I İbrahimin dövründə (1382–1417) başlamışdır.[11] 1412-ci ildə Qaraqoyunlular dövlətinin hökmdarı Qara Yusif (1410–1420) Çalağan döyüşündə I İbrahimi əsir aldıqdan sonra ondan sarayda saxlanılan qızıl və cavahiratı tələb etməsi haqqında məlumat mövcuddur.[12] Şirvanşahlar sarayına daxil olan tikililərin bir hissəsi isə I Xəlilullahın dövründə tikilmişdir.[10] Kompleks öz vaxtında əhəmiyyətli dərəcədə böyük ərazini əhatə edirdi. Bu ərazidə saray qulluqçuları və xidmət üçün evlər yerləşirdi.[13] Qaraqoyunlular dövlətinin hökmdarı Qara İsgəndərin (1421–1435) Şirvana basqınları dövründə Bədr Şirvani də Bakıya köçərək Şirvanşahın sarayında yaşamışdır.[14]
XIV əsrin sonlarında tikilmiş sarayın mərkəzi hissəsi və Keyqubad məscidi kompleksin erkən dövrdə tikilmiş binalarıdır.[15] Şirvanşah I Keyqubad (1317–1348) böyük ehtimalla Bakıda yaşamış və Keyqubad məscidi də onun adı ilə adlandırılmışdır.[12] Saray binasına aid heç bir kitabə dövrümüzə çatmamışdır. Ona görə də onun tikilmə ili saray kompleksinə daxil olan memarlıq abidələrindəki yazılarda olan tarixlərə uyğun olaraq təyin edilir. Belə iki yazı yalnız Şirvanşahlar türbəsində və Şah məscidinin minarəsində tamamilə qorunub saxlanılıb. Hər iki yazı tikililərin ucaldılmasını əmr edən I Xəlilullahın adını çəkir. Tikinti illəri olaraq da bunlar qeyd edilir: türbədə hicri ilə 839 (1435–1436), Şah məscidinin minarəsində 845 (1441–1442).[4]
Türbə, saray və məscid eyni materialdan istifadə edilərək tikilib, yonulma və tikilmələri də eyni cürdür. V. N. Leviatov belə nəticəyə gəlir ki, saray binası və tikililər təqribən eyni vaxtda meydana gəlib və hətta saray onlardan bir az əvvəl, XV əsrin ilk onilliklərində qurulub.[4]
Daha sonra hamam və ovdan tikilib. XV əsrin ikinci yarısında Seyid Yəhya Bakuvinin türbəsi, Şirvanşah I Fərrux Yasarın dövründə (1501-ci ilə qədər) isə Divanxana və qərb fasadına bitişik əlavə bina tikilib.[15]
Səfəvi-Osmanlı dövründə
[redaktə | vikimətni redaktə et]Saray binası haqqında 1501-ci ilə qədərki dövrə aid məlumat aşkar edilməyib. Fars salnamələrindən biri deyir ki, 1501-ci ildə I Xəlilullahın oğlu Şirvanşah I Fərrux Yasarın ordusu Səfəvilər sülaləsindən olan Şah I İsmayıl tərəfindən məğlubiyyətə uğradılır. Döyüşdə Şirvanşah Fərrux Yasar həlak olur; I İsmayılın ordusu Bakıya hərəkət edir, onu mühasirəyə alır və bir neçə hücumdan sonra şəhəri ələ keçirir. Sonra, salnaməyə görə, Şah İsmayılın əmri ilə Şirvanşahın hündür binası dağıdılır. Bu ifadənin Şirvanşahın sarayının dağıdılması mənasına gəldiyi fikirləşilir. Amma V. N. Leviatov qeyd edir ki, orta əsrlər salnamə ruhuna uyğun olaraq, bu ifadə Şirvanşahların hakimiyyətinin və ali hakimiyyət hüquqlarının məhv edildiyi mənasına gəlir. Mümkündür ki, Bakının Səfəvilər tərəfindən alındığı və Şah I İsmayılın ordusunun orada ağalıq etdiyi vaxtda saray qarət edilib və ehtimal ki, qismən dağıdılıb. Bakının alınmasından bir müddət sonra isə Bakı şəhərini və bütün ətrafını, həmçinin Şirvanı Səfəvilər dövlətinin təyin etdiyi canişinlər idarə edirdi. XVI əsrin ilk yarısında sarayda kimin yaşadığı və hansı şəkildə yaşadığı haqqında məlumat yoxdur.[16] Şirvan canişini Hüseyn bəy Şamlının öz yerinə təyin etdiyi cilovdarı Şahgəldi ağa Şirvanşahlar sarayına çox yaxın məhəllələrdən birində yaşamışdır və həmin məhəllə indiki dövrə qədər Şahgəldi ağanın adı ilə adlandırılmışdır.[17]
XVI əsrin ikinci yarısında Səfəvilər və Osmanlı imperiyası arasında müharibə gedirdi. Bu müharibə dövründə, 1578-ci ildə türklər Bakını ələ keçirir. Hal-hazırda Osmanlılar imperiyasının vaxtından saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Murad darvazası qalıb. Darvazanın portalında yerləşdirilən yazıdan aydın olur ki, onlar Osmanlı sultanı III Muradın dövründə (1574–1595) tikilib. Ədəbiyyatda qeyd edilir ki, bu dövrdə sarayda türk paşaları yaşayırdı.[18] Bunun sübutu da Murad darvazasıdır.[19]
XVII əsrdə saray boş idi və orada heç bir hökumət adamı yaşamırdı. Monastırın baş keşişi və İsfahan missiyasının nümayəndəsi kapuçin Pater Rafael dyu Man 1660-cı ildə öz əsərində Bakı qalasındakı Şirvanşahlar sarayını təsvir edir və onun dağılmasından və boşalmasından bəhs edir.[20] 1723-cü ildə Bakı şəhəri I Pyotrun ordusu tərəfindən mühasirə olundu və top atəşinə məruz qaldı. Bununla əlaqədar olaraq sarayın cənub-şərqi fasadı ziyan gördü. XIX əsrin ortalarında saray Rusiya imperiyasının Hərbi Nazirliyinə təhvil verilməzdən qabaq xaraba vəziyyətdə idi.[19]
Bakı xanları Şirvanşahlar sarayında yaşamırdılar. Sarayın xaraba şəklində olması və Övliya Çələbinin Bakı qalasının təsvirində saraydan bəhs etməməsi buna sübutdur.[21]
Rusiya imperiyası dövründə
[redaktə | vikimətni redaktə et]Rusiya hərbi nazirliyi sarayı qismən təmir etdi. Eyni zamanda saray binalarının hərbi təchizat anbarları kimi düzəldilməsi üçün böyük yenidən qurma işləri həyata keçirildi. Hərbi nazirlik tərəfindən icra edilən təmir işləri dağılmış hissələrin bərpası ilə birlikdə sarayın restavrasiyası üçün önəmli olan bir sıra detalların məhvinə səbəb oldu.[19]
