Kitabi-Dədə Qorqudun tarixiliyi — Vikipediya

Kitabi-Dədə Qorqudun tarixiliyi — "Kitabi-Dədə Qorqud" ədəbi dastanının tarixlə əlaqəsini, tarixi şəxsiyyətlər və hadisələr ilə uyğunluqların qurulmasını, tarixi mənbələrlə müqayisənin aparılmasını və s.-i əhatə edir. Dastanın hal-hazırdakı əlyazması XV əsrə aid olsa da, dastana daxil olan hekayələrin (boyların) müxtəlif dövrlərdə ərsəyə gəldiyi və həmin dövrün tarixi hadisələrini əks etdirdiyi düşünülür. Dastanın əsas qəhrəmanlarından olan Salur Qazan xan IX–X əsrlərdə, Sırdəryanın şimalında "kafir" peçeneqlərlə müharibə aparmış, bəzən udmuş, bəzən uduzmuş bir oğuz xanı ola bilər. Bütün döyüşlər onun dövründə keçməsə də, dövr keçdikcə Qazan xan bu dövrün ümumi bir qəhrəmanına çevrilmişdir.[1] Həmçinin, Qazan xanın Dədə Qorqudla eyni dövrdə yaşaması dastanda irəli sürülmüş, Qazan xanı islam övliyası kimi qəbul edilən Qorqud ilə birləşdirərək, onun döyüşlərinə dini bir məna qatılmışdır.[2] Dədə Qorqudun dastanda müsəlman olaraq təqdim edilməsinə və İslam peyğəmbərinin dövründə yaşadığına inanılmasına baxmayaraq, elmi araşdırmaçılara görə, onun həqiqi kimliyi müzakirə mövzusudur, onun göytürklər dövründə, oğuz yabqularının yanında bir türk hakimi olması, müsəlman olmayan bir şaman-ozan olması və s. bu kimi fikirlər təklif edilir.[3]
Oğuzlar Anadolu və Azərbaycana köçəndən sonra dastandakı tarixi hadisələr yeni ərazilərə aid edilməyə başlanmış, bəzi hallarda dastana tamamilə yeni siyasi hadisələri təsvir edən boylar əlavə edilmişdir. Ağqoyunlu–Komnin siyasi nikahlarından ilhamlanan Qan Turalının boyu bunun bir nümunəsidir.[4] Dastandakı toponimlər nəzərə alınanda şimal-şərqdə Xorasan, şimalda Qafqaz, gürcü və abxaz dövlətləri, Trabzon imperiyası, cənubda Fərat hövzəsi, Mardin, Diyarbəkiri əhatə etməklə Ümman dənizinə qədər yayılmış bir imperiyanın və oğuz-türkmən ulusunun dastanı ortaya çıxır.[5] Dastanda oğuzların Mərkəzi Asiyada peçeneq və qıpçaqlara qarşı mübarizəsi haqqındakı milli yaddaş yeni köçülən ərazilərdə qarşılaşılan düşmənlərə, gürcü və abxazlara tətbiq edilmişdir.[6][7]
Kitabi-Dədə Qorqudun salur boyu leyhinə yazılması da xüsusi diqqət çəkən məsələdir. Qazan xandan əvvəlki salur xanlarının şəcərəsi "Şəcərəyi tərakimə"nin müəllifi Əbülqazi Bahadır xanın diqqətini çəkmişdir və o, siyahıda bəzi salur xanlarının çatışmadığını iddia etmişdir. Ancaq Pertev Naili Boratava görə, şəcərənin qısa olmasının səbəbi salur boyunun Qazan xandan əvvəlki dövrdə vacib rol oynamaması ilə əlaqədardır.[1] Salur boyunun hekayəsinin Anadoluda və Azərbaycanda hökmranlıq etmiş Ağqoyunluların əcdadı Bayandur xanın hekayəsi ilə birləşdirilməsi ya salur boyuna mənsub bir şəxs tərəfindən edilmiş, ya da salur boyuna mənsub ozanların rəvayətləri burada istifadə edilmişdir. Bundan başqa, XII–XIV əsrlərdə Salur boyunun Anadolu tarixində vacib bir rol oyması ehtimalı nəzərə alınsa da, bu ancaq digər boyların buyruğu altında baş verə bilərdi. Buna baxmayaraq, XVI əsrdə Ulaş adlı bir tayfanın salur və bayandur adlı iki qolunun olması göstərir ki, bu əsrdə balaca bir çərçivədə olsa da Bayandur–Salur birliyi mövcud olmuşdur.[6][7]
Tarixi-mədəni mühit
[redaktə | vikimətni redaktə et]Kitabi-Dədə Qorqudun yazıya köçürülməsi tarixi olaraq XV əsr götürülsə də, dastanın şifahi olaraq yaranması versiyaları tarixi dövr baxımından IX–X əsrlərdən XIII əsrə qədər dəyişir.[8][9] Bu dastan özündə həm erkən türk, həm də Qafqazın arxaik görüşlərini birləşdirir.[10] Dastanın mövzusu mənbəyini həm daha qədimdə Mərkəzi Asiyada oğuzların qıpçaq və peçeneqlərə qarşı mübarizəsindən, həm də Ağqoyunlu tayfa ittifaqının Anadoluda xristianlarla əlaqələrindən götürür.[11]
Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Oğuznamə"dən və "Kitabi-Dədə Qorqud" dastanından götürür.[10] XIII–XIV əsr tarixçisi Fəzlullah Rəşidəddin "Cəmi ət-Təvarix"i yazarkən, türklərin tarixini yazmaq üçün həm Azərbaycan yerli mühitində mövcud olan mənbələri, həm də Şərqdən mühacirlərin gətirdikləri şəcərə əfsanələrini istifadə etmişdir.[12] XV əsr Azərbaycanında türkmənlər oğuz əfsanəsini sülalə quruluşu mifi səviyyəsinə çıxarmışdılar. Məsələn, Qara Yusifin Cengiz Alpın, Ağqoyunluların isə Oğuz xanın törəməsi Bayandur xanın nəslindən gəlməsi ilə bağlı soy iddiaları var idi.[13] XV əsrdə Azərbaycan mühitində Oğuz şəcərə əfsanələrinin yayılmasının daha bir sübutu oğuz bayat tayfasından olan Həsən ibn Mahmudun həccə gedərkən yanında Oğuznamə əlyazması aparması və bu əsər əsasında "Cam-i Cəm-ayin"i yazmasıdır.[14][15] "Cam-i Cəm-ayin" əsərində Azərbaycan və Kürdüstanın yerli hekayələri də istifadə edilmişdir. Bunun sübutu "Şərəfnamə" (Şərəf xan Bitlisinin əsəri) və "Kitabi-Dədə Qorqud"da olan oxşar hekayələrdir.[13]
"Kitabi-Dədə Qorqud" dastanının Dəli Domrul boyunun Evripidin yazdığı Alkestis obrazının süjet xətti ilə oxşarlığı bu mövzunun Bizans vasitəsilə dastana keçməsi ilə izah edilir. Qədim Yunan ədəbiyyatı ilə digər oxşarlıqlar Odissey ilə Beyrəkin vətənə qayıtması süjetləri, "'Odissey" əsərindəki siklop hekayəsi ilə Təpəgöz epizodunun qarşılaşdırılması nəticəsində ortaya çıxır.[4]
Əsas tayfa məlumatları
[redaktə | vikimətni redaktə et]Tayfa hakimiyyəti | Digər tərəf |
---|---|
Göytürklər və oğuz yabquları | ![]() |
![]() | |
![]() | ![]()
|
![]() | |
![]() | |
![]() | |
![]() | |
![]() |
Mərkəzi Asiyada oğuz tarixi
[redaktə | vikimətni redaktə et]Göytürk dövrü və İslamın ilkin yayılma dövrü
[redaktə | vikimətni redaktə et]![]() | ![]() | |||||||||
Kitabi-Dədə Qorqudun 1300 illiyinə həsr edilmiş Azərbaycan qızıl sikkəsi |
Dədə Qorqud Fəzlullah Rəşidəddinə və Əbülqazi Bahadır xanın "Şəcərəyi tərakimə" rəvayətlərinə görə, İslamın ilk yayılma dövrlərində türk xanlarına vəzirlik etmişdir. Rəşidəddinə görə, Dədə Qorqud İnal Sır Yavkuy dövründə zühur etmiş və 295 il yaşamışdır. Zəki Vəlidi Toqan buradakı "yavkuy" sözünün "yabqu" sözünün dəyişmiş forması olduğunu fikirləşmiş, Qorqudun İslamın yayılmasından əvvəl, göytürklər dövründə, oğuz yabqularının yanında bir türk hakimi olduğu ideyasını ortaya çıxartmışdır. Oğuzlar müsəlman olandan sonra Qorqud bir müqəddəs olaraq qəbul edilmişdir. Qorqud İslam peyğəmbərinin dövrünə (571–632-ci illər) yaxın yaşadığı üçün onun peyğəmbərdən xəbərsiz olması da əfsanəni yayanlar tərəfindən qəbul edilməmiş, bioqrafiyasına əks məlumat əlavə edilmişdir. Rəşidəddinin rəvayəti də oğuzların İslam dinini hələ peyğəmbərin dövründə qəbul etmələri ilə fəxr etmək cəhdi ola bilər. Bundan başqa Qorqudun daha əvvəl yaşamış bir şaman-ozan olduğu da bir ehtimal kimi fikirləşilir.[3]
Fəzlullah Rəşidəddinin verdiyi məlumatlar və "Şəcərəyi tərakimə" rəvayətləri həm iddia edir ki, Qorqud qədim oğuz yabqularının dövründə yaşayıb, həm də hesab edir ki, Qorqud İslam peyğəmbərindən 300 il sonra, Abbasi Xilafəti dövründə yaşamış Qazan xanla eyni dövrün adamıdır. "Kitabi-Dədə Qorqud" dastanı isə Qazan xanın hakimiyyətini də Dədə Qordun və İslam peyğəmbərinin dövrünə salaraq, bu xronoloji problemi həll etməyə çalışıb. "Bahrul Ənsab"da Bayandur xanın Qazan, Dündar və Büğdüzü peyğəmbərə elçi göndərməsi, Şərəfnamədə Büğdüzün ("Kitabi-Dədə Qorqud"da Bayandur və Qazan xanın çağdaşı) bu vəzifəni icra etməsi də eyni xüsusiyyəti daşıyır.[3]
