Türkmənistan mədəniyyəti — Vikipediya

Türkmənistan (türkməncə: Türkmenistanyň medeniýeti) — Asiya qitəsində dövlət. Bu dövlətin zəngin mədəniyyəti var.

Mədəniyyət tarixi

[redaktə | vikimətni redaktə et]

Türkmənistanın EA-nın Məxtimqulu adına Dil və Ədəbiyyat İnstitutunun yaratdığı "Türkmən ədəbiyyatı tarixi"nin altı cildliyinin üç cildi qədim dövrdən müasir dövrə qədər ədəbiyyatının inkişaf mərhələlərini əks etdirir.

Türkmən ədəbiyyatı tarixinin birinci cildi "Orta əsrlər dövrünün ədəbi irsi" adlanır ki, buradakı material təkcə türkmən xalqına deyil, Orta və Kiçik Asiyada, Azərbaycanda, Iranda, Hindistanda yaşamış türk və fars xalqlarına məxsus olan ədəbiyyatdır. Burada M. Kaşğarinin lüğətindən, Y. Balasaqunlunun "Qutadqu-bilik" əsərindən bəhs olunur. Ö. Xəyyamın, Sədi, Hafiz və Ə. Caminin, İ. Nəsimi, Ə. Nəvai, M. Füzuli kimi türk şairlərinin türkmən ədəbiyyatına təsirindən, qarşılıqlı əlaqələrdən danışılır. Amma o yerlərdəki ədəbi prosesin, ədəbiyyatların arasında dil, bədii sənətkarlıq, ədəbi ənənə və s. məsələlər üzrə eynilik, əlaməti qoymaq doğru olmaz. Hər ərazidə yaranan ədəbiyyatın öz xüsusiyyətləri, özünəməxsus ənənələri və mövqeyi vardır. Şeybanilərlə vuruşmada məğlub olaraq xüsusi ölkələrə mühacirət etməyə məcbur olan Babur Əfqanıstan və Hindistanda Moqol sülaləsinin əsasını qoymuşdur. Onun sarayında Babura və onun varisi Humayuna çox yaxın olan adamlardan biri də türkmən şairi Bayram xan idi. Belə təxmin edirlər ki, Bayram xan 1500–1505-ci illərdə anadan olmuş, 1561-ci ildə öldürülmüşdür.[1] Humayunun hakimiyyəti illərində Bayram xan Bədəxşanda Baharlı türkmənlərindən olduğu uçün, baharlılara başçılıq etmiş və hökmdarın ən yaxın adamı olmuşdur. Sonra vəliəhd Əkbərin tərbiyəsi Bayram xana tapşırılmış və ona atalıq rütbəsi verilmişdir. Lakin saray nücabaları Bayram xanı gözdən salıb onu hakimiyyətdən uzaqlaşdırmışlar.

Bayram xan zəmanəsinin istedadlı şairi olmuşdur. Onun fars və türk dillə-rində divanları olduğunu söyləyirlər. Azərbaycanlı müəllif Qəzənfər Əliyevin 1969-cu ildə "Türkmənistan" nəşriyyatında rus dilində çap etdirdiyi "Türkmən şairi Bayram xan" əsəri ilk monoqrafiyadır. O, şairin həm fars-tacik, həm də türk klassiklərindən qidalandığını göstərmişdir. Nəsimi və Nəvai onun yaradıcılığında özünü göstərirdi. Türkmən klassik ədəbiyyatının coşqun inkişaf dövrü XVIII əsrə təsadüf edir. Bu əsrin ilk görkəmli şairi Dövlətməmməd Azadidir (1700–1760). Onun "Behiştnamə" və "Vəzi Azadi" adlı iki poeması məlumdur. "Behiştnamə" dini məzmun daşıyır. O, ərəb-fars dilində yox, türk dilində yazmağın əhəmiyyətini göstərmişdir. "Vəzi-Azadi" poeması "Qutadqu-bilik" nəsihətamiz əsəri səpkisində yazılmışdır.

