Şeyx Zahid Gilani — Vikipediya
Şeyx Zahid Gilani | |
---|---|
Şeyx Tacəddin İbrahim Zahid Gilani | |
Doğum tarixi | 1216 |
Doğum yeri |
|
Vəfat tarixi | 1301 |
Vəfat yeri | |
Fəaliyyəti | ilahiyyatçı, mürşid, şair |
Vikianbarda əlaqəli mediafayllar |
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – sufi Zahidiyyə təriqətinin banisi, islam alimi, mürşid.[1][2][3][4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî[5][6][7] olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu.
Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː
Şeyx Zahidün iki xatunı var idi, birisi Siyavrudda kim, dənizün qırağında idi və Əmir Abdullah salığ vermiş idi və birisi Həlyəkəranda.[8] |
Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː
Bir qatla Şeyx Zahid Şirvana varmış idi. Şirvanşah ilən uşağlarını irşad ilə təqvaya də’vət etməgə. Şirvanda qırxəlli qələndər cəm olmışdılar. Təəssüb ilə ədavətə durdılar kim, bu kişinün irşad ilə ibadəti bazarımızı kasad etdi. Çün iş bu qayətə yetdi, biz dəxi anun müridləri çuvalduz zərbi ilən gövdələri dəlük-dəlük edəlim, andan sonra Şeyx Zahidə dolaşub, anı dəxi ortadan götürəlim. Və Şeyx Zahid ol çağ Şirvanun mədrəsəsində qonmuş idi yuxaru damlarında. Və həzrət Şeyx Səfiəddinün yeri şəbistanda idi. Amma gecə-gündüz Şeyx Zahidün qulluğından ayrılmazdı. Bir gecə Şeyx Zahid təharət almağa qalxdı və ol vəqtdə Şeyx Zahidün zahir basirəsi bir nəmə zəif olmuş idi. Şeyx Səfiəddin irağdan üç kişi ol qələndərdən gördi kim, ol qaranğu gecədə Şeyxün qəsdinə yüz urdılar. Şeyx Səfiəddin həman kim anları gördi, dedi kim, olmaya kim, Şeyx Zahidi oxlayalar və ol saət Şeyx Zahid qədəmgah üstinə oturmuş idi. Şeyx Səfiəddin özini ana qalxan edüb öz gövdəsi ana fəda eylədi. Qələndərlər çün hal böylə gördilər, məcal bulmayub, ümidsiz qayıtdılar.[9] |
Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər.
Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü. O vaxtdan da alimə hörmət əlaməti olaraq Hiləkəran Şıxəkəran adlandırılmışdır.
Mənbələrdə Şeyx Zahid Gilaninin müridlərinin sayı 100.000 nəfər olaraq qeyd olunur.[10]
Səfiəddin 25 yaşında olarkən Həlyəkərana (Lənkəran şəhəri yaxınlığındadır) gedərək Şeyx Zahid Gilani ilə görüşür və onun müridi olaraq, mürşidindən bilik, mərifət öyrənir və irfanın incəliklərinə, gizli sirlərinə yetərincə bələd olur. Səfiəddin ömrünün 25 ilini Şeyx Zahid Gilaninin xidmətində keçirərək mürşidinin qızı Bibi Fatimə ilə evlənir və burada gilək dilini də öyrənir. Hələ Şeyx Zahid Gilaninin sağlığında onun canişini təyin edilən Şeyx Səfiəddin çox keçmir ki, Ərdəbilə qayıdır və burada 35 il ərzində "Darül-irşad" adlı xanəgaha rəhbərlik edir, Səfəviyyə təriqətinin qurucusu, başçısı kimi fəaliyyət göstərərək çoxlu sayda irfan əhli tərbiyə edib yetişdirir.[11] Şeyx Səfi hətta Şeyx Zahid Gilani tərəfindən təsəvvüfün Xorasan məktəbini izləmək üçün yönləndirmişdi.[12][13]