Fəzlullah Rəşidəddinin yazılarında və "Şəcərəyi tərakimə"də Qazan xanın İslam peyğəmbəri dövründə yaşaması ilə bağlı heç bir sübut tapılmamışdır. Buna görə də Qazan xanın Dədə Qorqudla və İslam peyğəmbəri ilə eyni dövrdə yaşaması ilə bağlı rəvayətlər oğuz-salur dastanının daha sonrakı dövrünün, ehtimal ki, Anadolu və Azərbaycan mühitinin məhsuludur. Qazan xanın Dədə Qorqudla eyni dövrdə yaşaması ona görə iddia edilirdi ki, bu fakt Qazan xanı oğuzlar tərəfindən islam övliyası qəbul edilən Qorqud Ata ilə birləşdirərək, Qazanın İslam uğrunda döyüşlərinə dini bir məna qatır.[2]
Başqa bir iddiaya görə, Dədə Qorqud həqiqətən də, oğuzların İslamı qəbul etdiyi dövrdə (Abbasilər dövrü) yaşamış bir İslam mürşidi ola bilər. Onda dastan mədəniyyəti həm oğuzların İslamı qəbul etməsini, həm də Dədə Qorqudu 300 il qədimə, İslam peyğəmbərinin dövrünə aparmağa çalışmış ola bilər.[2]
Qayı boyunun rolu
[redaktə | vikimətni redaktə et]Fəzlullah Rəşidəddinin yazılarında və "Şəcərəyi tərakimə"də salurların parlaq dövründən əvvəl hökmranlıq etmiş qayı boyu xanları qeyd edilir. Qeyd edilən hər iki mənbə erkən qayı hakimiyyəti haqqındakı məlumatı qayı boyu mənşəli Osmanlı sülaləsinin xoşuna gəlmək üçün yazmış ola bilməz. Kitabi-Dədə Qorqudun önsözündə qayı boyu haqqında verilən fikir (Osmanlı ailəsinin qiyamətə qədər hakimiyyətdə olması) də daha qədimdə qayı boyunun hakimiyyəti haqqında yazılanlara əsaslanaraq verilmişdir. Kitabi-Dədə Qorqudun yazıya alındığı dövrdə Osmanlı dövlətinin əsasları güclü bir şəkildə qoyulduğu üçün dastanın önsözündə Osmanlı ailəsinin qiyamətə qədər hakimiyyətdə olması qeyd edilərək, qədimdə də qayıların hakimiyyətdə olması ideyasına yeni bir qüvvət verilmiş, ancaq bunu yazını köçürən şəxs yox, müəllif etmişdir.[16] Faruq Sümər isə fikirləşir ki, Kitabi-Dədə Qorquda Osmanlının həmişə hakimiyyətdə olacağı fikri Səlcuqnamənin müəllifi, XV əsr Osmanlı tarixçisi Əli Yazıçıoğlundan keçmişdir.[16] Bundan başqa, "Şəcərəyi tərakimə"də qeyd edilən bir rəvayətə görə, qayı sülaləsindən olan Toğurmuş yuxuda görmüşdür ki, sinəsindən üç ağac çıxır və onlar yarpaqlanıb budaqlanır. Bunu eşidən Miran Kahin adlı bir bilici yuxunu xeyirə yozmuşdur.[16]
Rəşidəddin və Yazıçıoğlunda, həmçinin Kitabi-Dədə Qorqudda qeyd edilir ki, Dədə Qorqud mənşəcə bayat tayfasındandır. Ancaq "Şəcərəyi tərakimə"nin qayı boyundan olan bir şəxs tərəfindən köçürülmüş, Nuri İşan nüsxəsində Dədə Qorqudun qayı boyundan olması göstərilmişdir. Bu, təəccüb doğurmur. Çünki, misal olaraq, oğuz olmayan başqırdlar belə Qorqud Atanı öz boylarından sayırdılar. Buna görə də əlyazmaları qeydə alanların məşhur şəxsləri öz boylarından göstərməyə çalışmasının səbəbi daha asan başa düşülür. Buna baxmayaraq, qayı boyunun imtiyaz sahibi bir keçmişinin və parlaq bir gələcəyinin olması fikri Osmanlı imperiyasından əvvəl də və qayıların məskunlaşdığı Anadoludan kənarda da mövcud olmuşdur.[16]
Müxtəlif mənbələrdə oğuzların və qayıların əcdadı olaraq Süleyman verilir. Bu Süleymanın İldırım Bəyazidin oğlu Süleyman Çələbi ilə eyniləşdirilməsinə və bu yolla Kitabi-Dədə Qorqudun yazıldığı tarixin təyin edilməsinə cəhd olmuşdur. Ancaq Topqapı Oğuznaməsində Əmir Süleyman adlı şəxsin adının Dədə Qorqud, Bayandur xan və Salur Qazanla bir çəkilməsi bu ehtimalı sıfıra endirir: "Salur Kazan səadətlü, Əmir Süleyman uğurlu, Bayındır xan dövlətli." Bu cümlənin digər bir əhəmiyyəti ondadır ki, İbn Bibi Səlcuqnaməsinin Yazıçıoğlu tərcüməsində verilən məlumata görə, Oğuz xan vəsiyyətində qeyd etmişdir ki, qayı boyundan bir kəs xanlar xanı olanda sağ qol bəylərbəyi bayat boyundan, sol qol bəylərbəyi isə bayandır boyundan olmalı idi.[17] Bundan başqa, İohann Yakob Reyske "Kitabi-Dədə Qorqud"' dastanını kəşf edəndə onu II Bəyazidin oğlu Şahzadə Qorquda aid etmişdir.[18]
IX–XI əsrlər. Oğuz–peçeneq münaqişəsi
[redaktə | vikimətni redaktə et]Oğuz-peçeneq münaqişəsi | |||
---|---|---|---|
Yeri | Peçeneq yaşayış məskənləri | ||
