Timofey Borşov — Vikipediya
Timofey Borşov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | oktyabr 1901 və ya 1901[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 may 1956[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Partiya | |
Fəaliyyəti | hərbi lider[d] |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Döyüşlər | |
Rütbəsi | general-leytenant |
| |
Təltifləri | |
Timofey Mkixayloviç Borşov (rus. Борщёв, Тимофей Михайлович; oktyabr 1901 və ya 1901[1], Qusar, Quba qəzası – 16 may 1956[1], Bakı) — Sovet kəşfiyyatçısı, general-leytenant (9 iyul 1945). O, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının müavini (1937-1938), Türkmənistan SSR Xalq Daxili İşlər Komissarı (1938-1941) və RSFSR Sverdlovsk vilayəti üzrə NKVD-nin rəisi (1941-1948) olub.
1956-cı il aprelin 26-da Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-2, 70-ci maddələri ilə təqsirli bilinərək SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə ölüm cəzasına məhkum edilib. Reabilitasiya olunmayıb.
Həyatı
[redaktə | vikimətni redaktə et]Timofey Borşov 1901-ci ildə Qusar ərazisində qəssab ailəsində anadan olub.[2][3] Başqa mənbələrə görə, o, adi meşan ailəsindən idi.[3]
Borşov Tiflisdə şəhər məktəbinin üç sinfini bitirib. Yeddi il (1913-cü ildən 1920-ci ilə qədər) Tiflisdə Poqrebetski adına marka və möhür mətbəə zavodunda çapçı işləmiş və bu müddət ərzində, 1918-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası (bolşeviklər)na daxil olub.[2]
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti quruldu. Mayın 17-də Timofey Borşov həbs edilərək Azərbaycandan qovulur.[2]
Timofey Borşov 30 ilə yaxın (1920-ci ildən 1948-ci ilə qədər) RSFSR Xalq Komissarları Soveti yanında Ümumrusiya Fövqəladə Komissiyasından başlayaraq SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinə qədər dövlət təhlükəsizliyi orqanları sistemində çalışıb. 1920-ci ilin may-iyun aylarında Vladiqafqaz vilayət Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının texniki laboratoriyasının müdiri vəzifəsində çalışmış, sonra Sovet Azərbaycanının dövlət təhlükəsizlik orqanlarında işləməyə keçib.[2]
Azərbaycan SSR xüsusi xidmət orqanlarında xidmət
[redaktə | vikimətni redaktə et]Borşov 18 il Azərbaycan SSR xüsusi xidmət orqanlarında xidmət edib. Əvvəlcə, 1920-ci ilin iyul ayından sentyabr ayına qədər o, Quba qəzası Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının (ƏTMÜFK) səlahiyyətli nümayəndəsi olana qədər Azərbaycan Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasında müxtəlif vəzifələrdə çalışıb. Bu müddət ərzində Azərbaycan Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasına Baba Əliyev və Eyyub Xanbudaqov rəhbərlik edirdi.
Azərbaycan Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası rəhbərliyi növbəti 6 il ərzində (1921-1927) respublikanın dövlət təhlükəsizlik orqanlarına rəhbərlik edən Mir Cəfər Bağırova keçdikdən sonra da o, Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının Quba rayonu Siyasi Bürosunun səlahiyyətli nümayəndəsi vəzifəsini icra edib. Sonra Timofey Borşov Quba Rayon İcraiyyə Komitəsinin ərzaq vergisi müfəttişi (1922-ci ilin iyun-oktyabr) və Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının Qubadakı məlumat məntəqəsinin səlahiyyətli nümayəndəsi (1923-cü ilin yanvar-iyun aylarında) vəzifələrində çalışıb.[2]
1923-cü ilin iyununda Timofey Borşov Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının Balsab rayonu üzrə Siyasi Bürosunun rəhbəri, noyabrda isə komisiyanın idarə heyətinin təlimatçısı olub. 1924-cü ildən məxfi əməliyyat bölməsinin katibi, sonra Azərbaycan Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının idarə heyətinin katibi işləyib. Borşov dövlət təhlükəsizlik orqanları yenidən təşkil edildikdən sonra, Azərbaycan SSR Dövlət Siyasi İdarəsi (AzQPU) yarananda da orada işini davam etdirib. On il (1925-1935) ardıcıl olaraq AzGPU-nun səlahiyyətli nümayəndəsi, AzGPU-nun şərq şöbəsinin böyük səlahiyyətli nümayəndəsi, həmin şərq şöbəsinin böyük komissarı (şöbə müdiri hüququ ilə), bu idarənin rəisi, məxfi-siyasi idarənin rəis müavini və GPU-nun Gəncə şəhər şöbəsinin müdiri olub.[2]
SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1934-cü il 10 iyul tarixli qərarına uyğun olaraq respublikada Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı (AzNKVD) təşkil edilmiş, növbəti ildən Gəncənin adı dəyişdirilərək Kirovabad adlandırılıb. Timofey Borşov AzNKVD-nin Kirovabad şəhər şöbəsinin rəisi vəzifəsində işləməyə davam edib.[2]
1935-ci il dekabrın 4-dən başlayaraq Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı rəisinin köməkçisi, 1937-ci il yanvarın 8-də isə Timofey Borşov Respublika Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinin (Azərbaycan SSR UGB NKVD) 3-cü şöbəsinin (əks-kəşfiyyat) rəisi olub.[2]
Timofey Borşov 1937-ci il noyabrın 17-dən 1938-ci il iyulun 10-dək Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının müavini olub. Bu dövrdə xalq daxili işlər komissarı vəzifəsini əvvəlcə Yuvelyan Sumbatov-Topuridze, sonra isə Mixail Rayev-Kaminski tutub.
