Əşərilər — Vikipediya
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əşərilik (ərəb. أشعرية) — İslamda etiqadi məzhəblərindən biri.
Tarixi
[redaktə | vikimətni redaktə et]Məzhəbin banisi Əbülhəsən Əşəri (873–936) İslam ictimai, hüquqi və fəlsəfi fikir tarixinin görkəmli nümayəndələrindən biri olmuşdur. Bəsrədə yaşayıb-yaratmış, Bağdadda isə vəfat etmişdir. Əşarinin kəlam elmindəki yolu ilk sxolastiklər (kəlamçılar) — mötəzililərin məktəbindən başlamışdır. O, qırx yaşınadək Mötəzilə kəlamçısı Əbu Əli əl-Cubbainin tələbəsi olmuş və bu məzhəbin nümayəndəsi kimi tanınmışdır. Sonralar Mötəzilikdən ayrılıb, Əhməd ibn Hənbəlin yolunu tutan "Əhli-hədis" zümrəsinə qatılmışdır. Əşari, Əhli-hədis və Əhli-sünnətə müxalif olanlarla güclü elmi mübahisə aparmışdır. Dini-nəzəri baxışları qısa zamanda İraq, Suriya, Misir, və Məğribdə geniş yayılmışdır.
İnanc sistemi
[redaktə | vikimətni redaktə et]Əşari ancaq Quran, sünnə və Həzrət Peyğəmbərin səhabələrindən, onların ardıcılları olmuş sonrakı nəsillərdən (tabiyunlardan) dövrünədək gəlib çatmış ənənəvi dünyagörüşü dəstəkləmişdir. O, Həzrət Peyğəmbərdən nəql olunan bütün hədisləri qəbul edərək, onların bir (əhəd), yaxud çox (mütəvatir) adamlar tərəfindən rəvayət edilməsinə fərq qoymurdu.
Əşarilər səhabələr arasında da fərq qoymayaraq, onların hamısını qəbul edir, ilk dörd raşidi xəlifələrinin (Əbu Bəkr, Ömər ibn Xəttab, Osman, Əli) dövrünü müsəlman dövlət idarəçiliyinin ideal nümunəsi sayırdılar.
Əbu əl-Həsən Allahın atributları haqqında baxışlarını həm antropomorfistlərin (Tanrını insan şəklində təsəvvür edənlər) insani həm də, mötəzililərin — onlar yalnız Vücud (mövcudluq), Qıdəm (əzəlilik), Bəqa (əbədilik) və Vahdəniyyəni (yeganəlik) qəbul etmişlər — baxışlarından fərqləndirmişdir. O, eyni zamanda Quranda keçən Allahın üzü, əlləri və s. kimi başqa məfhumları qəbul etsə də, bunu Tanrıya insan əlamətləri verən antropomorfistlərdən fərqli anlamış və onların insan bədən üzvlərinə bənzəmədiyini israr etmişdir. Bununla bağlı Əşari "İbanə" adlı kitabında yazmışdı: "Kimsə soruşa bilər: "Allahın üzünün olduğuna inanırsınızmı?" Cavabında biz qüdrətli Tanrının dediyi kimi: "Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir" (ər-Rəhman, 27). Allahın üzünün olduğuna inanırıq". Daha sonra o, "Allahın əlləri olduğuna inanırsınızmı?" sualına, "biz, həqiqətən də, buna inanırıq, amma Allahın əllərini heç bir şəkildə təsəvvür etmirik. Uca və qüdrətli Allah demişdir: "…Allahın (qüdrət) əli onların əllərinin üstündədir…" (əl-Fəth, 10). Əşari sonralar bu cür baxışlarından imtina edərək, Qurandakı Allahın üzü, əlləri və s. buna bənzər anlayışları məcazilik kimi təsəvvür etmişdir. Xüsusən də "Allahın əli" məfhumunu ilahi qüdrətin ifadəsi deyə açıqlamışdır.