Səbəbi | Karlukların oğuzları torpaqlarından çıxarması və oğuzların təzə yurda ehtiyac duyması | ||
Vəziyyəti | Oğuz qələbəsi, peçeneqlərin daha qərbə, Emba və Yayıq boylarına, Xəzər dənizinin şimalına köçməsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
|
"Kitabi-Dədə Qorqud" dastanında qeyd edilən hadisələrin vacib bir hissəsinin oğuzların IX–XI əsrlərdə, köhnə yurdları olan Sırdəryanın şimalında yaşadıqları dövrdə baş verdiyi fikirləşilir.[4] Dastanın əsas qəhrəmanlarından olan Qazan xan IX–X əsrlərdə "kafir" peçeneqlərlə mübarizə aparmış, bəzən udmuş, bəzən uduzmuş bir oğuz xanı ola bilər. Bütün döyüşlər onun dövründə baş verməsə də, dövr keçdikcə Qazan xan oğuz–peçeneq mübarizəsi dövrünün ümumi bir qəhrəmanına çevrilmişdir.[1]
VIIII əsrin sonları, IX əsrin əvvəllərində uzlar (oğuzlar) və karluklar Çu və Talas boyundakı otlaqlar üçün döyüşmüş, karluklar oğuzları torpaqlarından çıxarmış, oğuzlar da peçeneqləri əvvəl yaşadıqları yerlərdən daha qərbdə yerləşən ərazilərə itələmişdir. Məsudi də peçeneqlərin düşmənləri arasında oğuzları qeyd edir. Peçeneqlər oğuzlar tərəfindən hücuma məruz qalır, oğuzlar onları əsir alıb qul kimi satırdı. 892–902-ci illərdə oğuzlar xəzərlərlə birləşərək peçeneqləri yurdlarından çıxartmışdır. "Şəcərəyi tərakimə"yə görə, peçeneqlərlə oğuzlar arasındakı düşmənçilik beş-altı nəsil davam etmişdir.[1]
"Kitabi-Dədə Qorqud"da gürcü hökmdarı Şöklü Məlikin kafirlərinin Qazanın evinə basqın etməsi və uşağını qaçırması ilə "Şəcərəyi tərakimə"də peçeneqlərin salur boyuna hücum edib, Qazan xanın anasını qaçırması faktı oxşarlıq təşkil edir. "Şəcərəyi tərakimə"də Qazan xanın peçeneqlərə əsir düşməsi və "Kitabi-Dədə Qorqud"da Qazan xanın kafirlərə əsir düşməsi haqqında məlumat verilir. "Şəcərəyi tərakimə"də Tuymaduqun rəhbərliyindəki peçeneqlərin Qazan xanın anasını 3 il əsir saxlamaqları və qadının qayıtdıqdan sonra oğlan uşağı doğması məlumatı verilir. "Kitabi-Dədə Qorqud"da isə Qazan xanın anasını əsir alan düşmən istəyir ki, qadını Yayxan Keşişoğluna ərə versin, onların doğulan oğlunu da qardaşı Qazan xana qarşı döyüşə göndərsin.[3]
Əfsanəvi Oğuz xandan Qazan xanın atasına qədər davam edən salur xanları şəcərəsinin qısa olması "Şəcərəyi tərakimə"nin müəllifi Əbülqazi Bahadır xanın diqqətini çəkmişdir və o, siyahıda bəzi salur xanlarının çatışmadığını iddia etmişdir. Ancaq Pertev Naili Boratava görə, şəcərənin qısa olmasının səbəbi salur boyunun Qazan xandan əvvəlki dövrdə, tarixi cəhətdən vacib rol oynamaması ilə əlaqədardır.[1]
İbn Bibidə qeyd edilən bir rəvayətə görə, salurlar müəyyən bir müddət ərzində padşahlıq etmiş, daha sonra hakimiyyət qınıq boyundan səlcuqlara keçmişdir. Bu rəvayət səlcuqların güclənməsindən əvvəlki Oğuz dövrünü əsas xətləri ilə nümayiş etdirir. Beləliklə, salur boyunun hakimiyyət dövrü elə oğuz-peçeneq münaqişəsinin baş verdiyi X əsrə aid edilə bilər.[2] Hacı Bektaş Vilayətnaməsi isə salurlu Qazan xan ilə ondan qabaq hakimiyyətdə olmuş Bayandur xan arasında sələf-xələf münasibəti qurur.[2][16]
"Şəcərəyi tərakimə"də verilən oğuz-peçeneq münaqişəsi cihad mənası daşımır. İslamın düşmənlərinə (kafirlərə) qarşı mübarizə elementi "Kitabi-Dədə Qorqud" dastanına sonradan əlavə edilmişdir. Dədə Qorqudun İslam peyğəmbəri dövründə yox, oğuz-peçeneq dövründə yaşaması ilə bağlı bir iddia da vardır. Bu iddiaya görə, oğuzların İslamı qəbul etdiyi dövrdə Qorqud hələ şaman vəzifəsini icra edən bir bilici idi, oğuzların qərbə getməsi nəticəsində, yürüşlərin dini cihad mənası almağa başladığı dövrdə Qorqud haqqındakı əfsanələr vasitəsilə İslam dininin bir xadimi kimi şöhrət qazanmışdır.[2] Dastanda həmçinin Dəmir Yaylı Qıpçaq Məlikdən bəhs edilir. Qıpçaqların XII əsrdən sonra müsəlman olduğu nəzərə alınarsa, dastanda onların adının çəkilməsi köhnə yurdda yaşayanda oğuzların düşməni olduqlarını göstərir.[19]