Türkmənistan SSR və Sverdlovsk vilayətinin xüsusi xidmət orqanlarında
[redaktə | vikimətni redaktə et]1938-ci ilin iyulunda Timofey Borşov Türkmənistan SSR Xalq Daxili İşlər Komissarı təyin edildi. Bir il sonra o, zorlama cəhdində iştirak edib. Bu əhvalat barədə İosif Stalinə 1939-cu il avqustun 5-də Türkmənistan SSR Respublika Kommunist Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin birinci katibi A.Çubin tərəfindən göndərilən şifrəli teleqram vasitəsilə məlumat verilmişdi. Çubinin xəbər verdiyi kimi, Türkmənistan Mərkəzi Komitəsi Aşqabad dəmir yolunun baş mühasibi Onopçenkodan Borşovun bu hərəkəti haqda məlumat alıb. Belə ki, Borşov “Həbs edilmiş NKVD əməkdaşlarının arvadlarından hansının sizin adınıza və məktubun məzmununa görə Ümumittifaq Kommunist Partiyasının (Bolşeviklər) Mərkəzi Komitəsinə kollektiv məktub yazdığını müəyyənləşdirmək və dərhal agentlə görüş təyin edib. Görüş avqustun 1-də Borşovun mənzilinin yaxınlığındakı küçədə baş tutmalı idi". Onopçenko gəldikdən sonra Borşov onu söhbət etmək üçün mənzilinə dəvət edib. Onopçenkonun ifadəsinə görə, Borşov onu iki saata qədər saxlayıb və iki dəfə zorlamağa cəhd edib. Çubin onu Mərkəzi Komitənin 3-cü katibi İonıçev və ÇKP-nin səlahiyyətli nümayəndəsi Foninin iştirakı ilə çağıranda Onopçenko öz dediklərini təsdiqləyib. Çubin şifrəli teleqramını Lavrenti Beriya təcili olaraq istintaq üçün xüsusi nümayəndə göndəməsi xahişi ilə bitirmişdi”. Bu sənədin üzərində İosif Stalinin “Yoldaş Beriyaya, İ.Stalin" qeydi var idi.[4]
Borşov 1941-ci ilin fevralından - SSRİ SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin 2-ci idarəsi rəisinin müavini olub. 1941-ci ilin iyulundan 1948-ci ilin aprelinə qədər - Sverdlovsk vilayəti üzrə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin yerli idarəsinin rəhbəri vəzifəsini daşıyıb. 1948-ci il aprelin 3-də Borşov vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün vəzifədən azad olunub.[3] 1948-ci ilin aprel-avqust aylarında SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin kadrlar şöbəsinin sərəncamında olub, avqust ayında isə ehtiyata buraxılıb.[2]
Sonrakı illər. Həbs və məhkəmə
[redaktə | vikimətni redaktə et]1948-ci ilin avqust-noyabr aylarında Kislovodsk və Bakıda olarkən işləməyib. 1948-ci ilin noyabrından 1952-ci ilin fevralınadək Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, Azərbaycan SSR Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibinin köməkçisi vəzifələrində çalışıb. 1952-ci ilin fevralından 1953-cü ilin aprelinə qədər Azərbaycan SSR Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsinin inzibati orqanları şöbəsi müdirinin müavini olub.
