Xilaskar kilsəsi (Bakı) — Vikipediya
Xilaskar kilsəsi | |
---|---|
Erlöserkirche | |
40°22′37″ şm. e. 49°50′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Nəsimi rayonu, 28 may küçəsi, 17 |
Aidiyyatı | Lüteranlıq |
Memar | Adolf Eyxler |
Tikilmə tarixi | 1896-1899 |
Üslubu | Neoqotika |
Vəziyyəti | Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalı kimi fəaliyyət göstərir |
İstinad nöm. | 112 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Xilaskar kilsəsi (alm. Erlöserkirche) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir.
Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir.
Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.Tarixi
[redaktə | mənbəni redaktə et]Yevangelik-Lüteran İcması
[redaktə | mənbəni redaktə et]Cənubi Qafqazda Lüteranlıq XIX əsrin 20-ci illərindən etibarən, Azərbaycanda Yelenendorf və Annenfeld alman koloniyalarının yaradılmasından sonra yayılmağa başlamışdır.[1] Həmin dövrlərdə kolonistlər Yevangelik-Lüteran Ali Konsistoriyasına tabe olurdular. 1810-cu ildə Xarici İnamların Mərkəzi İdarəsi (rus. Главное управление иностранных исповеданий) yaradılmış və 1817-ci ildən həmin mərkəz Rusiya İmperiyasının Dini İşlər Nazirliyinin tərkibinə daxil olmuşdur. 1937-ci ildə fəaliyyətinə xitam verilənə kimi Azərbaycanın Yevangelik-Lüteran Cəmiyyəti birləşmiş Cənubi Qafqaz Yevangelik-Lüteran Cəmiyyətinin tərkibinə daxil olmuşdur.[2]
1864-cü ildə Moskvadan Bakıya Eyxler, De Burr qardaşları, Otto Lend və başqaları köçürlər. Bakıda 1870-ci ildə qurulmuş Yevangelik-Lüteran İcmasının də təşkilatçıları alman-lüteranlar olurlar. 1873-cü ildə Bakıya, Robert Nobellə birlikdə lüteran inaclı isveçlilər də köçürlər. 1877-ci ildə Bakı quberniyasında 3430 alman yaşayırdı.[3]
Yer seçilməsi
[redaktə | mənbəni redaktə et]1877-ci ildə Bakı qubernatoru olan general-mayor Valerian Pozen lüteranlara təmsilçi və kilsə soveti üzvlərini seçməyə, həmçinin kirxa və ibtidai məktəb inşa etməyə icazə verir. Sovetə mühəndis Tol, mühəndis Ferdinand Lemkul, əczaçı Karl Eyxler, mekxanika zavodunun sahibi Otto Lend, Vilhelm Zorqe (kəşfiyyatçı Rixard Zorgenin atası), Qotlib Tsine və isveçrəli Sunqren daxil idi. 2 may 1878-ci ildə Bakı Yevangelik-Lüteran Sovetinin üzvləri Lemkul, Meyer, Eyxler, Lents, Tsinne və başqaları Şəhər İdarəsinə müraciət edərək, ibadət evi və ibtidami məktəb binalarının tikilməsi üçün yer ayırılmasını xahiş edirlər. Müraciətdə keçmiş Nikolayevskaya (indiki İstiqlaliyyət) küçəsində hazırda Bakı Şəhər İcra Hakimiyyətinin binası yerləşən yerin ayrılması xahiş edilirdi.[4]
1879-cu ilin fevralında lüteran icmasının Kilsə Soveti Şəhər İdarəsinə yenidən müraciət edərək, əvvəl qeyd edimiş yerdə ərazi ayırılmasını, əgər mümkün deyilsə, Tatar qəbirsanlığının Şərq tərəfində, həbsxana ərazisi ilə üzbəüz ərrazinin (hazırda “Monolit” binasının yerləşdiyi ərazi) ayırılmasını xahiş edir.[5] 1859-cu ildən həmin qəbirsanlıqda ölülərin dəfn edilməsinə icazə verilməsə də, əhali hələ də oradakı məzarları ziyarət edirdi. Bakının 1878-ci ildə təşkil edilmiş baş planına əsasən bu ərazidə qala divarları boyunca sənətkarlıq sıralarının, həbsxana ilə üzbəüz yaradılacaq meydanda isə ticarət işləri üçün istifadə olunmalı idi.[6] Buna görə də, Şəhər İdarəsi Kilsə Sovetinə başqa ərazi seçməyi təklif edir.[5]
