Şihabəddin Yəhya Sührəvərdi — Vikipediya
Şihabəddin Yəhya Sührəvərdi | |
---|---|
Şihabəddin Əbülfütuh Yəhya ibn-Həbəş Sührəvərdi شهابالدین سهروردی | |
Doğum tarixi | 1155 |
Doğum yeri | |
Vəfat tarixi | 1191[1] |
Vəfat yeri | |
Dövr | Eldənizlər |
Əsas maraqları | islam fəlsəfəsi, sufilik, Peripatetizm, İşraqilik, fəlsəfə[2] |
Təsirlənib | Əbunəsr Farabi[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Şihabəddin Yəhya Sührəvərdi (fars. شهابالدین سهروردی) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan[4][5][6][7][8][9] və İran[10][11][12][13][14][15][16] filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır.
Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır.
Adı
[redaktə | vikimətni redaktə et]Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır.[17] Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir. Bu məsələ ilə xüsusi maraqlanan ibn Xəllikan onun haqqında yazır: "Deyilmişdir: onun adı Əhməddir, deyilmişdir onun künyəsi, yəni Əbülfütuh elə onun adıdır."[18] Həkim Əbülabbas Əhməd ibn Əbi Useybiə Xəzrəci "Təbiblərin təbəqələri" kitabında qeyd etmişdir ki, həmin Sührəvərdinin adı Ömərdir, atasının adını isə qeyd etməmişdir.[19]
Zəkəriyyə Qəzvini[20] və onun kitabının şərhçisi Əbdürrəşid Bakuvi,[21] həmçinin Səlahəddin Səfədi[22] Şihabəddin Sührəvərdinin adının Məhəmməd olduğunu yazmışlar. Qütbəddin Şirazi filosofun adının Ömər olduğunu qeyd etmişdir.[23] AMEA-nın müxbir üzvü Z. C. Məmmədov filosofun öz şagirdi Şəmsəddin Şəhrəzuri və Yaqut Həməviyə istinad edərək filosofun ləqəbi, künyəsi, adı, atasının və babasının adı və nisbəsini Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olduğunu qeyd edir.[5]
Etnik mənşəyi
[redaktə | vikimətni redaktə et]Sührəvərdi (əs-Sührəvərdi) nisbəsi filosofun Sührəvərdə mənsubluğunu bildirir. Mənbələrdə göstərilir ki, Sührəvərd Zəncan şəhəri yaxınlığında kiçik yerdir, Zəncan isə Azərbaycanda, Cibal (əl-Cibal) nahiyyəsindədir.[24] Tədqiqatçılardan Hilmi Ziya Ülkən Sührəvərdinin Azərbaycanda doğulduğunu,[25] V. A. Qordlevski isə onun etnik mənşəcə azərbaycanlı[26] olduğunu yazmışlar. Zakir Məmmədov[5][27] və Malik Mahmudov[4] da filosofun etnik mənşəcə azərbaycanlı olduğunu qeyd etmişlər. Eyni zamanda, müxtəlif tədqiqatçıların əsərlərində filosofun fars[28][29] və kürd[30] mənşəli olması da göstərilmişdir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Doğum tarixi
[redaktə | vikimətni redaktə et]Şihabəddin Sührəvərdinin doğum tarixi haqqında müxtəlif məlumatlar vardır. Tədqiqatçılar filosofun doğum ilinin müəyyənləşdirilməsi məsələsində onun ölüm tarixinə istinad edirlər. Lakin alimin ölüm tarixi müxtəlif illərə istinad verildiyi kimi, onun yaşının da hicri hesabı ilə 36, 38, 40 və 50 il olduğu ehtimal edilmişdir. AMEA-nın müxbir üzvü Z. C. Məmmədov yazır: "Şihabəddin Sührəvərdinin yalnız gənc (əş-şəbb) adlandırılması faktı göstərir ki, o, ən çox 38 il yaşamışdır. 587-ci hicri ilindən 38 il çıxdıqda mütəfəkkirin təqribən 549-cu (1154-cü il) ildə doğulduğu müəyyənləşdirilmiş olar."[5]
Gəncliyi və təhsili
[redaktə | vikimətni redaktə et]Filosofun həyatının Sührəvərd dövrü haqqında tarixi mənbələrdə məlumat az olsa da Z. Məmmədov onun imkanlı ailədə böyüdüyünü qeyd edir. Şihabəddin Sührəvərdi "kiçik yaşlarında elm və fəlsəfə öyrənmək üçün Marağaya getmiş, orada Məcdəddin Cilidən təhsil almışdır."[5] İbn Xəllikan Şəmsəddin Şəhrəzuri və Yaqut Həməvinin bu məlumatlarına əlavə edərək yazır ki, Şihabəddin Sührəvərdi "fəlsəfənin və fiqhin əsaslarını hər iki sahədə məşhur olana qədər Azərbaycan əyalətlərindən Marağa şəhərində Şeyx Məcdəddin Cilinin yanında oxumuşdu."[18] Şihabəddin Sührəvərdi sonra İsfahan şəhərinə səfər etmiş, orada Zəhirəddin Farisinin yanında peripatetik filosof İbn Səhlan Savinin "Bəsirətlər" (əl-Bəsair) kitabını oxumuşdur.[4]
Səfərləri
[redaktə | vikimətni redaktə et]Şəmsəddin Şəhrəzuri öz müəlliminin "çoxlu yerlərə səfər etdiyini"[17] xəbər verir. Şihabəddin Sührəvərdi Azərbaycanın, ümuniyyətlə Yaxın və Orta Şərq ölkələrinin mühüm şəhərlərini, o cümlədən Ərdəbil, Miyanə, Diyarbəkir, Harput, Konya, Sivas, Mardin, Bağdad, Dəməşq və Hələbi gəzmişdir.[4] Sührəvərdi öz elmi-fəlsəfi fikirlərini ən çox Kiçik Asiyada yaya bilmişdi. O, Rum Səlcuqlu dövlətinin hökmdarı İzzəddin Qılıc Arslanın (1156–1188) rəğbətini qazanmış və onun uşaqlarına (Süleyman, Börküyarıq və Məlikşaha) dərs demişdir.[5]
İlk mənbələr Şihabəddin Sührəvərdinin sufilərlə əlaqəsinə də diqqət yönəldir, onun gəzib-dolaşdığı müxtəlif ölkələrdə sufi mütəfəkkirlərlə görüşdüyünü təsbit edir. Şəmsəddin Şəhrəzuri müəllimini təsəvvüfdə Əbuyəzid Bistami və Hüseyn ibn Mənsur Həllac ilə həmməslək saymışdır. Bəzi müəlliflər filosofun qələndəri sufi ordeninə mənsubluğunu söyləmişlər.[5] Şihabəddin Sührəvərdinin tərcümeyi-halından söhbət açan müəlliflər bir qayda olaraq onun dünya işlərinə laqeydliyini, ətrafda baş verən hadisələrə etinasızlığını xüsusi hal kimi qeyd edirlər.[4] Zəkəriyyə Qəzvini yazır ki, Şihabəddin Sührəvərdi "dünyanı tərk edən filosof, alim, möcüzələr və qərib işlər sahibi idi. O, adamlardan ayrılıb riyazətlə məşğul olardı."[20] Filosof eyni zamanda dünyəvi elmlərlə ciddi məşğul olan alim kimi təqdim edilir. İbn əl-İmad Hənbəli yazır: "Sührəvərdi Şihabəddin Yəhya ibn Həbəş ibn Əmirək Adəm övladlarının zəkalılarından biridir. Dəqiq elmləri bilməkdə başçı, kəlam elmində mahir, mühakiməli disputçu, zühdlə məşğul, alimləri saymayan, dinin qullarına istehza edəndir."[31]
Şihabəddin Sührəvərdinin orta əsrlərdə Şərq ölkələrində geniş yayılmış sehrkarlıq, sehr elmi (elm əs-simya) ilə məşğul olduğunu iddia edənlər də vardır. İbn Əbi Üseybiə yazır: "Şihabəddin Sührəvərdi haqqında nəql edilir ki, o sehr elmini bilirdi. Bu fəndən onda müşahidə olunmuş qeyri-adi əhvalatlar mövcuddur."[19]
Şihabəddin Sührəvərdi azadfikirlilik meyllərinə, yüksək fəlsəfi ideyalarına görə müsəlman şərqi ölkələrində, habelə Əndəlüsdə tanınmış, böyük şöhrət tapmışdır. Onun əsərlərinin şöhrəti yayıldıqca özünə həm dostlar, həm də düşmənlər qazanmışdır. Şəmsəddin Şəhrəzuri alimlərin Şihabəddin Sührəvərdiyə mənfi münasibətini onların onu dürüst dərk edə bilməmələri ilə izah etmişdir. O, yazır ki, Şihabəddin Sührəvərdinin "kəlamını anlamaqda çətinlik çəkdikdə ona tənə etmişlər."[17]
Ölümü
[redaktə | vikimətni redaktə et]Şihabəddin Sührəvərdi Mardində öz dostlarından Fəxrəddin Mardini və onun şagirdlərindən ayrıldıqdan sonra Hələbə yollanmışdı. Filosof 1183-cü (579) ildə şəhərə daxil olub Hələviyyə mədrəsəsinə gəlmişdi. O, mədrəsənin şeyxi Şərif İftixarəddinin dərslərində oturur, fəqihlərlə və başqa ixtisas sahibləri ilə görüşürdü. Filosof burada disput məclislərində, diskussiyalarda iştirak edirdi.[5]
Orta əsr ərəb mənbələrində qeyd edilir ki, Şihabəddin Sührəvərdi Hələviyyə mədrəsəsində fiqh, kəlam və fəlsəfəyə dair məsələlər ətrafında keçirilən müzakirələrdə yüksək fəallıq göstərmişdir. Şeyx İftixarəddin filosofun qeyri adi istedadını, geniş elmi qabiliyyətini yüksək qiymətləndirmiş, dərin rəğbətini gizlətmədən onu başqalarından fərqləndirmişdir. Həmin vaxtdan etibarən bəzi hüquqşünas sxolastlar ona zidd çıxmış, düşmən münasibətində olmuşlar.
