Şirvanşahların saray binası — Vikipediya

Şirvanşahların saray binası
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, Qala döngəsi 76
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi naməlum
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti muzey
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.3.1
KateqoriyaDivanxana
ƏhəmiyyətiDünya əhəmiyyətli
Şirvanşahların saray binası (Bakı)
Şirvanşahların saray binası
Bakının xəritəsində Şirvanşahların saray binası
Şirvanşahların saray binası (İçərişəhər)
Şirvanşahların saray binası
İçərişəhərin xəritəsində Şirvanşahların saray binası

Şirvanşahların saray binası və ya Şirvanşahların yaşayış binası Şirvanşahlar saray kompleksinə daxil olan ən qədim tikili.[1] Saray binası kompleksin yuxarı həyəti ərazisində yerləşir.[1] Saray binası yüksək təpə üzərində yerlşəib, şəhərin ümumi planında və xarici simasının formalaşdırılmasında üstünlük təşkil edirdi.[2] Saray Azərbaycan memarlığının şah əsərlərindən biri hesab edilir.[2] Ansamblın yüksək bədii memarlıq keyfiyyətləri, Azərbaycan memarlığında bütöv bir üslubun istiqamətinin yaradılmasına imkan yaratmış, ayrı-ayrı tikililərin yerin relyefi üzərində ustalıqla yerləşdirilməsi, siluetlərin gözəl həlli, imkanlardan və yerli əhəng daşlarının dekorativ xüsusiyyətlərindən məharətli istifadəsi və daş üzərində möhtəşəm oyması ilə fərqlənir.[2]

Sarayın tələbkar əzəmətli binası qapalı saray məkanında üstünlük təşkil edən mövqeni tutur. Ümumi həcm üzərində xeyli irəli çıxmış xüsusi olaraq nəzərə çarpdırılan sadə, lakin, böyük portal, proporsional parçalanmaların ciddiliyi və demək olar ki, bütöv divarların təmizliyi ilə xarakterizə olunur.[3] Sarayın ikimərtəbəli binasının daha qədim tikilinin bünövrəsi üzərində inşa edilməsi istisna edilmir və planın mürəkkəb konfiqurasiyası ilə qeyd edilir. Yuxarı mərtəbə aşağı mərtəbənin planlaşdırılma strukturunu təkrarlayır. Mərkəzi səkkizguşəli zal və ona bitişik eyni formalı bölüşdürücü vestibül ətrafında qruplaşdırılmış əndəruna və biruna üslublu qabaq və yaşayış otaqlarının təşkiledici elementləri idilər.[3]

Həyətin şərqi və cənub fasadlarının çevrələrinin möhkəmlilik həlli planı, cənuba və şərqə, dənizə tərəf yönəlmiş, yonulmuş erkerlərin meydana çıxması, bütün binadan keçən uzununa və eninə olan istiqamətlərdə əsaslı divarların olmaması heyrət doğurur. Aşağı və yuxarı mərtəbələrin otaqları çatma şəkilli tağtavanlarla, portalın arxasındakı səkkizguşəli zal isə gümbəzlə örtülmüşdür.[3]

R. Y. Tile — Bakıda xan sarayının qərb divarı, XIX əsrin ortaları.

Binanın nə zaman inşa edilməsi dəqiq müəyyənləşdirilməsə də, kompleksin onun ətrafında formalaşdırılması şübhəsizdir.[1] Tədqiqatçılar, saray binasının kompleksə daxil olan digər tikililərlə müqayisədə daha çox dağılma və plan dəyişiklərinə məruz qaldığını qeyd edir.[4] 1500-cü ildə Şirvanşahlarla Səfəvilər arasındakı döyüş zamanı Fərrux Yasar öldürüldükdən sonra, Səfəvilər Bakını tutmuş və saray talan edilmişdir.[5] Şirvanşahlardan sonra sarayda kimlərin yaşadığı məlum deyildir.[5] 10 fevral 1828-ci ildə Bakı xanlığının Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonra, saray tikililəri rus hərbi qərargahına çevrilmiş və sarayda təmir işləri aparılmışdır. Təmir zamanı sarayla bağlı bir çox dəyərli tikililət məhv edilmişdir. Hətta saray ərazisində Aleksandr Nevski kilsəsinin inşası da nəzərdə tutulmuşdu.[5]

