Salarilər — Vikipediya

Tarixi dövlət
Salarilər
Bayraq
Bayraq
 
 
 
 
941 — 981

Paytaxt Ərdəbil
Ən böyük şəhər Təbriz
Dəbil
Rəsmi dilləri ərəb dili, deyləm dili, türk dili
Dövlət dini İslam
Valyuta Dirhəm, Dinar
İdarəetmə forması Monarxiya
Sülalə Salarilər
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salarilərerkən orta əsrlərdə Azərbaycan ərazisində formalaşmış və 941–981-ci illərdə hökm sürmüş sülalə. Salarilər dövlətinin varlığına 981-ci ildə Rəvvadilər dövləti tərəfindən son qoyulmuşdur.

border=none Əsas məqalə: Məhəmməd ibn Müsafir

Salarilər 941-ci ildən 979-cu ilə qədər Azərbaycan və İran Azərbaycanının ərazisində hakimiyyət sürən bir İslam sülaləsi idi.[1][2] Mərzban ibn Məhəmməd Sacilər dövlətinin mövcudluğuna son qoyaraq, 941-ci ildə Salarilər sülaləsinin əsasını qoymuşdur. O, Dəyləmdə hakimiyyət sürən Musafirilər sülaləsinin banisi Məhəmməd ibn Musafirin oğlu idi. 941-ci ildə Mərzban qardaşı Vahsudanla birgə atalarını devirmişdilər. Həmin ildə Mərzban Azərbaycanı fəth etmək məqsədilə yola çıxmış, Ərdəbili və Təbrizi ələ keçirmiş, daha sonra hakimiyyətini Bərdə, Dərbənd və Azərbaycanın şimal-qərb bölgələrinə qədər genişləndirmişdir. Şirvanşahlar vasalı Mərzbanın vassalı olmağı qəbul etmiş və xərac ödəməyə razılaşmışdır. [3][2][4]

943–944-cü illərdə ruslar Xəzər bölgəsinə əvvəlki 913/14-cü il yürüşündən daha qəddar bir kampaniya təşkil etmişdilər. Bu kampaniyanın bölgənin iqtisadi vəziyyətinə təsiri nəticəsində Bərdə böyük şəhər mövqeyini itirmiş və bu mövqe Gəncəyə keçmişdir.[5][5][6] Salari ordusu onlarla döyüşdə bir neçə dəfə məğlub edilmişdi. Ruslar Aran bölgəsinin paytaxtı Bərdəni ələ keçirmiş, yerli əhalinin öz dinlərini saxlamağa icazə vermiş, əvəzində isə öz ağalıqlarının tanınmasını tələb etmişdilər. Bəzi tarixçilər rusların daimi məskunlaşmaq niyyətində olduqlarını qeyd etməkdədirlər. İbn Miskəveyhin verdiyi məlumata görə, yerli əhali ruslarla bağlanan sülhü pozaraq, onlara daşlar atmış və müxtəlif təhqirlərə yol vermişdir. Buna cavab olaraq ruslar şəhər əhalisinin oranı tərk etməsini tələb etmişdir. Bu ultimatum rədd edilmiş və ruslar şəhər sakinlərini qətl etmiş, bir çoxlarını isə fidyə qarşılığında saxlamışdır. Qırğın qısa bir müddət üçün danışıqlar səbəbilə dayandırılmış, lakin danışıqlar uğursuzluqla nəticələnmişdir. Ruslar Bərdədə bir neçə ay qalmış, oranı ətraf bölgələri talamaq üçün baza kimi istifadə etmiş və böyük qənimətlər toplamışdılar.[2]

Mərzban ibn Məhəmməd dövründə zərb edilmiş gümüş dirhəm.