Saray binasını anbara uyğunlaşdırarkən hərbi nazirlik birinci və ikinci mərtəbədəki otaqları ayıran bir neçə divarı dağıtdı və ikinci mərtəbədə onların yerinə dam örtüyünü dəstəkləyən qövs şəkilli tağ qoydu. İkinci mərtəbənin bütün otaqlarındakı günbəz, çatma və xaç şəklində olan taxtapuşların qalıqları dağıdıldı; onlar düz, tirdən düzəldilmiş taxtapuşlarla əvəz edildi. Birinci mərtəbədəki pəncərə yerləri (iki cərgəli pəncərə) elə tutuldu ki, yalnız kiçik pəncərə qaldı. Birinci və ikinci mərtəbədə yeni geniş qapı yerləri açıldı.[19]
Bu dövrdə Bakıdakı Rus Pravoslav Kilsəsi yerində Bakı kafedralı tikmək üçün sarayın sökülməsinə nail olmağa çalışdı. Ancaq bu xahiş çar hökuməti orqanları tərəfindən o səbəbə görə rədd edildi ki, saray otaqları böyük anbarlar kimi istifadə edilir.[22][23]
Sarayın şimal fasadının ikinci mərtəbəsinə girəcək düzəldilib, divarda isə oyuq açılıb. Bu ona görə edilib ki, atlara qoşulmuş araba küçədən düz sarayın ikinci mərtəbəsinə girsin. Bu yenidən qurmalarla rus hərbi nazirliyi tarixi abidə kimi saraya böyük ziyan vurdu. Hərbi nazirlik sarayın şərq fasadına pilləkən əlavə etdi, cənub (və ya aşağı) həyəti isə mağzalları olan daş divarla əhatə edildi. Bu divar sarayı əhatə edən köhnə divardan qalan fundamentdən qurulmuşdu.[24]
Saray kompleksi hal-hazırda isə XIX əsrin ilk yarısında tikilmiş qala divarları əhatə edilib.[13]
Müasir Azərbaycan dövründə
[redaktə | vikimətni redaktə et]Şah məscidi və Şirvanşahlar saray binasında soyqırım hadisələrinin izləri |
1918-ci il 31 mart soyqırımı zamanı Şirvanşahlar sarayı ziyan gördü. Ermənilərin atdığı top mərmiləri Şah məscidinin minarəsini zədələdi.[25]
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) memarlıq abidələrinin tədqiqi və qeydə alınması üçün bir çox tədbirlər həyata keçirildi. 1918-ci ilin sonlarında memar-texnik İsmayıl bəy Nəbioğlu tərəfindən Şirvanşahlar sarayının ölçmə çertyojları həyata keçirildi. M. Ə. Əliyevə görə bu çertyojlar yüksək keyfiyyətlidir, öz dövrünə görə yaxşı düzəldilib, hətta akademik A. M. Pavlinovun işindən daha yaxşıdır. 1920-ci ilin əvvəllərində Müsəlman Şərqinin tədqiqi cəmiyyətində İsmayıl bəy Nəbioğlu sarayın taleyi haqqında mühazirələr oxudu. Dövr mətbuatı məruzənin saray haqqında müxtəlif şəkillər və çertyojlar təsvir etdiyini qeyd edir. Məruzə və müzakirədən sonra cəmiyyətin rəyasət heyəti seçildi. Cəmiyyət rəyasət heyətinə yaxın gələcəkdə saraya ekskursiya təşkil etməyi həvalə etdi. M. Ə. Əliyev qeyd edir ki, bu faktiki olaraq, Azərbaycan xalqının öz tarixi-memarlıq irsinin tədqiqi üçün ilk ümumi müraciəti idi.[23]
1920-ci ildə Azərbaycan SSR hakimiyyəti sarayın qorunması üçün ölçü götürməyə başladı. Bu işin iştirakçılarından biri yazırdı:
1920-ci ildən arxeoloji axtarışlarla birlikdə sarayın yüzillik çirk təbəqələrindən təmizlənməsi və natamam təmiri başladı.[26] |
1924-cü ildə də bu işlər davam etdirilirdi. 1932–1934-cü illərdə Azərbaycan abidələrin qorunması mərkəzi idarəsi Moskva dövlət restavrasiya emalatxanaları ilə birlikdə Boris Zasipkinin layihəsi əsasında böyük təmir-restavrasiya işləri apardı. Daha sonra Şirvanşahların köhnə sarayı Azərbaycan Tarix Muzeyinə verildi. Gil döşəmələr davamsız olduğuna və saray binası muzey olaraq təşkil edilmək istənildiyinə görə təmir-restavrasiya işləri zamanı döşəmə parketlə örtülmüşdü. Həmçinin, bu iş zamanı pəncərə yerlərindən XIX əsrdə qoyulmuş daşlar götürüldü və saray əvvəlki vəziyyətinə qayıtdı. İkinci mərtəbənin ilkin planı bərpa edilmədi. Çünki orada muzey yerləşəcəkdi: indi orada iki zal var, ilk tikiləndə isə 8 otaq var idi. Birinci mərtəbənin planı tamamilə bərpa edildi. Burada həmçinin qədim tavan qorunub saxlandı.[27]
1937–1938-ci illərdə arxeoloq V. N. Leviatovun rəhbərliyi ilə sarayda arxeoloji qazıntılar aparıldı və XII–XV əsrlərə aid bir çox nümunələr tapıldı. 1945-ci ildə saray ansamblının ərazisində V. N. Leviatov tərəfindən həyata keçirilən arxeoloji qazıntılar zamanı mövcud abidələrin binövrələrinin çox dərinində bir zamanlar sıx məskunlaşmanın olduğu yaşayış məskəni tapıldı. Keramika məmulatlarının fraqmentləri və sikkələr yaşayış məskəninin VIII–IX əsrlərə aid olduğunu göstərir.[28]
Müəyyən bir müddət ərzində saray Azərbaycan milli muzeyi və Din tarixi muzeyi binası kimi istifadə edildi.[29] 1960-cı ildə saray memarlıq qoruğuna, 1964-cü ildə "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyinə çevrildi.[30]
1992-ci ilə yeni restavrasiya işi başladı. Saray kompleksinin restavrasiyası işinin müəllifi Niyazi Rzayev idi. İşə taxt-tac zalı ilə başlandı.[31]
2000-ci ildə YUNESCO Dünya irsi komitəsinin 24-cü sessiyasında Bakı şəhərinin tarixi hissəsi İçərişəhər sarayla birlikdə Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi obyekti elan edildi. Bu, Azərbaycandan YUNESCO-nun siyahısına daxil olan ilk obyekt idi. Şirvanşahlar sarayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alındı. Müasir dövrdə Şirvanşahlar sarayı Azərbaycan memarlığının incisi hesab edilir.[6]
2006-cı ildə sarayın növbəti restavrasiyası tamamlandı.[32] 2015-ci il Avropa oyunlarının Olimpiya məşəlinin estafeti zamanı məşəl Şirvanşahlar Sarayına da gətirildi.
