Maşallah Abdullayev — Vikipediya

Maşallah Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 27 may 1950(1950-05-27)
Doğum yeri
Vəfat tarixi 26 oktyabr 2022(2022-10-26) (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, müəllim
Uşağı 1
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Döyüşlər
Rütbəsi Leytenant

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
Azərbaycanın Milli Qəhrəmanı

Maşallah Babakişi oğlu Abdullayev (27 may 1950, Kəpənəkçi, Qasım İsmayılov rayonu26 oktyabr 2022, Goranboy rayonu) — Goranboy rayon icra hakimiyyətinin başçısı (1992–1993), Azərbaycanın Milli Qəhrəmanı (1992), Qarabağ müharibəsi iştirakçısı.

Maşallah Abdullayev 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Səkkizinci sinfə qədər Goranboy şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. 1965-ci ildə Goranboy Subartezian Quyularının İstismarı İsarəsinə işə düzəlmişdir. 1969–1971-ci illərdə hərbi xidmətdə olmuşdur. Bir müddət Azneft birliyinin Neft Daşlarında işləmişdir. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdur. Buranı bitirdikdən sonra təyinatla Goranboya, vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləməyə göndərilmişdir. Ailəlidir. Bir övladı var.

26 oktyabr 2022-ci il tarixində onkoloji xəstəlikdən Goranboy rayonunda vəfat edib. Goranboy şəhər qəbiristanlığında dəfn edilib. Dəfn mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.[1]

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak etmişdir. Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olmuşdur.

Maşallah Abdullayev Respublika Ali Sovetinə deputat (220 nömrəli dairə) seçilmişdir.[2]

1992-ci ildə M. Abdullayevə daha bir çətin və məsuliyyətli vəzifə etibar edildi. O, respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olundu. Həmin briqada Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edirdi. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində bu briqadanın əvəzsiz rolu olmuşdur. Mayor rütbəsinə yüksələn Maşallah Abdullayev 1992–1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmışdır. Sonralar şəxsi təsərrüfatı ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədri idi. İgidliyə görə general M. Əsədov adına mükafata layiq görülmüşdür.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşdur. 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başladı. Daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına üzv olan Maşallah Abdullayev bu partiyanın Goranboy Rayon Təşkilatının sədri olmuşdur. O, 17 mart 2013-cü il tarixində təşkilat sədrliyindən və partiya üzvlüyündən istefa verdiyini, Eldar Namazovun rəhbərlik etdiyi "El" Hərəkatına üzv olduğunu elan etmişdir.[3]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə leytenant Maşallah Babakişi oğlu Abdullayev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[4]

"General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə yazıçı Vüqar Əsgərov Maşallah Abdullayevin keçdiyi döyüş yolundan, həyatından, Goranboy və Ağdərə döyüşlərindən bəhs edən kitab yazmışdır. Kitabın redaktoru Ötərxan Eltac, məsləhətçiləri isə tarix institunun direktor müavini, professor Cəbi Bəhramov və Xalq şairi Nəriman Həsənzadədir.

  • Aslan Q. El yolunda yanan ürək //Aslan Q. Goranboy qartalları.- B., 1994.- S.8.
  • Ənsər B. Müəllim, komandir, qəhrəman //Ənsər B. Ağrıdağlı qəhrəmanlar.- B., 2004.- S.38–40.
  • Əsgərov V. Abdullayev Maşallah Balakişi oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.221.-222.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 14–15.
  • Vüqar Əsgərov. "Savaş üçün doğulanlar", Bakı, "Azəri", 2015.
  • Milli Qəhrəmanlarla söhbət: [Azərbaycan Respublikasının Müdafiə naziri general-mayor Məmmədrəfi Məmmədhəsənovun Maşallah Abdullayevlə söhbəti] //Azərbaycan ordusu.- 1994.- 18 mart.- S.2.
  • Zeynalov R. Abdullayev Maşallah Babakişi oğlu: (1950)//Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- B., 1996.-S.120.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Milli Qəhrəman Maşallah Abdullayev dəfn edilib - YENİLƏNİB - FOTO - VİDEO". Apa.az (az.). 2022-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.
  2. "Azərbaycan Respublikasının yeni Konstitusiyası layihəsinin hazırlanması haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərarı". 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.
  3. "MİLLİ QƏHRƏMAN "EL" HƏRƏKATINA KEÇMƏSİNİN SƏBƏBİNİ AÇDI". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
  4. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 nömrəli fərmanı" (az.). www.e-qanun.az. 1992-06-23. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-31.