Elxani hökmdarı Qazan xan (1295–1304) Şeyx Zahid Gilanini ziyarət edərək ona böyük ehtiram göstərmişdi. Bu fakt Şeyx Zahid Gilaninin də o dövrdə böyük nüfuz və kəramət sahibi olduğunu göstərir.[11] Bu görüş barədə Səfvət-üs Səfada belə məlumat verilmişdirː
Bir qatla Sultan Qazan (r.ə.) Gilanun sultanı Məlik Əhmədi dutdurub zəncirlədi. Məlik Əhməd həzrət Şeyx Zahiddən şəfaət qılmağa iltimas qıldı. Şeyx Zahid Şeyx Səfiəddini öz oğlı ilən, şeyxzadə Cəmaləddin Əli, Sultan Qazan yanına şəfaət içün göndərdi. Sultan Qazan anlarun şəfaətin qəbul edüb, Məlik Əhmədi zəncirdən azad qıldı. İttifaqən ol vəqtdə bir Şeyx adlı kişi var idi kim, ol həman bu şeyxliğ adı ilən məğrur olub, özini mötəbər və müqərrər sağınurdı. Əmir Qutluğşah kim, bəglərbəgi idi, anun canibin riayət qılurdı və Sultan Qazan çün Şeyx Zahidün müridi idi, həzrət Şeyxün canibin saxlar idi... islam padşahı Qazan Sultan Mahmud, Şeyxi ziyarət qılmağa əzm etdi. Yolda gedərkən bəgləri dövlət ərkanına dedi ki, bir niyyət edəlim, əgər Şeyx ol etdügimiz niyyətləri zühura gətürə, Şeyxün kəramatlarından ola. Hər biri bir niyyət etdilər ayru-ayru. Sultan Qazan dedi: «Mən üç niyyət eylədim, siz mənüm ilən müvafiqət eyləniz. Biri ol kim, həman kim Şeyxün hüzurinə müşərrəf olauz, Şeyx Zahid, Mənsur Həllacun* sözini söyləyə kim, bitün xəlayiq anun həqqinə gərçək ilə yalan sözlər söylərlər, həqiqətün bizə bildürsün. İkinci niyyət ol kim, ədl ilə insafdan sözlər söyləyə. Üçünci niyyət ol kim, mütəhhər əgnindən könləgin çıxarub mana geydürə». Bəglər qamu bu niyyət ilən müvafiqət qıldılar. Amma çün Sultan Qazan, Şeyxün hüzurinə yetdi, Şeyx anun içün ayağa qalxdı və ol vəqt Şeyxün zahir basirəsi aciz olmış idi. Sultan Şeyxün mübarək əlini əlinə alub, Sultanun gövdəsi titrəməgə düşdi. Moğol dili ilə Qutluğşah bəgə dedi: «Bu kişi Tanrınun gərçəkidir. Nədən kim, hər kimün əlini dutardum, anun əli titrəməgə düşərdi. İmdi anun əli çün mənüm əlümə yetdi, mənüm əlüm titrədi."[14] |
Hulakularla Şeyx Zahidin münasibətlərinə dair bəzi tədqiqatçılar tərəfindən maraqlı iddialar da irəli sürülür. Belə ki, Yılmaz Karadeniz yazır ki, "Şeyx Zahid Gilani, Monqolların maddi yardım ve himayəsi əvəzində türklər və farslar arasında Monqol ağalığının zərurətini təlqin etmişdir".[15]
Səfəvi hökmdarları ulu babaları olan Şeyx Zahidin məqbərəsini dəfələrlə ziyarət etmiş, onu təmir etmişlər. 1478-ci ildə Şah İsmayıl Xətainin atası Şeyx Heydər (1460–1488) bir neçə nəfər mahir bənna və nəccarla gəlib məqbərə ilə günbəzi təmir etdirmişdir. Şah İsmayıl Xətai (1487–1524) 1500-ci ildə, 1-ci Şah Abbas (1587–1629) isə 1609-cu ildə buranı ziyarət etmişdilər.[16]
Türbədə Şeyx Zahidin adına başdaşı yoxdur. İ.Əzimbəyova görə onun qəbrinin üstü taxta yeşiklə örtülmüşdü.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Musalı N. "Şeyh Safi Velâyetnâmesi: Tahkiki ve Transkripsiyonu", Gazi Üniversitesi Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi. Sayı: 84. Ankara, 2017, s.168" (PDF). 2022-01-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-11.