"Şəcərəyi tərakimə"də İraqa köçən xanların şəcərəsi verilir. Burada Qazan xanın, həm də onun atası və oğlunun adı var. Ata adı dastanla uyğun gəlməsə də, oğlu dastandakı kimi Uruz adlandırılır.[3][1] "Şəcərəyi tərakimə"də, "Kitabi-Dədə Qorqud"da və Adam Olearinin Azərbaycan rəvayətlərində Qazan xanın arvadı olaraq, Burla xatun verilir. Ümumilikdə, "Kitabi-Dədə Qorqud"un digər mənbələrlə bənzərliyi dastanın epizodlarının Anadolu mühitinə uyğunlaşdırıldığını göstərir.[1]
Cənubi Qafqaz, tarixi Azərbaycan və Anadoluda oğuz tarixi
[redaktə | vikimətni redaktə et]Türk yürüşləri
[redaktə | vikimətni redaktə et]Bəkil oğlu Əmranın boyu. Kitabi-Dədə Qorqud[20]


"Cam-i Cəm-ayin" Xəlifə Məmun dövründə oğuz xanlarından Toxtemurun Gürcüstan və Ruma hücum etdiyini bildirir, Kitabi-Diyarbəkriyyə isə hələ İslam peyğəmbərinin vaxtında bayandurların Azərbaycana gəldiyini qeyd edir. "Bəhrul-ənsab" da bayandurların Azərbaycan və Şərqi Anadoluda məskunlaşmaqlarını eyni dövrə aparıb çıxardır. Buna baxmayaraq, səlcuqlardan əvvəlki türk axınlarının Kitabi-Dədə Qorqudun tarixi nüvəsini təşkil etdiyi iddia edilə bilməz. Sadəcə olaraq, bu mənbələrin verdiyi məlumatlar dastan hadisələrinin Sırdəryanın şimalından çıxarılaraq Şərqi Anadolu və Azərbaycana tətbiq edilməsini asanlaşdırmışdır.[19] Dastana bu əsərdəki cəmiyyətdən kənar olan, digər türklərlə oğuzlar və digər millətlərə aid folklorik mövzular və motivlər, oğuzların məskunlaşdığı yerlərin köhnə sakinlərinə və ya qonşularına aid ünsürlər, oğuzların Böyük Səlcuq axınından əvvəl Anadolu və Azərbaycana girməsi ilə bağlı tarixi xatirələr qatışmış ola bilər.[5]
Oğuzların Sırdəryanın şimalında peçeneq və qıpçaqlarla mübarizəsi və münasibətləri haqqındakı tarixi yaddaş Anadoluya köçəndən sonra "Kitabi-Dədə Qorqud" dastanı vasitəsilə gürcülər və abxazlara tətbiq edilmişdir. XIII əsrin ortalarından başlayaraq, türklərin, xüsusilə Ağqoyunluların Şərqi Anadolu və Azərbaycanda gürcülər, abxazlar və Trabzon yunanlarına qarşı yürüşləri və qarşılıqlı münasibət dastanda Bayandur xan adı ətrafında göstərilmişdir. Salur xan Bayandur xanın kürəkəni kimi təqdim edilərək, Salur boyunun dastanı Bayandur-Ağqoyunlu dastanı ilə birləşdirilmişdir. Bunu bacaran şəxs ya salur boyundan olmuş, ya da salur boyuna mənsub olan ozanların rəvayətlərini dinləmişdir. Belə bir fərziyyə Salur Qazanın dastanda tutduğu imtiyazlı rolu izah edə bilər.[6][7]
XII–XIV əsrlərdə salur boyu Anadolu tarixində vacib bir rol oynamış olsa da, bunu ancaq digər boyların buyruğu altında etmiş ola bilər. XVI əsrdə Ulaş adlı bir tayfanın salur və bayandur adlı iki qolunun olması göstərir ki, bu əsrdə balaca bir çərçivədə olsa da Bayandur–Salur birliyi mövcud olmuşdur.[7]
Ağqoyunlu Uzun Həsənin vaxtında yazılmış rəsmi mənbələrdə qeyd edilir ki, onun əcdadı olan Qara Yuluq Osman bəy Oğuz xanın nəslindəndir və İslam peyğəmbərinin dövründə Qara Yuluq Osmanın əcdadı Sunqur Türküstandan qıpçaq ölkəsinə, oradan Arrana və daha sonra Göyçə dənizi ətrafına köçmüş, Qara Yuluq Osmanın digər əcdadı Şəktür Xəlifə Məmunun vaxtında Əlincə qalasını gürcülərdən alaraq fəth etmişdir. Bu faktların dəqiq sübut edilməsi mümkün olmasa da, Kitabi-Dədə Qorqudda da eyni hadisələrin İslam peyğəmbərinin dövrünə yaxın baş verməsi dastanla Ağqoyunlu rəsmi mənbələri arasında mövcud olan uyğunluğu göstərir.[7]
