Filarmoniya bağı — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Filarmoniya bağı | |
---|---|
Məlumatlar | |
Parkın tipi | park |
Ölkə | |
Yerləşməsi | Bakı, Azərbaycan |
Sahəsi | 4,6 hektar |
Yaradılıb | 1859-cu il |
Tabeçiliyi | Bakı şəhər Yaşıllaşdırma İdarəsi |
Statusu | ilboyu açıq |
Ən yaxın ictimai nəqliyyat | İçərişəhər metrostansiyası |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Filarmoniya bağı — Bakının mərkəzində, Qala divarları yaxınlığında salınmış bağ.
Tarixi
[redaktə | mənbəni redaktə et]XIX əsrin əvvəllərində Bakının komendantı R.R.Xoven İrandan gələn bütün gəmi sahiblərinin qarşısına hərəyə bir çuval qara torpaq gətirmək barədə şərt qoyur. Gətirilən torpaq sahildə bir yerə tökülür. Həmin torpağın yayıldığı bu ərazidə bitkilərin çeşidi zənginləşdirilir, beləliklə, Filarmoniya bağı şəhərin "yaşıl adası"na çevrilir.
Bu bağda "Gün keçdi" filminin qəhrəmanları qartopu oynayıblar, Qurban Səidin "Nino"su "Əli"yə məhz burada görüş təyin edib. Hətta əsərdə Əli o vaxtkı Qubernator, indiki Filarmoniya bağını "Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağ" deyə qeyd edir.
İlk dövrdə burada tut ağacı, qarağac, şam, akasiya və bir çox çiçəklər əkilir. Daha sonra Filarmoniya bağı üçün yerli ağaclarla yanaşı, digər ölkələrdən də ağaclar gətirilir. XIX əsrin 1960-1970-ci illərində bağın ərazisi xeyli genişləndirilir, bir neçə onilliklər keçdikdən sonra isə burada dekorativ ağaclar və kollar əkilir, rəqs meydanı, hovuz, çardaq, meydançalar düzəldilir. Gündən-günə gözəlləşən bağa, deyilənə görə, sadə şəhərlilərin girişi həftənin bir günü ilə məhdudlaşdırılmışdı. Lakin yüksək vəzifəli şəxslər və neft milyonçuları üçün qapılar həmişə açıq olub.
20-ci yüzilin əvvəllərində burada bir taxta klub varmış. Təsadüfən bu klub yanır və onun yerində Filarmoniya binasını tikmək istəyirlər. Bu, mübahisə doğurur. Çünki ağacları kəsmək lazım gələcəkdi. Ancaq Şəhər Duması yay klubunun tikilməsinə qərar verir. Şəhər Dumasının qərarı ilə bu ərazidə indiki yay klubunun tikilməsinə başlanılır. 1910-cu ildə başlanan yay klubu 1912-ci ildə başa çatır. Deyilənə görə, binanın memarı Monte-Karlo şəhərinə ezam edilir ki, orada gözəllikdə Avropada birinci yerlərdən birini tutan filarmoniyaya baxıb Bakı üçün də eynilə belə bir layihə işləsin.
Belə bir məlumat da var ki, "Kavkazskoe tovarişestvo" neft şirkətinin başçısı memardan xahiş edir ki, yay səhnəsini onun yaşadığı mülk ilə üzbəüz tikdirsin ki, o, eyvanda oturub musiqiçilər tamaşa edə bilsin. Bir də istəmirmiş ki, evin qabağında lal divar ucalsın. Bu səbəbdən də memarlıq qaydalarını görə, səhnə həmişə giriş qapısı ilə üzbəüz olmalıdır, yay klubunda (filarmoniyada) isə əksinədir.