Planı
[redaktə | vikimətni redaktə et]Saray kompleksi
[redaktə | vikimətni redaktə et]
|
Qeyd: Sarayın təqdim edilən planının müəllifi V. N. Leviatovdur.[33]
Saray binası
[redaktə | vikimətni redaktə et]
|
Qeyd: Həmçinin müxtəlif rəng çalarları ilə sarayın müxtəlif dövrlərdə (XII əsr, XIV–XV əsrlərin qovşağı və XV əsrin əvvəlləri) tikilmiş hissələri fərqləndirilmişdir.[34]
Kompleksə daxil olan tikililər
[redaktə | vikimətni redaktə et]Saray binası
[redaktə | vikimətni redaktə et]Saray binasının hissələri eyni vaxtda ortaya çıxmayıb.[10] Ən köhnə tikili (böyük ehtimalla XIV əsrin sonlarına aid) mərkəzi hissədə (ikinci mərtəbənin səkkizbucaqlı zalı) yerləşir. Qərb fasadına bitişik hissə bir az sonra əlavə edilib. Planında saray qarışıq fiqur təqdim edir. Qərb, şimal və şərq fasadının kiçik hissəsi yarımçıq düzbucaqlı dördbucaq əmələ gətirir; şərq fasadının qalan hissəsi və cənub fasadı iki üçüzlü fonardan təşkil edilib, onların arasındakı qırıq xətlər dörd düz bucaq əmələ gətirir.[35]
Saray binası qurulduğu dövrdən bəri 52 otağı üç dar dolama pilləkənlə birləşdirir: ilk mərtəbə 27, ikinci mərtəbədə 25 otaq[35] (hal-hazırda ikinci mərtəbədə 16 otaq var)[29] və ikinci mərtəbənin planlaşdırılması əsas etibarilə birinci mərtəbənin planını təkrar edir. Sarayın mərkəzi hissəsi (ikinci mərtəbənin səkkizbucaqlı zalı, portalla bəzədilmiş giriş) daha qalın divarları var. Qərb fasadında yerləşən əsas giriş hündür portalla bəzədilib. Portalın pilləkəni günbəzlə örtülmüş, hündür səkkizbucaqlı təmtəraqlı zala aparır.[36] Güman edilir ki, bu zal qəbullar üçün istifadə edilirdi. Onun arxasında kiçik səkkizbucaqlı dəhliz yerləşir. Bu dəhliz zalı digər otaqlarla əlaqələndirir. Kənarlarda yarığabənzər dəliklər aşağı mərtəbə ilə əlaqəni təmin edir, harada ki, xidmət otaqları yerləşir. İkinci mərtəbənin zalları və otaqları daha təmtəraqlıdır. Burada pəncərələrindən Bakı körfəzinin mənzərəsi görünən cənub və şərq fasadları diqqət çəkir.[37] İkinci mərtəbədə həmçinin şah və onun ailəsi üçün otaqlar var.[29]
Sarayın böyük daş müstəvilərinin səthi rəng, en və faktura ilə, həmçinin kiçik işıq oyuqlarındakı daş qəfəslər — şəbəkə torları ilə xarakterizə edilən hörgü sıralarının növbələşməsi ilə formalaşıb.[37]
- Saray binasının qərb fasadı
- Saray daxilində portal
- Birinci mərtəbənin şərq zalı
- Birinci mərtəbənin kiçik zalı
- İkinci mərtəbənin Taxt zalı
- İkinci mərtəbənin cənub zalı
Divanxana
[redaktə | vikimətni redaktə et]Saray bağının şimal hissəsində yerləşən kiçik qapı yeri bağlı saray divanxanasına aparır. Bu tikili üç tərəfdən çatma arkada ilə əhatə edilib. Divanxananın kompozisiya mərkəzində hündür stilobatda səkkizüzlü rotonda-pavilyon[şərh 1] dayanır. Bu rotondanın zalı eyni orderin açıq arkadası ilə əhatə edilib. Azacıq sivri təpəsi olan elliptik örtük bayır tərəfdən yonulmuş daş günbəzlə qorunur. Rotondanın qərb fasadı arabeskalarla bəzədilmiş[38] portalla fərqlənir (incə şəkildə modelləşdirilmiş stalaktitlər (və ya müqərnəslər) sisteminə əsaslanan kallenür yarımgünbəz çatma konxa). Portal stilobat üzərində yerləşən zalı sərdabə və xidmət otaqları ilə əlaqələndirən zala aparır.[39]
Divanxananın işlədilməsi ilə bağlı bir neçə versiya mövcuddur. Hesab edilir ki, o, mühakimələr[40], qəbullar və ya dövlət şurası binası[41] olaraq xidmət edirdi və ya türbə idi.[42] Abidənin hal-hazırkı adı ən çox yayılmış nəzəriyyənin əsasını təşkil edir. Buna görə güman edilir ki, o, elə divanxanadır və ya sarayın qəbul otağıdır və ya hansısa "buyuruq" otağıdır. Üslub xüsusiyyətləri və naxış işinin tamamlanmamış hissəsi divanxananı XV əsrin sonuna, Səfəvi qoşununun Bakını aldığı vaxta aid etməyə imkan verir. Divanxana planının xüsusiyyətləri, yeraltı sərdabə və zala girişdə həkk edilmiş yazının məzmunu (Quran, 10-cu surə, 26-cı və 27-ci ayələr)[43] onun xatirə yeri olduğunu göstərir.[44] Bretaniski hesab edir ki, Divanxana XV əsrin sonunda, Şirvanşah Fərrux Yasarın dövründə tikilib, dövr hadisələri tikintinin bitməsinə imkan verməyib.[45]
Orijinal memarlıq quruluşunun mənşəyi islamdan əvvəlki dəfn adətləri ilə əlaqələndirilir.[46] Tarixçi Sara Aşurbəyli hesab edir ki, müsəlmanlıqdan əvvəlki dövrdə divanxanananın olduğu ərazi müqəddəs yer olub. O güman edir ki, piyaləyəoxşar çuxurlar öldürülmüş heyvanların qanını saxlamaq üçün istifadə edilirdi.[47]
- Zalın cənub girişi
- Rotondonun qərb fasadında portal
- Kolonada
- Divanxananın qübbəsi
- Divanxananın həyəti
Seyid Yəhya Bakuvinin türbəsi
[redaktə | vikimətni redaktə et]Seyid Yəhya Bakuvinin türbəsi və Konyada Ələddin məscidi həyətindəki türbə |
Saray həyətinin cənubunda, sarayın yaxınlığında XV əsrin ikinci yarısında tikilən və "Dərviş türbəsi" də adlandırılılan Seyid Yəhya türbəsi yerləşir. Burada I Xəlilullahın saray alimi olan və tibb, riyaziyyat və astrologiya ilə məşğul olan Seyid Yəhya Bakuvinin qəbri yerləşir. Türbənin korpusu səkkizbucaqlıdır, üst hissəsi isə piramid şəklindədir.
Türbənin daxili dekorasiyası yeraltı sərdabədən ibarətdir. Burada Bakuvinin qəbri və onun üzərində də kamera yerləşir. Türbənin divarlarında üç kiçik pəncərə var. Bu pəncərələrdə çoxlu ulduzşəkilli oyuqlardan ibarət daş şəbəkələr vardır.[48] Şimal hissəsində yerləşən tağşəkilli qapı yeri türbəni daha qədim məscidlə birləşdirir.[49] Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində Seyid Yəhya haqqında qeyd edir:
Onun haqqında ancaq bu qədər məlumdur ki, adı hicri səkkizinci əsrin ortalarında təriqət böyükləri sırasında çəkilir. Onun fəzilətləri və gözəl xasiyyətləri məşhurdur. Bakı şəhərində ona mənsub olan məscidin yanında sovməəsi, mədrəsəsi və qəbri indi də durur.[50] |
Türbənin mənşəyi formaca Konyanın çadır örtüklü Anadolu səlcuqlu abidələrinə gedib çıxır. Bu tipli türbələr erkən dövrlərdən Azərbaycanda geniş yayılmışdır.[51]
Keyqubad məscidi
[redaktə | vikimətni redaktə et]Əvvəllər Seyid Yəhya Bakuvinin türbəsinə qədim məscid adlandırılan məbəd bitişik idi. Bu məscid Keyqubad məscidi adı ilə məşhurdur, XIV əsrin sonları—XV əsrin əvvəllərində planlaşdırıldığı yerdəki daha qədim binaların dağıdılmasından sonra tikilmişdir.[52] Məscidin üzərini örtən günbəz məscidin içərisində yerləşən dörd daş sütundan dəstək alır. 1918-ci ildə bu qədim məscid yanmışdır.[53] Məscidin şəkli və onun qısa təsviri 1888-ci ildə Bakıya gələn və məscidi görən Andrey Pavlinovun "Материалы по археологии Кавказа" jurnalının 3-cü sayında (Moskva, 1893) çap edilmiş məqaləsində verilmişdir:
Məscidin özü nisbətən genişdir; plandan göründüyü kimi onun günbəzi 4 sütun üzərində yerləşir; günbəzin üzərində durduğu əsas tağlar və ya tağtavanlar çatmadır; günbəzin bünövrəsində xan məscidindəki kimi bır sıra çıxıntılar var və dörd pəncərə ilə işıqlandırılır. Məscidin kitabəsi yoxdur. Məscidin arxa tərəfində demək olar ki, xarabalıq şəklində olan tikililər var; yəqin burada dama pilləkən qoyulurdu...[54] |
XX əsrin 20-ci illərində Y. Paxomovun türbə və qədim məscidin qalıqlarını nəzərdən keçirilərkən məscidin sütunlarından birinin bünövrəsi olan postamentin dar, yerdə düzəldilmiş və suvaqlanmış xəndəyi örtdüyü aşkar edildi. Xəndək türbənin yeraltı sərdabəsi ilə əlaqəlidir. Bu xəndəkdə bir neçə daş başdaşı var idi. Sərdabə nəzərdən keçiriləndə onda iyirmi insan skeletinə aid natamam sümüklər olduğu aşkar edildi. Sümüklər hər hansı bir qaydaya riayət edilmədən yığılıb. Bu da göstərir ki, türbənin olduğu yerdə və ətrafında bir vaxt qəbiristanlıq olub. Məscidin tikilməsi və özül yeri qazılanda dəfnlərin sırası pozulub. Pozulmuş qəbrlərin sümükləri yığılıb və türbəyə qoyulub, başdaşıları isə xəndəyə qoyulub. Başdaşıları saxlanmayıb.[55] Məscidin olduğu yerdə indi vaxtilə onun içərisində olan iki sütun, həmçinin damla birlikdə divarın bir hissəsi var.