Bayburtlu Osmanın "Təvarih-i cihan"ında Bayandur xanla bağlı verilən məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir. Mənbədə əvvəlcə qeyd edilir ki, Bayandur xan İsa peyğəmbərin dövründən az sonra Xorasandan Azərbaycana və Şərqi Anadoluya gəlmişdir, daha sonra isə onun fəaliyyəti İslam peyğəmbərinin dövrünə aid edilir. Buna baxmayaraq, mənbə Kitabi-Dədə Qorqudla daha çox oxşarlığa malikdir. Burada Qazan Bayandur xanın vəziridir və Qorqud Ata da onların dövründə yaşayan bir İslam mürşididir. Bu rəvayət Bayandur–Salur birliyini təsvir edən Anadolu ənənələrinin daşıyıcısıdır və Bayandur xandan sonra onun nəslindən gələn Uzun Həsənin Əcəmə hökmdar olduğunu qeyd edərək Ağqoyunlu tarixinə keçid edir.[7]
"Təvarih-i cihan"da həm də iddia edilir ki, Salur Qazanın oğlu Xudabəndə Təbrizdə dəfn edilmişdir. Burada söhbət yəqin ki, Elxani hökmdarı Mahmud Qazandan və onun oğlu Məhəmməd Xudabəndə Ulcaytudan gedir, Bayburtlu Osman iki Qazan xanı səhv salmışdır. Bu iki şəxsin bir-biri ilə səhv salınması ola bilsin ki, Şərqi Anadolu və Azərbaycanda formalaşan "Kitabi-Dədə Qorqud" dastanında Salur Qazanı ön plana çıxarmış, mümkündür ki, dastanın yenidən inkişafına səbəb olan amillərdən biri olmuşdur.[7]
Türkiyənin Bayburt camaatı arasında Beyrək ilə Bayburt qalasının erməni hakimi arasındakı münasibətlərlə bağlı bir rəvayət vardır. Kitabi-Dədə Qorqudda isə Bayburt qalasının alınması epizodunda ermənilərin adı çəkilmir. Bu faktın özü Kitabi-Dədə Qorqudun yazılma tarixini erməni çarlıqlarının süqutundan sonrakı dövrə aparmağa kömək edir. Xalq ənənəsində isə Beyrəkin adı Parasar adlı erməni hakimi ilə bir çəkilir və bu, milli yaddaşda ermənilərə qarşı mübarizə aparılan dövrün bir xatirəsi ola bilər.[19]
Qafqaza gələn səyyahlar "Kitabi-Dədə Qorqud" qəhrəmanları ilə bağlı məlumatlar vermişdir. 1638-ci ildə alman səyyahı və şərqşünası Adam Oleari Dərbənddə olarkən Dədə Qorqud hekayələrini eşitmiş və burada Qazan xanın həyat yoldaşı Burla xatunun, eləcə də Dədə Qorqudun özünün qəbrinin olduğunu qeyd etmişdir.[21] Adam Olearinin nəql etdiyi rəvayətlərdə Təbriz camaatı Qazan xan və arvadının qəbirlərini qədim oğuz dastan ənənələri ilə əlaqələndirirdilər. Burla xatunun qəbrinin qırx addım boyunda fikirləşilməsi də bu qadının dastanda və "Şəcərəyi tərakimə"də "Boyu uzun Burla xatun" adlandırılması baxımından ayrıca bir mənaya malikdir.[5] Osmanlı səyyahı Övliya Çələbi "Səyahətnamə"sində Dədə Qorqudun məzarının Dərbənddə olduğunu, şirvanlılar tərəfindən ona hörmətlə yanaşıldığını qeyd etmişdir. "Dərbəndnamə"də də Dədə Qorqudun Dərbənddəki məzarı haqqında yazılıb.[22]
Ağqoyunlu və Trabzon yunan imperiyası dövrü hadisələri
[redaktə | vikimətni redaktə et]
Kitabi-Dədə Qorqudun iki epizodunda Trabzon təfkurunun sözünün keçməsi, yəni onun vacib bir şəxs olması qeyd edilir. Bu da dastana Anadolu bəylərinin (Ağqoyunlular və digərləri) Trabzon imperiyası (Komninlər sülaləsi) ilə əlaqələri kontekstində baxılması imkanı verir.[23] Anadolu bəyləri yunan-xristian Komninlər sülaləsinə mənsub qadınlarla siyasi məqsədlə evlənmiş, beləliklə, Trabzon imperatorları özlərinə türk müttəfiq əldə etmişdir. Hətta Komnin sülaləsinin bəzi nümayənlərinin türk adları var idi: Aksuh-Ağsu, Azahutlu-Ataqutlu, Ahpugas-Ağboğa.[24]
Ettore Rossiyə görə, Kitabi-Dədə Qorquddakı mifoloji mövzulu (Təpəgöz və Dəli Domrul) boylar istisna olmaqla digər boyların tarixi zəmini olaraq, bayandur boyundan olan Ağqoyunluların dövrü götürülə bilər. Ağqoyunlu dövrünün təsirini göstərən ən böyük sübutlardan biri dastanda xristian hökmdarın qızı ilə evlənən Qan Turalı ilə tarixdə oğlunu Trabzon şahzadəsi ilə evləndirən, Ağqoyunlu başçısı Əlaəddin Turəli bəyin (h.i. 1340–1362) eyni adam olması ilə bağlı düşüncədir. Faruq Sümər isə fikirləşir ki, dastandakı hadisələr IX–XI əsrlərdə baş vermiş, sadəcə olaraq Ağqoyunlu dövründə yeni coğrafi mühitə uyğunlaşdırılmışdır. Ona görə də əsər qəhrəmanlarının Şərqi Anadoluda harada yaşadığını, Oğuz Elinin yerini təyin etmək mümkün deyil.[4] Kitabi-Dədə Qorqudun Anadolu mühiti ilə əlaqəsizliyini göstərən digər bir sübut isə salurların Anadolu türkmənləri tarixində çox az rol oynamasıdır.[17]