XIX əsrin sonlarında tərk edilmiş saray yenidən baxımsız hala düşmüşdür. 5 oktyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin "Cəmiyyətə, müəsissələrə və fərdi şəxslərə aid olan incəsənət və qədim abidələrin siyahıya alınması və saxlanması haqqında" dekreti nəşr olunur. Azərbaycanda dövlət tərəfindən abidələrin qeydiyyata alınması haqqında ilk sənəd olan bu dekretin tələbinə əsasən Şirvanşahlar saryı da tarixi və mədəni dəyərli abidə kimi qeydiyyata alınmışdır.[5]

1932-ci ildə Azərbaycan XKS-nin qərarına əsasən Şirvanşahlar sarayında təmir işlərinə başlanmışdır. 1937–1938-ci illərdə arxeoloq V.N.Leviatovun rəhbərliyi altında sarayda arxeoloji qazıntı işləri aparılır. Tədqiqatlar zamanı XII–XV əsrlərə aid maddi-mədəniyyət nümunələri aşkarlanır.[6] Sarayın həyətindəki quyular təmizlənərkən onların ikisindən çini qabların sınıqları tapılmışdır ki, onlar da Çin məişətinə aid, o dövr üçün çox qiymətli qablar idi. Tapıntılar içərisində üzəri şirlənmiş saxsı kasaların naxışları çini qabların üzərindəki naxışlara oxşardılar. Orta həyətdəki qutulardan Azərbaycan Tarix Muzeyində saxlanan saxsı çıraqlar aşkarlanmışdır.[6]

Saray binasında təmir başa çatdırıldıqdan sonra burada Azərbaycan Xalq Muzeyinin bir hissəsi və Din Tarixi Muzeyi yerləşdirilmişdir.[5] 1954-cü ildən Şirvanşahlar saray kompleksi Dövlət Tarix Memarlıq Muzeyinə çevrilmiş, 1960-cı ildə respublika hakimiyyəti sarayın memarlıq abidəsi kimi qorunması haqqında qərar qəbul etmişdir.[5]

Saray binası kompleks ərazisində həm həcmi, həm də tutduğu sahəyə görə ən böyük tikilidir. Bina ikimərtəbəlidir. Tikili planda mürəkkəb quruluşa malikdir. Burada binanın baş planı sayılan və giriş qapısı açılmış qərb divarına, düz bucaq altında olmaqla, hamar şimal divarı bitişir. Binanın şərq və cənub divarları bucaqlı çıxıntılarla mürəkkəbləşdirilmişdir.[7] Binanın cənub-şərq küncündə isə divar düz olmayıb, bir sıra çıxıntılara malikdir.[7] Ehtimal ki, bu çıxıntılar binanın otaqlarını daha yaxşı işıqlandırmaq və buradan gözəl mənzərə təşkil edən dənizin və Bakı buxtasının görünməsinə mane olmamaq məqsədilə tikilmişdir.[7]

1842-ci ildə sarayı təsvir etmiş professor İlya Berezin yazır:

" Hər iki mərtəbəsində müxtəlif böyüklükdə 40-dan artıq otağı olan baş korpus əndərun (daxili hissə) hesab edilirdi...Sarayın fasadı qarşısında həyət vardır. Buradan korpusun ortasındakı gözəl qübbəli baş qapı vasitəsilə səkkizguşəli və yüngül gümbəzli daxili qəbul salonuna yol vardır. Yəqin ki, başqa otaqların da üstü gümbəzli imiş, lakin indi onlardan yalnız ikisi qalmışdır. Otaqların damı uçulub tökülmüş, üst mərtəbədəki otaqların divarları çox yerdə uçmuşdur. Ehtimal ki, tövlə və anbar üçün istifadə edilmiş birinci mərtəbə, pəncərəsiz olduğuna görə, daş-torpaqla, demək olar ki, tamamilə doldurulmuşdur. Daxili bəzəklərdən heç bir əlamət qalmamışdır. [8] "