Tale və insanın iradə azadlığı problemində Əşari mütləq tale və mütləq iradə azadlığı tərəfdarları (qədərilər və cəbrilər) arasında orta mövqe tutmuşdur. Onun təliminə görə insan öz əməllərinə görə məsuliyyət daşıyacaq. Amma ilahi tale də inkaredilməzdir, çünki əks halda Allahın hər şeyi yaratması, bilməsi və qüdrətli olması kimi keyfiyyətləri sual altına qoyular. Buna görə də, Əşari insanın bütün əməllərinin Allah tərəfindən yaradıldığını iddia etmişdir. İnsan isə bunu yalnız öz istək və səyinə uyğun mənimsəmişdir (kəsb). Kəsb, yəni insanın Allahın iradəsi ilə özünün düşünüb həyata keçirdiyi əməlin birləşməsinin, əşarilərə görə, Allahın yaratdığı kəsbə təsiri yoxdur. Bu səbəbdən də müxaliflər onların bu mövqeyini, cəbrilərə yaxınlaşmaq meylini şiddətli tənqid atəşinə tutmuşlar.
Qurani-Kərimin "O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaqdır!" (əl-Qiyamə, 22–23) ayəsinə münasibətini bildirən Əşari Allahı görməyin mümkünlüyünu inkar etməmişdir, lakin bunu yalnız Cənnətdəki möminlərə aid edirdi. Eyni zamanda o hesab edirdi ki, Allahı görməyin təfərrüatını və necə baş verəcəyini bu dünyada insan ağlı ilə dərk etmək olmaz. Mötəzililər isə bu ayənin mənasının məcazi olduğunu iddia edirdilər. Əşarilər mötəzililərdən Quranın yaradılıb-yaradılmaması məsələsində də fərqlənirdilər. Onlar hesab edirdilər ki, Qurani-Kərim əbədi mövcud və yaradılmamış ilahi kəlamdır, onun yazıldığı vərəqlər və hərflər isə yaradılmışdır.
Böyük günahlar məsələsində əşarilər günah etmiş insanın Allahın iradəsindən asılı olduğu fikrində idilər. Yəni Allah istəyindən asılı olaraq onu cəzalandıra və ya bağışlaya bilər. Amma nəticə etibarilə, günahkar müsəlmanlar hətta Allah tərəfindən cəzalandırılsalar belə, sonda Cənnətə daxil olacaqlar.
Əşari ölümdən sonra insanın qəbir əzabı çəkəcəyini qəbul edirdi. O, insanın bu dünyada etdiklərinin ilkin haq-hesabını — qəbir əzabını qəbul etməyən mötəzililəri kəskin tənqid etmişdir. Müxtəlif müsəlman qrupları arasındakı mübahisə predmetlərindən biri şəfaət problemidir. Hədislərə görə, Qiyamət günü Allah Məhəmməd peyğəmbər (s) başda olmaqla bütün peyğəmbərlərə günahkar müsəlmanlar üçün şəfaətçi olmağa icazə verəcəkdir. Bu şəfaətin nəticəsində günahkar müsəlmanlar Cəhənnəm əzabından qurtulub, Cənnətə girəcəklər. Mötəzililər şəfaəti tamamilə inkar edirdilər. Şiələr isə təkcə peyğəmbərin deyil, müqəddəs və günahsız saydıqları Məhəmməd peyğəmbərin (s) nəslindən olmuş imamların da şəfaətçi olacaqlarını bildirirdilər. Əşari isə, yalnız Məhəmməd peyğəmbəri (s) şəfaətçi hesab etmiş və polemikalarda daim bunu vurğulamışdır.
Əbu əl-Həsən Əşari tərəfindən təklif edilən etiqadi prinsip və metodlar başqa kəlam və fəlsəfi məktəblərlə rəqabət aparmağa qadir olmuş, sünni dünyagörüşünü təmsil etmişdir. Buna görə onun təlimi müsəlmanların böyük hissəsi arasında bəyənilmiş və yayılmış, sonralar isə davamçıları tərəfindən inkişaf etdirilmişdir. Onların arasında məşhur mütəfəkkir Məhəmməd Bakıllani (vəfatı 1013) də olmuşdur.
Tənqidi
[redaktə | vikimətni redaktə et]Lakin Əşariliyi güclü tənqid edənlər də olmuşdur. Məsələn, məzhəbin məşhur tənqidçisi İbn Həzm hesab etmişdir ki, müxtəlif məsələlərdə Əşari gah cəbrilərin (tale və iradə azadlığı məsələsində), gah da mürcilərin (böyük günahlar məsələsində) mövqelərini təkrarlamışdır. Amma bütün bu tənqidlərə baxmayaraq Əbu əl-Həsən Əşarinin təlimi müsəlmanlar arasında bəyənilmiş və geniş yayılmışdır.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- Müəllif: Aydın Əlizadə — "Cəmiyyət və din" qəzeti