- Türbə və məscidin planı
- Bakı sarayının şimal-qərb tərəfdən görünüşü. XIX əsrin ortaları. Rəs. Q. Qoqenfelden[2]
- Məscid dağılmazdan əvvəl türbə və məscidin vəziyyəti. Riçard Tile
- Türbə məscidin qalıqları ilə birlikdə
Murad darvazası
[redaktə | vikimətni redaktə et]Kompleksin cənub həyəti ərazisində Murad darvazası və ya Şərq darvazası adlandırılan tikili var. Bu portalın tikilməsi ilə saray ansamblının formalaşması başa çatır. Portalın yuxarı hissəsini bəzəyən, ərəb dilindəki kitabəyə görə portal Osmanlı imperiyasının Bakını aldığı dövrdə, hicri təqvimi ilə 994-cü ildə (1585/86) yerli əyan Rəcəb babanın əmri ilə tikilib. Memar isə Təbrizin Vəlyənkuh məhəlləsindən Əmirşahdır.[49] Kitabənin tam mətni aşağıdakı kimidir:
Bu nəcib imarəti tikməyi ən adil və müəzzim sultanı Sultan Murad xanın zamanında Ulu Rəcəb Bakuyi doqquz yüz doxsan dördüncü ildə (hicri ilə 994; 1585-1586) əmr etmişdir.[56] |
Divanxana və Şirvanşahlar türbəsi portalları ilə müqayisədə bu portalın strukturu və forması bir qədər sadələşdirilmişdir.[49] Darvaza digər ansambl tikililərindən bəzək və zəriflik baxımından geridə qalır.[57]
Kitabə hər iki tərəfdən bitki ormamentləri ilə zəngin xonça ilə əhatə edilib. Portalın aşağı hissəsində stalaktit yarımgünbəzin əmələ gətirdiyi dərin taxça var. Bu portalı sarayın digər baştağlarından fərqləndirən başqa bir xüsusiyyət isə geniş çatma giriş açırımıdır. Sara Aşurbəyliyə görə bu baştağ dövrümüzə gəlib çatmayan və ya tikilməmiş binanın girişidir. Kitabədə imarət sözünün işlənməsi də buna sübutdur.[57]
Saray məscidi
[redaktə | vikimətni redaktə et]Şah məscidinin eksteryeri və interyeri |
Aşağı həyətin ön hissəsində məscid binası yerləşir. Məscidin planına xaçşəkilli, böyük zal, qadınlar üçün kiçik ibadət otağı və xidmət otaqları daxildir.[58] İkinci mərtəbədə yerləşən üç otaq aşağı mərtəbədəki otaqlarla divarın içində hörülmüş pilləkənlə birləşir.[51] Şimal portalı Şirvanşahlar türbəsinə tərəfdir. Bu portal şərqdəki portaldan daha əzəmətlidir. İki cərgəli pəncərəsi olan ibadət zalını sferik paruslar üzərindəki günbəz örtür. Qadınlar üçün ayrılmış ibadətxana üzərində də günbəz yerləşir. Bu günbəz zalın günbəzindən kiçikdir, onun formasını təkrar edir.[58]
Məscidin mehrabı zalın cənub hissəsində yerləşir. Zalın yuxarı künclərinə hörülmüş böyük gil küplər səsgücləndirici rolunu oynayır, həmçinin seysmik konstruktiv-inşaat üsuludur. Məscid yerləşən müxtəlif formaya və təyinata sahib oyuqlara namaz xalçaları, çıraqlar, Quran və təsbehlər qoyulurdu.[59]
Məscidin şimal-şərq küncündə minarə yüksəlir. Əvvəllər daş divarla dəstəklənən eyvanın stalaktit pərvazı var. Stalaktit pərvazın altında minarəni hər tərəfdən dövrələyən kitabə yerləşir. Kitabə nəsx xətti ilə yazılmışdır və aşağıdakı mətnə sahibdir:[60]
Uca və qadir Allaha həmd və Məhəmmədin seçdiyinə uğurlar olsun. Sonra isə bu minarəni kəşf etməyi sultanı-əzim Xəlilüllah əmr etdi. Allah onun hakimiyyətini və mülkünü göylərə qaldırsın. Səkkiz yüz qırx beşinci il (hicri ilə 845; 1441-1442). |
Kitabə daha əvvəl inşa edilmiş məscidin yox, minarənin tikilməsi haqqındadır. Bunun təsdiqi onun zəngin baştağının və bədii kitabələrinin olmamasıdır.[61]
Şirvanşahlar türbəsi
[redaktə | vikimətni redaktə et]Aşağı həyətdə, Şah məscidinin yanında Şirvanşahlar türbəsi yerləşir.[62] Bu bina düz girişə əks istiqamətdədir, çatma tağtavanla örtülmüşdür. Fasadın hamar divarına Bakı əhəngdaşısı ilə üz çəkilib. Türbənin zəngin bəzək tərtibatına malik portalı var. Bu portal Divanxananın portalının kompozisiya üslubunu təkrar edir, ancaq müqayisədə şərh edilməsi daha asandır. Yarımgünbəz dörd stalaktitdən ibarətdir. Yuxarı hissədə xalça naxışları və nəsx xətti ilə yazılmış iki kitabə (Quranın XII surəsinin 92-ci ayəsi[63] və hədis) var.[64]
Türbənin tikən memarın adı portalın çatma açırımının sağında və solunda yerləşən badamvarı medalyonlardakı kitabədən müəyyən edilmişdir. Eyni yazı medalyonların hər birində iki dəfə təkrar edilir: "Allah, Məhəmməd Əli, memar". Ad memarın şiə olduğunu hesab etməyə imkan verir.[47] Statlaktit qübbənin timpanının ornamentləri üzərində dini mövzulu yazı var. Portalında giriş oyuğundakı kitabə türbənin hicri təqvimi ilə 839-cu ildə (1435–1436) Şirvanşah I Xəlilullah tərəfindən anası və oğlu üçün tikildiyini göstərir:[65]
Bu nurlu türbənin anası və oğlu üçün, allah onlara rəhmət eləsin, tikilməsini allahın peyğəmbərinin adaşı, dinin qoruyucusu, böyük sultan və müəzzəm şirvanşah Xəlilullah, allah onun mülkünü və səltənətini əbədiləşdirsin, səkkiz yüz otuz doqquzuncu ildə (hicri ilə 839; 1435-1436) əmr etdi.[66] |
Şirvanşahlar türbəsinin portalından dəhlizə daxil olunur. Bu dəhliz sol və sağ tərəflərindən qapı vasitəsilə kiçik otaqlarla əlaqələnib. Böyük ehtimalla bu otaqlar din xadimləri üçün ayrılıb. Dəhlizdən xaçşəkilli böyük zala keçmək mümkündür. Zalın mərkəzi günbəzlə örtülüb. Daş günbəzin çölü bir zamanlar firuzəyi şirlə örtülmüşdü.[67]
Türbədə arxeoloji qazıntılar zamanı zalda qəbirdaşlarının arxeoloji detallarının fraqmentləri, həmçinin Xəlilullahın ailəsinə aid bir sıra qəbirlər aşkar edildi. Arxeoloji işlərin nəticəsində taxta döşəmənin altında 5 nəfərin dəfn edildiyi sərdabə tapıldı. İşin davam etdirilməsi nəticəsində başqa qəbirlər də tapıldı. Qəbirlərin ümumi sayı 14 idi.[68]