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Şirvanşahların saray binasının planı: 1.Həyət 2.Eyvan 3.Qəbul salonu 4.Vestibül 5.Böyük Taxt Salonu 6.Dəftərxana. Həmçinin müxtəlif rəng çalarları ilə sarayın müxtəlif dövrlərdə (XII əsr, XIV–XV əsrlərin qovşağı və XV əsrin əvvəlləri) tikilmiş hissələri fərqləndirilmişdir.[9]

Binanın giriş portallarının çox sadə olması, habelə, daxili divarlarında heç bir yazı olmaması, bəzək və ornamentlərin isə çox sadə olması dəbdəbəlik təəssüratı oyatmır. Birinci mərtəbənin, pəncərədən daha çox, qala divarlarındakı mağzallara oxşar dar, yarıq şəkilli pəncərələri və otaqların divarlarında heç bir memarlıq bəzəyinin olmaması sarayla yanaşı dayanmış divanxana, sərdaba və məscid binaları ilə tam bir təzad təşkil edir.[7] Saray binası, Yaxın Şərq ölkələri üçün xarakterik olan cah-cəlallı saraylardan çox fərqlidir.[10]

Əllidən çox otağı olan bu ikimərtəbəli böyük binanın ayrı-ayrı otaqları arasında münasibətsizlik və sistemsizlik vardır.[10] İlk vaxtlar sarayda 52 otaq varmış, onlardan 27-si birinci, 25-i isə ikinci mərtəbədə yerləşirmiş.[5] Otaqlar simmetrik şəkildədir. İkinci mərtəbədə tağ tavanla örtülmüş şahın özü və ailəsinin otaqları yerləşir. İkinci mərtəbənin pəncərələrindən Bakı buxtasına gözəl mənzərə açılır. Pəncərələr daş şəbəkələrlə tamamlanmışdır.[11]

1932–1934-cü illərdə sarayda ilk təmir işləri başlanan zaman yaşayış binasının gümbəzi olmadığından onun üstü yastı tavanla örtülüb, döşəməsi isə parketdən hazırlanmışdır. XIX əsrdə hörülmüş pəncərələrdən daşlar sökülmüş və daş döşəmənin zədələnmiş hissələri təmir edilmişdir.[11]

Mərtəbələr arasında əlaqələr iki ensiz pilləkən və səkkiz bucaqlı zalın döşəməsində yerləşən pilləkənlər vasitəsilə yaradılır. Təmir nəticəsində hal-hazırda ikinci mərtəbəsində cəmi 16 otaq qalmışdır. Girişə yaxın yerləşən səkkiz guşəli zal bu otaqlardan öz ilkin görünüşünə görə seçilir. Ona bitişik olan ikinci səkkiz guşəli zalın isə ilkin görünüşünün bir hissəsi dövrümüzə çatmışdır. Onun gümbəz şəkilli örtüyü isə yastı örtüklə əvəzlənmişdir.[12]

Əzəmətli olan əsas giriş binanın qərb divarındadır. Azərbaycan memarlığının bütün elementlərini özündə birləşdirən və heç bir bəzək elementi olmayan əzəmətli portal birinci həyətə girən kimi diqqət çəkir. Girişin sağ və sol tərəfində dərin divar oyuğu vardır.[12] Şirvan-Abşeron memarlıq məktəbi tikililərinə xas olan bu memarlıq abidəsinin – Portal keçidinin oxu kəsilmişdir. O, kəskin daşla tamamlanır. Bu vəziyyət saray kompleksində bir neçə dəfə təkrar olunur.[12]

