Mədihə Sultan — Vikipediya

Mədihə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyul 1856(1856-07-30)
Doğum yeri
Vəfat tarixi 3 dekabr 1928(1928-12-03) (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası I Əbdülməcid
Anası Fatma Şervaşidze
Həyat yoldaşları Samipaşazadə Nəcib bəy
Kürəkən Fərid Paşa
Uşağı Əbdürrəhman Nəcib Sami bəy
Ailəsi Osmanlı xanədanı

Mədihə Sultan (30 iyul 1856, Çırağan sarayı, Konstantinopol3 dekabr 1928, San-Remo, İtaliya krallığı) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır.

30 iyul 1856-cı ildə Beşiktaşdakı köhnə Çırağan sarayında dünyaya gəldi. Atası Osmanlı sultanı Sultan Əbdülməcid, anası onun xanımlarından Gülüstü Qadınəfəndidir.[1] Dünyaya gəlişi səbəbilə sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Mədihə Sultana dəyərli hədiyyələr verildi.[2][3] Özündən yaşca böyük Zəkiyə və Fəhimə adlı əkiz bacıları, özündən 5 yaş kiçik Vahidəddin adlı bir qardaşı olsa da, əkiz bacıları uşaq yaşlarında vəfat etdi.[4][5] Hələ 5 yaşında ikən 1861-ci ildə öncə anası Gülüstü Qadınəfəndi, bir ay sonra isə atası Sultan Əbdülməcid tutulduqları vərəm xəstəliyi səbəbilə vəfat etdi. Hər iki valideynini də itirən 5 yaşlı qızcığaz və qardaşı Sultan Əbdülməcidin digər xanımı Verdicanan xanım tərəfindən himayə edildi. Sarayda olduqca dəbdəbəli həyat yaşadı. Avropasayağı geyimiylə hər kəsdən fərqlənirdi. İri qara gözləri və parlaq dərisiylə atası Sultan Əbdülməcidə ən çox bənzəyən övladı idi. Bacısı Sənihə Sultan kimi o da, gülərüz və xoş xasiyyət biri idi.

Gənc Mədihə Sultan Əbdürrəhman Sami bəyin oğlu Əhməd Nəcib bəyi sevsə də, qardaşı Sultan Əbdülhəmid bu nigaha qarşı çıxdı. Səbəb isə Sami bəyin ailəsinin Əli Suavi ilə yaxın olması idi. Bu səbəblə Nəcib bəy dərhal Parisə göndərildi. Ancaq Verdicanan xanımınRahimə Pirüstü xanımın vasitəçiliyi ilə Nəcib bəy geri çağırıldı və paşa ünvanı aldı. 20 yanvar 1879-cu ildə nigahlanan cütlüyün toy mərasimi isə 2 il sonra - 20 may 1881-ci ildə Ulduz sarayında baş tutdu. Mərasimin ardından Tarlabaşındakı sarayda məskunlaşan cütlüyün bu nigahdan, sonralar Sultan Əbdülhəmidin şəxsi yavəri olan Sultanzadə Sami bəy adlı bir oğlu dünyaya gəldi.

Ancaq çox keçmədən Əhməd Nəcib bəyin səhhəti pisləşdi və 10 gün davam edən xəstəliyin ardından 21 aprel 1885-ci ildə anidən vəfat etdi.

İkinci evliliyi

[redaktə | mənbəni redaktə et]

Ərinin ölümünün ardından qardaşı Sultan Əbdülhəmid dul qalan bacısını yenidən evləndirmək istədi. Uyğun bəy namizədinin tapılmasının ardından Mədihə Sultan bu dəfə də dövlət əyanlarından Seyid Həsən İzzət Əfəndinin oğlu Fərid bəy29 aprel 1886-cı ildə Ulduz sarayında keçiriləın kiçik bir mərasimlə nigahlandı. Mərasimin ardından bir müddət sultanın Tarlabaşındakı sarayında yaşayan cütlük daha sonra sultanın bacısı Fatma Sultanın vəfatıyla boş qalan Baltalimanındakı sarayda məskunlaşdı.