Həmin dövrdə Hələb şəhərinin hakimi Misir, Yəmən və Suriyanın hökmdarı sultan Səlahəddin Əyyubinin (1169–1193) oğlu əl-Məlik əz-Zahir Ğazi (1186–1215) idi. Şihabəddin Sührəvərdinin şöhrətini eşidən hakim filosofu dəvət edib, onun şərəfinə böyük şəxslərdən – fəqihlərdən, mütəkəllimlərdən, müxtəlif sahələr üzrə adlı-sanlı alimlərdən ibarət məclis düzəldir. Mənənbələrdə deyilir ki, aparılan disputun nəticəsi olaraq Sührəvərdi öz dərin mühakimələri və inandırıcı sübutları ilə fəqihlərə, mütəkəllimlərə qalib gəlir.[4]
Yaqut Həməvi yazır: "Şihabəddin Sührəvərdi öz məntiqi mühakimələri, sübutları, dəlilləri ilə onlara qalib gəldi. Fəziləti Məlik Zahirə bəyan oldu. Hakim onu özünə yaxınlaşdırdı, qəbul etdi, başqalarından fərqləndirdi. Rəqiblərinin Şihabəddin Sührəvərdiyə qarşı qeyzi artdı, onu dinsizlikdə və zındıqlıqda ittiham etdilər."[32] İbn Xəllikan da bu faktı təsdiq edərək yazır: "O, əqidə pozğunluğu və dinsizlik üstündə ittiham olunmuşdu. Onun haqqında deyilmişdi ki, o, şəriət qanunlarına zidd getmişdi."[18]
Mütəfəkkirin bu qədər nüfuz qazanması onun əlehdarlarının hiddətinin daha da artmasına və edamının tələb edilməsinə səbəb olmuşdu. Fəqihlər əl-Məlik əz-Zahirdən onun edam edilməsini tələb etdilər. Hakim razı olmadı, atası Səlahəddinə üz tutdular: "Onlar onun küfrlərini təsdiq edən hökmlər hazırlayıb Dəməşqə, Məlik Nasir Səlahəddinə göndərdilər. Dedilər əgər bu gənc sağ qalarsa əl-Məlik əz-Zahirin etiqadını korlayar. Eləcə də, o, azad edilərsə, ölkədə hər-hansı nahiyyəni korlayar. Səlahəddin Əyyubi Hələbə Qazi Fazilin xətti ilə Şihabəddin Sührəvərdi haqqında oğlu əl-Məlik əz-Zahirə məktub göndərdi. Orada deyirdi: "Bu Şihab Sührəvərdinin öldürülməsi labüddür. Onu heç vəchlə azad buraxmaq və sağ saxlamaq olmaz."[5]
Əl-Məlik əz-Zahir filosofu öldürtmədi. "Bundan sonra Səlahəddin bir daha ona yazıb, Şihabəddin Sührəvərdini öldürtməyi əmr etdi, filosofu öldürtməzsə Hələbi onun əlindən almaqla hədələdi. Bu xəbər Sührəvərdiyə çatdıqda hakim əz-Zahirdən bir yerdə həbs edilib, ölənə qədər yemək-içmək verilməməsini xahiş etdi."[5] Professor Z. C. Məmmədov filosofun ölüm tarixinin 1191-ci il (587) olduğunu qeyd edir.[5]
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Bədii yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Bütün Şərq poeziyasında olduğu kimi, Şihabəddin Sührəvərdinin bədii yaradıcılığında da, məhəbbət mövzusu mərkəzi yerdə durur.[4] Bu mövzu onun işraqi, qismən də sufi doktrinaları ilə fəlsəfi şeirlərində bəzən eyni məzmun daşımasına baxmayaraq, müxtəlif şəkildə izah edilmişdir. Mütəfəkkirin şeirlərində sufi-işraqi fikir aşiqlər arasındakı həyati məhəbbətlə, gerçək həyat zövqü ilə çulğaşır. Burada ilahi varlığa, mütləq işığa yaxınlaşmaq meyli olsa da, pak, ülvi və atəşin məhəbbətlə sevən nikbin aşiqlərin, habelə canlı həyat həqiqətlərinin surəti yaradılmışdır.[4]
Şairin qəhrəmanları məğrur və narahat təbiətli sevgililərdir. Onlar ürək sirlərini yalnız lazım gəldikdə bir-birinə açmağı rəva bilir, ətrafdakılardan hər vəchlə gizlətməyə çalışırlar. Hicranı gecəyə və vüsalı səhərə bənzədən şair qürub çağı qaranlığın pərdə-pərdə enməsindən kədərlənərək, aşiqləri vəslin nurunu zülmətin pəncəsindən almağa çağırır:
Hicran dəmi gecədirsə, bir səhərdir onda vüsal.[5]
Şihabəddin Sührəvərdinin şeirlərində ifadə olunan eşqin onun fəlsəfəsindəki mənanı göstərməsini zahirən iddia etmək olduqca çətindir.[4] Çünki şairin yaratdığı səhnələr o qədər dolğun və obrazlıdır ki, mistika görünməz olmuşdur. Bu xüsusiyyət şairin şərabla əlaqədar təsvirlərində də özünü göstərir.
Şərab xalis, həm də təmiz, qədəhlərsə zərif, incə..[5]
Lakin AMEA-nın müxbir üzvü Zakir Məmmədov qeyd edir ki, şair, burada heç də həqiqi içki məclisinin vəsfini vermir, şərabı sufilər kimi, qeyri-maddi mənada tərənnüm edir.[4] Elə həmin şeirin sonunda o, kəndlinin meyvədən düzəltdiyi meydən deyil, din qabındakı meydən söz açdığını bildirir:
Qoy dolansın meyxanədə badələr.