Şəhər yalnız ruslar arasında baş verən dizenteriya epidemiyası ilə xilas ola bilmişdir. Daha sonra Mərzban Bərdəyə mühasirə etmiş, lakin Mosulun Həmdani əmiri əl-Hüseynin hücum etdiyini öyrənmişdir. Mərzban rusları nəzarət altında saxlamaq üçün kiçik bir qüvvə buraxaraq, 945–946-cı illərin qış kampaniyasında əl-Hüseyni məğlub etmişdir. Bu vaxt ruslar əldə edə bildikləri bütün qənimət və əsirlərlə şəhəri tərk etməyə qərar vermişlər.[2] 948-ci ildə Mərzuban Həmədanİsfahan hökmdarı Rükn əd-Dövlə tərəfindən məğlub edilərək, Samiram qalasında əsir götürülmüşdür. Bundan sonra Səllarilər ərazisi Mərzbanın qardaşı Vahsudan, onun oğulları və Sacilərdən Deysəm arasında hakimiyyət uğrunda amansız mübarizənin mərkəzinə çevrilmişdir. Mərkəzi hakimiyyətdəki bu müvəqqəti zəiflik Rəvvadilərə Təbrizin şimal-şərqindəki, Şəddadilərə isə Dvinin ətrafındakı əraziləri ələ keçirmək imkanı vermişdir.[2]

Vilferd Madelunqun bildirdiyinə görə, Salarilərdən İbrahim ibn Mərzban öz hakimiyyətini Şirvan və Dərbənd hakimlərinə də qəbul etdirməyi bacarmışdır. Lakin Salarilər 971-ci ildə Gəncədə möhkəmlənən Şəddadi hakimiyyətini də tanımağa məcbur edilmişdilər. Onlar sonra Azərbaycana gələn Səlcuqlular tərəfindən yox edildilər.[2][7]

Mərzban qardaşı Vəhsudanı özünün varisi elan etmişdi. Vəhsudan Azərbaycana gəldiyi zaman qala komandanları ona tabe olmaqdan imtina etdilər və onun əvəzinə Mərzbanın oğlu Yustanı özlərinin hakimi kimi tanıdılar. Azərbaycanda öz hakimiyyətini qurmağa nail ola bilməyən Vəhsudan məcbur Taroma geri döndü. Beləliklə, Yustan Azərbaycan hakimi kimi, onun qardaşı İbrahim isə Dvin hakimi kimi tanınmağı bacardılar. Qaynaqlardan göründüyü qədərilə Yustan daha çox hərəmdə vaxt keçirməyi üstün tuturdu və bu da onun bəzi dəstəkçilərinin ona dəstək verməmələrinə yol açmışdı. Lakin o və qardaşı İbrahim 960-cı ildə xəlifə əl-Muktafinin nəvəsi əl-Mustacir tərəfindən qaldırılmış üsyanı yatırmağı bacardılar.

Bundan bir qədər sonra Yustan və qardaşı olan Nasir Taroma gəldilər. Onlar burada Vəhsudan tərəfindən aldadılaraq ələ keçirildilər. Vəhsudan oğlu İsmayılı Azərbaycanı ələ keçirmək üçün yola saldı. Buna qarşı çıxan İbrahim ordu topladı və onun bu addımına Vəhsudan Yustanı, onun anasını və Nasiri edam etməklə cavab verdi. Nəticədə İbrahim Azərbaycandan İsmayıl tərəfindən qovulsa da, Dvində öz hakimliyini qoruyub saxlaya bildi.

İsmayıl 962-ci ildə vəfat etdi və bundan istifadə edən İbrahim Azərbaycanı ələ keçirdi. O, buradan da yürüşünü davam etdirərək Taromu ələ keçirərək Vəhsudanı Daylamana qaçmağa məcbur etdi. 966-cı ildə İbrahim Vəhsudan tərəfindən məğlub edildi və nəticədə döyüşçüləri onu tərk etdilər. İbrahimin qohumu Rükn əl-Dövlənin yanına qaçmasından sonra Vəhsudan bir digər oğlu Nuhu Azərbaycanın hakimi təyin etdi.

