Azərbaycanda tonqal qalamaq adəti — Vikipediya
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri.
Haqqında
[redaktə | vikimətni redaktə et]Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü.
Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən:
Ağırlığım, uğurluğum odlara, Yazda mənlə hoppanmayan yadlara. |
söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.[1]
Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar.[2]
Ağrım-uğrum tökülsün, Oda düşüb kül olsun, Yansın Alov saçılsın, Mənim bəxtim açılsın. |
Od yaşamaq, yaşatmaq rəmzidir.
Tarixi qaynaqlarda Novruz
[redaktə | vikimətni redaktə et]Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nizamülmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır. Nizami Gəncəvinin "İskəndərnamə" poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh.
- ↑ İ. ƏLİYEV Səs.- 2011.- 2 mart.- S. 10.
- ↑ "Milli adət və ənənə — Novruz bayramı". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-17.