Həsənəli xan Ziyadoğlu-Qacar — Vikipediya
Həsənəli xan Ziyadoğlu-Qacar | |
---|---|
Həsənəli xan Xəlil xan oğlu Ziyadoğlu-Qacar | |
İrəvan xanlığının III xanı | |
1755 – 1759 | |
Əvvəlki | Xəlil xan Özbək |
Sonrakı | Hüseynəli xan |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1759 |
Vəfat yeri | |
Atası | Xəlil xan Özbək |
Uşağı | |
Ailəsi | Qacarlar |
Həsənəli xan Ziyadlı-Qacar — 1755-ci ildən 1759-cu ilə qədər İrəvan xanlığının xanı.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Həsənəli xan İrəvan şəhərində Xəlil xanın ailəsində dünyaya gəlmişdir. Onun ailəsi Qacar tayfasının Qovanlı və ya Ziyadlı tirəsinə mənsub olmuşdur.[3] O, hakimiyyətə 1755-ci ildə xalqın üsyan nəticəsində Xəlil xan Özbəyi devirməsindən sonra gəlmişdir. Ona bu işdə Azad xan Əfqan da yardım etmişdir. Bəzi qaynaqlarda göstərilir ki, 1755-ci ildə yerli feodallardan Həsənəli xan Ziyadlı-Qacar, Xəlil xan Özbəyi müdafiə edən Azad xanın İranda Kərim xan Zəndin yanında heç bir nüfuz sahibi olmamasından istifadə edib, İrəvanda saray çevrilişi edərək hakimiyyəti ələ aldı. Qaynaqların bildirdiyinə görə, artıq 1755-ci ildə İrəvanda hakimiyyət Həsənəli xan Qacara aid olmuşdu.[4] O, Qacar tayfasının yerli sülaləsinin nümayəndəsi idi. İvan Şopenin məlumatına əsasən, Həsənəli xan Qacarın hakimiyyətə gəlməsindən etibarən İrəvanda xanlıq və ya hakimlik irsi xarakter almışdır.[4]
Həsənəli xan Qacarın hakimiyyəti dövründə Kartli-Kaxeti çarlığının İrəvan üzərinə olan yürüşləri daha intensiv xarakter almağa başladı. Bu dağıdıcı yürüşlərim nəticəsi olaraq İrəvan xanlığı 1759-cu ildən etibarən gürcülərə xərac verməyə məcbur oldu. Bu xərac gürcü hökmdarı II İraklinin xəzinəsinə göndərilirdi.[5] İrəvan xanı II Heraklinin niyyətini əvvəlcədən görən Makulu Əhməd xan Bayatı şəhəri qorumaq üçün dəvət etdi və o, Xoy xanı Şahbaz xanın xahişi ilə İrəvanlılara dəstək verməyə hazır olduğunu bildirmişdi.[3]
Həsənəli xan Qacar 1759-cu ildə xəstəlik ucbatından İrəvan şəhərində vəfat etmişdir.[6] Onun ölümündən sonra hakimiyyətə qardaşı Hüseynəli xan Qacar gəlmişdir.[2]
Kilsə ilə münasibətləri
[redaktə | mənbəni redaktə et]Həsənəli xan Eçmiədzin katalikosluğuna vergi təyin etdi. Bundan əvvəl Azad xan Əfqana və Xəlil xan Özbəyə itaət edən "Üç kilsə" monastrının başçısı Aleksandr bu dəfə yeni xana tabe olub, ona yazılı surətdə xahişlə müraciət edərək bildirdi ki, Azad xan başqa monastrlardan vergi aldığı halda "Üç kilsə"ni həmişə vergi verməkdən azad etmişdir. Xahiş edirik ki, bizə də belə səlahiyyət verəsən. Həsənəli xan "Üç kilsə" monastrının xəlifəsi Aleksandrın xahişinə əməl etmiş və monastırı hər cür vergidən azad etmişdir. Həsənəli xanın bu barədə verdiyi fərmanına divanbəyiləri, Şeyx-ül-islam və digər müsəlman zadəganları və möhrlərini vurmuşlar. Bu da təsadüfi deyildi. Məsələ burasındadır ki, Çuxursəəd torpağında İrəvan xanlığı yaranar-yaranmaz özlərini çar adlandıran gürcü knyazlarından Kaxetiya hakimi II Teymuraz və onun oğlu Kartli hakimi II İrakli bu xanlığı zəbt etməyə çalışmışlar. Bu məqsədlə də onlar İrəvan xanlığının tərkibində olan və İrəvan xanına itaət edən "Üç kilsə" monastrının xəlifəsi-katalikosu ilə əlaqə saxlayır, İrəvan xanlarına onun əli ilə zərbə endirməyə çalışırdılar. Çox güman ki, bunu nəzərə alan İrəvan xanları, "Üç kilsə" rəhbərlərinə güzəştə gedirmişlər.[3]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Həsənəli xanın Məhəmməd xan, Məhəmmədəli xan adlı oğulları vardı.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Əliyev və Həsənov, 1997. səh. 58
- ↑ 1 2 Qarayev, 2010. səh. 39-40
- ↑ 1 2 3 Çingizoğlu, 2008
- ↑ 1 2 Chopin, 1852. səh. 161
- ↑ Markov, 1966. səh. 129
- ↑ Qarayev, 2016. səh. 60
Mənbə
[redaktə | mənbəni redaktə et]- Elçin Qarayev. Azərbaycan İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında). Bakı: Azərbaycan Mi̇lli̇ Elmlər Akademi̇yasi. A. A. Bakixanov adina tari̇x i̇nsti̇tutu. 2016.
- O. P. Markov. Россия, Закавказье и международные отношения в XVIII веке. Наука. 1966.
- Ivan Chopin. Исторический памятник состояния армянской области в эпоху ее присоединения к Российской империи. St. Petersburg. 1852.
- F. Əliyev, U. Həsənov. İrəvan xanlığı. Bakı. 1997.
- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008.