Aşur məscidi — Vikipediya
Aşur məscidi | |
---|---|
40°21′56″ şm. e. 49°50′10″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Asəf Zeynallı küçəsi |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Nəcəf Aşur ibn İbrahim |
Tikilmə tarixi | 1169 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | stabil |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 91 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Aşur məscidi[1] və ya Ləzgi məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.
İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən əsasən Dağıstandan köçmüş, xalq arasında ləzgi adlanan camaatın daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Üstündəki kitabəyə görə onu Hicri-qəməri təqvimlə 567-ci ildə[q 1]/ 1169[1] ustad Nəcəf Aşur ibn İbrahim tikmişdir.
Haqqında
[redaktə | mənbəni redaktə et]Məscid sasanilər dövrü abidəsi üzərində tikilmişdir. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalmışdır. Məscid həcmcə parallelepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür. Daşdan tac kimi hörülmüş nəbati və həndəsi naxışlarla bəzədilmiş mehrab isə ХII əsrə aid stalaktit ilə zəngin bəzədilmişdir. ХХ əsrin əvvəlində ibadət zalının cənub-qərb küncündə bir Bakı sakini tərəfindən ikinci mehrab tikilmişdir. Bayır tərəfdən məscidin qədim hissəsində, təmiz yonulmuş iri daş bloklardan yuxarı, daha sonrakı hissəsinə isə xırda daşlardan üz çəkilmişdir. Cənub fasadının oxu ilə sadə profilli karnizin üzərindən kufi xətti ilə "Allah" sözü frizlənmiş lövhə var.
1970-ci ildə məscidin bərpa prosesi zamanı arxeoloji qazıntılar nəticəsində binanın cənub hissəsinin altından sasanilər dövrünə aid iki yarımdairəvi tipli tağlar aşkar edilmişdir. Tağların arxasından isə qübbəli otaq aşkar olunmuşdur. Məscidin qədim atəşpərəstlik məbədi üzərində inşa olunduğu ehtimal edilir. Gələcək arxeoloji qazıntılar, səkkiz əsrdən çox üzərində müsəlman ibadətgahı yerləşən qədim binanın digər hissələrini də üzə çıxaracağı istisna olunmur.
Abidə kiçik ölçülü zirzəmi və üst ibadət salonundan ibarətdir. Bərpa zamanı torpaq altından çıxarılmış torpaq yerləşgəsi tağbənd örtülü, planda uzunsov biçimlidir və yarım dairəvi tağlı iki gözlə bayıra yönəlir.[2]
Planda uzunsov biçimi olan ibadət salonunun (sahəsi 55,0 m) 2 mehrabı var. Salonun oxunda yerləşən əski mehrab zəngin dekorludur. İbadət salonu tağbəndlə örtülmüş, ortada bir tağ qurşağı ilə vizual iki bölümə ayrılmışdır. Salonun ensiz divarında kiçik tağça, mehrabın üstündə kiçik pəncərə gözü var, giriş qapısı şimal-şərq küncdədir.
Aşur məscidi bayırdan sadə prizmatik tutum şəklindədir. Daş hörgü sistemindən onun üst hissəsinin sonralar yenidən tikildiyi hiss olunur. Daha qədim hörgü – məscid divarının alt hissəsi nisbətən iri və müxtəlif ölçülü daşlardan ustalıqla yerinə yetirilmişdir. Divarların üst qatı isə kiçik ölçülü daşlardan bərabər ölçülü hörgü sırasıyla ucaldılmışdır. Məscid içində mehrab olan cənub divarı ilə İçərişəhərin baş ticarət küçəsinə yönəlir. Baş fasad saya profilli karnizlə tamamlanır. Onun üstündə – baş fasadın simmetriya oxunda sivri biçimli tağvari işlənmiş kiçik bir daş qoyulub, onun tağçası içərisində kufi xəttiylə "Allah" sözü yonulmuşdur. Bakının ən qədim məscidlərindən olan Aşur məscidinin ikiqatlı quruluşu Sınıqqala məscidi və Xıdır məscidi (1301-ci il) kimi İçərişəhərin enişli relyefinə uyğun yaradılmışdır.
Adı
[redaktə | mənbəni redaktə et]Məscid öz adını ХIХ əsrin sonu – ХХ əsrin əvvəllində neft sənayesi inkişaf etməyə başlayan zaman almışdır. Belə ki, Dağıstan fəhlələri Bakı sənaye müəssisələrinə qazanc dalınca axışan zaman İçərişəhərin sakinləri ibadət üçün onlara məhz bu məscidi həvalə etmişlər. Dağıstandan gələn fəhlələrin uzun müddət burada ibadət etmələri, məscidin xalq etimalogiyasında "ləzgi məscidi" adını almasına səbəb olmuşdur.[1]
Mənbə
[redaktə | mənbəni redaktə et]- "AŞUR MƏSCİDİ" (az.). icherisheher.gov.az. 2016-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
Qeydlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "AŞUR MƏSCİDİ" (az.). icherisheher.gov.az. 2016-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
- ↑ C. Qiyasi. "Nizami dövrünün memarlıq abidələri". Bakı, İşıq nəşriyyatı, 1991, səh 47