Din qabından axsın ikram meylləri,
O mey yox ki, onu kəndli düzəldər..[5]
Şihabəddin Sührəvərdinin şeirləri ideya dərinliyi və fikir zənginliyi cəhətdən elmi-fəlsəfi əsərləri xatırladır. İnsan ruhunun təbiəti, onun haqqa münasibəti və bu kimi məsələlər sırf nəzəri səciyyə daşıyır. Bununla belə, həmin şeirlərdə gözəl, rəngarəng lövhələr, təbiət təsvirləri, canlı obrazlar, sənətkarlıqla işlədilmiş təşbihlər onun yetkin və istedadlı şair olduğunu sübut edir.[4]
Fəlsəfi yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Şihabəddin Yəhya Sührəvərdi yaradıcılığa çox erkən başlamış, az müddət içərisində elmi-fəlsəfi və bədii əsərləri ilə bütün müsəlman ölkələrində tanınmışdır. Filosofun zəngin və çoxcəhətli irsi haqqında öz müasirləri və sonrakı müəlliflər söz açmış, onun orijinallığı və dəyəri barədə maraqlı mülahizələr söyləmişlər. Şihabəddin Sührəvərdinin əsərlərinin ən geniş siyahısını Şəmsəddin Şəhrəzuri "Ruhlar əyləncəsi və sevinclər bağı" kitabında vermişdir.[5] Şagirdi filosofun əlliyə yaxın əsərinin adını sadaladıqdan sonra yazır: "Bu onun bizə çatan əsərlərinin və xəbərdar olduğumuz yazılarının adlarıdır. Bizə gəlib çatmayan şeylərin olması da mümkündür."[17]
Orta əsr müəlliflərindən Yaqut Həməvi, İbn Əbi Üseybiə, İbn Xəllikan, Əfifəddin Yafii, İbn Həcar Əsqəlani, Əhməd Taşköprizadə və başqaları, xüsusən Hacı Xəlifə Şihabəddin Sührəvərdinin həyatı və yaradıcılığından söhbət açarkən müxtəlif əsərləri üzərində ayrıca dayanmışdır. Şihabəddin Sührəvərdi gənclik illərində peripatetizm məsələləri ilə maraqlanmış, məntiq, metafizika, təbiətşünaslıq elmlərini dərindən öyrənmişdir. Sonrakı dövrdə fəaliyyətini daha da genişləndirən filosof tam yeni bir fəlsəfi məktəbin – İşraqilik fəlsəfəsinin əsasını qoymuşdur.
Varlıq təlimi
[redaktə | vikimətni redaktə et]Varlığın əsasları
[redaktə | vikimətni redaktə et]Sührəvərdi "Varlıq" anlayışını "Yoxluq" anlayışı ilə müqayisəli şəkildə nəzərdən keçirmişdir. "Girişlər və qarşıya qoyulmuş məsələlər" kitabında "Varlıq və yoxluq haqqında" adlı xüsusi bir fəsil vardır.[33] Filosof yoxluğu varlığa nisbətdə aydınlaşdıraraq yazır: "Yoxluq yalnız varlığa görə təsəvvür edilir və əqlə gətirilir." Bu baxımdan əsas diqqət varlıq anlayışına yönləndirilmişdir. Varlıq peripatetik təbirlə vacib və mümkünə bölünür. Filosof yazır: "Bil ki, hər bir mövcud olan ya vacib, varlıq ya da mümkün varlıqdır. Vacib varlığın mövcud olmaması mümkün deyildir."[7]
Öz peripatetik sələfləri kimi Şihabəddin Sührəvərdi də varlığın qismlərini bir-biri ilə qarşılıqlı surətdə nəzərdən keçirmişdir: "Vacib yaxud zəruri varlığın mövcudluğu onun özünə görədir, mümkün varlığın mövcudluğu isə başqasının sayəsindədir." Əbunəsr Farabi, İbn Sina, Bəhmənyar Azərbaycani və başqa peripatetik filosoflar kimi Şihabəddi Sührəvərdi də vacibliyi özünə və başqasına görə olmaq baxımından qiymətləndirmiş, ikinci halı mümkün varlığa aid etmişdir:
Şihabəddin Sührəvərdinin peripatetik və sufi-fəlsəfi əsərlərində emansiya nəzəriyyəsi özünəməxsus şəkildə ifadə edilmişdir. İşraqiliyə dair traktatlarında isə filosof bu nəzəriyyənin yeni bir formasını işləyib hazırlamışdır.[7] Kreatsionizmə görə, mövcudat Allah tərəfindən bilavasitə xəlq edildiyi halda, emanasiya nəzəriyyəsinə görə, yaranışda səbəb və nəticə silsiləsindən ibarət vasitələr, ara mərhələlər vardır. Şihabəddin Sührəvərdi "Ürəklər bağı" əsərində mövcudatın mərtəbəli quruluşunu Şərq peripatetiklərinin üsulu ilə əsaslandıraraq yazır:
Şihabəddin Sührəvərdinin varlıq təlimində varlığın vacib və mümkünə bölünməsi, bölgülərin səbəb və nəticə, qabaq və sonra, ümumi və ayrıca, vahid və çox baxımından nəzərdən keçirilməsi, habelə kreatsionizm təliminə münasibəti Şərq peripatetiklərinin fəlsəfəsi ilə səsləşir, onun mündəricəsini genişləndirir[34].
Mövcudatın mərtəbələri
[redaktə | vikimətni redaktə et]Şihabəddin Sührəvərdi mövcudatın mənbəyi və mənşəyi məsələsinin peripatetik məzmununu, onun emansiya nəzəriyyəsini gözdən keçirmiş, bu sırada bir sıra yeni, İşraqilik fəlsəfəsinə uyğun fikirlər irəli sürmüşdür. Filosofun varlıq təlimində bütün mövcud şeylər öz başlanğıcını Vacib varlıqdan, yaxud İşıqlar işığından almışdır. Şihabəddin Sührəvərdi ilk başlanğıcı Vacib varlıq kimi götürəndə əsas etibarı ilə ənənəvi baxışları, mülahizələri təbliğ etsə də, onu İşıqlar işığı kimi səciyyələndirəndə daha çox orijinal mövqe tutmuşdur.
Filosof Şərq peripatetiklərinin yolu ilə gedərək göstərir ki, "Vacib varlıq, yəni ilk səbəbdən törənmiş mümkün varlıq, yəni ilk nəticə də vahiddir." Filosof qeyd edir ki, "Vacib varlıqdan çıxan ilk nəticə nəfs də ola bilməz, çünki nəfs cismə malik olmalıdır ki, onu idarə edə. Deməli ondan çıxan varlıq hər cəhətdən materiyadan təcrid olunmuş bir substansiyadır ki, nə maddidir, nə də maddəni idarə edən. Bu cür olanı biz əql adlandırırıq."[7]
Şihabəddin Sührəvərdi İşıqlar işığından vahid, mücərrəd işığın çıxdığını sübut edən müddəa üzərində geniş dayanmışdır. Filosof "İşıq heykəlləri" traktatında "ilk yaradılan işıq" deyə təqdim etdiyi ilk nəticəni "İşraq fəlsəfəsi" kitabında bir sıra başqa adlarla ifadə etmişdir.[7] Şihabəddin Sührəvərdi göstərir ki, "varlıqdakı əvvəlinci nisbət mövcud olan substansiyanın əbədi mövcud Birinciyə nisbətidir. O, bütün nisbətlərin anası və ən şərəflisidir. Həmin substansiya Birinciyə aşiqdir. Birinci isə onun itaətetdiricisidir, öz əbədi mövcud işığı ilə onun üzərində itaətetdiriciliklə qalibdir. Birinci onu əhatə etməklə, öz işığı ilə mahiyyətini açmaqla onu acizləşdirir."[33]
İşıq və cisim
[redaktə | vikimətni redaktə et]Şihabəddin Sührəvərdinin işraqiliyə dair əsərlərində substansiya və aksidensiyaya baxış orijinal şəkildə ifadə edilmişdir. Burada qeyri-maddi substansiyalar mücərrəd işıqlar, maddi substansiyalar isə kölgələr, qaranlıqlar – kəsif substansiyalar və zülmani heyətlər – cisimlər timsalında verilmişdir. Hissi işıqlar isə aksidensiyalar kimi səciyyələndirilmişdir.[7] "Anlağa yaxın budur ki, aksidensiyalar cisimlərdə olur. Aksidensiya başqasından asılı olduğu üçün mümkün varlıqdır. Əgər onun varlığı vacib olsaydı, başqasından asılı olmazdı."[27]
İşraq fəlsəfəsi kitabında deyilir: "Aksident işıq özü-özlüyündə olan işıq deyildir. Onun varlığı başqasına məxsusdur. O, ancaq başqasının işığıdır. Mücərrəd xalis işıq özü-özlüyündə olan işıqdır. Hər bir özü-özlüyündə olan işıq mücərrəd xalis işıqdır." Aksident işığı mücərrəd xalis işıqdan fərqləndirən bir cəhət də onun cisimlərdə vaqe olması, ona hissi işarə edilməsidir.
