Pərviz Rüstəmbəyov — Vikipediya
Pərviz Rüstəmbəyov | |
---|---|
Pərviz İsmayıl bəy oğlu Rüstəmbəyov | |
Ümumi məlumatlar | |
Ləqəbi | Piro |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | cazmen, saksofonçu[d] |
Fəaliyyət illəri | 1940-1949 |
Janr | Caz |
Musiqi aləti | Saksofon |
Vikianbarda əlaqəli mediafayllar |
Pərviz Rüstəmbəyov (7 yanvar 1922, Bakı – 29 dekabr 1949, Bakı) — sovet repressiyasına məruz qalmış, azərbaycanlı saksafonçu, cazmen.
Həyatı
[redaktə | mənbəni redaktə et]Pərviz İsmayıl bəy oğlu Rüstəmbəyov 1922-ci il yanvarın 7-də Bakıda anadan olub.[1] Pionerlər Evində musiqi dərnəyinə gedib və burada klarnet ifa edib. 1940-cı ildə 18 yaşında ikən Tofiq Quliyev onu “Sənətkarlıq” kinoteatrında çıxış edən orkestrinə dəvət edib.[2]
İkinci Dünya Müharibəsi başladıqdan sonra orkestrin gənc ifaçıları fəaliyyətlərini hərbi hissədə davam etdirirlər. Onları Naxçıvanda yerləşən 402-ci atıcı diviziyanın sərəncamına göndərirlər. 1942-ci ilin sonunda orkestr buraxıldıqdan sonra Pərviz Rüstəmbəyov A.V.Şestapalovun rəhbərliyi altında olan Aviasiya cazına təyinat alır. 1943-cü ilin iyulunda isə xəstələndiyinə görə buradan tərxis olunur.[1]
1944-cü ildə Eddi Rosnerin rəhbərlik etdiyi məşhur caz orkestri Bakıya konsert verməyə gəlib. Pərviz Rüstəmbəyovun ifası Rosnerin çox xoşuna gəldiyi üçün onu, öz orkestrinə birinci saksafonçu və klarnetçi kimi dəvət edir.[3] Pərviz bu dəvəti qəbul edir və Rosnerin orkestrində ifa etməyə başlayıb. Orkestrlə birlikdə konsertlərdə ifa edən o, bir müddət Moskvada yaşayır. Burada olduğu müddətdə Leonid Utyosov da onu öz ansamblına dəvət edir.[4]
Moskvada dostları ilə birgə “Metropol” restoranında şam edərkən, orada çıxış edən caz orkestrinin üzvləri Pərvizi tanıyaraq onu ifa üçün səhnəyə dəvət edirlər. Amerika klassiklərinin musiqilərini ifa etməsi restorandakı amerikalıları maraqlandırır. İfadan sonra onlar Pərvizlə tanış olub onu ABŞ-a dəvət edib cazın vətənində təcrübə qazanmağı təklif edirlər. Amerikalıların dəvəti ilə ABŞ səfirliyinə gedir. Səfirlikdə mədəniyyət attaşesi ilə görüşmək istəsə də onu yerində tapmayaraq geri qayıdır.[4] Səfirlikdən çıxdıqdan sonra sivil geyimli iki DTK üzvü ona yaxınlaşıb, Amerika səfirliyində nə etdiyini soruşurlar. Pərviz isə səfirliyə nə üçün getdiyini onlara deyir. Sonradan Pərvizdən Moskvanı tərk etməsi istənilir. Növbəti günlərdə də izlənildiyini hiss edən Pərviz məsləhət üçün o vaxt Moskvada olan Tofiq Quliyevin yanına gedir. Tofiq Quliyev isə ona pul verərək təcili bilet alıb Bakıya qayıtmağını tapşırır.[4]
Bakıya qayıtdıqdan sonra, öz orkestrini yaratmaq qərarına gəlib. Əvvəlcə “Qırmızı Şərq”, sonra isə “Sənətkar” kinoteatrında öz orkestri ilə birlikdə çıxış etməyə başlayıb. Lakin 1949-cu ilin yanvar ayında "Qərbə pərəstişkarlıq" etməkdə təqsirləndirilərək işdən azad olunub.[5]
İşdən qovulduqdan sonra bir müddət iş tapa bilməyib. Daha sonra vağzal yaxınlığında kiçik bir restoranda işə düzəlib. Dörd aydan sonra, 1949-cu il mayın 20-də Pərviz Rüstəmbəyov AzSSR Daxili İşlər Nazirliyinin hərbi prokuroru, ədliyyə mayoru Ayriyanın göstərişi ilə həbs olunur. 15 il həbsə məhkum edilən[5] onun həbs qərarında bildirilirdi ki:
Rüstəmbəyov anti-sovet və amerikapərəst əhval-ruhiyyəli şəxsdir. O, amerikalıların həyat tərzini, məişətini və incəsənətini tərifləyir, sovet həqiqətlərini qaralayır, əcnəbilərlə əlaqə saxlayır. Qeyri-qanuni olaraq xaricə qaçmaq niyyətindədir.[4] |
1949-cu ilin dekabrın 29-da, gecə saat 3:50-də 877 nömrəli məhbus Pərviz Rüstəmbəyov Azərbaycan DTN-in daxili həbsxanasında müəmmalı şəraitdə dünyasını dəyişib.[1]
1957-ci ildə musiqiçinin anası Münəvvər xanımın bir neçə il davam edən şikayətlərindən sonra respublika prokurorluğu DTK-ya Pərviz Rüstəmbəyovun işinə aydınlıq gətirilməsi ilə bağlı müraciət etdi.[5] 1958-ci il yanvarın 6-da Pərviz Rüstəmbəyov haqqında açılmış cinayət işi dəlillərin çatışmazlığı səbəbindən ləğv edilir və işə xitam verilir.[6]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Pərviz Rüstəmbəyovun ulu babası Əsəd bəy Salyanda yaşayıb və mirzə olub. Əsəd bəyin dörd oğlundan biri olan Məmməd 19 yaşında dünyasını dəyişib. Digər üç oğlu Fətulla, Baxış və Şahbaz isə Sankt-Peterburqda ali təhsil alıblar. Qardaşlarından biri olan Baxışın övladı olmadığı üçün o, qardaşı Məmmədin yetim qalmış oğlu İsmayılı övladlığa götürüb.[1] İsmayıl Rüstəmbəyov Münəvvər xanım ilə ailə qurub. Bu evlilikdən Pərviz Rüstəmbəyov və Fəridə Rüstəmbəyova dünaya gəliblər. İsmayıl Rüstəmbəyov 1942-ci ci ildə vərəm xəstəliyindən dünyasını dəyişib.[1]