Səhər tezdən, hələ bağda insanların az olduğu vaxtda tutuquşular fəvvarəyə qonaraq su içir, çimirlər. Onların haradan və necə gəlməsi ilə bağlı məlumat olmasa da, Filarmoniyanın təmiri zamanı uçub gedən tutuquşular, yenidənqurma işləri tamamlandıqdan sonra geri qayıdıblar. Sahəsi 4,6 hektar olan bu bağ 1830-cu ildə salınıb və sonrakı dövrdə ilk dəfə abadlıq işləri ötən əsrin 70-ci illərində aparılıb. Uzun inkişaf mərhələsi keçən bağ bir çox dövrlərdə baxımsızlıqdan ziyan çəkib.
Bağda əsaslı yenidənqurma işlərinə 2009-cu ildə başlanılıb. Bağın özünəməxsus bitki örtüyü olduğu kimi qorunub saxlanılıb, yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. 1865-ci ildə burada əkilən dekorativ bitkilər öz gözəlliyi ilə diqqəti çəkir, yeni ağac və gül kolları da bağdakı yaşıllıq zolağına, ümumilikdə isə park elementlərinə əlavə çalar qatır. Yenidənqurma zamanı burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilib, yeni suvarma sistemi quraşdırılıb, ərazi müxtəlif bitkilərlə zənginləşdirilib, gözəl landşaft kompozisiyaları yaradılıb. Hətta Filarmoniya bağında aparılan təmir-bərpa işləri zamanı qədim yeraltı tunelin aşkarlandığı da bildirilir.
Salındığı gündən bu bağa müxtəlif adlar qoyulub. Əvvəl II Nikolayın qardaşı Mixailin adına olub. Lakin şəhər sakinləri buraya nadir hallarda "Mixail bağı" deyirdi. Onlar bu ərazini daha çox "Qubernator bağı" adlandırıblar. Bu da ona görə idi ki, Qubernatorun evi bağla üzbəüz olub. Qubernator hər gün eyvanda oturub çay içə-içə bağı seyr edirmiş. Sovet İttifaqı dövründə ad dəyişdirilərək "Pioner" olub. Bağda şair Əliağa Vahidin büstü qoyulandan sonra isə hamı buranı "Vahid bağı" kimi adlandırıb və elə də tanıyıb. Ən sonuncu yenidənqurmadan sonra bağ möhtəşəm tikili olan Filarmoniyanın adı ilə çağırılmağa başlanıb.
Bağda əsasən Türkiyə və İtaliyadan gətirilən qızılgül kolları var ki, onlar ağaca yaxın əkilir və ağacın gövdəsinə bağlanılır. Bu halda gül kolları ağaca dolanaraq 7-8 metr hündürlüyədək böyüyür və sarmaşığa bənzəyir. Belə qızılgülə yalnız Filarmoniya bağında rast gəlmək olar. Güllər mayda açır. Ağaclara yaxın əkilən xrizantemalar (payızgülü) isə oktyabrda açır və 2-3 ay solmur. Filarmoniya bağında bitən liliya, qardeniya və palmalara qış aylarında xüsusi qulluq göstərilir, soyuqdan qorumaq üçün onları bükürlər. Bağın ən rahat və qulluq tələb etməyən ağaclarından biri aylantdır. Tut ağacı da burada əvvəldən bitib. Filarmoniya bağının kənarında, yola yaxın ərazidə kameliyalar əkilib. Mart-aprel aylarında çiçəkləyir.
Bağda bitən ən qədim ağaclardan biri də Xan çinarıdır. Bundan başqa burada pixta, iliks, qarağac, daş palıd, kedr, sidr, maqnoliya, yuka, aliyandr, sukas, quşalması, söyüd və başqa bitkilər də mövcuddur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Filarmoniya bağı Arxivləşdirilib 2014-06-02 at Archive.today
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Filarmoniya bağında tapılmış qədim yeraltı tunel torpaqla doldurulub". modern.az (az.). İstifadə tarixi: 2024-09-22.
- "İzimizi itirməyək". anl.az/Azərbaycan qəzeti. İstifadə tarixi: 2024-09-22.