Ağqoyunluların bayandır əsilli olduqları nəzərə alınarsa, Kitabi-Dədə Qorqudda Bayandur xan dövründə oğuzların fəaliyyət göstərdiyi ərazinin geniş göstərilməsi dastanın hansı tarixi hadisələrdən ilhamlandığını göstərir. Dastanda Salur Qazanın zəfərlərinin Ümman dənizinə qədər davam etdiyi, digər igidlərin Mardin və Amid (Diyarbəkirin digər adı, Ağqoyunlu dövlətinin ilkin inzibati mərkəzi) şəhərlərini alması və s. faktlar şimal-şərqdə Xorasan, şimalda Qafqaz, gürcü və abxaz dövlətləri, Trabzon imperiyası, cənubda Fərat hövzəsi, Mardin, Diyarbəkiri əhatə etməklə Ümman dənizinə qədər yayılmış bir imperiyanın və oğuz-türkmən ulusunun dastanına işarə edir. "Kitabi-Dədə Qorqud" dastanının axırıncı formasına daxil edilən son hadisələr Ağqoyunlu dövləti tarixinə aiddir.[5]
Əgər Ağqoyunlular "Şəcərəyi tərakimə"də qeyd edilən İraq Bayandurları ilə əlaqəlidirlərsə, onda Kitabi-Dədə Qorqudda qeyd edilən salurların da bayandurlarla əlaqəsi üçün sübut tapmaq mümkün olar. "Şəcərəyi tərakimə"də bayandurların salurları əlaqəsi ilə bağlı başqa sübut verilməmiş olsa da, Kitabi-Dədə Qorqud və Hacı Bektaş Vilayətnaməsində iki boy arasında sələf-xələf əlaqəsi göstərilmişdir.[25]
Kitabi-Dədə Qorqudun "Qan Turalı" boyunda türk qəhrəman xristian hökmdarın qızını alır. Buna baxmayaraq, xristian hökmdar qəhrəmana qarşı düşmənçilik hislərini qoruyub saxlayır və qəhrəmanın həyat yoldaşı ikisi arasındakı mübarizədə öz ərinə bağlılıq göstərir. Tarixdə də Trabzonun Komninlər sülaləsinin türk kürəkənləri ilə münasibətində dastanda təsvir edilən profilə uyğun kişi və qadın şəxsiyyətlərə rast gəlinir, hətta bununla bağlı tarixdə türk kürəkənin məğlub olub öldürüldüyü hallar vardır.[26]
Kitabi-Dədə Qorqudda oğuz bəyləri müharibəyə girməzdən əvvəl onların adı dastanda sıra ilə çəkilər və hər birinin gördüyü vacib işlər adları ilə birlikdə qeyd edilər. Bu təsvirlər Sırdəryanın şimalındakı yurdlarda baş vermiş hadisələrdən qaynaqlanır, dastanın ən arxaik və başa düşülməsi çətin hissəsidir, yeni hadisələrə və şərtlərə çox az dəyişikliyə məruz qalaraq uyğunlaşdırılmışdır. Bu adlandırılma qaydası üç boyda pozulmuşdur, Dirsə xan, Dəli Domrul və Qan Turalının boylarında əsas qəhrəmanlar istisna olmaqla digərlərinin əvvəl gördükləri işlərlə bağlı təsvirlər verilmir. Dirsə xanın boyunda Bayandur xanın bəylərinin adı çəkilmir. Dəli Domrul boyunda eponim yoxdur. Qan Turalının boyunda isə axırda döyüş olanda köməyə oğuz bəyləri yox, öz ata-anası gəlir. Digər bir məsələ odur ki, Dirsə xan, Dəli Domrul və Qan Turalının adları digər boylarda çəkilmir, "Şəcərəyi tərakimə"də də onların adı yoxdur. Qeyd edilən səbəblərə görə, bu üç boy digər boylardan ayrı bir qrupdur. Pertev Naili Boratava görə, Dirsə xan, Dəli Domrul və Qan Turalının boylarını oğuzların Anadoluya gəlməzdən əvvəl yaradılmış dastanlarında tapılmayan və sonradan əlavə edilmiş boylar saymaq mümkündür. Bu fikir Qan Turalının boyunun Ağqoyunlu–yunan əlaqələrininin dastan tipli ifadəsi sayılması ideyasını dəstəkləyir. "Qanlı" sözü də oğuz eponimi olmadığı üçün Qan Turalının "Qanlı Qoca oğlu" adlandırılması onun sərgüzəştlərini Anadoluya gəlişdən əvvəl baş verən, Salur Qazan və digərlərinin baş rolda olduğu hekayələrdən ayırır.[6]
