Azərbaycan Dillər Universiteti — Vikipediya

Azərbaycan Dillər Universiteti
ADU
Loqonun şəkli
Xəritə
40°23′00″ şm. e. 49°50′34″ ş. u.HGYO
Əvvəlki adı Azərbaycan Xarici Dillər Universiteti
Əsası qoyulub 1973
Tip Dövlət
Rektor Kamal Abdulla
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Rəşid Behbudov küçəsi, 60
Sayt adu.edu.az/en/index.php
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Dillər Universiteti və ya qısaca ADUAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da "Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında" qərar qəbul etdi. 1937/1938-ci tədris ilində fakültəyə 175 nəfər qəbul edildi: ingilis dilinə 59 nəfər, alman dilinə 92 nəfər, fransız dilinə 24 nəfər[1].

Onlardan 46 nəfəri Azərbaycan bölməsinə, 129 nəfəri rus bölməsinə qəbul olunmuşdu. 1941-ci ildə həmin qəbuldan yalnız 95 nəfəri diplom ala bildi. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında "Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında" qəbul etdiyi qərar əsasında APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi[1].

Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq institut yalnız taşkilatlanma prosesini həyata keçirə bildi və XMK-nın əmri ilə sentyabr ayının 1-dən yenidən APİ-nin fakültəsi kimi öz fəaliyyətini davam etdirdi[1].

Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. İnstitutun ilk rektoru vəzifəsinə Xarici dillər fakültəsinin məzunu və bir müddət fakültənin müəllimi, sonra isə dekanı işləmiş Heybət Paşayev təyin edildi. Birinci il instituta 150 nəfər qəbul edildi[1].

İnstitut müstəqil fəaliyyət göstərdiyi 10 il ərzində 1400-ə qədər xarici dil mütəxəssisi hazırlamışdı: 861 nəfər ingilis, 278 nəfər alman, 234 nəfər fransız dilləri üzrə. Onlardan əksəriyyəti azərbaycanlı idi.

Respublika Maarif Nazirinin 14 may 1959-cu il tarixli əmrilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu ilə birləşdirildi[1].

Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi təyin edildikdən sonra respublikada bütün sahələrdə olduğu kimi təhsil sistemində, xüsusən ali təhsilli mütəxəssislərin hazırlanması, onların nəzəri və peşə biliklərinin artırılması, tədris-tərbiyə prosesinin təşkilində müasir elmi metodların tətbiq olunması sahəsində də ciddi dəyişikliklər edildi. Azərbaycan KP MK-nın və Azərbaycan Nazirlər Sovetinin 17 oktyabr 1972-ci ildə qəbul etdikləri "Azərbaycan SSR-də ali təhsili daha da təkmilləşdirmək haqqında" qərar bu sahədə mühüm rol oynadı. Qərarın icrası ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Soveti 4 noyabr 1972-ci ildə "M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında" qərar qəbul etdi. Həmin qərar əsasında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yenidən müstəqil ali məktəb kimi fəaliyyətə başladı və Zemfira Nadir qızı Verdiyeva institutun rektoru təyin edildi[1].

Azərbaycan Respublikası xalq təhsili nazirinin 25 dekabr 1992-ci il tarixli əmrilə professor Z. Verdiyeva rektor vəzifəsindən azad edildi. İnstitutun tədris işləri üzrə prorektoru, professor Qorxmaz Quliyev daxili əmrlə 30 dekabrdan rektor vəzifəsini icra etməyə başladı.

Azərbaycan müstəqillik qazandıqdan sonra APXDİ-nin rəhbərliyində dəyişiklik edildi və 1993-cü ilin yanvar ayının 25-də professor Fəxrəddin Veysəlli ali məktəbin rektoru təyin olundu.

1993-cü il sentyabr ayının 6-da Z. Verdiyeva rektor vəzifəsinə bərpa olunduğundan F. Veysəlli tutduğu vəzifədən azad edildi. 1993-cü ilin dekabr ayında Z. Verdiyeva yaşına görə təqaüdə çıxdı. Professor Q. Quliyev rektor təyin olundu və 4 aprel 2000-ci ilədək rektor vəzifəsində çalışdı[1].

İnstitutun inkişafına həmişə böyük qayğı göstərmiş Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutu fəaliyyəti genişləndirilməklə Azərbaycan Dillər Universitetinə çevrildi. Prezidentin 30 iyun 2000-ci il tarixli Sərəncamı ilə professor Səməd İsmayıl oğlu Seyidov universitetin rektoru təyin edildi.

Heydər Əliyevin sərəncamı əsasında 2003-cü ildə universitetə əlavə təhsil binası verildi. Prezident İlham Əliyevin göstərişi ilə 2005-ci ildə 2500 nəfər tələbə üçün nəzərdə tutulmuş beş mərtəbəli yeni tədris binası tikilib istifadəyə verildi.

24 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin imzaladığı Sərəncamla Səməd Seyidov Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edildi.

1 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İham Əliyev akademik Kamal Abdullayevin Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsi ilə bağlı Sərəncam imzaladı[1].