- ↑ The Encyclopaedia of Islām: 4. cilt, 1. sayı, Brill, 1934, s. 57: "…Tadj al-Din Ibrahim b. Rawshan Amir b. Babil b. Shaikh Bundâr al-Kurdi al-Sandjani of Gilan…"
- ↑ Ensiklopedia sejarah Islam, 3. cilt, Penerbit Universiti Kebangsaan Malaysia, 1986, s. 1207 Arxivləşdirilib 2021-11-10 at the Wayback Machine: "Sehikh Zahid Taj al-Din Ibrahim b. Rawshan Amir b. Babil b. Sheikh Bundâr al-Kurdi al-Sanjani …"
- ↑ ISBN: 978-605-5244-16-3
- ↑ Doç. Dr. Süleyman Gökbulut, "İbrahim Zahid Gilanî Üzerine Bir İnceleme", Sûfî Araştırmaları — Sufi Studies, Sayı 13, s. 50 Arxivləşdirilib 2021-01-14 at the Wayback Machine
- ↑ Serap Şah, Safvetü's-Safâ'da Safiyyüddîn-i Erdebîlî'nin hayatı, tasavvufi görüşleri ve menkibeleri, Doktora tezi Arxivləşdirilib 2021-01-28 at the Wayback Machine, Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü / Temel İslam Bilimleri Anabilim Dalı Tasavvuf Bilim Dalı, İstanbul 2007, s. 30–31, s.66, s.340
- ↑ Şeyx Səfi Təzkirəsi. Səfvətüs-səfanın XVI əsr türk tərcüməsi. Bakı: Nurlan, 2006, s. 135 Arxivləşdirilib 2020-01-10 at the Wayback Machine (elektron variant)
- ↑ "Şeyx Səfi Təzkirəsi. Səfvətüs-səfanın XVI əsr türk tərcüməsi. Bakı: Nurlan, 2006, s. 59 (elektron variant)" (PDF). 2020-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-11.
- ↑ "Şeyx Səfi Təzkirəsi, s. 91-92" (PDF). 2020-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-11.
- ↑ Zabit, "Zuhur-u Silsile-i Safeviye Nokta-i Atıfî der Tarih-i İran", Mishakat, Şumare: 58–59, Bahar ve Tabistan, 1377, s. 60
- ↑ 1 2 "Şeyx Səfi Təzkirəsi. Səfvətüs-səfanın XVI əsr türk tərcüməsi, s. 11" (PDF). 2020-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-11.
- ↑ "Hüseyin Mirjafari. Tasavvuf ve Safevilerin döneminde Sufi Kelimesinin anlamındakı aşamalı değişim. Çeviren: Sagıp Atlı//Sûfî Araştırmaları – Mevlânâ Düşüncesi Araştırmaları Derneği, Sayı 5, s.108" (PDF). 2017-09-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-12-11.
- ↑ J.S. Trimingham, The Sufi orders in Islam, Oxford 1971, s. 100
- ↑ "Şeyx Səfi Təzkirəsi. Səfvətüs-səfanın XVI əsr türk tərcüməsi, s. 160" (PDF). 2020-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-11.
- ↑ "Yılmaz Karadeniz. Safevi Devleti'nin kuruluşu meselesi: kızılbaşların ortaya çıkışı.//Amasya Üniversitesi İlahiyat Fakültesi Dergisi (Sayı 3), s.62". 2021-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-11.
- ↑ "S.Abdullayeva. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Lənkəranın yeri və rolu. 525-ci qəzet.- 2015.- 17 noyabr.- S.6". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-11.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Silsilät-ul-Nässäb: généologie de la dynastie Säfävy de la Perse. Par Cheik Hossein fils de Cheik Abdâl Zâhedi sous le regne de Chach Soleiman. Berlin: Orientalischer Zeitsschriftenverlag Iranschähr G. m. b. H, 1343 [1924], 116 p.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Hamidreza MOHAMMESNEJAD. Erdebil Tarikatı ve İlhanlılar: Tasavvuf ve Siyaset İlişkisinde Yeni Dönem//TAD, C. 34/ S. 57, 2015, s.99–120
- Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu Arxivləşdirilib 2018-12-22 at the Wayback Machine
- Yılmaz Karadeniz. Safevi Devleti’nin kuruluşu meselesi: kızılbaşların ortaya çıkışı.//Amasya Üniversitesi İlahiyat Fakültesi Dergisi (Sayı 3), s.53–67 Arxivləşdirilib 2021-11-10 at the Wayback Machine
- Hüseyin Mirjafari. Tasavvuf ve Safevilerin döneminde Sufi Kelimesinin anlamındakı aşamalı değişim. Çeviren: Sagıp Atlı//Sûfî Araştırmaları – Mevlânâ Düşüncesi Araştırmaları Derneği, Sayı 5, s.107–114 Arxivləşdirilib 2017-09-08 at the Wayback Machine
- Bilal Dedeyev. Safevi Tarikatı ve Osmanlı devleti ilişkileri//Uluslararası Sosyal Araştırmalar Dergisi The Journal of International Social Research Volume 1/5, Fall, 2008, s. 205–223
- Şeyx Səfi Təzkirəsi. Səfvətüs-səfanın XVI əsr türk tərcüməsi. Bakı: Nurlan, 2006, 932 s.