XVII–XIX əsrlər türkmən ədəbiyyatı son dərəcə zəngin və çoxşaxəlidir. Həmin dövrdə Nurməhəmməd Əndəlib, Dövlətməhəmməd Azadi, Abdulla Şahbəndə, Məxdimqulu Fəraqi, Şeydayi, Qurbanəli Məğrubi, Qayıbnəzər Qayıbi, Murad Talıbi, Orazpolad Qurdoğlu, Məmmədvəli Kəminə, Seyidnəzər Seydi, Seydulla Seydi, Qurbandurdu Zəlili, Əbdürrəhim Zinhari, Molla Nəfəs, Oraz Aşiqi, Əvəztaqan Katibi, Dostməhəmməd, Annaqılınc Möhtaci, Miskinqılınc, Dövlətməmməd Balqızıl kimi istedad və sənətkarlıq baxımından bir-birindən fərqli bir çox türkmən şairi yaşayıb yaratmışdır.

Bu dövrün əsas özəlliyi ədəbi türkmən dilinin cilalanması və bu dildə əsərlər yazılmasıdır. Doğrudur, türkmənlərin ədəbiyyatı XVII əsrdən başlanmır, onun ilkin kökü daha qədimlərə gedib çıxır. Xüsusilə saysız-hesabsız əfsanələr, dastanlar, rəvayətlər, folklor nümunələri ən azı min illik bir tarixi əhatə edir. Lakin yazılı ədəbiyyat qismən gəncdir. Burada da iki məsələni bir-birindən ayırmaq vacibdir. Bunlardan birincisi oğuz-türkmən kontekstində nəzərdən keçirilən ədəbiyyatdır. Məlumdur ki, türk xalqlarının oğuz boyuna mənsub olan qismi islam dinini qəbul etdikdən sonra qonşu xalqlar tərəfindən türkmən adlandırılmışdır. Ona qədər və ondan sonra da uzun müddət türkmənlər-oğuzlar özlərinə həm oğuz, həm də türkmən demişlər.

Azadinin müasiri Nurmühəmməd-Qərib Əndəlibin (1711–1770) əsərləri dili qəliz, üslubu ağır olan Azadinin əsərlərinə nisbətən geniş yayılmışdır.[2]

Bütün "Leyli və Məcnun"lar, "Yusif və Züleyxa"lar məsnəvi formasında yazılmış poemalardır. Həmin mövzunu işləyən Əndəlib isə sələflərindən fərqli olaraq dastan yaratmışdır. Onun əsərləri nəsrlə məzmun növbələşdiyi səpkisindədir. Məxtimqulu Fəraqi (1730–1780) atasından dərs almış, sonra mədrəsə təhsili görmüşdür. O, bəzi sufi görüşlərini təbliğ edirdi. Məxtimqulu xalq şeiri səpkisində acdığı yeniliyə görə Azərbaycan şairi M. P. Vaqifə yaxınlaşır. Məxtimqulu doğulduğu yeri, mənsub olduğu tayfanı nişan verərək yazır ki:

Bilməyib soranlara aydın, bu qərib adımız,
Əsli gərkəz, yurdu ətrək, adı Məxtimquludur.

Gərkəz köklən tayfasının bir qolu məxtimlular olmuşdur. B. Qarrıyevin gətirdiyi bir sıra dəlillər inandırır ki, Məxtimqulu türkmən qəbilələrini birləşdirmək məqsədilə ayrı-ayrı tayfalarla görüşmüş, müxtəlif yerlərə səyahət etmişdir. B. Qarrıyev Hindistana səyahət üçün atasından icazə istəyən əfqan şahı ilə Azadi arasında mənzum mükaliməni, şairin əfqan şahı Əhmədə və türkmənlərin görkəmli şəxsiyyətlərindən Çovdurxana həsr etdiyi şeirlərini misal gətirərək göstərir ki, həmin əsərlərdə vətənpərvərlik mövzusunda yazdığı müxtəlif qoşmalarda türkmən qəbilələrini xarici istila və pərakəndəlikdən qurtarmağa çalışan Məxtimqulunun siyasi görüşləri əks olunmuşdur.[3]

B. Qarrıyev iki tarixi hadisəni türkmənlərin 1746-cı ildə Ətrək və Qurgen ətrafında Nadir şaha qarşı üsyanını, 1767-ci ildə Xarəzmdə baş vermiş hərəkatı xatırladır. 30 mindən artıq türkmən iştirak edən birinci üsyanın rəhbəri Fətəli xanın oğlu Məhəmmədhəsən idi. O zaman Məxtimqulunun 12–13 yaşı var idi, buna görə onun siyasi hadisələrə "Sizindir" qoşmasındakı kimi açıq-aşkar münasibət bəsləməsi qeyri-mümkün idi.[4] Görünür, şair "Sizindir" şeirini həmin tarixi hadisədən bir qədər sonra yazmışdır. 1767-ci ildə türkimənlərin Xivədə Nurəli xana qarşı çıxışında Məxtimqulu bilavasitə iştirak etmişdir. Həmin üsyandan ruhlanan şair Irandan ayrılıb müstəqil dövlət kimi yaşayan Əfqanıstanla danışıq aparmağı, ondan kömək almağı təbliğ etmişdir. Şeirlərinin birində