- Türbənin girişi
- Türbə gümbəzinin xarici görünüşü
- Türbə gümbəzinin daxili görünüşü
- Türbənin interyeri
Saray hamamı
[redaktə | vikimətni redaktə et]Kompleksin aşağı həyətində hamam var. Onun yerləşməsi saraya aid ərazinin müəyyən edilməsini çətinləşdirir. Ehtimal edilir ki, hamam XV əsrdə inşa edilib və saraya aiddir.[69] Torpaqdan təmizlənmiş hamamın daxili planlaşdırılması divar tikililərinin aşağı sırasının saxlanmasına görə bərpa edilə bilib.[70]
Şərq ölkələrinin hamamlarının böyük bir hissəsinə uyğun olaraq saray hamamı da yer səviyyəsindən dərinlikdə yerləşir. Çöldə isə yalnız giriş portalı və böyük zalların günbəzləri görünür. Günbəzlərin təpə hissəsi otaqların havasını təmizləmə üçün istifadə edilən deşikli fənərciklərlər tamamlanır.[70] Deşiklər həmçinin hamamın içərisinin işıqlandırılması üçün lazım idi. Belə növ hamam sistemi Abşeron yarımadası üçün xarakterikdir.[29]
Hamam tikililərinə dəhliz, geyinib-soyunma otağı, mərkəzi otaq, yuyunma və buğxana otaqları, isti və soyuq su hovuzları daxildir. Hamamın isidilməsi üçün istifadə edilən hava kanalları döşəmənin altında yerləşir və qızdırıcı kameraya birləşirdi. Hamam bərk, ağ rəngli neftlə qızdırılırdı.[71]
Ovdan
[redaktə | vikimətni redaktə et]Sarayın ovdanı |
Hamamın yaxınlığında ovdan — su anbarı yerləşir. Bu, qaladakı ən böyük ovdanlardan biridir. Ovdan yalnızca sarayı yox, həmçinin ətraf ərazini içməli su ilə təmin edirdi. Bu fərziyyənin təsdiqi onun ətraf əraziyə xidmət edən, XIV əsrə aid kiçik Cin məscidinə yaxın yerləşməsidir. Ovdan saray hamamını da su ilə təmin edirdi.[70]
Ovdana Yer səthindən dərinlikdə yerləşən geniş hovuz daxildir. Hovuzun havası xüsusi vertikal şaxta vasitəsilə təmizlənir. Ovdanın quruluşu dövrümüzə çatan digər ovdanlarınkı ilə eynidir. Girişin çatma açırımı hovuza kimi davam edən pilləkənə tərəf aparır.[70]
Su ovdana yeraltı su kəmərlərindən — kəhrizlərdən yığılır. Su kəmərinin mənbəyi şəhərdən olduqca uzaqda yerləşir.[72]
Dəfnlər
[redaktə | vikimətni redaktə et]Seyid Yəhya Bakuvi və Şirvanşahlar türbəsində qəbir abidələri |
- İbrahim (I Xəlilullahın oğlu). Ölüm tarixi 1432-ci ildir. 19 yaşında vəfat etmişdir. Şirvanşahlar türbəsindəki beşinci qəbir ona məxsusdur. Bu qəbirdən ipək parçanın qalıqları, mavi muncuq, iynəsinin uzunluğu 36 sm olan qızıl sancaq aşkar olunmuşdur.[73]
- Bikə xanım (I Xəlilullahın anası). Ölüm tarixi 1435–1436-cı illərdir.[74] Şirvanşahlar türbəsindəki ikinci qəbir ona məxsusdur.[75]
- Şahzadə Fərrux Yəmin (I Xəlilullahın oğlu). Ölüm tarixi 1442–1443-cü illərdir. Şirvanşahlar türbəsindəki birinci qəbir ona məxsusdur. 7 yaşında vəfat edən Fərrux Yəminin sümükləri təmizlənərkən kəfən qalıqlarının olması müəyyənləşdirilmişdir.[74][75]
- Şahzadə Şeyx Saleh (I Xəlilullahın oğlu). Ölüm tarixi 1445–1446-cı illərdir. Şirvanşahlar türbəsindəki dördüncü qəbir ona məxsusdur. 2 yaşında vəfat edən Şeyx Salehin qəbrindən şirli keramika və çilçıraq hissələri aşkarlanmışdır.[74][73]
- Əmir Bəhram. Ölüm tarixi 17 aprel 1446-cı ildir. Qaytaq düzündə şəhid edilmişdir.[74]
- Seyid Yəhya Bakuvi. Ölüm tarixi 1457-ci il və ya 1463–1464-cü illərdir. Basdırıldığı türbə Seyid Yəhya Bakuvinin türbəsi adlandırılmışdır.[76]
- I Xəlilullahın zövcəsi. Şirvanşahlar türbəsindəki üçüncü qəbir ona məxsusdur.[73]
- Şirvanşah I Xəlilullah. Ölüm tarixi 1465-ci ildir. Şirvanşahlar türbəsi girişinin əks tərəfindəki iri bədənli, hündürlüyü 2.10 metr olan skeletin ona məxsus olması[73] və Xəlilullahın 1501-ci ildə Bakının alınmasından sonra qızılbaşlar tərəfindən yandırılmış cəsədinin Divanxanada basdırılması kimi fərqli mülahizələr mövcuddur.[77]
Muzey kolleksiyası
[redaktə | vikimətni redaktə et]"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyində 42556 maddi-mədəniyyət nümunəsi var və onlardan 22690-ı əsas fonda daxildir. Ən unikal kolleksiyalar aşağıdakılardır:
- Tətbiqi-sənət — 1400 ədəd,
- Foto — 4284 ədəd,
- Qrafika — 1562 ədəd,
- Numizmatika — 2019 ədəd,
- Arxeologiya — 4600 ədəd.[80]
Bayıl daşları
[redaktə | vikimətni redaktə et]Muzeyin orta həyətində suyun altında qalmış Bayıl qalasından gətirilmiş epiqrafik abidələr — Bayıl daşları sərgilənir. Bayıl qalası 1234-cü ildə Şirvanşah III Fəribürz tərəfindən inşa edilmişdir. Dövrümüzə qalanın özülləri və Bayıl daşları gəlib çatmışdır. Xəzər dənizindən çıxarılan daşların sayı 699-dur. Daşların üstündəki yazılar əsasən fars, qismən ərəb dilindədir.[81]
Daşların üstündə müxtəlif canlıların təsvirləri verilmişdir. Bunlara pələng, dəvə, öküz, quş və insan başı təsvirləri daxildir. Daşlarda təsvir edilmiş mifik təsvirlərə sfinks (aslan bədənli, qadın başlı, qanadlı məxluq), qrifon (qartal başlı, aslan gövdəli məxluq) və vaq-vaq adlı təsvirlər (gövdəsi bitki, budaqlarından canlıların baş hissəsi asılmış təsvir) daxildir.[82]
Digər
[redaktə | vikimətni redaktə et]Sarayda Bakının tarixi mərkəzi İçərişəhərdə və Şirvan ərazisində arxeoloji qazıntılar zamanı tapılan müxtəlif məişət əşyaları, XII–XV əsrlərə aid sikkələr, XIX əsrlərə aid mis qab-qacaq, silah və bəzək-düzək əşyaları, XV əsrə aid musiqi alətləri sərgilənir. Həmçinin eksponatlar içində qadın kostyumları və əl işləri, XIX əsrə aid Şamaxı xalçaları və XVII əsrdə Bakıda tikilmiş xalça saxlanır. Zalın mərkəzində Bakının tarixi hissəsinin maketi yerləşdirilib.