Rükn əl-Dövlə İbrahimi yenidən Azərbaycan hakimliyinə geri qaytarmaq üçün vəzirinin komandanlığı altında ordu göndərdi. Bu ordu ilk növbədə Vəhsudanı Tarom bölgəsindən qovdu. Lakin 967-ci ildə o, yenidən ordu göndərdi və İbrahim əmisi ilə sülh bağlamadan Ərdəbili yandırdı və Azərbaycanın bir hissəsini ona verdi. 968-ci ildə o, Şirvanşahı ona xərac verməyə məcbur edərək Salarilərin Şirvanda hakimiyyətini bir daha təsdiqlədi.

Bundan sonrakı dövrlərdə İbrahimin hakimiyyəti zəifləməyə başladı. 971-ci ildə Şəddadilər Gəncəni ələ keçirdilər. İbrahimin şəhəri uğursuz mühasirəsindən sonra Şəddadilər şəhərin onlara məxsus olduğunu qəbul etdirə bildilər. İbrahim 979-cu ildə taxtdan salındı və həbsə atıldı. 983-cü ildə öldü. Onun taxtdan salınması ilə Salarilərin Azərbaycanda əsas hakim qüvvə olması faktına son qoyuldu. Tədricən üstünlü Rəvvadi ailəsinə keçdi. Vəhsudanın nəvəsi olan Mərzban ibn İsmayıl 984-cü ilə qədər Azərbaycanın kiçik bir hissəsini öz əlində saxlamağı bacardı. Lakin bu ildə o, Rəvvadilər tərəfindən məğlub edildi. Onun oğlu İbrahim Taroma qaçdı və orada Salari hakimiyyəti bərpa etdi. Lakin onların buradakı hakimiyyətinə bu dəfə Buveyhilər son qoydular.

Bu zaman Dvində İbrahim ibn Mərzbanın oğlu olan Əbülhacca hakimiyyətdə qalmaqda idi. 982 və ya 983-cü ildə o, Qars hakimi tərəfindən Baqration sülaləsindən olan II Smbatın mülklərinə hücuma keçməyə təhrik edilmişdi. Əbülhaccanın Naxçıvan hakimi Əbu Dulaf əl-Şeybaninin üzərinə yürüşü uğursuzluqla nəticələndi. Nəticədə Əbülhacca Dvin hakimliyini itirdi. Bundan sonra Cənubi Qafqazı səyahət edən Əbülhacca Bizans imperatoru II Basil ilə də görüşmüşdür. 989 və ya 990-cı ildə II Smbat ona Dvini yenidən ələ keçirmək üçün ordu versə də, sonradan bu dəstəyini geri çəkdi. Sonda Əbülhacca öz qulluqçularından biri tərəfindən boğularaq öldürüldü.

  1. Bosworth, 1996
  2. 1 2 3 4 5 6 Yarshater, 1983. səh. 141
  3. Clifford Edmund, Bosworth (1996). The New Islamic Dynasties. Columbia University Press. ISBN 978–0231107143.
  4. Ryzhov, 2004
  5. 1 2 Bosworth, 1988
  6. Ibn Miskawaih, 2014
  7. Minorsky, 1953
  • Yarshater, Ehsan, The Cambridge History of Iran. Vol. 1. (PDF), Cambridge University Press, 1983, ISBN 9780521200929
  • Ryzhov, K.V., All the monarchs of the world. The Muslim East. VII-XV centuries, Veche, 2004
  • Bosworth, C. E., "BARḎAʿA, Encyclopaedia Iranica, 1988, 2017-11-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
  • Ibn Miskawaih, Abu ', Ahmad Ibn Muhammad, The Tajarib Al-Umam; Or, History of Ibn Miskawayh, Nabu Press, 2014, ISBN 978-1295768103, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
  • Minorsky, Vladimir, Studies in Caucasian history, Cambridge University Press, 1953
  • Bosworth, Clifford Edmund, The New Islamic Dynasties, Columbia University Press, 1996, ISBN 978-0231107143, 2022-03-27 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]