Hazırda 70-dan çox ixtisas üzrə mütəxəssis hazırlanan universitetdə 5 fakültə, 31 kafedra, elmi mərkəzlər, laboratoriyalar fəaliyyət göstərir. Universitetdə təhsil alan tələbə, magistrant və doktorantların sayı 6500 nəfərə yaxındır.

Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib. Xarici ölkələrin qabaqcıl ali məktəbləri ilə əlaqələr günü-gündən genişləndirilir. Türkiyənin, ABŞ-nin, Rusiyanın, Çinin, Böyük Britaniyanın, Fransanın və Avropanın, Asiyanın digər ali məktəbləri ilə əlaqələr daha intensiv şəkil alır, qarşılıqlı müqavilələr bağlanır, müəllim və tələbə mübadiləsi genişlənir, diplomların tanınması istiqamətində intensiv iş aparılır.

Maddi-texniki bazası

[redaktə | vikimətni redaktə et]

Hazırda 50-yə yaxın ixtisas üzrə mütəxəssis hazırlanan universitetdə 5 fakültə, 28 kafedra, çoxlu sayda elmi mərkəzlər, laboratoriyalar fəaliyyət göstərir, qısa müddət ərzində tələbələrin sayı iki dəfə artaraq 3000-dən 6000-ə çatmışdır. Universitetdə 3 kafedra üzrə daimi Dissertasiya Şurası fəaliyyət göstərir: "German dilləri", "Dünya ədəbiyyatı", "Təlim və tərbiyənin nəzəriyyəsi metodikası".

Azərbaycan Dillər Universitetinin 1 saylı tədris binası

İnstitutda müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, o cümlədən eksperimental fonetika laboratoriyası, informatika və TTV nəzdində kompüter laboratoriyası, 2 kitabxana, idman zalı, tibbi xidmət məntəqəsi və s. tələbələrin istifadəsindədir.

Fakültələr və ixtisaslar

[redaktə | vikimətni redaktə et]

Filologiya fakültəsi

  • Jurnalistika
  • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
  • Filologiya (rus dili və ədəbiyyatı)
  • Filologiya (ingilis dili və ədəbiyyatı)
  • Filologiya (alman dili və ədəbiyyatı)
  • Filologiya (fransız dili və ədəbiyyatı)
  • Azərbaycan dili və ədəbiyyat müəllimliyi
  • Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)
  • Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə)
  • Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə)

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi

Təhsil-1 və Təhsil-2 fakültəsi

  • Xarici dil müəllimliyi (ingilis dili)
  • Xarici dil müəllimliyi (alman dili)
  • Xarici dil müəllimliyi (fransız dili)
  • Xarici dil müəllimliyi (rus dili)
  • İbtidai sinif müəllimliyi
  • Məktəbəqədər təhsil
  • Təhsildə sosial-psixoloji xidmət
  • Korreksiyaedici təlim

Tərcümə fakültəsi

  • Tərcümə (ingilis dili)
  • Tərcümə (alman dili)
  • Tərcümə (fransız dili)
  • Tərcümə (ispan dili)
  • Tərcümə (italyan dili)
  • Tərcümə (Koreya dili)
  • Tərcümə (ərəb dili)
  • Tərcümə (erməni dili)[2]

Beynəlxalq əlaqələri

[redaktə | vikimətni redaktə et]

ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib. Tempus layihəsi çərçivəsində "Keyfiyyətin təminatı" mərkəzi yaradıldı. Xarici ölkələrin qabaqcıl ali məktəbləri ilə əlaqələr günü-gündən genişləndirilir. Türkiyənin, Amerikanın, İngiltərənin, Fransanın və Avropanın digər ali məktəbləri ilə əlaqələr daha intensiv şəkil alır, qarşılıqlı müqavilələr bağlanır, müəllim və tələbə mübadiləsi genişlənir, diplomların tanınması istiqamətində intensiv iş aparılır.

ADU-nun Avropanın inkişaf etmiş ölkələrindəki uyğun ali məktəblərlə, o cümlədən Fransanın TUR və LİON universitetləri, Almaniyanın Höte və Bohum universitetləri, İngiltərənin Kembric Universiteti ilə elm və kadr hazırlığı sahəsində sıx əlaqələri vardır[1].

  1. Heybət Paşayev (1949-)
  2. Əfşan Qədimbəyova (1949–1956)
  3. Zemfira Verdiyeva (1972–1993)
  4. Fəxrəddin Veysəlli (25.01.1993–06.09.1993)
  5. Qorxmaz Quliyev (1993–2000)
  6. Səməd Seyidov (2000–2015)
  7. Əfqan Abdullayev (rektor əvəzi, 2015–2016)
  8. Kamal Abdulla (2016-hal-hazırda)
  1. 1 2 3 4 5 6 7 8 9 "Azərbaycan Dillər Universiteti - Tarixi" (az.). adu.edu.az. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-27.
  2. "Erməni dili ixtisasını seçən 10 tələbə". 2024-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-13.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]