Siyasi hadisələrdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Sultan Əbdülhəmidin qatı müxaliflərindən biri olan Fərid bəyin rütbəsi nigahın ardından yüksəldildi və dövlət şurasına üzv seçildi. Ancaq siyasi arenadakı yüksəlişi üçün Mədihə Sultanla olan evliliyindən istifadə edən Fərid Paşa onun vasitəsilə Sultan Əbdülhəmiddən yeni təyinatlar belə istəmişdir. Onun London səfirliyinə təyin olunması üçün edilən saray ziyarətlərinin bir nəticəsi verməməsinin ardından, Fərid Paşa Sultan Əbdülhəmiddən incik düşdü və saray mərasimlərində iştrak etməməyə başladı. Nəhayət 1908-ci ildə İkinci Məşrutiyyətin elan edilməsinin ardından əyanlar məclisinə üzv seçilən Fərid Paşa müxalif cəbhədə fəaliyyətini artırdı. Onun müxalif siyasəti Sultan Əbdülhəmidin taxtdan endirilməsindən sonra, hakimiyyəti ələ alan İttihad və Tərəqqi Cəmiyyətinə qarşı da davam etdi.

Sürgün illəri

[redaktə | mənbəni redaktə et]

1918-ci ildə Mədihə Sultanın doğma qardaşı Sultan Vahidəddinin taxta çıxmasıyla müxalif siyasətini dayandıran Fərid Paşa siyasi təcrübəsizliyinə baxmayaraq, məhz onun səltənətində 5 dəfə sədarətə gətirildi.[6] Ancaq onun siyasi təcrübəsizliyi və apardığı yanlış siyasətin nəticəsi ailəsiylə birlikdə ölkədən qaçmaq oldu. 22 sentyabr 1922-ci ildə xanımı Mədihə Sultanın müalicəsini bəhanə edərək xanımı və ögey oğlu Sultanzadə Sami bəyi də yanına alıb ölkəni tərk edən Fərid Paşa Fransanın Mentona şəhərində məskunlaşdı. Cəmi bir ay sonra isə qardaşı Sultan Vahidəddin də taxtdan çəkilərək ölkəni tərk etdi və uzun səyahətlərin ardından İtaliyanın San-Remo qəsəbəsində məskunlaşdı. Bunun xəbərini alan Mədihə Sultan ailəsini də yanına alaraq qardaşının yanına köçdü. Ancaq sürgündə ikən Fərid Paşanın səhhəti pisləşdi və 6 oktyabr 1923-cü ildə burada vəfat etdi.

Oğlu Sultanzadə Sami bəy və nəvəsi Bahəddin bəy Mədihə Sultanın Türkiyədə qalan mülklərinin geri alınması uğrunda rəsmi yazışmalar aparsa da, bu yazışmalar heç bir nəticə vermədi. Yazışmaların davam etdiyi dövrdə səhhəti pisləşən Mədihə Sultan 3 dekabr 1928-ci ildə San-Remoda vəfat etdi.

Sultanzadə Əbdürrəhman Nəcib Sami bəy (5 aprel 1883 - 15 avqust 1961) — İngilis, fransız və italyan dillərini bilirdi. 1898-ci ildə birinci dərəcəli Məcidiyyə ordeniylə təltif edildi.[7] 1909-cu ildə Sultan Əbdülhəmidin fəxri yavəri oldu. Bilinən 2 xanımından ümumilikdə 8 övladı olmuşdur. Şəcərəsi aşağıdakı kimidir.

  1. M.Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Türk Tarih Kurumu Yayınları, Ankara 1980, s. 149
  2. İ. Atis, “Osmanlı Sarayında Lahusa Şenlikleri ve Beşik Alayları”, Tarih Hazinesi, C. III, s.149-152
  3. Çağatay Uluçay, “ İstanbul’da XVIII. Ve XIX. Asırlarda Sultanların Doğumlarında Yapılan Törenler ve Şenliklere Dair”, İstanbul Enstitüsü Mecmuası,c. IV, s.1358
  4. Leyla Açba, Bir Çerkez Prensesin Hatıraları, Timaş Yayınları, İstanbul 2010, s.379
  5. Rumeysa Aredba, Sultan Vahdettin’in Sanremo Günleri, Timaş Yayınları, İstanbul 2009, s. 73
  6. Tarık Mümtaz Göztepe, Vahdeddin Mütareke Gayyasında, Sebil Yayınları, İstanbul 1994, s. 434-437
  7. Metin Erüreten, Osmanlı Madalyaları ve Nişanları, Kişisel Yayınları, İstanbul 2001, s.12
  8. Rumeysa Aredba, Sultan Vahdeddin’in San Remo Günleri, Timaş Yayınları, İstanbul 2009