Taxt zalı

Sarayın planında qalın divarlı, səkkizguşəli salon xüsusi diqqət cəlb edir. Onun divarlarında iç tərəfdən çatma tağlı camaxatanlar vardır. Bu salonun damı daş gümbəzlə örtülmüşdür.[10] Ayrıca tikilmiş və bayır tərəfdən yaraşıqlı qapısı olan bu salon, ehtimal ki, qəbul salonu olmuşdur.[10] İndi ondan sarayın başqa otaqlarına yol açılmışdır.[10] Lakin, buranın döşəməsi başqa otaqlarla bir səviyyədə olmayıb, onlardan bir metr alçaqdır.[10] Berezinin çəkdiyi "Bakıda Şirvanşahlar sarayının planı"nda həmin zalı başqa otaqlarla əlaqələndirən yolun açılması haqqında qeyd edilməmişdir.[10] 1888–1889-cu illərdə Bakıya göndərilmiş ekspedisiyaya başçılıq etmiş akademik A. N. Pavlinov da zalın başqa otaqlarla əlaqələndirilməsini qeyd etməmişdir. O, bu haqqda yazdığı məqalədə həmin salonla sarayın başqa otaqları arasında bir yol olmadığını qeyd edir.

Berezin yazır: "Bura sarayın "Xan oturağı" adlanan hissəsidir. Bu hissə səkkizguşəli gümbəzli bir otaqdan ibarətdir. Hər divarında bir oyuq və çamaxatan vardır. Bayır tərəfdən divarlar kvadrat şəklindədir ki, bunlara da saray binasının yanında tikilmiş başqa bir binanın üst mərtəbəsi söykənir. Bunların arasında yol yoxdur."[13]

S. DadaşovM. Hüseynov qeyd edir ki, "döşəmələrin bir-birindən çox (1 metr) hündür-alçaq olmasına əsasən güman etmək olar ki, bu otaqlar arasında həqiqətən də yol olmamışdır."[14] Lakin, artıq 1896-cı ildə sarayın memar Kazimir Skureviç tərəfindən çəkilmiş sxematik çertyojunda bu salonun başqa otaqlarla rabitəsi olduğu göstərilir. Çertyojun müəllifi yazır: "İndi sarayın daxilində gümbəzlər və divarların demək olar ki, hamısı sökülüb götürülmüş və təzə yol açılmışdır."[14] Tədqiqatçıların fikrincə, bu müəlahizə və fikirlər, baş qapı ilə səkkizguşəli salonun bir zamanda, sarayın başqa hissələrinin isə başqa zamanda tikildiyi faktını təsdiq etmək üçün əldə bir növ əsas yaradır. Lakin, onun nə zaman tikildiyini müəyyən etmək mümkün deyildir.[14]

  1. 1 2 3 Dadaşov, Useynov, 1955. səh. 11
  2. 1 2 3 Fətullayev, 2013. səh. 96
  3. 1 2 3 Fətullayev, 2013. səh. 97
  4. Fərhadoğlu, 2006. səh. 115
  5. 1 2 3 4 5 6 7 Fərhadoğlu, 2006. səh. 116
  6. 1 2 Левиатов, В. Н. Археологические раскопки 1945 г. при дворце Ширваншахов в г. Баку (Изв. АН Азерб. ССР). Баку. 1948. 116–117.
  7. 1 2 3 4 Dadaşov, Useynov, 1955. səh. 12
  8. И. Н. Берёзин. часть III-я // Путешествие по Дагестану и Закавказью. — 2-е. — Казань: Университетская типография, 1850
  9. İçəri şəhər tarixdə — tarix İçəri şəhərdə. Elmi-praktik konfrans (Məqalələr toplusu). Bakı-2016
  10. 1 2 3 4 5 6 7 Dadaşov, Useynov, 1955. səh. 13
  11. 1 2 Fərhadoğlu, 2006. səh. 117
  12. 1 2 3 Fərhadoğlu, 2006. səh. 118
  13. Павлинов, А. М. Баку // Материалы по археологии Кавказа (выпуск III). Москва: Издательство БОНО. 1893. 81–91.
  14. 1 2 3 Dadaşov, Useynov, 1955. səh. 14
  • Fərhadoğlu, Kamil. İçərişəhər. Bakı: Şərq-Qərb nəşriyyatı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. 2006. səh. 256.
  • Fətullayev-Fiqarov, Şamil. Bakının memarlıq ensiklopediyası. Bakı: Şərq-Qərb, Azərbaycan Respubliksı Memarlar İttifaqı. 2013. səh. 528.
  • S. Dadaşov, M. Useynov. Bakının memarlıq abidələri. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. 1955. səh. 42.