- İçərişəhərin maketi
- Divanxanada daş kitabə
- Orta əsrlərə aid at bəzəkləri və su qabı
- Orta əsrlərə aid xəncərlər
- Orta əsrlərə aid bədii təsvirli gümüş tabaq
- Bakıdan aşkarlanmış qadın kəmər başlığı
- Səntur
- XVII əsrə aid Xilə-əfşan xalçası
- Milli qadın geyimi nümunəsi
Şirvanşahlar saray kompleksindən tapılmış orta əsrlərə aid əşyalar
[redaktə | vikimətni redaktə et]Şirvanşahlar saray-kompleskindən tapılmış orta əsrlərə aid əşyalar Azərbaycan Tarix Muzeyi və Şirvanşahlar sarayının özündə saxlanılır.
- Şirvanşahlar sarayından aşkarlanmış ipək parça qalığı. Azərbaycan Tarix Muzeyi
- Elxanilər dövrünə aid ipək parça qalığı. XIII əsr. Azərbaycan Tarix Muzeyi
- Şirvanşahlar sarayından aşkarlanmış orta əsrlərə aid saxsı qab. Şirvanşahlar sarayı
- Şirvanşahlar sarayından aşkarlanmış orta əsrlərə aid saxsı bardaq. Şirvanşahlar sarayı
- Şirvanşahlar sarayından aşkarlanmış orta əsrlərə aid saxsı şərab qabı. Şirvanşahlar sarayı
- Şirvanşahlar sarayından aşkarlanmış orta əsrlərə aid saxsı fit. Şirvanşahlar sarayı
- Şirvanşahlar türbəsindən aşkarlanmış yaqut və firuzə qaşlı qızıl sancaq və sırğa. Azərbaycan Tarix Muzeyi
- Şirvanşahlar türbəsindən aşkarlanmış kətan parça qalığı (kəfən). Azərbaycan Tarix Muzeyi
- Şirvanşahlar sarayından aşkarlanmış minalı mis qazan. XIII-XV əsrlər. Azərbaycan Tarix Muzeyi
Mədəniyyətdə
[redaktə | vikimətni redaktə et]Şirvanşahlar sarayının təsvirinə Qriqori Qaqarin, Georgi Qoqenfelden kimi rəssamların əsərlərində və Riçard Tilenin fotolarında rast gəlinir. 1990-cı ildə saraya həsr edilmiş SSRİ poçt markası buraxıldı. Daha sonra sarayın təsvirinə Azərbaycan Respublikasının poçt markalarında görmək mümkün idi. Həmçinin Şirvanşahlar sarayının təsviri Azərbaycan manatının ilk buraxılışının 10000 manat dəyərindəki əsginasında və yeni nəsil buraxılışının 10 manat dəyərindəki əsginasında vardır.
Saray rəsm əsərlərində
[redaktə | vikimətni redaktə et]- Xan sarayı. Rəs. Qriqori Qaqarin. 1847
- Bakıdakı Şah sarayında Divanxana. Rəs. Georgi Qoqenfelden[2]
- Şimal-qərbi tərəfdən Bakı sarayının görünüşü. XIX əsrin ortaları. Rəs. Georgi Qoqenfelden[2]
- İçərişəhər. Rəs. Elbəy Rzaquliyev
- Ağabala Quliyevin evinin dəhlizlərini bəzəyən şərq mövzulu divar rəsmlərindən biri
Saray Riçard Tilenin fotolarında
[redaktə | vikimətni redaktə et]- Sarayın qərb tərəfi
- Şərq portalı
Sarayın təsvir edildiyi bəzi poçt markaları
[redaktə | vikimətni redaktə et]- SSRİ poçt markası, 1990
- Azərbaycan poçt markası, 2003
- Azərbaycan poçt markası, 2003
- Azərbaycan poçt markası, 2003
- Azərbaycan poçt markası, 2010
- Azərbaycan poçt markası, 2010
- Azərbaycan poçt markası, 2010
- Azərbaycan poçt markası, 2010
- Azərbaycan poçt markası, 2010
- Azərbaycan poçt markası, 2012
- Azərbaycan poçt markası, 2017
Sarayın təsvir edildiyi əsginaslar
[redaktə | vikimətni redaktə et]- Saray 10000 manat dəyərindəki Azərbaycan əsginasında
- Saray 10 manat dəyərindəki Azərbaycan əsginasında
Ədəbiyyatda təsviri
[redaktə | vikimətni redaktə et]Şirvanşahlar sarayı Qurban Səidin "Əli və Nino" məhəbbət romanında təsvir edilib. Saray həmçinin Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanında təsvir edilib:
Üçüncü gün günortadan sonra qızılbaş qoşunu qalaya girdi və axşama yaxın Şirvanşahlar sarayı da, Qız qalası da onların əlində idi. Xəzinə də ələ keçmişdi. Qala qapıları taybatay açıldı. İsmayıl Qızılqanadın üstündə şəhərə girdi... O, Şirvanşahlar sarayını gəzdi, sarayın yanındakı məsciddə namaz qıldı... Bu vaxt Bakı axundu yerindən qalxdı, özünü saxlaya bilməyib əllərini yuxarı qaldırıb qışqırdı. – Dinimizə toxunmayın, Əli Məhəmmədin valisi deyil... Lələ bəy göstəriş verdi, həmin üləmanı məsciddən çıxarıb divanxanaya apardılar. Sanki bütöv bir daşdan tökülmüş divanxananın hər tərəfə açıq eyvanları vardı və aşağıda dayanan qızılbaşlar, Bakı əyani-əşrəfləri burada baş verənləri görürdü. Axundun başı divanxananın zirzəmisindəki deşikdən çıxarılmışdı. |
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]Şirvanşahlar sarayında çəkilən bəzi filmlər aşağıdakılardır:
- Brilyant əl (film, 1968)[83]
- Şirvanşahlar sarayı (film, 1969)
- Bakı qalası (film, 1969)
- Nəsimi (film, 1973)
- Aşıq Qərib (film, 1988)
- Qala (film, 2008)
Musiqi
[redaktə | vikimətni redaktə et]- Vaqif Mustafazadə. Şirvanşahlar sarayı
Sarayın memarlığının istifadəsi
[redaktə | vikimətni redaktə et]Şamaxı Cümə məscidi və Ağabala Quliyevin evinin pəncərə-portalı |
Ağabala Quliyev evinin inşası zamanı şəhər tikililərində istifadə olunan Avropa stilistikasına qarşı etirazını bildirərək, Y. Y. Skibinskini dəvət edib və ona Şirvanşahlar sarayı, Yaxın Şərq və Ərəb memarlığından istifadə etməyi tələb edib. İnteryerdəki timpan Şirvanşahlar saray kompleksi memarlığından götürülüb.[84] Binanın portallarında Divanxana portalının təsiri açıq şəkildə görünməkdədir.[85]
Şamaxı Cümə məscidinin bərpası zamanı İosif Ploşko məscidin layihəsini tərtib etməmişdən qabaq bir daha Bakı və Şamaxının tikililəri ilə tanış olmağa, Şirvanşahlar saray kompleksinə, Bakı qalası minarələrinə diqqət yetirməyə məcbur olmuşdu.[86]
Hökumət Evinin tağları, sütunları, sütun tavanlarının zirvələrinin formaları Şirvanşahlar sarayının memarlığından götürülüb. Ancaq tağların ölçüləri eyni deyil. Şirvanşahlar sarayının tağları sivri, Hökumət Evininki isə qövsvaridir.[87]
Xronologiya
[redaktə | vikimətni redaktə et]
Mənbələr
[redaktə | vikimətni redaktə et]Şərhlər
[redaktə | vikimətni redaktə et]- ↑ Rotonda — girdə və ya yarımgirdə qübbəli kiçik bina.
