Heybətqulu Məmmədbəyov — Vikipediya
Heybətqulu Məmmədbəyov | |
---|---|
24 dekabr 1919 – 30 mart 1920 | |
Əvvəlki | Nəriman bəy Nərimanbəyli |
Sonrakı | Vəzifə ləğv olundu. |
7 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | İttihad fraksiyası |
27 may 1918 – 7 dekabr 1918 | |
Fraksiya | Rusiyada müsəlmanlıq "İttihad" fraksiyası |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Rusiyada müsəlmanlıq "İttihad" qrupu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 16 dekabr 1937 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | dövlət qulluqçusu |
Heybətqulu Həbibulla oğlu Məmmədbəyov və ya Heybətqulu bəy Məmmədbəyov (1879, Şağan, Bakı qəzası – 16 dekabr 1937, Şağan) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Heybətqulu Həbibulla oğlu Məmmədbəyov 1879-cu ildə Bakının Şağan kəndində anadan olub. 1892-ci ildə rus-tatar məktəbində oxumuşdur. 1896-cı ildə təhsilini tamamladıqdan sonra Mixaylovsk məktəbinə daxil olmuşdur. 1902-ci ildə həmin məktəbin mühasib kursunu bitirmişdir. Sonradan o, Şəmsi Əsədullayevin idarəsində 1905-ci ilə qədər müqavilə ilə çalışmışdır. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin yanında, 6 aydan sonra isə Miraslanov qardaşlarının kontorunda mühasib olaraq 1917-ci ilə qədər burada çalışmışdır.[1]
Repressiya
[redaktə | mənbəni redaktə et]Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyun ayında doğulduğu Şağan kəndinə getdi. Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edildi. 1923-cü ilin noyabrına qədər həbsdə saxlanıldıqdan sonra sərbəst buraxıldı. Növbəti dəfə 1925-ci ilin mayın 19-da Azərbaycan Fövqəladə Komissiyasının komissarı Qriçman tərəfindən yaşadığı "Persidski" küçəsindəki 120 saylı evdə həbs olundu .[2] Onun həbs anketində bu sözlər yazılmışdı:[2]
Heybətqulu Məmmədbəyov, Türk, 47 yaş, bitərəf, mühasib, Arvadı Gülsüm 38 yaş, oğlu Əmrulla 17, Nadir (oxuyur) 15 yaş, Adil 6 yaş, qızı Rəbiyyə 10 yaş (oxuyur), 1923-cü ildə İttihad Partiyasına mənsub olduğu üçün FK tərəfindən həbs edilib, əmək haqqı ilə yaşayır |
O, 1925-ci ilin iyunun 22-də sərbəst buraxıldı.
1937-ci ilin dekabrın 7-də Heybətqulu Məmmədbəyovu qardaşı Cəfərqulu ilə birgə həbs etdilər. Onların hər ikisini "seçkilərdə iştirak kimi tədbirlərin həyata keçirilməsinə qarşı çıxmaqda", "Sovet hakimiyyətinin yaxın vaxtlarda yıxılacağı barədə şayiələr yaymaqda", "əksinqilabi iş aparmaqda" günahlandırırdılar.
Ölümü
[redaktə | mənbəni redaktə et]1937-ci ilin dekabrın 12-də 31 saylı protokoldan çıxarış əsasında Heybətqulu Məmmədbəyov və 67 yaşlı qardaşı Cəfərqulu Məmmədbəyov haqqında güllələnmə hökmü çıxarıldı. 1937-ci ilin dekabrın 15-dən 16-na keçən gecə hər iki qardaş güllələndi.