Şihabəddin Sührəvərdi "cismin materiya və formadan ibarətdir" müddəasını qəbul etmiş, bu mövzu ilə əlaqədar özünəməxsus mülahizələr irəli sürmüşdür. Filosofun varlıq təlimində "materiya" anlayışının şərhi də fərqlidir. O, "İmadəddin lövhələri" traktatında yazır:
İşraqilik fəlsəfəsində cisim kəsif substansiya, zülmani heyət kimi səciyyələndirilir. Ümumilikdə ona bərzəx deyilir. Bütə və tilsimə bənzədilən bərzəxlər onları idarə edən "sahib" adlandırılmış işıqların səbəbinə mövcud olur.
İnsan cismi və insan nəfsi
[redaktə | vikimətni redaktə et]Şihabəddin Sührəvərdi insanın maddi və mənəvi varlığı, onun mücərrəd işıqla əlaqəsi məsələsinə xüsusi diqqət yetirmişdir. İnsanın heyvan, bitki və minerallardan yuxarı pillədə dayandığını söyləyən mütəfəkkir insan təbiətini yüksək qiymətləndirmişdir. O, "İşraq fəlsəfəsi" kitabında yazır: "Ən bitkin məzac insandır. O, ətaedicidən kamal diləyir."[7] Filosof başqa əsərlərində də bu fikir üzərində dayanmışdır. "Filosofların görüşləri" kitabında deyilir: "İnsan canlı varlıqların ən şərəflisidir. O, materiyadan təcrid olunmuş bir şeylə düşüncəli nəfslə səciyyələnir."[27]
Düşüncəli nəfs (ən-nəfs ən-natiqə) işraqilik fəlsəfəsində əsas etibariləidarəedici işıq (ən-nur əl-mütəbbir) termini ilə verilir. İşraqiliyə dair traktatlarda ona bəzən isfəhbud işıq (ən-nur əl-isfəhbud) da deyilir. İsfəhbud (sepəhbod) pəhləvi dilində baçşı, ordu başçısı deməkdir. Şihabəddin Sührəvərdi "İşraq fəlsəfəsi" kitabında yazır ki, "bəzi qəhredici işıqlardan, daha doğrusu, düşüncəli növün tilsim sahibindən ən bitkin insani məzac üzərində mücərrəd bir işıq hasil olur. O, insan cismini küll-ixtiyarla idarə edən işıqdır. O, insan təbiətinin isfəhbudu olan mücərrəd işıqdır, özünü mənlik göstərir." "İşıqnamə" kitabında bu barədə deyilir: "Düşüncəli nəfsin tərifi odur ki, o, nə cisimdir, nədə cisimdədir, əksinə cismi idarə edir, anlayışları dərk edə bilir."[34]
Şihabəddin Sührəvərdi insani nəfsin mənşəyini araşdırarkən ərəbdilli peripatetiklərlə həmfikir olub, onun əzəli və bədəndən qabaq deyil, sonradan vücuda gəldiyini söyləmişdir.[27] Şihabəddin Sührəvərdi insan nəfsinin əzəli olmasına şübhə doğuran amilləri sadalayaraq yazır:
İnsan cismi öldükdən sonra onun nəfsinin aqibəti filosofların və mütəfəkkirlərin əsərlərində müxtəlif məzmunda şərh edilmişdir. Şihabəddin Sührəvərdi tənasüxə inanan qədim Şərq filosoflarının fikirlərini yad edərək yazır:
Şihabəddin Sührəvərdi mövcudatın – göylərin və onlardakı planetlərin, ulduzların fövqünə yüksələ bilmək istedadını bütün kamil insan nəfsləri üçün səciyyəvi hal saymışlar. Bu keyfiyyət "Qarışqaların dili" sufi-fəlsəfi traktatında sufi haqqında da deyilir: "Sufi iki oluşun arxasındadır, iki aləmin fövqündədir."[7]
Cismin hərəkəti
[redaktə | vikimətni redaktə et]Şihabəddin Sührəvərdinin fəlsəfəsində hərəkət özünəməxsus şəkildə şərh edilmişdir. Onun fikirləri bu mövzuya geniş yer vermiş Şərq peripatetiklərinin doktrinalarından çox məqamlarda seçilir. Aristotelçi filosoflar, o cümlədən Bəhmənyar Azərbaycani və Siracəddin Urməvi hərəkətin növlərini on kateqoriyadan dördünə uyğun olaraq müəyyənləşdirmişlər. Hərəkəti mühüm fəlsəfi kateqoriyalardan biri kimi nəzərdən keçirən Şihabəddin Sührəvərdi "İşıqnamə" əsərində yazır: "Bil ki, özündəə sabitlik təsəvvür edilməyən hər bir aksidensiya hərəkətdir." Hərəkət "İşraq fəlsəfəsi", "İmadəddin lövhələri", "Girişlər və qarşıya qoyulmuş məsələlər" kitablarında "sabitliyi təsəvvür edilməyən heyət", "İşıq heykəlləri" traktatında "özü-özlüyündə təzələşən vacib bir şey" adlandırılır.[34]
Filosof hərəkəti materiyadan ayrılıqda təsəvvür etmir, hər bir hərəkətin yalnız cisimlərdə mövcud olduğunu qeyd edir. Bununla belə, o, hərəkəti nəfsə malik olmayan bərzəxlər, başqa sözlə cansız cisimlər – ünsürlər üçün ayrılmaz xassə bilməmişdir.[7] Sührəvərdi hərəkət növlərinin yalnız cisimlərdə mövcud olduğunu elan edərkən peripatetik filosoflarla həmfikir idi. Şərq peripatetikləri maddi varlıqların bütünlükdə ehtivaedicisinin hərəkətini vəziyyətdəki hərəkət adlandırmışlar, zira hər bir cəhət, hər bir maddi ölçü ona nisbətdədir, o, mütləq bütövdür. Şihabəddin Sührəvərdi də bu konsepsiyanı müdafiə etmişdir.[35]
Şihabəddin Sührəvərdi hərəkətin istiqamətə görə üç növünü qəbul etmişdir: ortada hərəkət, ortadan hərəkət və ortaya hərəkət. Birinci mərkəz kürəsi ətrafında vaqe olan göylərin hərəkətləridir. İkincisi və üçüncüsü isə ünsürlərə məxsus hesab edilən düzxətli hərəkətdir. Peripatetizmdə, eləcə də işraqilikdə cisimlər aləminin hərəkətvericisi ondan kənarda axtarılır. Sührəvərdi yazır: "Cisimlər üçün hərəkət başlanğıcı olan başqa bir şey labüddür. Əgər o, Vacib varlıqdırsa, məqsəd hasildir, əgər mümkün varlıqdırsa, özü-özlüyündə Vacib varlığa çatmalıdır."[7]
Məkan və zaman
[redaktə | vikimətni redaktə et]Şihabəddin Sührəvərdinin varlıq təlimində məkan və zaman anlayışlarının şərhi, onların hərəkət kateqoriyası ilə bağlı araşdırılması xüsusi əhəmiyyət daşıyır. Cisimlərin hissi işarə ilə nəzərdə tutulduğunu söyləyən filosof qeyd edir ki, adamlar yuxarı və aşağı cəhətlərə işarə edirlər. Müxtəlif hərəkətlər yuxarıda və aşağıda vaqe olur. Əgər bir şeyin cəhətləri olmasaydı, ona işarə edilə bilməzdi. Qeyri şeyə tərəf işarə və ya hərəkət qeyri-mümkündür. Hərəkət və işarələr maddi varlıqlarda müxtəlif cəhətlərin olmasına görə mümkündür. Ölçüyə — uzunluq, en və dərinliyə (hündürlüyə) – həcmə malik olmayan cisim yoxdur.