28 iyun 1879-cu ildə F. Lemkul, həmçinin Kilsə Sovetinin üzvləri K. Eyxler və O. Lents yenidən Şəhər İdarəsinə müraciət edərək şəhər mərkəzindən çox uzaq olmayan başqa bir ərazinin ayırılmasını xahiş edirlər. 25 aprel 1885-ci ildə Bakı Yevangelik-Lüteran İcması Kilsə Sovetinin sədri Karl Lüdviq Limmerman Şəhər İdarəsinə edilmiş növbəti müraciətində onlar üçün Karantinnaya (hazırda Həzi Aslanov) küçəsində ayrılmış 6002 sajen ərazinin ibadət evi və məktəb binasının inşası üçün çox kiçik olduğunu bildirir, buna görə də, Telefonnaya (hazırda 28 may) küçəsindəki boş ərazinin ayırılmasını xahiş edir.[7] 30 noyabr 1885-ci ildə Bakı Şəhər Duması Telefonnaya küçəsində Masumovun zavodu və Vermişevin dəyirmanı yaxınlığındakı boş ərazinin ibadət evi və məktəb inşası üçün lüteran icmasına ayrılmasına qərar verir.[7] 2 yanvar 1886-cı ildə 14002 sajen ərazi ölçülür və icmaya təhvl verilir, beləcə, Yevangelist-Lüteran cəmiyyəti Bakıda ərazi alınmasına on dörd il sərf etmiş olur.[7]
İnşası
[redaktə | mənbəni redaktə et]1886-cı ildə Eyxlerin iştirakı ilə Suraxanskiy (hazırda Dilarə Əliyeva) küçəsində məktəb binası inşa edilir və müvəqqəti olaraq bu məktəb həm də ibadət evi kimi istifadə edilir. Elə həmin il memar İohann Edel tərəfindən ibadət evinin inşa planı hazırlanır, lakin, 13 fevral 1894-cü ildə ümumi yığıncaqda kilsə inşa edilməsi qərara alınır.[8] Kilsənin inşası 24 yaşlı gənc memar, Karl Eyxlerin qardaşı oğlu Adolfa həvalə olunur. 6 mart 1894-cü ildə memar icma yığıncağının təsdiq etməsi üçün kirxa layihəsini təqdim edir, 14 mart 1896-cı ildə isə Rusiya İmperiyasının Daxili İşlər Nazirliyi layihəni təsdiqləyərək inşaata icazə verir.[8]
21 mart 1896-cı ildə, bazar günü kilsənin təntənəli təməlqoyma mərasimi baş tutur.[9] Təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev və bələdiyyə başçısı İretskiy də iştirak edirlər. Mərasimdə iştirak etmək üçün Emmanuel Nobel də Bakıya gəlir.[9] Mərasimdə kilsənin adının Xilaskar kilsəsi olacağı elan edilir.[9] Kilsə, Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında inşa edilmiş və 70.000 rubla başa gəlmişdir.[9]
Xeyir-duası
[redaktə | mənbəni redaktə et]24 iyun 1898-ci ildə çoxlu əhalinin iştiarkı ilə kirxa qülləsinə qızıl suyuna çəkilmiş, 13 pud ağırlığa malik xaç qaldırılır. Hazırlanması 15.000 rubla başa gəlmiş xaçın xərcləri lüteran icmasının sədri Lev de Burun qardaşı Bruno de Bur tərəfindən ödənmişdi.[9] 1899-cu ildə kilsədə zınqırovlar və orqan quraşdırılmışdır. 4 fevral 1899-cu ildə kilsədə ilk orqan musiqisi eşidilmişdir. 14 mart 1899-cu ildə Alman-İsveç prixodunun Xilaskar Lüteran Kilsəsinin xeyir-dua mərasimi baş tutmuşdur. Mərasimdə mindən çox insan, o cümlədən, qubernator Vladimir Roqqe iştirak etmişdir.[9]
23 aprel 1900-cü ildə kirxada ilk dini orqan konserti baş tutmuş, konsertdə İ.S.Baxın əsərləri səsləndirilmişdir. Sonradan bu cür konsertlər ənənəyə çevrilmiş və 1928-ci ilə kimi davam etdirilmişdir.[10]
SSRİ dövründə