1953-cü ilin aprel-iyul aylarında - Azərbaycan Dəmir Yollarında Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin rəisi işləyib. 1953-cü ilin yayında Lavrenti Beriya həbs olunduqdan sonra tutduğu vəzifədən azad olunaraq və Daxili İşlər Nazirliyindən xidmətdən qovulub. Timofey Borşov 1955-ci il yanvarın 25-də həbs olunub.
12 aprel 1956-cı il, Bakıda Ümumrusiya Hərbi Mədəniyyət Şurasının Feliks Dzerjinski adına Mədəniyyət Klubunda (hazırda DTX Mədəniyyət Mərkəzi) Azərbaycan SSR Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırovun və onun rəhbərliyi altında çalışmış Ağasəlim Atakişiyev, Ruben Markaryan,Stepan Yemelyanov, Xoren Qriqoryanın və həmçinin Timofey Borşovin işi üzrə açıq məhkəmə prosesi keçirilib. Məhkəmədə ittihamçı kimi SSRİ baş prokuroru Roman Rudenko çıxış edib. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Timofey Borşov və digər təqsirləndirilən şəxsləri “xəyanətkar qrupda iştirakda və sovet vətəndaşlarına qarşı terror repressiyaları törətməkdə” və Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-2 və 70-ci maddələrinə əsasən təqsirli bilib. Aprelin 26-da Timofey Borşev bütün əmlakı müsadirə olunmaqla güllələnmə cəzasına məhkum edilib.[5]
Hökm çıxarıldıqdan bir gün sonra, aprelin 27-də Timofey Borşov SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Moskvadakı daxili həbsxanasına aparılıb.[3] O, 1956-cı il mayın 16-da Bakıda edam edilib. Reabilitasiya olunmayıb.
Xüsusi rütbələri
[redaktə | vikimətni redaktə et]- Dövlət Təhlükəsizliyi Kapitanı, 13 yanvar 1936;
- Dövlət Təhlükəsizliyi mayoru, 14 mart 1937;
- Dövlət Təhlükəsizliyi Baş mayoru, 14 mart 1940;
- Dövlət Təhlükəsizliyi Komissarı, 3-cü dərəcəli, 14 fevral 1943;
- General-leytenant, 9 iyul 1945-ci il.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 98 № “ƏTMÜFK fəxri işçisi” döş nişanı - 1924;
- Azərbaycan SSR Qırmızı Əmək Bayrağı ordeni - 1932;
- ƏTMÜFK-nın Şərəf Nişanı (XV) — 26 may 1933;
- Qırmızı Ulduz ordeni - 22 iyul 1937;
- "Qırmızı bayraq" ordeni - 26 aprel 1940;
- Qırmızı Əmək Bayrağı ordeni - 3 iyun 1942;
- Qırmızı Ulduz ordeni - 24 noyabr 1942;
- Qırmızı Bayraq ordeni - 3 noyabr 1944;
- Lenin ordeni - 12 may 1945-ci il;
- 4 medal.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Кто руководил НКВД. 1934-1941 (rus.).
- ↑ 1 2 3 4 5 6 7 8 9 Петров Н. В., Скоркин К. В. Борщёв Т. М. // Кто руководил НКВД (1934—1941): справочник (3000 nüs.). М.: Звенья. Под ред. Н. Г. Охотина и А. Б. Рогинского. 1999. ISBN 5-7870-0032-3.
- ↑ 1 2 3 4 Тумшис, Золотарёв, 2017
- ↑ "Чубин Сталину о Борщёве". Исторический портал «Хронос». 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-07.
- ↑ Политбюро и дело Берия: Сборник документов. М.: Кучково поле. 2012. 891–892.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- РГАСПИ. — Ф. 558. — Оп. 11. — Д. 66. — Л. 8. Подлинник. Машинопись.
- Тумшис М. А., Золотарёв В. А. Евреи в НКВД СССР: 1936—1938. Опыт биографического словаря (2-е изд., испр. и доп). М.: Русский фонд содействия образованию и науке. 2017.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Тимофей Михайлович Борщёв: Биография на сайте «Хронос» Arxiv surəti 8 oktyabr 2012 tarixindən Wayback Machine saytında
- Тимофей Михайлович Борщёв // Энциклопедия «Неизвестные» бакинцы Arxiv surəti 4 mart 2016 tarixindən Wayback Machine saytında
- НКВД — МВД Туркменской ССР Arxiv surəti 8 dekabr 2012 tarixindən Wayback Machine saytında