Şihabəddin Sührəvərdi "məkan" anlayışını "heyət" və "məhəl" anlayışları ilə müqayisə edir. Heyət, məsələn, müəyyən şeylərdən ağlıq, yaxud qaralıqdır. Məhəl özündə ağlıq, yaxud qaranlıq olandır. Heyət bir məhəldən başqa məhələ nəql edilmir, çünki o, nəql edilsəydi özü-özlüyündə mövcud, özü hərəkət edən olmalı idi. Məhəl də həll edilə bilmir, çünki heyət kimi o da cismə əlavə edilmişdir.[27] Şihabəddin Sührəvərdi cismin üç ölçülüyü məsələsi üzərində konkret dayanmışdır. Filosof yazır: "Altı cəhətə malik hər bir şeyin üç ölçüsü – uzunluq en və dərinliyi (hündürlüyü) olması lazım gəlir."
Şihabəddin Sührəvərdinin təlimində zaman daimidir. Bu xüsusiyyət onun əzəli və əbədi olmasında öz əksini tapmışdır. Bu xüsusiyyət onun əzəli və əbədi olmasında öz əksini tapmışdır. "İmadəddin lövhələri" kitabında deyilir: "Keçmişin mövcudluğunun davamını əzəl, gələcəkdəki mövcudluğun davamını əbəd adlandırmışlar." Filosof zamanın məhdud başlanğıca malik olduğunu iddia edən ilahiyyatçı sxolastlara əks mövqe tuturdu. "İşraq fəlsəfəsi" kitabında deyilir:
İdrak nəzəriyyəsi
[redaktə | vikimətni redaktə et]İnsanın idrak qabiliyyəti
[redaktə | vikimətni redaktə et]Şihabəddin Sührəvərdi idrak qabiliyyəti baxımından insan cismi və təbiətini yüksək qiymətləndirmişdir. İnsan cisminin isfəhbud işığa yiyələnməsi böyük şən hesab edilir. "İşraq fəlsəfəsi" kitabında deyilir:
Filosof dərkedicilik qabiliyyətini insani işıq (nəfs) üzərində təsdiq etdikdən sonra onu bütün mücərrəd işıqlara şamil edir. O yazır: "Müəyyən olduqda ki, sənin mənliyin mücərrəd işıqdıröz sayəsində dərkedicidir və mücərrəd işıqlar müxtəlif gerçəkliklər deyildir, onda, tamın (küllün) öz sayəsində dərkedici olması lazım gəlir. Çünki bir növdə vacib olan, gerçəklikdə onunla şərik olmada vacib olar."[6]
Şihabəddin Sührəvərdi göstərir ki, insani nəfs bütün digər canlıların nəfsindən daha kamil olmaqla bərabər, onların daşıdığı funksiyaları da özünəməxsus şəkildə üstün keyfiyyətlərlə ehtiva edir. "İşıqnamə" əsərində deyilir ki, heyvanda hiss və hərəkətin əlavə edilməsi ilə nəbati qüvvələr hasildir. İnsanın məzacı isə heyvani qüvvələrin hamısını icra edir.[5]
Məntiqi idrak
[redaktə | vikimətni redaktə et]Şihabəddin Sührəvərdi peripatetizmə dair əsərlərində — "Həqiqətə dair baxışlar", "Lövhi və ərşi qeydlər", "Qarşıya qoyulmuş məsələlər", "Müqavimətlər" və başqa traktatlarında birinci hissəni məntiqə həsr etmişdir.[7] Peripatetik təlimdə məntiqin ənənəvi olaraq əvvəldə verilməsi təsadüfi deyildir, bu onun sistemi və metodu ilə üzvi surətdə bağlıdır. Belə ki, Şərq filosofları məntiqi sənət, elm və metod (alət-orqanon) kimi səciyyələndirmişlər. Məntiqin əqli kamilləşdirməsi sənət, məlumdan məchula keçməsi tollarını araşdırması elm, tədqiqatın gedişini hazırlaması metod sayılmışdır.[27] Şihabəddin Sührəvərdi dünyagörüşünün müxtəlif sahələrində olduğu kimi, məntiqin ayrı-ayrı məsələlərinə yanaşmasında və onların həllində də işraqilik fəlsəfəsi mövqeyindən yeni, orijinal fikirlər, mülahizələr söyləmişdir. Öz sələflərini sadəcə təkrarlamamaq, araşdırmalarında incəliklərə varmaqla kifayətlənməmək keyfiyyəti Şihabəddin Sührəvərdinin "İşraq hikməti" kitabında daha qabarıq şəkildə diqqəti cəlb edir.[33]
Filosofun məntiqi Aristotelin məntiqi səpkisindədir.[7] Burada Şərq peripatetiklərinin – Əbunəsr Fərabi, İbn Sina, Bəhmənyar Azərbaycani və başqalarının işləyib hazırladıqları məntiq doktrinaları zəminində fikir yürüdülür. Başqa məntiqçilər kimi Şihabəddin Sührəvərdi də mövzuya Stagiritin "Kateqoriyalar" kitabına neoplatonçu Plotinin yazdığı "Giriş" adlı şərhin təhlili ilə başlayır. "Lövhi və ərşi qeydlər" kitabında bu məsələyə on qeyd ayrılmışdır.[27]
Təsiri
[redaktə | vikimətni redaktə et]Şihabəddin Yəhya Sührəvərdinin həyatı və yaradıcılığından söz açmış tarixçilər və tərcümeyi-hal müəllifləri onun dünyagörüşü və fəlsəfəsinə dair də az çoxlu məlumat vermiş, mütəfəkkirin ideyalarının Şərq ölkələrində yayılmasına müəyyən dərəcədə kömək göstərmişlər.[27] İmadəddin İsfahani, İbn əl-Cauzi, Yaqut Həməvi, İbn Əbi Useybiə, Zəkəriya Qəzvini, İbn Xəllikan, Səlahəddin Səfədi, Əfifəddin Yafii Yəməni, Əbdürrəhman Cami, Əbdürrəşid Bakuvi, İbn Həcər Əsqəlani, ibn əl-İmad Hənbəli və başqa müəlliflərin Şihabəddin Yəhya Sührəvərdi haqqında verdikləri məlumat müxtəlif dövrlərdə və müxtəlif iqlimlərdə ona bəslənən münasibəti əks etdirir.