[redaktə | mənbəni redaktə et]1934-cü ildə kilsənin sökülməsinə qərar verilir. Azərbaycanın Yevangelik-Lüteran icması 1937-ci ilə kimi fəaliyyətini davam etdirmişdir. 1934-cü ildə sonuncu pastor Paul Hamberq kilsəni tərk etmişdir. Kilsə və ziyarətçilərin sonrakı taleyi uğrunda mübarizəni Kilsə Soveti davam etdirmişdir. 1936-cı ildə sovet üzvü Rudolf Vaqnerin təşəbbüsü ilə kilsə ziyarətçilərindən toplanmış ianələr hesabına Amaliya Andreyevna Karpenko xüsusi məktubla Moskvaya göndərilmişdir. Sovet hökuməti və birbaşa Stalinin adına yazılmış məktubda Bakıdakı alman kilsəsinin saxlanması və kilsə ziyarətçilərinin ömürlərinin sonuna kimi yoldaş Stalin üçün dua etmələrinə icazə verilməsini xahiş edirdilər.[11] Bakıdakı digər mühüm məbədlərdən (Müqəddəs Bakirə Məryəm kostyolu, Aleksandr Nevski kafedralı, Müqəddəs Varfolomey kilsəsi, Müqəddəs Faddey və Varfolomey kilsəsi, Bibiheybət məscidi və sair) fərqli olaraq Xilaskar kilsəsi dağıdılmır. Lakin, 1 noyabr 1937-ci ildə icma aktivistləri pastor Paul Leopoldoviç Hamberq, Rudolf Rudolfoviç Vaqner, Kristian Kasparoviç Ditçül, Con Kristianoviç Vinter, İda Bernqardovna Temnikova, Mariya Avqustovna Fridrixzon, Amaliya Andreyevna Karpenko və Ditrix Kornelyeviç Tissen güllələnərək qətlə yetirilir.[11]
Lakin, kilsənin sökülməsinin qarşısı alınır. Belə ki, 1934-cü ildə Sergey Kirovun qəfil öldürülməsindən sonra Sovet hökuməti təcili olaraq Bakıda ona heykəl ucaldılmasına qərar verir. Heykəlin ucaldılması işi Pinxos Sabsaya tapşırılır. Heykəltəraş əsər üzərində işin davam etdirilməsi üçün hündür tavanlı yerə ehtiyacı olduğunu bildirir və iş emelatxanası kimi ona kilsə binasının ayırılmasını xahiş edir. Buna görə də kilsənin sökülməsi təxirə salınır və bina iş emalatxanası kimi Sabsaya verilir.[12] Sonrakı illərdə bina Nazirlər Kabinetinin qərarı ilə kamera və orqan musiqisi zalı adlandırılaraq Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir.
Müasir dövrdə
[redaktə | mənbəni redaktə et]15 mart 2010-cu ildə “Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə al”[13] an Azərbaycan Prezidenti İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayır. Restavrasiya işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayırılır.[13] Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 30 dekabr 2010-cu ildə Azərbaycan Prezidenti və Azərbaycanın birinci xanımı kilsə binasının açılışında iştirak edirlər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirmişdir. Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilmişdir. Bundan əlavə, binada ilk dəfə havalandırma sistemi qurulmuş, xaricdən dəvət olunan mütəxəssislər orqanı bərpa etmişlər.[14]
2016-cı ildə Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Viktorovna Nesterevo kilsədə bazar günü ibadətlərinin keçirilməsi üçün 20 AZN icarə haqqı alınmasını və icmanın davamlı olaraq bu məbləği ödəyə bilmədiyini bildirmişdir.[15] Məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə, bütün dini icmalar kimi, lüteran icmasına da dövlət büdcəsindən vəsait ayrıldığını bildirmişdir.[16]
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Layihənin əsas sifarişçiləri olan Bakının alman mənşəli sakinləri memar A. Eyxlerin qarşısında belə bir tələb irəli sürmüşdülər ki, layihələndirilən kirxa Yelenendorf (indiki Göygöl) koloniyasındakı kirxanı xatırlatmalıdır. Yelenendorfdakı kirxanın memarı məlum olmasa da, tikili müəyyən qədər orta əsrlər Almaniyasının əyalətlərindəki dini tikililəri xatırladır.