Rəvac Verin yomut, göklən birliyinə,
Ol Kamal xan Əfqan olsun başçımız

- deyə əfqan şahı Əhmədə mədhnamə həsr etmişdir. Mədhiyyənin 1753–1754-cü illərdə Əhməd şahın Xorasanı tutması münasibətilə yazıldığını təxmin edirlər.

XIX yüzilliiyn əvvəlindən türkmən poeziyası öz inkişafının yeni mərhələsinə ayaq basmışdır. Bu mərhələnin binasını qoyan Məhəmmədvəli Kəminənin, Xoca Seyidinin, Sayadnazar Seydinin, Qubandurdu Zəlilinin, Molla Nəpəsin ədəbi irsinə 3 möhür basılmışdı: Şərq klassikləri möhrü, baxşılar və ya dastanlar möhrü, mühit möhrü.

Klassik türkmən şairlərindən Qurbandurdu Zəlili (1794–1852) Göklən qəbiləsinin vətənpərvər oğlu kimi hərbi basqınlara qarşı döyüş meydanına çıxmışdı. O, 1816–1817-ci illərdə Xivə xanının qoşunları ilə vuruşub əsir düşmüş, Urgenç və Xarəzm tərəflərdə göz dustağı olmuşdur. Ərsəri tayfasının igid sərkərdəsi olmuş Sayadnazar Seydi və Buxara əmirinin zorakılığına məruz qalan xalqın Ləbab sahillərindən başqa torpaqlara köçməsini, orada məskənləşməsini əks etdirən məşhur şeirlərini yazmışdır. Seydi 1775-ci ildə Cərco vilayətinin Qarabəkaul rayonunda anadan olmuş və 1836-cı ildə vəfat etmişdir. O, Buxara əmirini pisləyərək Soltan Niyazın bəyliyi altında birləşməyi təbliğ edib Ləbab boylarından özgə yerə köçməyi göstərmişdir (1823–1824). Seydi lirikası Ş. I. Xətayini xatırladır. XIX əsrin türkmən ədəbiyyatında Xoca Seydinin hörmətli yeri vardır. Bəzi türkmən ədəbiyyatşünaslarına görə Seydinin 4 oğlu olmuşdur. Əsrari Seydisi isə hər oğluna bircə mərsiyə yazmaqla kifayətlənmişdir. Onun oğlunun birinin adı Bəynazar, ikincisinin adı Pəhləvan olmuşdur.[5]

XIX əsr türkmən poeziyasında satiranın əsasını qoyan sənətkar kimi Məhəmmədvəli Kəminə (1770–1840) məşhurdur. M. P. Vaqifin poeziyasını xatırladan Kəminənin satiraları Q. Zakirin satirasına uyğun gəlir. Bəzi ədəbiyyatşünaslar Kəminəni Molla Nəsrəddinlə eyniləşdirirlər. XVIII əsr klassik türkmən ədəbiyyatı türkmən xalqının ictimai siyasi tarixinin öyrənilməsi baxımından əvəzsiz mənbə rolu oynayır. Klassiklərin əsərləri bu və ya digər dərəcədə ictimai-siyasi məzmun daşıyır. Bütün yaradıcılıqlarında azadlıq arzuları açıq şəkildə qoyulur. Türkmən klassik ədəbiyyatının banisi Məxtimqulu ənənəsini XX əsrdə davam etdirənlər Kormolla, Durdı Klıç və s. idilər. D. Klıç "Çığır", "Çatma", "Sataş", "Varlılar", "Kasıblar" adlı şeirlərində kəndlilərin ağır zəhmətindən və qadın hüquqsuzluğundan danışmışdı. Türkmən müğənnisi və musiqiçiləri Sarı Baxşı, Durdı Baxşı, Ağacan Baxşı, Tacməmməd Baxşı və b. xalq arasında böyük hörmətə malik idi.