Şəmsəddin Şəhrəzuri "Ruhlar əyləncəsi və sevinclər bağı" kitabında Şihabəddin Sührəvərdinin tərcümeyi-halını geniş işıqlandırmaqla bərabər işraqilik fəlsəfi məktəbinin fəal nümayəndəsi kimi də çıxış etmişdir. Müəllif öz müəllimi haqqında yazırdı ki, "o, ilahi mükaşifələrdə və ruhi müşahidələrdə idi. Onun nihayətinin dərinliyini yalnız az adam bilər, hüduduna yalnız dərin biliklilər yetişər."[17] Şəmsəddin Şəhrəzurinin ""İşraq fəlsəfəsi"nin şərhində rəmzlərin həlli və xəzinələrin kəşfi" (Həll ər-rümuz va kəşf əl-künuz fi şərh Hikmət əl-işraq) kitabı işraqilik fəlsəfəsini təbliğ edən ilk elmi-fəlsəfi əsərlərdən biridir. "Lövhi və əşri qeydlər" əsasında Şəmsəddin Şəhrəzurinin yazdığı "Düzəlişlər" (ət-Tənqihat) adlı şərh filosofun peripatetizmə dair doktrinaları ilə bərabər onun işraqi fikirlərini də işıqlandırmışdır.[27]
Varlığın qisimlərinin Siracəddin Urməvi (1198–1283) tərəfindən şərhində Şihabəddin Sührəvərdinin təsiri aydın nəzərə çarpır.[5] Filosof "Hikmət incəlikləri" (Lətaif əl-hikmə) kitabında Vacib varlığı mütləq işıq deyə səciyyələndirir. Onun şərhində Vacib varlığın qarşılığı qeyri-mümkün varlıqdır, deməli, mütləq qaranlıqdır. İşraqilik fəlsəfəsi Nəsirəddin Tusinin (1201–1274) və onun şagirdlərinin yaradıcılığına daha böyük təsir göstərmişdir. Marağa rəsədxanasından çalışan alimlərdən bir çoxu işraqi filosofun kitablarını tədris və təbliğ etməklə kifayətlənməmiş, onlara şərhlər də yazmışdır. Səd ibn Mənsur ibn Kəmmunə İsrailinin (…-1284) Şihabəddin Sührəvərdinin "Lövhi və ərşi qeydlər" kitabına yazdığı şərh də "Düzəlişlər" adlanır. 1268-ci (667) qələmə alınmış bu əsərin Bağdadda 1296-cı (696) və 1304-cü (704) ildə köçürülmüş nüsxələri Dəməşqdə, Zahiriyyə kitabxanasında saxlanılır.[5] Sührəvərdinin əsərləri, xüsusən onun işraqilik fəlsəfəsi Nəsirəddin Tusinin digər istedadlı şagirdi Qütbəddin Mahmud ibn Məsud Şirazi (1236–1311) tərəfindən də müfəssəl araşdırılmışdır. Onun "İşraq fəlsəfəsi" kitabına yazdığı şərh mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.[34]
XV–XVI əsrlərdə işraqilik fəlsəfəsi Cəlaləddin Dəvvani, Qiyasəddin Daştəki, İsmayıl Anqavari, Vədud Təbrizi və başqaları tərəfindən öyrənilmiş və təbliğ edilmişdir. Cəlaləddin Dəvvani Sührəvərdinin "İşıq heykəlləri" kitabına həsr etdiyi şərhə görə böyük şöhrət tapmışdır. Traktat "İşıq heykəllərinin şərhində çatışmayan cəhətlər" (Şəvakil əl-hur fi şərh Həyakil ən-nur) adlanır. Şərhin Misir müftisi Şeyx Məhəmməd Əbduh (1849–1905) tərəfindən köçürülmüş bir nüsxəsində əsərin yazıldığı dövrlə əlaqədar siyasi hadisələrə də toxunulur.[5]
"İşıq heykəlləri" traktatına Məhəmməd Ələvi Hirəvinin, Yəhya ibn Nüsuh Növizadənin və bir çox başqalarının ərəbcə yazdıqları şərhlərdən fərqli olaraq Şeyx İsmayıl Mövləvi Anqavarinin "Hikmətlərin izahı" (İdah əl-hikəm) adlı şərhi türk dilindədi. Vədud ibn Məhəmməd Təbrizinin (…-1524) ""İmadəddin lövhələri" həqiqətlərini açmaqda ruhlar çırağı" (Misbah əl-ərvah fi kəşf hüquq ə-Əlvah) traktatı işraqi ədəbiyyatın maraqlı nümunələrindən sayılır. "Bürclər traktatı"na Müsənnəfək Əli Bistaminin şərhi, "Həqiqətlərə dair baxışlar"a və "Minacat kitabı"na Əbu Müzəffər Məhəmməd İsfəraninin şərhləri dəxi məlumdur.[6]
Şeyx Əhməd Əhsai işraqilik təliminin bəzi doktrinalarını şiə ideologiyası səmtinə yönəltməklə özünəməxsus bir dünyagörüşü yaratmış, bəzən İslam dini ilə bir araya sığmayan müddəalar irəli sürmüşdür. Mütəfəkkirin kəşf və ilham (intuisiya) üzərində qurulan kəşfiyyə təlimini öz tərəfdarları "Şeyxiyyə" (Şeyxlik) adlandırmışlar.[5]
Tədqiqi
[redaktə | vikimətni redaktə et]Şihabəddin Yəhya Sührəvərdinin əsərləri və fəlsəfi təlimi müxtəlif tədqiqatçılar tərəfindən dünya mədəni irsinin qiymətli nümunəsi kimi araşdırılmışdır. Müsəlman şərqi ölkələrinin müxtəlif guşələrində aparılan tədqiqatlar ərəb, fars və türk dillərində yazılmışdır. Cürci Zeydan, Əhməd Əmin, Abbas İqbal, Əbdürrəhman Bədəvi və başqa alimlər orta şərq fəlsəfəsi tarixinə dair əsərlərində ərəbdilli mədəniyyətin tanınmış nümayəndəsi kimi Şihabəddin Yəhya Sührəvərdidən söz açmışlar. Əbdülqadir Mahmudun "Sufi fəlsəfəsi-mənbələri, nəzəriyyələri, dində və həyatda yeri", Məhəmmədrza Şəbibinin "Fəlsəfi irsimiz" kitablarında filosofun irsinə və dünyagörüşünə xeyli yer verilmişdir. Məhəmmədəli Əbu Rəyyan Şihabəddin Sührəvərdi irsinin tədqiqi və təbliği işində xeyli səy göstərmişdir. O, "İşıq heykəlləri" traktatının tənqidi mətnini hazırlayıb, 1957-ci ildə Qahirədə geniş məqalələri və izahları ilə birlikdə çap etdirmişdir. Onun "Şihabəddin Yəhya Sührəvərdinin işraqilik fəlsəfəsinin əsasları" monoqrafiyası isə Qahirədə iki dəfə nəşr edilmişdir.
Sami Knyali "Sührəvərdi" adlı kitabında filosofun həyatı, yaradıcılığı və fəlsəfəsinə dair materiallarla birlikdə onun öz əsərlərindən nümunələr də vermişdir. Musa Musəvi isə "Sührəvərdidən Şiraziyə qədər" kitabında işraqilik fəlsəfəsinin inkişaf yolunu nəzərdən keçirmişdir. Əsərdə Şihabəddin Sührəvərdidən başlamış Sədrəddin Şiraziyə qədər beş əsr ərzində yaşamış işraqi filosoflar haqqında məlumat verilir. Filosofun vəfatının hicri tarixi ilə 800 illiyi münasibətilə Qahirədə "Şihabəddin Sührəvərdi – vəfatının 800 illik yubileyi" adlı kitab nəşr edilmişdir. Kitab Misir, Suriya, Fransa, İspaniya və İran alimlərinin məruzələri əsasında tərtib edilmişdir.
Anri Korbinin "İşraq fəlsəfəsinin əlaqələri (İşraqilik fəlsəfəsində zərdüştilik motivləri)", "Üç Azərbaycan filosofu – Sührəvərdi, Vədud Təbrici, Rəcəbəli Təbrizi" məqalələri fransız dilindən tərcümə olunaraq fars dilində də nəşr olunmuşdur. İran alimlərindən Zəbihulla Səfa, Səid Nəfisi, Əli Əsgər Hələbi, Ehsan Təbəri və başqaları öz əsərlərində Sührəvərdi və onun işraqilik fəlsəfəsinə xüsusi yer vermişlər. Anri Korbin, Seyid Hüseyn Nəsr və Ağa Seyyid Məhəmməd Baqir Səbzəvari filosofun əsərlərinin çap edilib yayılmasına da çalışmışlar.