Lakin, XIX-XX əsrlərin keçidində Zaqafqaziyanın və Rusiya İmperiyasının iri sənaye mərkəzlərindən birinə çevrilmiş Bakı üçün Yelenendorfdakı kirxa memarlıq göstəricisi ola bilməzdi.[17] İstedadlı memar-rəssam olan Adolf Eyxler çox zərif memarlıq üslubuna malik idi. Dərin erudisiya və yüksək peşəkarlıq Eyxlerə kirxanın memarlığını alman qotikasının[17] ən yaxşı ənənələrində işləyib hazırlamağa imkan vermişdi. İnşaat və bəzək işlərinin yüksək keyfiyyəti kirxa binasını yan tikililərlə birlikdə vahid kompleks halnda sıravi tikililərlə bir yerdə vahid kompleks halında sıravi tikililər arasından seçilib ayrılır.
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Memarlıq tədqiqatçısı Ş. Fətullayev-Fiqarov qeyd edir ki, 28 may (keçmiş Telefonnaya) küçəsinin qırmızı xəttindən xeyli geridə ucalan kirxanın yerləşmə mövqeyini uğurlu hesab etmək olar. Belə taktiki yanaşma binanın həcmi-fəza strukturunun tam gücü ilə açılmasına imkan vermişdir. Tədqiqatçının fikrincə, “binanın parlaq gözəlliyinin müşahidəsi üçün də seçilmiş mövqe çox əlverişlidir.”[18]
Bakı şəhərinin ensiz küçələrinin qırmzı xətlərində yerləşən və kifayət qədər vizual memarlıq panoramı olmayan ictimai və mülki tikililərdən fərqli olaraq, kirxa miqyas və fəza atmosferi aydın duyulan dini mahiyyətli yeganə tikilidir. Burada ətraf tikililər bina üçün sıxıntı yaratmır, o, kompozisiya dominantı kimi öz memarlıq şərhində çıxış edir.[18]
İnteryeri
[redaktə | mənbəni redaktə et]Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. İnteryer həlli ciddi və sadədir, ənənəvi şəkildə yanlardakı qotik formalı pəncərələrdən işıqlanır. Ağac memarlığının ən yaxşı ənənələrində işlənmiş plafon alman qotikası üçün səciyyəvidir.[17]
Kessonlaşdırılmış tutqun tavan irəli çıxan gözəl kornşteynləri ilə birgə zalın təmiz divarlarının üzərinə effektli şəkildə oturub. Divarların iri səth müstəviləri ilə təzadlı nisbətdə olan memarlıq elementləri maraqlı kompozisiya həllinə gətirilmişdir.[17]
İbadət zalının baş girişi üstündə, apsida ilə üzbəüzdə ikinci mərtəbədə orqan musiqisi üçün eyvan yerləşir. Sadə həllinə baxmayaraq, sakit memarlıq kütlələrinin mütənasib bölümləri, dekorativ elementlərin zövqlə tətbiqi və interyerdə aparılmış işlərin yüksək keyfiyyəti sayəsində zal yüksək məziyyətlər əldə etmidir.[17]
Eksteryeri
[redaktə | mənbəni redaktə et]Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir.[19] Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır. Onun enişləri krablar və xaççiçəklərlə bəzənib.[19]
Şamil Fətullayev qeyd edir ki, Marburqdakı Müqəddəs Yelizaveta kilsəsi ilə müqayisədə Adolf Eyxlerin qarşısında duran vəzifələr istər binanın miqyası, istərsə də həcmi-fəza kompozisiyasının həlli baxımından daha sadə olsa da, memar bu tikilidən müəyyən mənada ilhama gəlməyə bilməzdi.[19]
Portalın qabarıq profillənmiş şişbucaq tağı yumşaq profillər vasitəsilə qapı üzərindəki qızılgül naxışını diqqətə çəkərək, sevinc və rahatlıq atmosferi yaradır. Portal üzərində ardıcıl olaraq qotik memarlığın çatma formaları öz dinamik proporsiyaları ilə yerlərini tutur və səkkizüzlü plana malik qüllə ilə aksent şəklində bərkidilir.[19] Bu maraqlı üsul alman qotikasının xüsusi məşəlinə çevrilərək, frontonları, krablar və xaççiçəklərlə bir yerdə enişləri təkrar edir. Burada memarlıq miqyaslı səmtləşdirilmiş dinamika təzahür edir. Bakılı sənətkar-ustaların məharətli işi, Abşeron karxanalarının əla keyfiyyətli daşı və memar A. Eyxlerin istedadı kirxanı Bakı şəhərində qotik memarlığın apofeozuna təvrilir.[19]