"Kitabi-Dədə Qorqud" dastanının yazıya köçürülməsi tarixi olaraq XV əsrin müxtəlif dövrləri göstərilir. Uzun Həsənin hakimiyyət dövrü (1453–1478-ci illər) mədəni cəhətdən inkişafın getdiyi bir dövr olduğu üçün belə bir yazılı ədəbiyyata uyğun gəlir. Ancaq əsərin ön sözündə Osmanlı sülaləsinin qiyamətə qədər hakimiyyəttə qalacağı qeyd edildiyi üçün, həm də dastanın mətnində Bayandur dövləti müsbət şəkildə göstərildiyi üçün belə bir qənaətə gəlmək olar ki, əsəri yazıya köçürən şəxs Osmanlı və Ağqoyunlu dövlətlərinin hökmranlıq sərhədlərinin dəqiq bəlli olmadığı bir yerdə yaşayıb. Həm də məlumdur ki, Fateh Sultan Mehmet Uzun Həsəni məğlub edəndən sonra özü ilə Osmanlı dövlətinə bir çox intellektual, yazıçı və sənətkar aparıb. Buna görə də müəllif hər iki hökmdarın könlünü oxşamağa çalışmış ola bilər.[5][27]
Milliyyətçilik və tarixi yaddaşda rolu
[redaktə | vikimətni redaktə et]Qarabağın azərbaycanlı məcburi köçkünlərindən olan bir hekayə söyləyicisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlıların onları doğma torpaqlarından çıxaran Ermənistan əsgərlərinə belə cavab verdiyini bildirmişdir: "Biz burada Dədə Qorqudun dövründən bəri yaşayırıq. Bu, bizim torpağımızdır və biz burada müqəddəslərimizə qurban kəsmişik. Şah İsmayıl Xətai atı ilə bu diyardan keçib və o qoca çinarın altındakı müqəddəs ziyarətgah da Dədə Qorqud vaxtından buradadır."[28]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Boratov, 2010. səh. 40
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Boratov, 2010. səh. 41-42
- ↑ 1 2 3 4 5 6 Boratov, 2010. səh. 38-39
- ↑ 1 2 3 4 Boratov, 2010. səh. 32-33
- ↑ 1 2 3 4 5 Boratov, 2010. səh. 60-61
- ↑ 1 2 3 4 Boratov, 2010. səh. 56-57
- ↑ 1 2 3 4 5 6 7 8 Boratov, 2010. səh. 58-59
- ↑ Meeker, 1992, с. 395.
- ↑ Жирмунский В. М., 1964, с. 14.
- ↑ 1 2 Qafarlı, 2011. səh. 54
- ↑ Meeker, 1992. səh. 395
- ↑ Mustafayev, 2021. səh. 87
- ↑ 1 2 İlker Evrım Bınbaş. "OḠUZ KHAN NARRATIVES". Encyclopædia Iranica. April 15, 2010. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-09.
- ↑ Mustafayev, 2021. səh. 88
- ↑ Bayati H. M., 2011. səh. 5-6
- ↑ 1 2 3 4 5 6 7 Boratov, 2010. səh. 43-44
- ↑ 1 2 Boratov, 2010. səh. 45-46
- ↑ Ш. Ҹәмид, 1977, с. 3.
- ↑ 1 2 3 Boratov, 2010. səh. 48-49
- ↑ "Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər" (az.). "Öndər" nəşriyyat. 2004. (#accessdate_missing_url) (səh. 135)
- ↑ АСЭ, 1981, с. 408.
- ↑ АСЭ, 1981, с. 408.
- ↑ Boratov, 2010. səh. 50
- ↑ Boratov, 2010. səh. 52-53
- ↑ Boratov, 2010. səh. 47-48
- ↑ Boratov, 2010. səh. 54
- ↑ Boratov, 2010. səh. 62
- ↑ Mirzeler, Jafarov, 2012. səh. 265
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Bayati Həsən Mahmud oğlu. Cami-Cəm ayin. Bakı: “Mütərcim” TNPM. 2011. səh. 68.
- Boratav, P. (2010). DEDE KORKUT HİKÂYELERİNDEKİ TARİHİ OLAYLAR VE KİTABIN TELİF TARİHİ. Journal of Turkology, 13, 31–62. https://doi.org/10.18345/tm.18399
- Michael E. Meeker. The Dede Korkut Ethic (англ.) // International Journal of Middle East Studies. — 1992. — August (vol. 24, no. 3). — P. 395–417.
- Жирмунский В. М. Ритмико-синтаксический параллелизм как основа древнетюркского народного эпического стиха // Вопросы языкознания. — М.: Наука, 1964.
- Ramazan Qafarlı. Azərbaycan-türk mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası), Bakı, ADPU-nun nəşri, 2011, 438 səh
- Mustafayev, Shahin. GENEALOGICAL LEGENDS AS A REFLECTION OF THE HISTORICAL MEMORY OF THE ANCIENT OGHUZES. НАРОДЫ И РЕЛИГИИ ЕВРАЗИИ. Том 26, №1. 2021. səh. 82-96. 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
- Шамил Ҹәмид. Китаби-Дәдә Горгуд / Под ред. Г. Араслы. — Баку: Элм, 1977. (азерб.)
- Китаби-Дәдә Горгуд (aз) // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Баку: Главная редакция Азербайджанской советской энциклопедии, 1981. — Т. V. — С. 408.
- Mirzeler, M. K., & Jafarov, A. (2012). The Memory of Loss: Voices of Azeri Storytellers from Nagorno Karabakh. Journal of Muslim Minority Affairs, 32(2), 253–268. https://doi.org/10.1080/13602004.2012.694669