Türkiyə alimi Hilmi Ziya Ülkən Şihabəddin Sührəvərdinin həyatı, yaradıcılığı və dünyagörüşünü geniş tədqiq etmiş, "İşraq məktəbi" haqqında geniş fikir bildirmişdir. Onun tədqiqatları işraqilik təliminin müddəalarının ancaq qədim və orta əsr fəlsəfi fikri ilə deyil, yeri gəldikcə yeni dövrün, çağdaş müəlliflərin nəzəriyyələri və doktrinaları ilə müqayisə edilməsinə əsaslanmışdır.[36] Çoxcildli "İslam Ensiklopediyası", Xeyrəddin Ziriklinin "Görkəmli şəxsiyyətlər", Orxan Xəncərlioğlunun "Fəlsəfə sözlüyü" və bir çox ensiklopedik nəşrlərdə də Sührəvərinin yaradıcılığına xüsusi diqqət yetirilmişdir.[5] Başqa şərq filosofları ilə yanaşı Şihabəddin Sührəvərdinin də əsərlərinin İntibah mədəniyyətinin ideya mənbələrindən sayan Əbu Rəyyan həmin dövr ədəbiyyatının banilərindən Dante Aligyerinin (1269–1321) "İlahi komediya" əsərinə işraqiliyin təsirini xüsusi qeyd etmişdir.[5]
XIX əsrin ortalarında Avropa şərqşünaslarından Fon Ferdinand Vüstenfeld "Ərəb elm və təbiətşünaslıq tarixi"[37], Fon Hammer-Purqştal "Ərəb ədəbiyyatı tarixi"[38], Alfred fon Kremer "İslam fəlsəfi ideyalar tarixi"[39] kitablarında Sührəvərdinin həyat yolu və fəlsəfəsi haqqında məlumatlar verilmişdir. Marks Horten "Die philosophie der Erluchtung nach Suravardi" əsərini Şihabəddin Yəhya Sührəvərdinin həyatı, yaradıcılığı və fəlsəfi təliminə həsr etmişdir.[33]
Fon Den Berc "işıq heykəlləri" traktatını ərəb dilindən holland dilinə tərcümə edərək 1916-cı ildə çap etdirmişdir. "Aşiqlərin munisi" (The Loves Friend) 1934-cü ildə Ştutqartda və Dehlidə, "Quş haqqında traktat" 1935-ci ildə Ştutqartda O. Spis tərəfindən çap edilmişdir. "Cəbrail qanadlarının səsi" əsəri A. Korbin və P. Kravusun müqəddimə və izahları ilə 1935-ci ildə "Journal Asiatique" jurnalında dərc olunmuşdur.[40] "Qarışqaların dili" əsərini O. Spis, "Təsəvvüfə dair üç traktat"[41] məcmuəsində, A. Korbin "Hermis" jurnalında dərc etdirmişdir.
A. Korbin Şihabəddin Sührəvərdinin əsərlərinin üç cildlik toplusunu nəşr etdirmişdir. Seyid Hüseyn Nəsrin ingilis dilində yazdığı "Üç müsəlman filosofu – İbn Sina-Sührəvərdi-İbn Ərəbi"[42] kitabı 1964-cü ildə ABŞ-da, Ağayi Əhməd Aram tərəfindən edilmiş tərcüməsi isə 1966-cı ildə İranda çap edilmişdir. Məhəmməd Şərifin redaktorluğu ilə Almaniyada, Visbadendə nəşr olunmuş iki cildlik "Müsəlman fəlsəfəsi tarixi"[43] , Məcid Fəxri tərəfindən nəşr olunmuş "İslam fəlsəfəsi tarixi"[44] toplularında Sührəvərdi yaradıcılığına xüsusi yer ayırılmışdır.
Azərbaycanda Sührəvərdinin həyatı, yaradıcılığı, fəlsəfi irsi ilə bağlı ilk tədqiqatlar AMEA-nın müxbir üzvü Zakir Məmmədov tərəfindən aparılmışdır. Alim "Şihabəddin Sührəvərdinin fəlsəfi şeirləri",[45] "Şihabəddin Yəhya Sührəvərdinin həyat yolu",[46] "İşraqilik fəlsəfəsinin ontologiyası"[47] və başqa məqalələrində, eyni zamanda "Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir"[34], "Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri"[27] "Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat)",[35] "Azərbaycan fəlsəfəsi tarixi"[6] əsərlərində Sührəvərdinin irsinə xüsusi diqqət yetirmişdir. 2009-cu ildə nəşr edilmiş "Şihabəddin Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü" əsəri isə Sührəvərdi irsinin tədqiqinə həsr olunmu geniş və hərtərəfli araşdırmadır.[5]
Zakir Məmmədov filosofun iki traktatını Azərbaycan dilinə tərcümə edərək Bakıda nəşr etdirmişdir. Tədqiqatçı Şihabəddin Sührəvərdinin "Filosofların görüşləri" traktatını ərəbşünas alim Tariyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə etmiş və bu tərcümə əsəri ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə çap olunmuşdur. Filosofun "İşıq heykəlləri" traktatı isə ilk dəfə 1989-cu ildə, ikinci dəfə 1999-cu ildə nəşr etdirmişdir.[48]
Professor Malik Mahmudov 1972-ci ildə çap edilmiş "Şihabəddin Sührəvərdinin poetik dünyası" məqaləsində və 1983-cü ildə nəşr edilmiş "Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər"[4] adlı monoqrafiyasında Sührəvərdinin bədii yaradıcılığının tədqiqinə yer vermişdir. 2010-cu ildə Bakıda Ülkər Zakirqızının (Məmmədova) "Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı)"[7] kitabında işraqi filosofun ədəbi-bədii yaradıcılığı geniş tədqiq olunur.
Miras
[redaktə | vikimətni redaktə et]AMEA-nın Rəyasət Heyəti Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar qəbul etmişdır. Həmin qərara əsasən 25 dekabr 1991-ci ildə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə İnstitutu) filosofun yubileyi keçirilmişdir.[5]
İranın Sənəndəc şəhərində Şihabəddin Yəhya Sührəvərdinin heykəli ucaldılmışdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Suhrawardī, Šihāb ad-Dīn Jahjà // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Corbin H. Histoire de la philosophie islamique (fr.). 1964. P. 233.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 M. Mahmudov – Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər, Bakı, 1993
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 Z. Məmmədov – Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü), Bakı, Elm, 2009
- ↑ 1 2 3 4 5 6 Z. Məmmədov – Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994; təkrar nəşr: 2006
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Ü. Zakirqızı (Məmmədova) – Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı), Bakı, 2010
- ↑ Hilmi Ziya Ülken – İslam felsefesinin kaynakları ve tesirleri. Ankara, 1967
- ↑ В.А.Гордлевский. Избранные сочинения. 1 т., Москва, 1960
- ↑ R. Izady, Mehrdad. The Kurds: a concise handbook. 1991. 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ Kamāl, Muḥammad. Mulla Sadra's transcendent philosophy. 2006. 2021-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
- ↑ =C. E. Butterworth, M. Mahdi, The Political Aspects of Islamic Philosophy, Harvard CMES Publishers, 406 pp., 1992, ISBN 0-932885-07-1 (see p.336)
- ↑ John Walbridge, "The leaven of the ancients: Suhrawardī and the heritage of the Greeks", State University of New York Press, 1999. Excerpt: "Suhrawardi, a 12th-century Persian philosopher, was a key figure in the transition of Islamic thought from the neo-Aristotelianism of Avicenna to the mystically oriented philosophy of later centuries."
- ↑ Seyyed Hossein Nasr, "The need for a sacred science", SUNY Press, 1993. Pg 158: "Persian philosopher Suhrawardi refers in fact to this land as na-kuja abad, which in Persian means literally utopia."
