Mərkəzi Park (Bakı) — Vikipediya
Mərkəzi Park | |
---|---|
Məlumatlar | |
Parkın tipi | İctimai şəhər parkı |
Ölkə | |
Yerləşməsi | Abdulla Şaiq küçəsi, Nəriman Nərimanov küçəsi və Mirzə Ağa Əliyev küçəsi, Bakı, Azərbaycan |
Koordinatları | 40°22′26″ şm. e. 49°49′31″ ş. u.HGYO |
Sahəsi | 20 hektar |
Yaradılıb | 2019 |
Tabeçiliyi | Bakı Şəhər İcra Hakimiyyəti |
Statusu | Fəaliyyət göstərir |
Ən yaxın ictimai nəqliyyat | Nizami metrostansiyası Mərkəzi Park avtobus dayanacağı |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Mərkəzi Park — Azərbaycanın paytaxtı Bakı şəhərində park. Köhnə Sovetski məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşən bu parkın birinci hissəsinin açılışı 22 may 2019-cu il tarixində gerçəkləşmişdir. Park Avstriya memarı Yans Hoffman tərəfindən layihələndirilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ildən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi ilə əlaqədar Sovetski məhəlləsində yaşayan əhalinin köçürülməsinə və köhnə evlərin sökülməsinə başlanılmışdı. Həmin il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, "Sovetski" məhəlləsində söküləcək evlərin Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzə Ağa Əliyev (qalan evlər), Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan küçələrində yerləşdiyi və sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcəyi, evlərin ərazidə salınacaq parka görə söküləcəyi açıqlanmışdır.[1] Bəyanata görə, çəkiləcək yeni yollar Qış Bulvarının davamı olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, Nizami metrostansiyasının yaxınlığından Balababa Məcidov, Abdulla Şaiq və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi boşalmış ərazilərdə salınacaq.[2]
Bakının "Sovetski" məhəlləsində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülmüşdür. Həmin layihələrdən ən əsası "Sovetski"nin yerində salınan böyük parklardan biridir.[3]
Parkın birinci hissəsi 22 may 2019-cu il tarixində ictimaiyyətin istifadəsinə verilmişdir.[4]
Quruluşu
[redaktə | mənbəni redaktə et]Parkın birinci hissəsi yerüstü piyada keçidləri və zolaqların birləşdirdiyi altı hissədən ibarətdir. Bu keçidlər əsasən avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzə Ağa Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa edilmişdir.[4] Ümumilikdə, park 20 hektar əraziyə malikdir ki, bunun 14 hektarında yaşıllıq salınmışdır. Mərkəzi Parkda bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası var.[5]
Parkın ərazisində ümumilikdə 9 fəvvarə var. İstirahət parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılmışdır. Burada 2.100-dən çox 19 növ ağac və 137.000-dən artıq gül və kol bitkiləri əkilmişdir. Parkda yaşıllıqları suvarmaq üçün 6.5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilmişdir. Bundan başqa, Mərkəzi Parkın ərazisində drenaj xəttlər də çəkilmişdir.[5]
Parkın ərazisində Mirzə Ağa Əliyev küçəsi və Təzəpir məscidi arasında 347 yerlik yeraltı avtomobil dayanacağı tikilmişdir. Dayanacaq təbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameraları ilə təchiz edilmişdir.[5]
Gələcəkdə Mərkəzi Parkın ərazisində 2 kafe də fəaliyyət göstərəcək. Əlavə olaraq, Təzəpir məscidinin qarşısındakı bağdan məscidə əlavə giriş imkanı da olacaq.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Sovetskidə kütləvi söküntülər başladı". www.qafqazinfo.az (az.). Qafqazinfo. 29 iyul 2014. 31 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
- ↑ ""Sovetski"də 76 tarixi bina söküləcək". kreditplaza.az (az.). Credit Plaza. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
- ↑ ""Sovetski"nin yerində tikilən Bakı Mərkəzi Parkı açılışa hazırdır - FOTO". 1news.az (az.). 1News. 24 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
- ↑ 1 2 ""Sovetski"nin yerində tikilən Bakı Mərkəzi Parkı - FOTO". Baku.ws (az.). 14 may 2019. 24 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
- ↑ 1 2 3 4 "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda yeni bağın və Mərkəzi Parkın açılışında iştirak ediblər - Yenilənib". Kaspi.az (az.). "Kaspi" qəzeti. 22 may 2019. 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.