XVI–XVII əsrlərdə "Koroğlu" (Guroğlu) azərbaycanlılarda, türkmənlərdə, özbəklərdə, qaraqalpaqlarda, qazaxlarda və eləcə də türk olmayan taciklərdə və digər xalqlarda da müəyyən versiyalarla formalaşmış dastan janrı idi. Türkmənlərdə bu eposun 40-a qədər boyu məlumdur. Türkmənlər hətta "Guroğlu"nun yomud tayfasından çıxdığını da söyləyirlər. Türkmənlərdə "Şahsənəm və Qərib", azərbaycanlılarda "Aşıq Qərib" dastanları ortaq dastanlardır.

Türkmən mətbəxi ətə və tərəvəzlərə əsaslanır. Bundan başqa bu mətbəxdə düyüdən çox istifadə edirlər. Türkmənlər xüsusilə plovları ilə məşhurdur.

Bu mətbəxdə çörəyin də çox əhəmiyyətli bir yeri vardır. Çörəyin südlü, yumurtalı, yağlı, "Petir çörəyi" kimi dəyişik növləri var.

Türkmənlər gündə üç dəfə yeyirlər. Ənənəvi yemə vərdişini qorumuş olan xalq, səhərlər ümumiyyətlə pendir, yumurta, kərə yağı, cem və bal yeyir, süd və çay içirlər.

Günorta yeməyində salat, şorba, qızarmış və ya qaynadılmış ət yeyən türkmənlərin axşam yeməkləri isə çox yüngüldür.

Türkmənistanda bölgələr arasında mətbəx vərdişləri dəyişir. Məsələn, "Çerçer" bölgəsində ət və meyvə çox yeyirlər. Xəzər dənizi sahillərində isə ətdən çox balıq yeyirlər. Aşqabad bölgəsində də yenə bol ətli yeməklər hazırlayırlar. Yarma ilə bişən ət, plovlar, şiş kabablar və dolmalar türkmənlərin ən əhəmiyyətli yeməkləridir .

Türkmənlər cümə axşamları ölülərin ruhu üçün plov bişirir. Dua oxuyaraq itirdikləri sevdiklərini xatırlayırlar və onların xatirələrinə plov yeyirlər.

Türkmənlərin ən ləzzətli içkisi "Çakıf" dedikləri üzümdən edilən bir içkidir. Ayrıca müxtəlif konyakları da vardır.

Türkmənlər də axşamçağı mütləq çay içirlər, çayın yanında ümumiyyətlə quru və ya təzə üzüm və mürəbbə yeyilir. Yeməklərdən sonra isə yaşıl çay içilir. Türkmənlər çayı çox sevir və çox da içirlər. Ümumiyyətlə çayı "çaylık" dedikləri bir çaydanı ortaya gətirərək bitənə qədər içirlər.

Yemək əsnasında isə daha çox ayran içir və qatıq yeyirlər. Türkmənlər ayranı dəvə südündən də edirlər. Bu ayran digərindən daha ləzzətli və qiymətlidir. Qonaqlarına xüsusilə dəvə südündən hazırlanmış ayran təklif edirlər. Dəvə südünün xamasını isə səhər naharda yeyirlər.

Türkmənlərin gündəlik yeməklərində şirniyyat yemə vərdişi yoxdur. Şirniyyat yerinə təzə və quru meyvə yeyirlər.

Türkmənlər şirniyyatı xüsusi günlərdə hazırlayırlar. Xüsusilə bu şirniyyatları toy kimi mərasimlərdə bişirirlər. Bu şirniyyatlardan ən məşhur olanları "Şekşeki" və "Fold"dur. Xüsusilə toylarda gəlnin yoldaşları tərəfindən bişirilən "Şekşeki" yüngül bir xəmir şirniyyatıdır. Qız evləndikdən 40 gün sonra ailəsinin evinə qatlama aparırlar. Kürəkənin qohumları o gün əlaqələr şirin olsun deyə" Fold" edərək qız evinə aparırlar. Qızın ailəsi də qızlarını ziyarətə gedərkən yenə "Fold" aparır.

  1. Bayram xan Baharlı, Əsərləri, Bakı: "Mütərcim", 2013, (tərtibatçı:Ənvər Çingizoğlu)
  2. Nurməhəmməd Əndəlib, Şeirlər, poemalar, dastanlar, Bakı, 2011, 292 s.
  3. Ramiz Əskər, Türkmən şeiri antologiyası (XVII–XIX əsrlər). Bakı, MBM, 2011, 400 s.
  4. Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 448 s.
  5. Ənvər Çingizoğlu, Otra əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt: SDU-nun nəşriyyatı, 2012, 136 s.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]