- ↑ Matthew Kapstein, University of Chicago Press, 2004, "The presence of light: divine radiance and religious experience", University of Chicago Press, 2004. pg 285:"..the light of lights in the system of the Persian philosopher Suhrawardi"
- ↑ Hossein Ziai. Illuminationsim or Illuminationist philosophy, first introduced in the 12th century as a complete, reconstructed system distinct both from the Peripatetic philosophy of Avicenna and from theological philosophy. in: Encyclopaedia Iranica. Volumes XII & XIII. 2004.
- ↑ 1 2 3 4 5 Shams al-Din Shahrazuri – Sharh-i Hikmat al-Ishraq, critical ed., intro. and notes H. Ziai, Tehran: Mu’assasah-yi Mutali‘at wa Tahqiqat-i Farhangi
- ↑ 1 2 3 "Ibn Khallikan's Biographical Dictionary, vol.1". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-07.
- ↑ 1 2 Ibn Abi Usaibia – History of Physicians Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine (عيون الأنباء في طبقات الأطباء — ʿUyūn ül-Ənbāʾ fī Ṭəbaqāt ül-Əṭibbāʾ)
- ↑ 1 2 ЗАКАРИЙА' АЛ-КАЗВИНИ — АДЖА'ИБ АЛ-МАХЛУКАТ ВА ГАРА'ИБ АЛ-МАУДЖУДАТ Arxivləşdirilib 2022-04-17 at the Wayback Machine (أبو يحيئ زكريا بن محمد القزويني)
- ↑ Абд ар-рашид ал-Бакуви — УКАЗАТЕЛЬ ГЕОГРАФИЧЕСКИХ НАЗВАНИЙ, НЕ ВЗЯТЫХ ал-БАКУВИ ИЗ СОЧИНЕНИЯ ал-КАЗВИНИ Arxivləşdirilib 2012-05-10 at the Wayback Machine
- ↑ Das Biographische Lexikon Des Salahaddin Halil Ibn Aibak As-Safadi. Kitab Al-Wafi Bil Wafiyyat, Lebanon, Beirut, 2004
- ↑ Qutb al-Din al-Shirazi – Sharh Hikmat al-ishrāq, Teheran, 1897
- ↑ Şəmsəddin Zəhəbinin — əl-Müştəbəh fi əsma ər-rical, Catalogue of Microfilm of the Persian and Arabic Manuscripts (Vol. I)
- ↑ Hilmi Ziya Ülken – İslam felsefesinin kaynakları ve tesirleri. Ankara, 1967. səh. 188
- ↑ В.А.Гордлевский. Избранные сочинения. 1 т., Москва, 1960, стр.206
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Z. Məmmədov – Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri, Bakı, 1986
- ↑ John Walbridge, "The leaven of the ancients: Suhrawardī and the heritage of the Greeks", State University of New York Press, 1999. Excerpt: "Suhrawardi, a 12th-century Persian philosopher, was a key figure in the transition of Islamic thought from the neo-Aristotelianism of Avicenna to the mystically oriented philosophy of later centuries."
- ↑ Matthew Kapstein, University of Chicago Press, 2004, "The presence of light: divine radiance and religious experience", University of Chicago Press, 2004. pg 285:"..the light of lights in the system of the Persian philosopher Suhrawardi"
- ↑ Muḥammad Kamāl, Mulla Sadra's Transcendent Philosophy, Ashgate Publishing Inc, 2006
- ↑ Aḥmad ibn ‘Imād al-Dīn Risālah fī ṣinā‘at al-iksīr Arxivləşdirilib 2007-07-13 at the Wayback Machine
- ↑ Yaqut al-Hamavi – Mu'jam al-udabā', (معجم الأدباء) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- ↑ 1 2 3 4 Max Horten – Die Philosophie der Erleuchtung nach Suhrawardi (1191), Georg Olms Verlag, 1912
- ↑ 1 2 3 4 5 6 Z. Məmmədov – Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir, Bakı, 1978
- ↑ 1 2 Z. Məmmədov – Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat), Bakı, 1991
- ↑ Hilmi Ziya Ülken – İslam felsefesi, İstanbul, 1969
- ↑ Ferdinand Wüstenfeld – Geschichte der arabischen Aerzte und Naturforscher, Harvard University, 1840
- ↑ Joseph Freiherr von Hammer-Purgstall – Literaturgescichte der Araber, Von ihrem Beginne bis zum Ende des zwlften Jahrhunderts der Hidschret, 1850–1856
- ↑ Alfred Kremer – Geschichte der herrschenden ideen des islams, F. A. Brockhaus, 1868
- ↑ Le Bruissement de l'aile de Gabriel, traité philosophique et mystique. Publié et traduit avec une introduction et notes par Henry Corbin et Paul Kraus, Journal Asiatique, 1935
- ↑ Three treatises on mysticism, W. Kohlhammer, 1935
- ↑ Seyyed Hossein Nasr – Three Muslim sages: Avicenna, Suhrawardī, Ibn ʻArabī, Harvard University Press, 1964
- ↑ "M. M. SHARIF – A History of Muslim Philosophy". 2009-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
- ↑ Majid Fakhry – A History of Islamic Philosophy, Columbia University Press, 2004
- ↑ Z. Məmmədov – Şihabəddin Sührəvərdinin fəlsəfi şeirləri, Azərbaycan SSR EA Xəbərləri. 1969. № 2. səh. 89–98
- ↑ Z. Məmmədov – Şihabəddin Yəhya Sührəvərdinin həyat yolu, Azərbaycan SSR EA Xəbərləri. 1974, № 3. səh. 116–125
- ↑ Z. Məmmədov – İşraqilik fəlsəfəsinin ontologiyası, Azərbaycan SSR EA Xəbərləri. 1976. № 3. səh. 75–82
- ↑ Vasim Məmmədəliyev – Zakir Cabbar bəy oğlu Məmmədov, Biblioqrafik göstərici, Bakı,"Elm", 2010, səh.67–68
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Max Horten – Die Philosophie der Erleuchtung nach Suhrawardi (1191), Georg Olms Verlag, 1912
- Z. Məmmədov – Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü), Bakı, Elm, 2009
- Z. Məmmədov – Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat), Bakı, 1991
- Z. Məmmədov – Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir, Bakı, 1978
- Z. Məmmədov – Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994; təkrar nəşr: 2006
- Z. Məmmədov – Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri, Bakı, 1986
- Ü. Zakirqızı (Məmmədova) – Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı), Bakı, 2010
- M. Mahmudov – Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər, Bakı, 1993
- Amin Razavi – Suhrawardi and the School of Illumination, Richmond: Curzon, 1997
- Corbin, H. — En Islam iranien: aspects spirituels et philosophiques, vol. II: Sohrawardi et les Platoniciens de Perse, Paris: Gallimard, 1971
- Jad Hatem – Suhrawardî et Gibran, prophètes de la Terre astrale, Beyrouth, Albouraq, 2003
- Ha'iri Yazdi, M. — The Principles of Epistemology in Islamic Philosophy: Knowledge by Presence, Albany, NY: State University of New York Press, 1992
- Nasr, S. H. — Shihab al-Din Suhrawardi Maqtul, in M. M. Sharif (ed.), 1983
- Walbridge, J. — The Leaven of the Ancients: Suhrawardi and the Heritage of the Greeks, Albany, New York: State University of New York Press, 1999
- Walbridge, J. — The Wisdom of the Mystic East: Suhrawardi and Platonic Orientalism, Albany, New York: State University of New York Press, 2001
- Ziai, H. — Knowledge and Illumination: a Study of Suhrawardi's Hikmat al-ishraq, Atlanta, GA: Scholars Press, 1990
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]«Təsəvvüf» | |
---|---|
«Fəlsəfə» |
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Stenford Fəlsəfə Ensiklopediyası, Şihabəddin Sührəvərdi
- Şihabeddin Sühreverdî'nin Eserleri, Yrd. Doç. Dr. Ahmet Kamil Cihan, Erciyes Üniversitesi İlâhiyat Fakültesi Arxivləşdirilib 2004-08-07 at the Wayback Machine
- Şeyx Əl-İşraq və onun fəlsəfi təlimi