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ : 1-ci sıra, sağdan: Y.Paxomov (1), 2-ci sıra, sağdan: P.Fridolin (2), A.Bukşpan (3), Q.Qubaydullun (4), İ.Meşşaninov (5), İ.Şeblıkin (7), S.Aşurbəyli (8), 3-cü sıra, sağdan: Ə.Ələkbərov (3)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Малюга Ю. Я. Культурология. Учебное пособие. — Москва: ИНФРА-М, 1998. — С. 84. — 331 с. Orijinal mətn (rus.)В отличие от нахичеванской ширвано-апшеронская архитектура использовала камень, а не кирпич. Особое развитие она получила в XV в., когда государство Ширван распространилось на весь северный Азербайджан. Для этого стиля характерны каменная резьба и асимметрия. Выдающимся произведением этого стиля является дворец Ширваншахов.
- ↑ 1 2 3 4 И. Н. Берёзин. часть III-я // Путешествие по Дагестану и Закавказью. — 2-е. — Казань: Университетская типография, 1850
- ↑ Бретаницкий, Веймарн, 1976. səh. 106
- ↑ 1 2 3 Левиатов, 1944. səh. 19
- ↑ 1 2 Искусство Азербайджана Arxivləşdirilib 2016-04-11 at the Wayback Machine Всеобщая история искусств. — Искусство, 1961.. — Т. 2-й. — С. 113.
- ↑ 1 2 "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower". UNESCO rəsmi saytı. 2000. 2012-03-22 tarixində arxivləşdirilib.
- ↑ Бретаницкий, 1970. səh. 47
- ↑ 1 2 Левиатов, 1944. səh. 7
- ↑ Aşurbəyli, 1998. səh. 90
- ↑ 1 2 3 Aşurbəyli, 1998. səh. 159
- ↑ Aşurbəyli, 2006. səh. 304
- ↑ 1 2 Aşurbəyli, 2006. səh. 211
- ↑ 1 2 Бретаницкий, Веймарн, 1976. səh. 108
- ↑ Aşurbəyli, 2006. səh. 308
- ↑ 1 2 Aşurbəyli, 1998. səh. 170
- ↑ Левиатов, 1944. səh. 20
- ↑ Aşurbəyli, 2006. səh. 330
- ↑ Пахомов, 1924. səh. 106
- ↑ 1 2 3 4 Левиатов, 1944. səh. 21
- ↑ Средневековый Восток / Редколлегия: Г. Ф. Гирс (председатель), Е. А. Давидович, С. Б. Певзнер, И. В. Стеблева. — Наука, 1980. — С. 22. — 318 с. Orijinal mətn (rus.)Патер Рафаэль дю Ман был настоятелем монастыря и представителем исфаганской миссии капуцинов в Иране. Прожив более 20 лет в Исфагане и других городах, он хорошо говорил по-персидски и оставил сочинение о персидском государстве в 1660 г., где им описывается также дворец ширваншахов в бакинской крепости, говорится об его разрушении и запустении.
- ↑ Aşurbəyli, 1998. səh. 256
- ↑ История Азербайджана. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1960. — Т. 2-й. — С. 359.
- ↑ 1 2 Алиев М. А. Об изучении исторического наследия по архитектуре Азербайджана дореволюционного периода // Доклады Академии наук Азербайджанской ССР. — 1971. — С. 78–80.
- ↑ Левиатов, 1944. səh. 22
- ↑ Рустамова-Тогиди С. А. 1918. Азербайджанские погромы в фотографиях и документах. Стр. 50
- ↑ Пахомов, 1924. səh. 107
- ↑ Левиатов, 1944. səh. 25
- ↑ Бретаницкий, 1970. səh. 11
- ↑ 1 2 3 4 "Dünya Əhəmiyyətli Abidələr" (az.). Официальный сайт Управления государственного историко-архитектурного заповедника Ичери-Шехер. 2009-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
- ↑ Советский музей. — Искусство, 1984. — С. 28.
- ↑ Встреча Президента Азербайджанской Республики Гейдара Алиева во дворе Музея дворца Ширваншахов с известными представителями интеллигенции, деятелями литературы и искусства, музыкантами по случаю Новруз байрама — 21 марта 1998 года Arxivləşdirilib 2021-06-23 at the Wayback Machine // Бакинский рабочий : газета. — 26 марта 1998 года.
- ↑ Рена Рзаева, директор Дворца Ширваншахов: "Наши двери всегда открыты для гостей" Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine // Азербайджанские известия : газета. — 13 августа 2011.
- ↑ Левиатов, 1944. səh. 8
- ↑ İçəri şəhər tarixdə — tarix İçəri şəhərdə. Elmi-praktik konfrans (Məqalələr toplusu). Bakı-2016
- ↑ 1 2 Левиатов, 1944. səh. 10
- ↑ Левиатов, 1944. səh. 13
- ↑ 1 2 Бретаницкий, Веймарн, 1976. səh. 110
- ↑ Jonathan M. Bloom, Sheila Blair. The Grove Encyclopedia of Islamic Art and Architecture. — Oxford University Press, 2009. — Т. 2. — С. 240. — 513 с. — ISBN 9780195309911.
- ↑ Бретаницкий, Веймарн, 1976. səh. 113
- ↑ Сысоев В. М. Баку прежде и теперь. — Б., 1928. — С. 16.
- ↑ Дадашев, Усейнов, 1946. səh. 22
- ↑ Бретаницкий Л. К. К вопросу назначения и датировки "Диван-хане". — Б.: Искусство Азербайджана, 1956. — Т. V. — С. 138, 142, 161.
- ↑ Yunus, 10:26-27
- ↑ Бретаницкий, Веймарн, 1976. səh. 115
- ↑ Бретаницкий, 1970. səh. 58
- ↑ Бретаницкий, Веймарн, 1976. səh. 116
- ↑ 1 2 Aşurbəyli, 1998. səh. 163
- ↑ Левиатов, 1944. səh. 41
- ↑ 1 2 3 Бретаницкий, Веймарн, 1976. səh. 120
- ↑ А. К. Бакиханов. Гюлистан-Ирам. — Баку, 1970. — С. 209.