Kirxanın şaquli binasının təsir gücü birmənalı deyildir. O, yan, lakin ona harmonik şəkildə qovuşan kütlələrlə bir yerdə dominant mövqeyini qoruyub saxlayır. Memarlıq elementləri ilə qapanan çatma tağ yerləri qabarıq ifadə olunur. Kirxanın şaquli binasının təsir gücü birmənalı deyildir. O, yan, lakin ona harmonik şəkildə qovuşan kütlələrlə bir yerdə dominant mövqeyini qoruyub saxlayır. Memarlıq elementləri ilə qapanan tağ yerləri qabarıq ifadə olunur.[19]
Kirxanın ümumi həcmi-fəza və memarlıq kompozisiyası memar Adolf Eyxlerə qotikaya yeni nəzərə salmağa imkan vermişdir. Onun memarlığı Şərq mühitində formalaşmış və digər konstruktiv-karkas sistemində yüksələn qotik üslubi strukturu yaratmışdır.[19]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Verdiyeva, 2009. səh. 13
- ↑ Verdiyeva, 2009. səh. 29
- ↑ Zeynalova, 2008. səh. 202-218
- ↑ Гумбатова, 2008. səh. 34
- ↑ 1 2 Гумбатова, 2008. səh. 35
- ↑ Şəhərsalma, 2013. səh. 94-98
- ↑ 1 2 3 Гумбатова, 2008. səh. 36
- ↑ 1 2 Гумбатова, 2008. səh. 73
- ↑ 1 2 3 4 5 6 Гумбатова, 2008. səh. 74
- ↑ ИБРАГИМОВА, Джейла. "ЗДЕСЬ ЗВУЧАЛА АВЕ-МАРИЯ". IRS. 27 sentyabr 2007. Archived from the original on 2007-09-27. İstifadə tarixi: 2 noyabr 2017.
- ↑ 1 2 Гумбатова, 2008. səh. 92
- ↑ Информационный портал о Германии. Церковь Спасителя в Баку: вторая жизнь Arxivləşdirilib 2016-09-14 at the Wayback Machine. 10 января 2011
- ↑ 1 2 "Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmiri və bərpasıilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı". 2010 16 mart. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2017.
- ↑ "İlham Əliyev Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının açılışında iştirak etmişdir". president.az. 2017-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2017.
- ↑ "Azərbaycanda yaşayan lüteranlar - işıq da alman hesabı ilə yandırılır". report.az. 5 Noyabr, 2016. İstifadə tarixi: 2 noyabr 2017.
- ↑ "Dövlət Komitəsi Lüteranların Bakı dini icmasının ibadətlə bağlı probleminə münasibət bildirib". milletinsesi.info. İstifadə tarixi: 2 noyabr 2017.[ölü keçid]
- ↑ 1 2 3 4 5 Fətullayev, 2013. səh. 149
- ↑ 1 2 Fətullayev, 2013. səh. 148
- ↑ 1 2 3 4 5 6 7 Fətullayev, 2013. səh. 150
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Зейналова, Судаба. Немцы на Кавказе (PDF). Bakı: Mütərcim. 2009. 2019-12-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
- Вердиева, Хаджар. Немцы в Северном Азербайджане (PDF). Bakı: Elm. 2009. 2018-03-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
- Гумбатова, Тамара Филипповна. Баку и немцы. Bakı. 2008. səh. 462.
- Fətullayev-Fiqarov, Şamil. Bakının memarlıq ensiklopediyası. Bakı: Şərq-Qərb, Azərbaycan Respubliksı Memarlar İttifaqı. 2013.
- Fətullayev-Fiqarov, Şamil. Bakı memarları - XIX əsrin sonu XX əsrin əvvəllərində. Bakı: Şərq-Qərb, Azərbaycan Respubliksı Memarlar İttifaqı. 2013.