Pərviz Rüstəmbəyov 1941-ci ilin aprel ayında Stepanova Taisiya Mixaylovna adlı qızla ailə qurub. Bu evlilikdən bir oğlu olub. Uşağa bəstəkar Tofiq Quliyevin qardaşı, dostu Adilin şərəfinə Adil adını qoyub. Ancaq uşaq bir yaş yarımında dünyasını dəyişib.[1] Taisiya ilə boşandıqdan sonra 1943-cü ildə ailə qurub. 1945-ci ildə bu evlilikdən övladı dünyaya gəlib.[7]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]2002-ci ildə Lider televiziyasında musiqiçinin həyatına həsr olunmuş ssenari müəllifi Nəriman Əbdülrəhmanlı, rejissoru Akif Arifoğlu olan "Vaxtın o Üzündə" filmi çəkilib.[8]
2016-cı ildə rəssam Vüqar Əli azərbaycanlı və xarici cazmenlərin o cümlədən də Pərviz Rüstəmbəyovun portretini çəkib.[9] Çəkdiyi bu əsərlər Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutmuş fərdi sərgisində iştirakçılara nümayiş etdirilib.[10]
2017-ci il dekabrın 22-də Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində ARB Aran Film Yaradıcılıq Mərkəzi tərəfindən Pərviz Rüstəmbəyovun həyatı haqqında çəkilmiş “Ölümündən sonra məhkəmə” filmi təqdim edilib. Bədii-sənədli filmdə arxiv materiallarından və Pərviz Rüstəmbəyovun cinayət işindən istifadə olunub.[11] Ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədovadır.[12]
2022-ci il aprelin 10-da Azərbaycan Televiziyasıda yayımlanan "Qətl planı" layihəsində, Pərviz Rüstəmbəyovun qətli haqqında ssenari müəllifi və quruluşçu rejissoru Elnur Əliyev olan film çəkilib.[13]
Şəkilləri
[redaktə | mənbəni redaktə et]- Anası Münəvvər xanım və bacısı Fəridə ilə birlikdə
- Yoldaşı Taisya və oğlu Adillə birlikdə
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Şahanə Rəhimli. "Azərbaycan cazının erməni əli ilə KQB-də məhv edilən əfsanəsi" (az.). azvision.az. 2017-05-18. 2017-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ Olqa Bulanova. "Saksafonda caz ifa etdiyi üçün 27 yaşında güllələnən əfsanəvi cazmen – Pərviz Rüstəmbəyov" (az.). edebiyyat.az. 2019-05-07. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ "Həbsdə sabun yeyib intihar edən azərbaycanlı musiqiçi" (az.). milli.az. 2017-12-26. 2017-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ 1 2 3 4 Olqa Bulanova. "Звезда и смерть легендарного джазмена Парвиза Рустамбекова" (rus). azerhistory.com. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ 1 2 3 "Рустамбеков Парвиз (Пиро) – джазовый музыкант, репрессирован" (rus). ourbaku.com. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ Lalə Azəri. "Caz musiqisinin improvizatoru" (az.). medeniyyet.az. 2012-02-10. 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ "Bu gün tanınmış saksafonçu, cazmen Pərviz Rüstəmbəyovun anım günüdür" (az.). baku-art.com. 2022-12-28. 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ Nəriman Əbdülrəhmanlı. Vaxtın o Üzündə (Televiziya filmi). Bakı: Lider TV. 2002. 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ Rüstəm Qasımov. "Вугар Али: «Живопись и джаз - два искусства импровизации»" (rus). ann.az. 2016-10-31. 2018-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ "Vüqar Əlinin "Rənglərin ritmi" adlı fərdi sərgisi" (az.). culture.gov.az. 2019-09-19. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ Xəzər Süleymanlı. "Əfsanəvi azərbaycanlı cazmenә - Ölümündən sonra məhkəmə" (az.). teleqraf.com. 2017-12-17. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ ""Ölümündən sonra məhkəmə" filmi təqdim olunacaq" (az.). 525-ci qəzet. 2017-12-17. 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- ↑ Elnur Əliyev. Pərviz Rüstəmbəyovun qətli "Qətl planı"nda (Televiziya filmi). Bakı: Azərbaycan Televiziyası. 2022. 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.