- ↑ 1 2 Aşurbəyli, 1998. səh. 166
- ↑ Aşurbəyli, 1998. səh. 167
- ↑ Левиатов, 1944. səh. 42
- ↑ А. М. Павлинов. Баку // Материалы по археологии Кавказа (выпуск III). — М.: Издательство БОНО, 1893. — С. 85.
- ↑ Левиатов, 1944. səh. 43
- ↑ Перевод всех надписей комплекса дворца ширваншахов сделан А. Алескерзаде и взят из приложения к книге И. П. Щеблыкина — «Краткий очерк истории дворца ширваншахов». Изд. АзФАН, 1939 г. Перевод им же исправлен и дополнен в 1942 г.
- ↑ 1 2 Aşurbəyli, 1998. səh. 168
- ↑ 1 2 Бретаницкий, Веймарн, 1976. səh. 118
- ↑ "Saray məscidi" (az.). shirvanshah.az. 2015-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.
- ↑ Бретаницкий Л. С., 1966. səh. 239
- ↑ Дадашев, Усейнов, 1946. səh. 11
- ↑ Дадашев, Усейнов, 1946. səh. 25
- ↑ Yusif, 12:92
- ↑ Дадашев, Усейнов, 1946. səh. 26
- ↑ Дадашев, Усейнов, 1946
- ↑ Aşurbəyli, 1998. səh. 164
- ↑ Дадашев, Усейнов, 1946. səh. 27
- ↑ Aşurbəyli, 1998. səh. 164-165
- ↑ Бретаницкий Л. С., 1966. səh. 540
- ↑ 1 2 3 4 Бретаницкий, 1970. səh. 67
- ↑ Aşurbəyli, 1998. səh. 168-169
- ↑ Бретаницкий, 1970
- ↑ 1 2 3 4 Fərhadoğlu, 2006. səh. 128
- ↑ 1 2 3 4 Aşurbəyli, 2006. səh. 313
- ↑ 1 2 Fərhadoğlu, 2006. səh. 127
- ↑ Aşurbəyli, 2006. səh. 312
- ↑ Aşurbəyli, 2006. səh. 329-339
- ↑ Rasim Əfəndi. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb, 2007. Orijinal mətn (az.)"Bayıl daşları" üzərində çalışan alimlərimiz son illərdə burada anfas şəklində 12-yə qədər insan başı təsvirli qabartmalar aşkar etmişlər. Onların fikrincə, bu təsvirlər o dövrlərdə tanınmış şəxslərin portretləri olmuşdur. Portret təsvirli qabartmaların birinin üzərində Şirvanşah Fəriburzun adının, gürcü tipinə bənzər başqa bir portretdə isə gürcü sözünün oxunması yuxarıdakı fikrin nə qədər inandırıcı olduğunu göstərir. Təsvirli qabartmalar arasında gürcülərə aid kitabənin olması heç də əbəs deyildir. Məlum olduğuna görə o vaxtlar gürcülərlə Şirvanşahlar arasında qohumluq olmuşdur. Qadın obrazını təsvir edən bu portret o zaman bəlkə də Şirvanşahların zövcəsi Tamaranı təmsil edirmiş
- ↑ "BAKÜ - BAYIL KALESİ (KASRI) ve KİTABELERİ HAKKINDA". İstifadə tarixi: 2018-06-20.[ölü keçid]Orijinal mətn (türk.)Gerçekten de taşlarda görülen 12 insan figürü ayrıntılı biçimde incelendiğinde, -üslup bakımından kısmen klişelişmiş yüz ifadelerine rağmen-, bunların alelade çizilmiş birer süsleme unsurundan çok, dönemin bazı önemli şahsiyetlerini tasvir eden bir çeşit portre niteliği taşıdığı30 sezilmektedir. Taşların üzerindeki bu insan başı tasvirlerinin birinin yanında “Şirvanşah Feriburz”’un adının ve Gürcü tipinde bir kadın tasvirinin yanında da “Gürcü” adlarının okunması31 bu kanıyı güçlendirmektedir (Res. 7-10).
- ↑ "Tariximiz" (az.). shirvanshah.az. 2016-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-13.
- ↑ "Səbayıl kitabələri" (az.). shirvanshah.az. 2015-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-13.
- ↑ Azərbaycan arxeologiyası. Orta əsrlər. Bakı: Şərq-Qərb. 2008.
- ↑ "Место съемки к/ф "Бриллиантовая рука" (Баку)". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-08.
- ↑ Fətullayev-Fiqarov, Şamil (2013), "Bakı memarları XIX əsrin sonu-XX əsrin əvvəllərində", Bakı: Şərq-Qərb
- ↑ Fətullayev-Fiqarov, Şamil (2013), "Bakının memarlıq ensiklopediyası", Bakı: Şərq-Qərb
- ↑ Fətullayev-Fiqarov, Şamil (2013), "Memar İ. K. Ploşko — "İsmailiyyə"nin memarı", Bakı: Şərq-Qərb
- ↑ Sədaqət SÜLEYMANOVA. "Hitlerçi əsirlərin tikdiyi "Domsovet": Hökumət Evinin tarixi... (FOTOLAR)". modern.az. 2011-06-20. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Ахундов Д. А. Мечеть в комплексе Дворца ширваншахов в Баку // Памятники архитектуры Азербайджана : Сборник материалов. — Баку: Азернешр, 1950.
- Aşurbəyli S. Bakı şəhərinin tarixi: Orta əsrlər dövrü. Bakı: Azərnəşr, 1998, 356 s.
- Aşurbəyli S. Şirvanşahlar dövləti (VI –XVI əsrlər). Avrasiya press, Bakı 2006.
- Бретаницкий Л. С. Баку. — Ленинград-Москва: Искусство, 1970. — 245 с.
- Бретаницкий Л. С. Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока. — Наука, Главная редакция восточной литературы, 1966. — 556 с.
- Бретаницкий Л. С., Веймарн Б. В. Искусство Азербайджана IV–XVIII веков / Редактор И. А. Шкирич. — Москва: Искусство, 1976. — 272 с.
- Дадашев С. А., Усейнов М. А. Ансамбль дворца Ширваншахов в Баку. — Москва: Стройиздат, 1956. — 75 с.
- Дадашев С. А., Усейнов М. А. Архитектурные памятники Баку. — М.: Издательство Академии архитектуры СССР, 1946.
- Левиатов В. Н. Памятники азербайджанской культуры (Бакинский дворец ширваншахов). — Баку: Издательство Азербайджанского филиала Академии наук ССР, 1944. — 52 с.
- Мамед-заде К. М. Строительное искусство Азербайджана (с древнейших времён до XIX века) / Научный редактор aкадемик АН Азерб. ССР А. В. Саламзаде. — Баку: Элм, 1983.
- Щеблыкин И. П. Краткий очерк истории дворца Ширваншахов в Баку. — Баку: Издательство АзФАН, 1939. — 43 с.
- Yevgeni Paxomov Бакинский дворец ширваншахов // Путь школы : журнал. — Баку: Издательство БОНО, 1924. — № 3.
- Fərhadoğlu, Kamil. İçərişəhər. Bakı: Şərq-Qərb nəşriyyatı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. 2006. səh. 256.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]«Bakı» | |
---|---|
«Memarlıq» | |
«Şirvanşahlar dövləti» |
- Şirvanşahlar dövləti
- Şirvanşahların yay iqamətgahı
- Şirvan-Abşeron memarlıq məktəbi
- Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
- Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı
- İçərişəhərdəki tarix-memarlıq abidələrinin siyahısı
- Bakı muzeylərinin siyahısı
- Azərbaycanın tarixi qoruqları
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower" (ingilis). YUNESCO təşkilatının rəsmi saytı. 2000. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-15.
- ""Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyi" (az.). shirvanshah.az. 2014-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-22.