İctimai-siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Keçid dövrü
[redaktə | mənbəni redaktə et]Heybətqulu Məmmədbəyov Nəşri-maarif və Nicat Cəmiyyətləri tərəfindən Bakıda göstərilən tamaşaların təşkilində yaxından iştirak etmişdir.[3]
Fevral inqilabından sonra siyasi fəaliyyətə başlayan Heybətqulu Məmmədbəyov, Rusiyada Müsəlmanlıq Partiyasının təşkilində iştirak etmişdir. O, 23 fevral 1918-ci ildə İttihad Partiyası sıralarından Zaqafqaziya Seyminə üzv seçilmişdir.[1]
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
[redaktə | mənbəni redaktə et]Heybətqulu Məmmədbəyov 27 may 1918 tarixində yenə İttihad Partiyası sıralarından Milli Şura üzvü seçilmişdir. İstiqlal Bəyannaməsinə İttihad üzvü Heybətqulu bəy Məmmədbəyli leyhinə səsi vermişdir. Dekabr ayının 7-də isə yenə İttihad üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə daxil olmuşdur.[3]
1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. 29 oktyabr 1917-ci il seçkilərində Bakı Şəhər Dumasının üzvü seçilən Heybətqulu Məmmədbəyov birbaşa olaraq Bakı Şəhər İctimai Özünüidarəsinin üzvlüyünə daxil olmuşdur.[4]
Parlamentdə fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Heybətqulu Məmmədbəyov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Tərtibat və ləvazim, Fəhlə və Qanun layihəsi komissiyalarının üzvü olmuşdur. O, komissiyalarda İttihad Partiyasını təmsil etmişdir. 1919-cu ilin aprel ayına aid stenoqramlarda tərtibat və ləvazim komissiyası siyahısında adı bölüşdürücü kimi qeyd olunmuşdur.[5]
Hökumətdə fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Heybətqulu Məmmədbəyov 24 dekabr 1919-cu ildə, II Yusifbəyli hökumətində İttihad Partiyasının üzvü kimi dövlət nəzarəti naziri vəzifəsinə təyin olunmuşdur. O bu vəzifəni 30 mart tarixinə, hökumətin istefasınadək davam etdirmişdir.[1]
Sovet dövrü
[redaktə | mənbəni redaktə et]Aprel işğalından sonra, 12 iyun 1920 tarixində Əliheydər Qarayev tərəfindən Qarabağ qaçqınlarının yerləşdirilməsi üzrə səlahiyyətli şəxs təyin edilmişdir. 1921-ci ilin iyun ayına qədər bu vəzifədə çalışan Heybətqulu Məmmədbəyov sonradan Məmmədhəsən Hacınskinin köməyi ilə Zaqafqaziya Dövlət Ticarət İdarəsinin Bakı şöbəsinin rəis müavini təyin edildi. O, 1923-cü ilin iyununda işdən uzaqlaşdırıldı.[1]
Partiya fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Heybətqulu Məmmədbəyov xatirələrində, partiyanın 1917-ci ilin yayında Bakı şəhərində bir neçə şəxs tərəfindən Rusiyada Müsəlmanlıq Firqəsinin Təşkil Komitəsi yaradıldığını qeyd etmişdir. Fevral inqilabından sonra, 1918-ci ilin yanvar ayında Azərbaycan ərazisində formalaşmağa başlamış islamçı təşkilatlardan Rusiyada Müsəlmanlıq Firqəsi və həmin ilin payızında Gəncədə təsis olunmuş İttihadi-İslam Cəmiyyəti vahid qurumda birləşərək İttihadi-İslam Rusiyada Müsəlmanlıq Firqəsi adını almışdır.
1919-cu ilin aprel ayının 10-da partiyanın I qurultayı keçirilmişdir. Bakı Şəhər İdarəsinin binasında keçirilən qurultayda partiyanın adı Qafqaz İttihad Firqəsi olaraq dəyişdirilmişdir. Həmçinin qurultayda Heybətqulu Məmmədbəyovun da daxil olduğu 22 nəfərdən ibarət Mərkəzi Komitə üzvləri seçilmişdir.
1920-ci ilin yanvar ayının 25-də saat 1-də Bakı İctimai Məclisinin zalında partiyanın II Qurultayı keçirildi. Qurultayda Heybətqulu bəy Məmmədbəyov Mərkəzi Komitənin üzvü seçilmişdir. Aprel işğalından sonra partiya açıq fəaliyyətini dayandırmışdı.
Mənbə
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il (PDF). Bakı: Adiloğlu. 2006. səh. 216.
- Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
- Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
- Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997.
- Lətif Şüküroğlu. Cümhuriyyət hökuməti repressiya məngənəsində. 2. Bakı. 2000.
- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1996. 560.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Cümhuriyyət Qurucuları, 2018. səh. 352
- ↑ 1 2 Lətif Şüküroğlu, 2000. səh. 199
- ↑ 1 2 Heybətqulu Məmmədbəyov // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. 440. ISBN 9952-417-14-2.
- ↑ Qanunverici aktlar, 1998. səh. 677
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, s. 10, i. 58, v. 5–7.